Tikanlı “dəri”

0
11

1

Ramiz Tağıyev

 

Sərhəd Hərəkatının 27 yaşı tamam olmaq üzrədir. 1989-cu ilin 31 dekabrında baş vermiş bu tarixi hadisə o taylı, bu taylı bütün azərbaycanlıların böyük sevincinə səbəb olmuşdu. Bu hərəkata gedən yol haqqında müxtəlif fikirlər səslənməkdədir. Ən düzünü isə hərəkatın ideya müəllifi olan Ramiz Tağıyev bilir. “Millətim”in ilk saylarında getmiş “Tikanlı dəri” yazısı geniş oxucu kütləsinin böyük marağına səbəb olduğundan, həmin silsilə yazını Millətim.info saytında yenidən dərc etməyi məqbul hesab edirik. Düşünürük ki, bir çox məqamları hələ də müzakirə mövzusuna çevrilmiş Sərhəd Hərəkatı barədə, hərəkatın 27 illik yubileyi ərəfəsində ətraflı məlumat ala biləcəksiniz.

Ümid edirik ki, Sərhəd Hərəkatını onun ideya müəllifinin dilindən öyrənmək gələcək nəsillərin də bu haqda doğru məlumata sahib olmasına şərait yaradacaq.

 

I Hissə

 

Valideynlərim Stalin repressiyasından 1954-cü ildə azad olub, Vətənə dönə  bilmişdilər. Hələ 1945-ci ildə dünyasını dəyişmiş atamın babası Məşədi Rzaqulu kişinin son vəsiyyəti bu olmuşdu ki, “ilk imkanda Vətənə dönün”. Məşədi Rzaqulu kişi 1915-37-ci illərdə Ordubad rayonunun adlı-sanlı sakinlərindən biri olmuşdu. O zamankı xatırlayanlar söyləyirdi ki, babam, qulağı kəsik Andronikin qarşısına 500 silahlısı ilə çıxmış və onu Zəngəzura qədər təqib edə bilmişdