Tikanlı “dəri”

0
8

ramiz-tagiyev

Ramiz Tağıyev

 

Sərhəd Hərəkatının 27 yaşı tamam olmaq üzrədir. 1989-cu ilin 31 dekabrında baş vermiş bu tarixi hadisə o taylı, bu taylı bütün azərbaycanlıların böyük sevincinə səbəb olmuşdu. Bu hərəkata gedən yol haqqında müxtəlif fikirlər səslənməkdədir. Ən düzünü isə hərəkatın ideya müəllifi olan Ramiz Tağıyev bilir. “Millətim”in ilk saylarında getmiş “Tikanlı dəri” yazısı geniş oxucu kütləsinin böyük marağına səbəb olduğundan, həmin silsilə yazını Millətim.info saytında yenidən dərc etməyi məqbul hesab edirik. Düşünürük ki, bir çox məqamları hələ də müzakirə mövzusuna çevrilmiş Sərhəd Hərəkatı barədə, hərəkatın 27 illik yubileyi ərəfəsində ətraflı məlumat ala biləcəksiniz.

Ümid edirik ki, Sərhəd Hərəkatını onun ideya müəllifinin dilindən öyrənmək gələcək nəsillərin də bu haqda doğru məlumata sahib olmasına şərait yaradacaq.

 

(Əvvəli bu linkdə:http://milletim.info/?p=19885http://milletim.info/?p=19928)

 

1990-cı ilin yay aylarındakı siyasi passivlik yəqin ki, o dövrü xatırlayanların yaxşı yadındadır. Millət demək olar ki, bütün ümidlərini itirmişdi. Elə həmin zamanlar ciddi müqavimətə baxmayaraq Heydər Əliyev Bakıya, oradan isə Naxçıvana qayıda bildi. Bəlkə də onun Bakıya qayıdışının zamanı öncədən xalqa çatdırılsa idi, yəqin ki, elə həmin gün milyonların onu qarşılayacağı şəksiz olardı. Onun qayıtdığı gün bütün Naxçıvan respublikasında bir oyanış var idi.

Naxçıvan Hava limanından şəhərə qədər böyük izdiham Heydər Əliyevi qarşılayırdı. AXC vilayət idarə heyətinin üzvləri xüsusi “canfəşanlıq” göstərsələr də, mən həmişəki tək gözəgirənlikdən uzaq idim. Heydər Əliyevlə görüşlər gecə-gündüz davam edirdi. Sözün düzü oranın bir az sakitləşməsini gözləyirdim. Elə bu zaman culfalı ağsaqqal Abdulla müəllim mənə yaxınlaşdı. Hal-əhval tutduqdan sonra “Ramiz bəy, H.Əliyevlə nə üçün görüşmürsən? Sən ki, ona böyük rəğbət bəsləyirsən”-dedi.

-Abdulla müəllim, qoy hələ “üzəngi” parıldadanlar görüşüb qurtarsın, mən onun hər zaman qulluğunda hazıram.

-Yox, mən onunla görüşdüm, səninlə çox maraqlanırdı və sənə çatdırmaq istədi ki, görüşməyiniz çox vacibdir.

-Əgər məsləhət bilibsə, mən elə bu gün onun görüşünə gedəcəyəm.

Elə həmin gün Teymur bəylə Heydər Əliyevin görüşünə getdik. Yaxşı yadımdadır ”Dan ulduzu” qəzetinin baş redkatoru Xeyrəddin Qoca da orada idi. Görüşümüz çox səmimi alındı. Elə bil ki, uzun illər idi məni tanıyırdı. İlk öncə “igidin adını eşit, üzünü görmə” deyiblər, ancaq bu yanlış deyimdir, səm həm də üzünü görməyə layiq oğulsan”- dedi.

-Düşünməyin ki, mən sizinlə görüşdən qaçırdım, əksinə bu anı çoxdan səbirsizliklə gözləyirdim.

-Mən hələ Moskvada olanda mətbuatdan səni izləmişəm və hətta bir dəfə Qorbaçov telefon açıb mənə başçılıq etdiyin dəmiryol tətillərinin dayandırılmasına yardım etməyimi xahiş etdi. Bilirsən, gör Qorbaçovu nə günə salmışdınız ki, düşmən hesab etdiyi Əliyevə xahiş etmək məcburiyyətində qalmışdı deyərəək, ürəkdən qəhqəhə çəkdi.

Bir neçə illər ərzində yüksək çinli məmurlarla çox görüşlərimiz olmuşdu, ancaq onların heç birini Heydər Əliyevlə müqayisə etmək olmazdı.

Heydər Əliyevin xarici görkəmindən səhhətinin yaxşı olmamasını hiss etdiyimdən, onun belə ürəkdən gülməsinə çox sevindim. Ürəyimdə isə “qoy böyük Tanrı sizə həmişə sevinc bəxş etsin” dedim.

-Hələ de görüm Vəzirovla, Mütəllibova nə üçün dar ağacı qurmuşdun?

-Onlar bap-balaca simvolik bir şey idilər. Gecəni Mərkəzi Komitənin qarşısında keçirdiyimizdən, soyuq bizə təsir etmişdi. Uşaqlar ətrafdakı tikintilərdən yandırmaq üçün taxta parçaları yığıb gətirmişdilər. İçərilərindən dar ağacına oxşayan taxta birləşmələri var idi, saxladıq və ertəsi gün simvolik olaraq tribunaya qaldırdıq. Sizin də çörəyinizin duzu olmayıb, bir zamanlar vəzifələrə qaldırdığınız çoxları da, elə onlar kimi çörəyinizi itirdilər. Onlara nifrətimin əsil səbəbi isə, sizə etmək istədikləri xəyanət idi.

-Allah böyükdür. Zamanında hər kəsə layiq olduğu cəzanı və yaxud qiyməti verəcəkdir.

Söhbətimiz saatlarla davam etdi. Mən ömrüm boyu belə maraqlı şəxsiyyətlə görüşməmişdim. Onun yüksək əxlaqi keyfiyyətlərə malik olması, elə ilk andaca hər bir insanı cəlb edib, sevimlisinə çevirirdi. Həqiqətən də qeyri-adi şəxsiyyət idi və ilk görüşümüzdə bunu hiss etməmiş deyildim.

serhed-7

Dilimizin təmizliyini qoruyub, zənginliyini mən deyərdim ki, heç kəs onun kimi yaxşı nümayiş etdirə bilməzdi. Ensklopedik biliyə malik olması onunla hər hansı mövzuda söhbət açmaq və istədiyini öyrənməyə şərait yaradırdı. İlk görüşümüzdə H.Əliyevə culfalıların da onu qonaq dəvət etdiyini bildirərək, ayrıldım. Ancaq ürəyimdə bir inam hissi yaranmışdı “artıq bizim qarşımızda heç kəs dayana bilməyəcək, çünki Heydər Əliyevin dəstəyi və məsləhətləri ilə bütün qələbələrə nail ola biləcəyik” deyə sevinirdim.

Görüşümüzdən bir-neçə gün sonra H.Əliyev Culfaya gəldi. Onu bütün rayon əhalisi qarşılayırdı. O, yorulmadan insanları maraqlandıran sualları ətraflı cavablandırırdı.

Qeyd edim ki, Vətənə döndüyü ilk gündən milli azadlıq hərəkatına dəstək verdiyini bəyan edən Heydər Əliyev Culfadakı çıxışnda da xalqı demokratik proseslərə dəstək verməyə çağırdı. Xalq Cəbhəsinə münasibətim müsbətdir, “bu xalqın təşkilatıdır və hər kəsin AXC-yə arxa durması lazımdır” deyən Heydər Əliyevə, sonradan AXC liderlərinin qısqanc münasibəti bu gün də mənim üçün müəmmalıdır. Əlbəttə, Moskvanın və onların əlaltıları olan Vəzirov, Mütəllibovun Heydər Əliyevə qarşı düşmənçilik mövqeyinə AXC-nin də dəstək verməsi böyük tarixi səhv idi. Onlar yaddan çıxarmışdılar ki, Heydər Əliyevin istefasına ən çox sevinənlər məhz əbədi düşmənlərimiz ermənilər olmuşdu.

AXC şinelindən çıxmış bir çox siyasi partiya liderlərinin bu gün də fərqli fikir söyləyənlərə düşmən münasibət bəslənməsi göz qabağındadır.

AXC-nin bütün tarixi xidmətlərinə kölgə salmaq istəmirəm, ancaq qeyd etməliyəm ki, sıralarımızda kifayət qədər yarımçıq təfəkkürlü, qisasçı, başından böyük ambissiyalılar da yer almışdı. Çox qəribə idi nəinki Heydər Əliyevlə, hətta illər uzunu çörək kəsdiyin sıradan bir kommunistlə salamlaşmaq yetərli idi ki, sənə “satqın”, “xain” və sairə “damğalar” yapışdırsınlar.

Fərqli siyasi baxışları düşmənçilik səviyyəsinə qaldırmaq, məhz həmin dövrün bəd ənənəsi kimi bu gün də davam edir. Məhz bu cür dayaz siyasi kurs AXC-nin milyonların təşkilatı olaraq qalmasına imkan vermədi.

Heydər Əliyev böyük siyasi xadim olmaqla yanaşı, həm də mübariz və cəsarətli şəxsiyyət idi. AXC liderləri isə mitinqlərdə pafoslu, “odlu-alovlu” çıxış etmələrinə baxmayaraq eksterimal şəraitdə zəif, qorxaq və cəsarətsizlikləri ilə xalqı dəfələrlə çətin duruma salmışdılar. Təbii ki, mən 20 yanvar hadisəsini onların ayağına yazmaqdan çox uzağam, ancaq hər halda həmin zaman onların qətiyyətsiz və mövqesizliyi göz qabağında idi. Belə cəsarətsizlik zaman-zaman daha aşkar hiss olunur və bununla da onlar ətrafdakı insanları çətin duruma saldılar. Belələrini Heydər Əliyevlə müqayisə etmək düzgün olmazdı.

Bu fikri dəqiq söyləyə bilərəm ki, əgər həmin yanvar öncəsi H.Əliyev Bakıda olsa idi bu qanlı olayların qarşısını ala bilərdi.

Cənuba gediş-gəlişdən KQB-nin hələ ilk gündən xoşlanmadığını hiss etmişdik. Agentləri tərəfindən o taydan gələnlərə hörmətsizlik etmək, aldatmaq üçün cəhdlər göstərilirdi. O tayda da İran İttilatı həmin addımları atmaqda idi. Sanki rus və fars xəfiyyə orqanları razılaşaraq “fəaliyyət” göstərirdilər. Bütün bu oyunların qarşısın almaq üçün var gücümüzü səfərbər etməli olurduq. İlk öncə səfər edənlərin sırasında fars kəşfiyyatının nümayəndələrinin çox olduğunu dərk etməməmək ağılsızlıq olardı. Bu səbəbdən də həm onları qarşılayanları, həm də ki bu taydan o taya səfər edənləri təlimatlandırırdıq.

O tayda əhalinin ən çox maraqlandığı şəxsiyyət məhz Heydər Əliyev idi. Onlar “biz onunla daima qürur duymuşuq” deyirdilər. Bizi ittiham edirdilər ki, “sizlər isə onu qoruyub saxlaya bilmədiniz”.

Ən sıravi vətəndaşlar da Heydər Əliyevin tərcümeyi-halını ətraflı bilirdi. Bizdən hədiyyə kimi ən çox istədikləri Heydər Əliyevin şəkli idi. Sonradan cənuba səfər etdiyim zaman əksər evlərdə onun portretlərini görürdüm. Söyləyirdilər ki, təhlükəli olsa da, biz böyük şəxsiyyətə rəğbətimizi gizlətmirik.

Əlbəttə, cənublu qardaşlarımızın Heydər Əliyevin 1969-82-ci illərdə televiziya və KİV-lərdə cənub mövzusunun təbliğinə münbit şərait yaratmasından kifayət qədər məlumatları var idi. “Biz onun Moskvaya aparılmasından təəssüfləndik, sanki ürəyimizə dammışdı ki, Sovet imperiyası rəhbərləri onun nüfuzundan ehtiyatlanaraq, onu oraya təcrid etmək üçün dəvət etmişdilər” deyə mülahizələr yürüdənlər də çox olurdu. Söylənilənlərin bəzi məqamları ilə razılaşmamaq olmurdu. Bir sözlə, o taylı, bu taylı hər kəsin Heydər Əliyevin Vətənə dönməsini arzuladığını açıq-aşkar hiss edirdik. Heydər Əliyevi Naxçıvanda qarşılayan yüz minlərlə insanın sırasında cənublu qardaşlarımız da az olmadığının sonradan şahidi olmaq imkanı qazandıq.

serhed-3

Qeyd edim ki, Heydər Əliyevlə ilk görüşümüzdə o cənubla bağlı ətraflı maraqlandı. Onların dilimizi, ədəbiyyatımızı və tariximizi yaxşı bildiklərini eşitdikdə çox sevindi. Rahat nəfəs almaq mümkün idi, çünki bu prosesləri də Heydər Əliyev tam nəzarətinə götürmüşdü.

İran rəhbərliyinin H.Əliyev şəxsiyyətinə diqqətlə yanaşması səbəbsiz deyildi. Onlar Cənubi Azərbaycanda onun təsir gücündən yaxşı məlumatlı idilər. Çünki bu taya səfər edən hər kəs ilk öncə Heydər Əliyevlə görüşmək istəyirdi. Şəxsən mənə də bu barədə xeyli müraciətlər edilirdi. Heydər əliiyev Naxçıvanın Ali Məclisinə rəhbərlik etdiyi zaman İrandan gələn əksər rəsmi qonaqları mən qarşılayaraq, Naxçıvana qədər müşayiət edirdim. (Culfa sərhəd qapısı olduğu üçün, rayon rəhbəri kimi bu missiyanı mən yerinə yetirməli olurdum).

İran dövlətinin bir çox rəhbər vəzifəlilərinin Heydər Əliyevlə görüşlərində iştirak etmək də nəsibim olub. Elə ilk baxışdaca hiss olunurdu ki, iranlılar onunla görüşə ciddi hazırlaşıblar. Onlar yaxşı dərk edirdilər ki, qarşılarında tək Naxçıvan Ali Məclisinin sədri yox, həm də ən böyük dövlət xadimi əyləşib.

Yaxşı yadımdadır, İranın Ermənistanla gediş-gəlişi Heydər Əliyevi bərk qəzəbləndirmişdi.

Məlumata görə Mehri yaxınlığında salınmış körpüdən ermənilər tam sərbəst olaraq İrana keçə bilir və istənilən miqdarda ərzaq, yanacaq məhsulları apara bilirdilər. Blokada şəraitində yaşamağa məcbur edilmiş Naxçıvan əhalisi isə İran gömrükçü və sərhədçilərinin hər an kobudluğu ilə üzləşməli olurdular. Bu səbəbdən də görüşlərin birində Heydər Əliyev İran sərhəd qoşunlarının komandanını sərt tənqid etdi. “Bu nə müsəlmançılıqdır, erməniləri yağ-balla yaşadırsınız, sərbəstlik vermisiniz, bizimkilərin isə ciblərini də eşələyirsiniz” dedi. Aciz vəziyyətə düşmüş İran generalının Heydər Əliyev qarşısında gözünü döyə-döyə qalmasından bir xeyli təskinlik tapdım. Sonradan bir neçə dəfə İran dövləti tərəfindən Naxçıvana yardımlar edildi.

Bu yardımların əsas məramı isə İran rəsmilərinin Heydər Əliyevlə münasibətlərinin pisləşməməsi istəyindən ibarət idi.

H.Əliyevin Təbrizə səfər etdiyi zamanda, qonşu dövlətin rəhbərliyi ciddi narahatçılıq keçirərək, bu səfər haqqında məlumatın əhaliyə yayılmasının qarşısını almışdılar. Onlara yaxşı məlum idi ki, səfər haqqında məlumatın yayılması Təbrizə milyonlarla insanın toplaşması ilə nəticələnə bilərdi.

Rus sərhədçiləri də Naxçıvan əhalisi ilə əvvəlki kobud rəftarından çəkinirdi. Axı indi Naxçıvan sahibsiz deyildi. Heydər Əliyevin tam nəzarəti ilə gömrük-keçid məntəqələrində qanun-qayda yaradılmış və Cənubi Azərbaycana keçid qaydaları kifayət qədər sadələşdirilmişdi. Culfadan əlavə Şahtaxtıdan, Nehrəmdən də cənuba gediş-gəliş üçün şərait yaradılmışdı. Bizim Culfamızdan Təbrizə qədər cəmi 120 km yol var. Şəhriyarı ziyarət etmək ən böyük arzum idi. Cənublu dostlarım ilk öncə hara getmək istədiyimi soruşdular.

-Gərək bunu məndən heç soruşmayaydınız, birbaşa Şəhriyarın məzarına getməliyik, dedim.

-Məhz bunu sizdən eşitmək istədik, dedilər.

Yol boyu Şəhriyar haqqında maraqlı söhbətlər etdilər. Əlbəttə, şirin Təbriz ləhcəsi ilə Şəhriyar haqqında söylənilənləri eşitmək ayrı bir ləzzət idi. Təbriz haqqında oxuduğum yerləri də görmək istəyirdim. Bu səbəbdən “Qəcil qapısını görə bilərikmi?” deyə soruşdum.

-Onda ilk öncə “Ərk”  qalası, sonra isə Qəcil qapısına.

-Bağışlayın dedim, siz mənim səhvimi düzəltdiniz.

Sonra tarixi “Göy Məscidə”, oradan isə Tarix muzeyinə gedə bildik. Sanki sirli bir aləmə düşmüşdüm. Elə bil bir yuxu idi və bu yuxudan oyanacağımdan ehtiyatlanırdım.

Əvvəllər “Şah Gölü”, inqilabdan sonra isə “El Gölü” adlandırılan seyrəngah Təbrizin hündür bir güşəsində yerləşirdi. Getdiyimiz hər yerdə insanların üzündən bizlərə bir sevgi hiss edirdik.

Ertəsi gün Zəncana səfər etdik. Bakıda tanış olduğum Səid onlara gedib ailələri barədə məlumat öyrənməyi xahiş etmişdi. Səidin atası ağa Seyyidi (dostları ona belə müraciət etdiyindən, xatirimdə elə Seyyidi kimi qalıb) Zəncanın tanınmış ziyalılarından biri idi. Səidin öz anası vəfat etdiyindən, ağa Seyyidi ikinci dəfə ailə qurmuşdu. Ata sanki uzun illər görmədiyi mühacir oğlunun qoxusunu məndən almaq istəyirdi. Çox keçmədi ki, Seyyidinin 50- yə yaxın dostu onun mənzilinə toplaşdı. Hətta musiqiçilər də dəvət olunmuşdu. Ehtiyatlanaraq, “ağa, mənə görə edirsinizsə, etməyin bunları, sonra başınız ağrıyar” dedim.

-Burada belədir, öz evində nə edirsən et, kimsə müdaxilə etməz, deyə cavab verdi.

Musiqiçilər əsasən Teymur Mustafayevin repertuarına daxil olan mahnıları ifa edirdilər. Elə maşınlarda da onun kasetləri daha çox dinlənilirdi.

Qəribə idi, burada bizim qədim adət-ənənəmiz qorunub saxlanılmışdı. Demə evlərdə belə ziyalı məclisləri tez-tez təşkil olunurmuş. Bolluca Zəncan bıçaqları hədiyyə etdilər. Zəncan öz bıçaqları ilə çox məşhur imiş. Ertəsi gün isə hamımız üçün Təbriz və Bakı qədər doğma olan Ərdəbilə səfər etdik. Allah rəhmət etsin Əzizə Cəfərzadəyə, Fərman Kərimzadəyə. Sanki olublarmış kimi Ərdəbili təsvir edə bilmişdilər. Müqəddəs Şeyx Səfi ziyarətgahında bütün yorğunluğum bir andaca çıxdı. Hər daşı, hər qayası bir tarixdi, Ərdəbilin. Mənə elə gəlir ki, Ərdəbildə dilimizin təmizliyi daha çox qorunub saxlanılıb. Şirin Tərbiz, Ərdəbil ləhcəsinə kifayət qədər fars sözləri “yerləşdirmələri” nəzərimdən yayınmadı. Dilimizin farslaşdırılmasında ən çox canfəşanlıq edənlər isə təbii ki, İran mollaları olmuşdur. Onlar bu prosesi az qala mədəni səviyyənin yüksəlişi kimi təqdim edirdilər. Bu məqam mənə Bakıdakı “ruskoyazıçnı” azərbaycanlılığı xatırlatdı.

serhed-1

Həm Təbrizdə, həm də ki Ərdəbildə Şəhidlər qəbristanlıqlarını ziyarət etməyi də özümə borc bildim. İran-İraq müharibəsində hər iki tərəfdən ən çox şəhid olanların məhz azərbaycanlıların olduğunu öyrəndim. Sadə şəhid qəbirlərində onların şəhid olduqları məqamları əks etdirən əşyalar da qoyulmuşdu. Burada II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş yüz minlərlə ata-babamızı xatırladım.

Bakının nefti hesabına müharibədə qələbə çalmış Sovet imperiyasının sonradan başımıza müsibətlər açması yadıma düşdü. O tayda da qardaşlarımıza münasibət fərqli deyildi.

Bizim o taya yolumuzun açılması ilə Cənubi Azərbaycanda abadlıq işlərinin görülməsinə “start” verilmişdi. İran hökuməti illərlə yığılmış problemlərin həlli ilə o taylı qardaşlarımızın qəzəbindən qurtulmaq istəyirdi. Ancaq hər şey başa düşülən olduğundan qardaşlarımız “sizin qədəminiz düşərli oldu, deyəsən biz də bir gün görəcəyik” deyirdilər. İlk baxışda normal görünən bir ölkədə, hamı xoflu, səksəkəli həyat yaşayırdı. Bəzən qardaş özü qardaşı haqqında “bunun yanında söhbət eləmə, fars nökəridi” deyə bizi məlumatlandırırdılar. Bir neçə dəfə İraqda əsir olmuşların qarşılanmalarının şahidi oldum. 11-12 il əsir həyatı yaşamışları Xoy, Mərənd şəhər sakinləri qəhrəman kimi qarşılayırdılar.

Diqqətimi çəkən bir məqam da Cənubun mətbəxi ilə bağlı idi. Cənublu qardaşlarımız özlərini bərk düyüyə tutuzdurublar. Günorta düyü, axşam düyü. Nə bilim bəlkə də bu o qədər yaxşı yaşamağın əlaməti deyildi. İranda düyü kifayət qədər ucuz olduğundan daha çox istifadə olunurmuş. Ümumilikdə isə mətbəximizin eyni olduğunu söyləmək olar, sadəcə olaraq hələ o zaman cənublular ancaq bitki mənşəli yağlardan istifadəyə üstünlük verirdilər. Bütün çatışmazlıqlara baxmayaraq orada hər şey doğma və şirin idi. Dünyanın bir çox yerlərində olsam da, o tay qədər doğma olacaq məkan tanımıram.

Gəzdiyim hər yerdə isə İran xəfiyyələrinin arxamca kölgə kimi süründüyünü təxmin edirdim. Əlbəttə, öz Vətənimizdə azad gəzə bilməməyim mənim kimi, o taylı qardaşlarımıza da ürək ağrısı verirdi. Ancaq nə etmək olar, bəzən zamanı qabaqlamaq olmur. İlk səfərimdə bir təskinliyim var idi, o taylı bu taylı çox şeylər itirsək də, milliyimizi, millətimizi qoruyub saxlaya bilmişdik. Qarşılıqlı sevgimizi elə, millət sevgisi adlandırmaq daha düzgün olardı. Görüləcək işlər isə hələ çoxdur, daha doğrusu lap çoxdur. Təbrizi, Ərdəbili gəzdikcə ən böyük millət davamız hələ öndə olduğunu düşünürdüm.

serhed-3

Tədricən o tayla alver münasibətləri daha böyük önəm daşımağa başladı. Sözün düzü, mən bundan narahatlıq keçirirdim. İki sahil arasında ticari əlaqələrin Naxçıvan üçün həyati əhəmiyyətli olduğu dərk edilən idi. Ancaq qarşılıqlı ticarət əlaqələrinin qanuni tənzimlənməsi olmadığından, tez-tez gərginliklər yaşamğa başladı. İstər rus, istərsə də fars hökuməti sərhədyanı ticarətin inkişafının qanuni məcraya yönəldilməsi marağında olmadıqlarını büruzə verməkdən çəkinmirdilər.

Qəribədir, məhz həmin illərdə dələduzluq haqqında yeni ifadə gündəmə gəldi: “atmaq”. Filankəs filankəsə “atdı” və yaxud filankəslər arasında “razborka” baş verib və sairə kimi ifadələr gündəlik həyatımızın reallığına daxil oldu. Əlbəttə, bütün bunları təsadüf hesab etmək olmazdı. O taydan bu taya göndərilən dələduz tacirlərin arxasında İran xüsusi xidmət orqanlarının dayandığı tədricən aşkarlanırdı. Rus KQB-si də onlardan fərqlənmirdi. Yəni bütün bu proseslər yenicə görüşmək imkanı əldə etmiş qardaşlar arasında nifaq salmağa yönəlmişdi.

Tehran çox böyük şəhərdir. Şəhər olması ilə yanaşı, həm də böyük bir bazarı xatırladır. Sanki bu şəhərdə insanları alverdən başqa heç nə maraqlandırmır. Əvvəllər düşünürdüm ki, Azərbaycan türklərinin yaşadığı ən böyük şəhər Bakı və Təbrizdir, demə Tehranda əhalinin böyük əksəriyyəti bizimkilərdən ibarətdir. Əfsuslar olsun ki, Tehranda yaşayan türklərimizin çoxu özünü farsdilli iranlılar kimi təqdim etməyi xoşlayır. Eynən Bakıda yaşayan “ruskoyazıçnılarımız” kimi. Tehranda xoşuma gələn yeganə məqam birmənalı olaraq farsların bizləri türk adlandırması oldu. Düzdür, bəzən öz adlarını bizə qoymaq istəyərək türk sözünün sonuna “xər” də əlavə edirlər. (xər farsca uzunqular deməkdir). Bəzən etiraf etməsələr də, Tehranda yaşayan türklərimiz farslara xüsusi ehtiramla yanaşmaq məcburiyyətindədirlər. İştirak etdiyim məclislərdə 10 türk və bir fars olurdusa, bütün hörmət, diqqət farsa yönəldilirdi.

Ermənilərin hayes-turkes sorğu-sualını xatırladım. Düşmən də olsalar, türklüyümüzü hələ Sovet dönəmində də bizə xatırladırdılar. Bəs biz özümüz nə zamana qədər adımızı birmənalı olaraq özümüzə qaytarmaq üçün mücadilə aparmalıyıq? Olmaya böyük türkün tarixində xəcalət çəkiləcək bircə epizodunmu şahidiyik? Əlbəttə yox, sadəcə olaraq, düşmənlərin uzun illər təbliğatına uyaraq adımızı unutmağa çalışmışıq. 1937-ci ildə Sovet repressiyasına məruz qalmış valideynlərimin kimliyini təsdiq edən sənədlərdə onların türk adlandırılmasından daima qürur duymuşam.

serhed-4

Özünü, kimliyini dərk etməyənlərə rəhmətlik Çingiz Aytmatov uyğun ad qoya bilmişdi. Təəssüf ki, belə ada layiq olanlarımız hələ bu tayda da, o tayda da kifayət qədərdir. Son zamanlar Bakımızın mərkəzində öz şirin dilimizdə danışmaq istəməyənlərin çoxaldığından narahatlıq keçirirəm. Çörən, təzə xərəbmi var?

Farslar Sovet imperiyasının Xomeyninin Qorbaçova sonra yıxıldığını iddia edirlər. Nədənsə bu taya səfər edənlərin sırasında İran mollalarının sayı çoxalmışdı. Onların hər yerdə özlərinə məxsus təbliğatla məşğul olduqlarını müşahidə edirdik. Xomeyninin Qorbaçova məktubu kitabça şəklində gizli olaraq əhali arasında yayılırdı. İştirak etdiyim yas mərasimlərinin birində artıq iran mollasının başda oturaraq moizə oxuduğunun şahidi oldum. Ağayi molla birnəfəsə kommunist hakimiyyətinin Xomeyninin məktubundan sonra çökdüyünü iddia edərək, məktubdan bəzi məqamları xatırlatmaqda idi.

İlk öncə onlar elə fikirləşirdilər ki, bu tayda yaşayanlar kommunist rejimində dinlərini, imanlarını itiriblər. Sonradan isə xalqımızın Sovet imperiyası zamanında öz etiqadlarını qoruyub saxlaya bildiyini dərk etdilər. İran mollaları milli azadlıq mücadiləmizə də qısqanclıqla yanaşırdılar. Əlbəttə, onlar bu mücadilənin önündə milli ruhlu insanların yer aldığından xəbərdar idilər.

Sonradan bu mücadilənin əsil qəhrəmanlarının demokrat, liberal adları ilə maskalanmış “siyasilər” tərəfindən küncə sıxışdırılmasında bir çox xarici kəşfiyyat orqanlarının dəstəyinin olmasına şəxsən mənim heç bir şübhəm qalmayıb.

 

Naxçıvanın SSRİ-dən ayrılması faktiki olaraq Heydər Əliyevin rəhbərliyi ilə baş tutdu

 

33 milyonluq türkün qarşısında İranın erməniləri bəsləməsi qəbuledilməzdir

 

serhed-5

Dünyanın bu gün türk millətçiliyindən xoşlanmadığının şahidi deyilikmi? Nədən türkün öz adı ilə qürur duyması, öz keçmişini təbliğ etməsi və gələcəyinə nikbinliklə baxması bütün dünyanı narahat  etməkdədir? Alman, yəhudi, ingilis, fransız və hətta fars da öz millətsevərliklərini açıq-aşkar təbliğ edə bilərlər, ancaq bizlərin hər addımına qısqanclıq nümayiş etdirirlər.

Əlbəttə, burada ən böyük günah məhz özümüzdədir. Millətçi təmayüllü bir çox siyasi təşkilatların öz yollarından sapmalarını təsadüfmü qəbul edək? “Elçibəy yolundayıq” deyərək özlərini Avropa liberalizminin ağuşuna atanların iç üzünü açmaqmı millətçilik, millətsevərlik məsələlərində iqtidarla müxalifət arasına məqsədli şəkildə sərhəd çəkmək haradan qaynaqlanır? Bu suallara cavab tapmaq hər bir millətsevəri düşündürməli nə nəticə çıxarmalıdır.

33 milyonluq türkün qarşısında İranın erməniləri bəsləməsi qəbuledilməzdir. Yaxşı yadımdadır, 1990-cı ilin iyul ayının əvvəllərində Cənubi Azərbaycanın Zəncan vilayətində güclü zəlzələ baş vermiş, Zəncan və qonşu bölgələr ciddi fəlakətə məruz qalmışdı. Xəbəri eşidən bütün Naxçıvan əhalisi ayaq üstə idi. Hökumətdən cənuba yrdım etmək üçün şərait yaradılması tələbi ilə davamlı mitinqlər keçirilirdi. Blokada şəraitində yaşayan Naxçıvanın bütün bölgələrində əhali əlindən gələn nə varsa, yaradılmış qərargahlara təhvil verirdi.

Muxtar Respublikanın bütün həkimləri könüllü olaraq cənublu qardaşlarımıza yardım etmək üçün o taya keçmək istədiklərini bəyan edirdilər. Çox keçmədi ki, xalqın təkidi ilə bu şərait yaradıldı və onlarla yardım dolu maşınlarla birgə həkimlərimiz o taya səfər etməyə nail oldular. Yəni xalqın istəyi və tələbi qarşısında Rus və fars imperiyaları geri çəkilmək məcburiyyətində qaldı. Ancaq zaman keçdikcə, yenidən imperiya xislətli xlqların qarşısında acizlik nümayiş etdirməyə başlayırıq. Bu gün qanımıza susamış ermənilərin bəslənməsinə susqunluq nümayiş etdiririk. Özlərini hətta  bütün dünya müsəlmanlarının “dayağı” kimi təqdim edən fars şovinistlərinin biz müsəlmanların başına gətirilən müsibətlərdənmi xəbərləri yoxdur? Onları anlamaq olur,  çünki bəzən farsların özləri də ermənilərlə əmioğluluqlarını etiraf edirlər. Bəs 33 milyonluq canımız-qanımız bir olan türk qardaş və bacılarımız hara baxır? Bütün bunlar elə onların gözləri qarşısında baş vermirmi?

Araşdırmalarımız bir daha təsdiq edir ki, ermənilərlə daha çox ticari münasibətləri məhz cənublu qardaşlarımız qurub. Bizim tarixi səhvimizi sanki davam etdirərək erməni arxçikləri ilə ailə quranlar da tapılıb. Bax, burada təkcə o taylı qardaşlarımızı qınamaq olmaz, çünki bütün dünyada olduğu kimi cənubda da təbliğatımız demək olar ki, yoxdur. Ermənilərlə gediş-gəliş məntəqəsi isə məhz Cənubi Azərbaycanda yerləşir və dığalar tam sərbəst olaraq doğma Təbrizimizdə də at oynatmaqdadırlar.

Azərbaycanda isə cənub problemləri ilə məşğul olan yüzlərcə təşkilat və QHT-lər vardır. Deyəsən onların da başı ancaq qrantlara qarışıb. Nə bilək, bəlkə də ermənilər əleyhinə təbliğat aparsalar, onların da qrantları kəsilə bilər.

Bəs Şəhriyarın, Bəxtiyarın yazdıqları. O taylı, bu taylı bədbəxt millətim, axı böyük dahilər sadəcə olaraq şeir yazmaq üçün birlik və bir olmaz mövzusuna yer ayırmamışdılar ki. O taylı milli mücahidlərimiz bu gün işlərini Savalana və yaxud Babək qalasına yürüş etməklə bitmiş hesab etməməli, əvəzində ermənilərin yemləndiyi qapı qarşısında birgə etiraz səsi ucaltmağı bacarmalıdırlar. Düşünürəm ki, bu  zaman onlar bütün ləyaqətli dünya türklərindən dəstək ala biləcəklər.

serhed-6

XXI əsr ideoloji savaş əsridir. Görünən budur ki, kimin təbliğatı güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, təbliğat sarıdan axsayırıq. Belə davam edəcəksə, daha ağır zərbələrə məruz qalacağıq. Artıq Ermənistan prezidenti Serj Sarkisyan açıq-aşkar Naxçıvana iddialı olduqalrını bəyan edir. Necə deyərlər, erməni istəyi, farsın könlündəki. Mən biləsi fars imperiyası iki Azərbaycan arasında sərhədlərin, ermənilərin əlinə keçməsində hələ çoxdan maraqlıdır. Düşünməyin və addım atmağın tam zamanıdır, cənablar, bəylər.

 

Unutqanlıq bizi məhvə sürükləyə bilər

 

2007-ci ildə Sovet imperiyasının millətimizə qarşı törətdiyi repressiyanın 70 ili tamam olurdu. Müxtəlif təşkilatlara müraciət edərək “gəlin bu “yubiley” ilindən bütün tarixi həqiqətləri dünyaya çatdırmaq üçün istifadə edək” dedim. Səsimə səs verən tapılmadı, deyəsən hamının başı möhtəşəm “işlərə” qarışmışdı.

Araşdırmalar bir daha təsdiq edir ki, 37-ci ildə rus imperiyası ermənilərə Azərbaycanda açıq-aşkar dövlət səviyyəsində soyqırım törətməyə şərait yaradıbmış. Bütün bölgələrdə təhlükəsizlik xidməti orqanlarına ermənilərin yerləşdirilməsini təsadüfmü hesab edək? Həmin dövrdə Ermənistan Təhlükəsizlik orqanlarında bircə türkün xidmət etdiyini kimsə təsdiq edə bilərmi?

1937-ci il repressiyaasını daha çox Azərbaycanda ziyalıların soyqırımı da adlandırmaq olar. Şairlərin, yazıçıların, kənd ziyalılarının, savadlı və nüfuzlu din xadimlərinin güllələnməsi yaxud gedər-gəlməzə göndərilmələri bunu təsdiq edir. Danışan dillərin kəsilməsi, düşünən beyinlərin düşmən gülləsinə tuş gəlməsi erməni-rus işbirliyinin nəticəsi idi. Bütün bu məlum düşmənçiliyin ağrılarını bu gün də yaşayırıq və faktlar hamımıza açıq-aşkar aydındır. Bəs dünya ictimaiyyətinin ötən əsrdə baş verənlərdən xəbəri varmı? Əlbəttə ki, yox.

Gəlirlərimizin, büdcəmizin pullarını yerli-yersiz göyə sovuranlar nədən bu cür önəmli faktların bütün dünyaya çatdırılması üçün vəsait ayırmaqda maraqlı deyillər? Səbəb isə birdir, unutqanlıq yaddaşsızlıq.

serhed-2

O taylı, bu taylı “xəstəlikdən” qurtulmağın zamanı deyilmi? Yəqin cənublu qardaşlarımızın 1946-cı ildə Təbrizdə axan qan selinin səbəbkarlarının Rus-Erməni-Fars “triosunun” olduğundan məlumatları yoxdur. Fitnəkar Mikoyanın məsləhəti ilə qəddar Stalin cənubda qan tökülməsinə, Pişəvəri hökumətinin çökdürülməsinə razılıq vermədi? İzi itirmək üçün sonradan Sovet Azərbaycanına mühacirət etmək məcburiyyətində qalmış Pişəvərinin başına nələr gətirilmədi?

Başımıza gətirilən zülmün və müsibətlərin o tayı, bu tayı yoxdur. Fakt budur ki, biz dünən də Rus-Fars-Erməni işbirliyinin ağır zərbələrini yemişik və bu gün də buna məruz qalırıq. Tarixin təkrar olunmasında isə özümüz də günahkarıq. Ən böyük günahımız isə unutqanlıq xəstəliyinə düçar olmağımızdır. Sabir Rüstəmxanlı demişkən “hər bir millətin qan yaddaşı olmalıdır!”

1990-cı il yanvarın 19-da Sədərək kəndi erməni-rus hərbi birliklərinin hücumuna məruz qalmışdı. Bu tarixin Naxçıvanın qəhrəmanlıq salnaməsində xüsusi yer var. Həmin gün Muxtar Respublikanın bütün əhalisi Sədərəyə axışırdı. Kənd ağır toplar, raketlərlə ardı-arası kəsilməyən hücumlarla qarşı-qarşıya idi. Burada rəhmətlik Afiyəddin Cəlilovu xatırlamamaq mümkün deyil. (O zaman o, Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi idi). Hədsiz dərəcədə vətənpərvər insan Afiyəddin müəllim müdafiə işlərinin təşkilində AXC ilə birgə hərəkət edirdi.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna edilmiş həmin hücum erməni-rus birləşmələrinin Azərbaycana ilk böyük və açıq-aşkar işğalçı missiyanı əks etdirən hücumu idi. Müdafiə işinin ən böyük ağırlığı AXC Şərur rayon təşkilatının üzərində idi. Təşkilatın rəhbəri Fərəməz Allahverdiyev və silahdaşları yerli polis əməkdaşları ilə birgə qanlı döyüşlərin mərkəzində dayanmışdılar. Təbii ki, həmin döyüş şəhidsiz ötüşmədi. Naxçıvan 11 ləyaqətli övladını şəhid verməli oldu.(Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik).

Qanlı savaş Naxçıvan əhalisini yumruq kimi birləşdirmişdi. Hətta qadın həkimlər, tibb bacıları da göydən tökülən od-alova baxmadan yaralılara yardım etmək üçün səngərlərə atılırdılar. Naxçıvan Daxili İşlər Nazirliyində olan yüngül silahlar müdafiənin təşkili üçün yetərli deyildi. Nə etmək olardı, əhali əlində olan ov silahlarından da istifadə etmək məcburiyyətində qalmışdı.

Mənfur Qorbaçov iqtidarının açıq-aşkar ermənipərəst siyasəti Naxçıvan əhalisini sözün əsil mənasında qəzəbləndirmişdi. Yanvar ayının 20-də gecə saatlarında AXC Muxtar Respublika fəallarının təkidi ilə Muxtar Respublika Ali Sovetinin sessiyası çağırıldı.

Ali Sovetiin sədri Səkinə xanım Əliyeva sözün əsil mənasında qəhrəmanlıq göstərərək, Naxçıvanın SSRİ-nin tərkibindən çəxması barədə qərara imza atdı. Ermənilərə satılmış Qorbaçovun siyasətinə qarşı naxçıvanlıların atmış olduğu bu bu addım SSRİ-nin dağılması üçün stimul oldu. Bu qərara dəstək almaq üçün qonşu dövlətlərə müraciətlər də olundu. Qərar Naxçıvan televiziyası ilə 8 xarici dildə səsləndirildi.

O zaman müsəlmna dövlətidir deyə, böyük ümidlə gizli yolla İrana müstəqil Naxçıvan Respublikası adından danışıqlar aparmaq üçün nümayəndə heyəti də göndərildi. Gözlənilənlərin əksinə olaraq, bütün ümidlərimiz puça çıxdı. Ancaq biz o taydakı millətsevər qardaşlarımızın müdafiə işlərimizə yardım edəcəklərinə böyük ümid bəsləyirdik.

Yanılmamaışdıq…

serhed-9

Naxçıvanın SSRİ-dən ayrılması faktiki olaraq Heydər Əliyevin rəhbərliyi ilə baş tutdu. Naxçıvanın ağır durumu o zamankı Azərbaycan rəhbərlərini qətiyyən maraqlandırmırdı. Millətinin tökülmüş qanı üzərində hakimiyyətə gəlmiş Ayaz Mütəllibov “Naxçıvan kor bağırsaqdır, kəsib atmaq lazımdır” deyirdi. O zamanı sözlə təsəvvür etmək çox çətindir. Blokadaya alınmış Naxçıvan işıq üzünə həsrət qalmış, gündəlik tələbat malları demək olar ki, tükənmişdi. Əhali şaxta ilə mübarizə aparmaq məcburiyyətində qalmışdı.

1991-ci ilin sentyabr ayının 3-də Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi. Özüm şahidəm ki, o yenidən hər hansı vəzifə tutmaq istəmirdi. Ancaq Naxçıvan əhalisi və xüsusilə Muxtar Resublikanın taleyindən haqlı olaraq narahatlıq keçirənlər, çıxış yolunun məhz Heydər Əliyevin li Məclisə sədr seçilməyində görürdülər. Bəziləri söyləyir ki, bundan sonra Naxçıvan mərkəzi hökumətin nəzarətindən çıxdı. Əksinə, Muxtar Respublika hələ öncədən o zamankı Azərbaycan rəhbərliyinin etinasızlığı ilə üzləşmiş və demək olar ki, Ayaz Mütəllibovun xüsusi nifrət bəslədiyi bir bölgəyə çevrilmişdi. Əlbəttə, Naxçıvanın Sovet imperiyasına qarşı ən sərt mövqe nümayiş etdirən bir bölgə olduğunu nəzərə alaraq, imperiyanın ermənipərəst siyasətini anlayan, lakin onu nökərinə çevirmiş Mütəllibovun bizə münasibətinin müsbət olmasını gözləmək ağılsızlıq olardı. Bu səbəbdən də Heydər Əliyevin hələ o zamandan müstəqil siyasət yürütməsini heç də onun Azərbaycana qarşı çıxması yox, əksinə, o zamankı Azərbaycan rəhbərliyinin Naxçıvanı tamamilə “boğmaq” istəyindən qaynaqlanırdı.

Heydər Əliyev ilk olaraq Naxçıvanın sərhədlərinin qorunması üçün bir sıra tədbirlər həyata keçirdi. İlk sərəncamlardan biri Naxçıvan Müdafiə Komitəsinin yaradılması ilə bağlı oldu. Artıq Muxtar Respublikanın müdafiə işi vahid mərkəzdən idarə olunurdu. Təəssüf ki, həmin zaman Azərbaycanın digər sərhəd bölgələrində vahid rəhbərlik olmadığından, könüllü batalyonlar çox zaman bir-biri ilə əlaqəni tamamilə itirir, çətin anlarda birgə fəaliyyət göstərə bilmirdilər.

Yeni yaradılmış Naxçıvan Sərhəd Dəstəsi sərhədlərin qorunması işində böyük əhəmiyyət kəsb edirdi.

Qonşu Türkiyə və İranla siyasi, iqtisadi əlaqələr yaradılaraq Muxtar Respublikanın təchizatı əsaslı surətdə yaxşılaşdırılmışdı. Həmin dövlətlərin köməyilə Naxçıvana əlavə olaraq elektrik xətləri çəkilmiş və müəssisələrin fəaliyyəti bərpa edilməyə başlanmışdı. Sərhədyanı ticarət işi təşkil edilmiş, qonşu ölkələrlə ticarət əlaqələri günü-gündən yüksəlirdi. Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisinin sessiyaları Sovet imperiyası üçün demokratiya nümunəsinə çevrilmişdi.

Əlbəttə, kommunist rejimi Naxçıvanda baş verənlərdən narahatlıq keçirməkdə idi. Bütün bunlara baxmayaraq, Naxçıvan Ali Məclisi qəbul etdiyi demokratik prinsiplərdən bir an belə çəkilməyəcəyində israrlı idi. Heydər Əliyev bütün bunlarla yanaşı, Azərbaycanda baş verən haqsızlıqlara biganə qala bilməzdi. Vaxtilə ermənilərə “peşkəş” edilmiş Mehri rayonunun son alınmaz qalası Nüvədiyə hücum edilməsi xəbəri H.Əliyevi bərk narahat etmişdi. Bu səbəbdən də məni yanına çağıraraq, “Ramiz, səni Nüvədiyə göndərmək istəyirəm” -dedi. Ardınca da, “Düzdür, orada vəziyyət çox gərgindir, ancaq biz yardım etməliyik”, deyə əlavə etdi.

O, xüsusi vertolyot təşkil edib məni 22 nəfərlik silahlı qrupla Nüvədiyə göndərdi. Çox təəssüf ki, artıq Nüvədi erməni-rus silahlı birləşmələri tərəfindən boşaldılmışdı. Kənd əhalisi isə Zəngilanın Vejnəli kəndi ətrafında toplaşmışdı. Qəribə idi ki, Nüvədinin boşaldılmasında Azərbaycan KP MK-nın o zamankı II katibi Polyoniçko xüsusi “canfəşanlıq” göstərirdi. Görəsən, Ayaz Mütəllibovun bu olanlardan xəbəri yox idi?

Vejnəliyə sığınmaq məcburiyyətində qalmış nüvədililər ümidlərini yalnız Heydər Əliyevə olduğunu əyan edirdilər. Onsuz da Azərbaycan rəhbərliyi onların müsibətlərinə reaksiya vermirdi. Qəribə idi, Nüvədi ilə sərhədə toplaşmış əhali yalnız bir polis nəfərinin ümidinə buraxılmışdı. Zəngilan rayonunun o zamankı rəhbərliyi ilə görüşmək üçün İcra hakimiyyətinin yerləşdiyi binaya üz tutduq. İcra başçısı nə məqsədlə gəldikləri bilinməyən Rusiya deputatları Şabat və Popovla görüşürdü. Həmin görüşdə Respublika prokuroru Murad Babayev də iştirak edirdi. Münasibətlıərindən aydın oldu ki, onlar Nüvədidə baş verənlərə müdaxilıə etmək fikrində deyillər. Bizim isə əlimizdə olan yüngül silahlarla erməni-rus birləşmələrinə qarşı döyüşə girməyimizin uğur gətirməyəcəyini düşünərək, Nüvədinin durumunu Neydər Əliyevə çatdırmaq üçün Naxçıvana qayıtdıq. Orada baş verənləri eşitdikdə, o, “mənim Mütəllibov kimi yaramaza nifrətim məhz belə xainliyinə görədir. Axı necə ola bilər ki, öz millətinin taleyinə biganə qalır. Çalışmalıyıq ki, Nüvədi əhalisinin yerləşdirilməsində öz köməyimizi əsirgəməyək”-dedi. Sonra H.Əliyevin Nüvədi ağsaqqalları ilə görüşü də oldu. O, didərgin düşmüş insanlara həm maddi, həm də mənəvi yardımını etdi.

Azərbaycan rəhbərliyinin belə biganəliyi, artıq Naxçıvanın da çətin duruma düşə biləcəyinə işarə idi.

 

Arazın soyuq sularında üzməyin ayrı ləzzəti var

 

O taylı millətsevərlərimiz artıq bizim müdafiə işlərimizə yardım etməyə başlamışdı. Nə etmək olardı, müqəddəs torpaqlarımızın müdafiəsi naminə bəzən o zaman heç də bizlərə xidmət göstərməyən qanunları pozamlı olurduq. Həyatını risk altında qoyaraq, şaxtalı günlərdə özünü Araza vuran qəhrəman övladlarımız kifayət qədər idi. Kim deyir ki, bizim millətimiz vuruşa bilmir, əksinə, dünyanın heç bir yerində Azərbaycan türkləri qədər qəhrəman övladı olan millət yoxdur. Sadəcə olaraq, onları hazırlamaq, istiqamətləndirmək və vahid mərkəzdən idarə etmək yetərlidir ki, onlar bütün qələbələrə nail olsunlar. O taylı, bu taylı Culfa arasındakı sərhəd həm ruslar, həm də farslar tərəfindən ciddi mühafizə olunduğundan, hər əməliyyata yaxşı hazırlaşmaq lazım gəlirdi. Qəribə idi ki, müdafiə üçün lazım olan şeylər cənublu qardaşlarımızın əlindən alındığından, kürdlərin yaşadıqları bölgələrə üz tutmalı olurduq. Etiraf etməliyəm ki, kürdlər də bu işdə bizə yetərincə yardımçı olublar. Təbii ki, biz onların əməyini layiqincə qiymətləndirirdik.

Naxçıvanın çətin durumda olmasına baxmayaraq, biz Azərbaycanımızın digər bölgələrinin də müdafiə işinin təşkil olunmasına əlimizdən gələn yardımı əsirgəmirdik. Əlbəttə, onlar da qarşılıqlı olaraq Naxçıvana diqqətlərini yönəltmişdilər. Xüsusi olaraq Tovuzlu Qara Tofiqin Naxçıvana BTR hədiyyə etməsini qeyd etmək istərdim. Milli azadlıq mübarizəmizin öncüllərindən olan Qara Tofiq Naxçıvana tez-tez səfər edir, hətta döyüş əməliyyatlarında ön sıralarda olmaqdan çəkinmirdi.

Müdafiə işlərində göstərdiyimiz fəallıq, sonradan baş ağrımıza çevrildi. 1994-cü ilin sentyabrında qeyri-qanuni silahlı dəstə yaratmaqla ittiham eilərək, Naxçıvan Muxtar Respublika Prokurorluğunun verdiyi sanksiyaya əsasən Bakı şəhərində həbs edildim. Həmin zaman Heydər Əliyev ABŞ səfərində idi. Məlumat alan kimi mənim həbsdən azad olmağım barədə göstəriş vermişdiş Həmin göstərişə əsasən dərhal həbsdən azad edildim.

Milli ordumuz yaranan kimi Naxçıvan Müdafiə Komitəsi buraxıldı və biz bütün silah-sursatı öz ordumuza təhvil verdik. İndi də başa düşə bilmirəm ki, sonralar nədən ermənilərə qarşı vuruşmuş insanlar təqiblər, təzyiqlərlə üzləşdilər? Bölgələrdə sanki cəbhəçi, döyüşçü “ovuna” çıxmışdılar. Bizlər hər hansı bir müqavimət göstərmək fikrindən uzaq idik. Millətini sevən insan heç zaman öz dövlətində qarışıqlıq yaradılmasını arzulamaz. Bəziləri deyəsən silahları könüllü təhvil verməyimizi hətta qorxaqlıq da adlandırırdılar. Mənim fikrimcə, silah bir halda, yalnız gözünü müqəddəs torpağımıza dikmiş, müstəqil dövlətimizi sarsıtmaq istəyən düşmənlərə qarşı işlədilə bilər.

Tikanlı “dəri”nin darmadağın edilməsinin, çətin zamanlarda müdaafiə işimizin təşkilində yardımçımız olmasını eç kəs inkar edə bilməz. Cənubla yaradılmış əlaqələrdən hiss etmək olurdu ki, oradakı qardaşlarımız farsların süni maneələrinə rəğmən, hər an torpaqlarımız uğrunda savaşa qalxmağa hazırdırlar. Bütün bunları müşahidə etdiyimizdən, özümüzü daha inamlı hiss edirdik.

 

Son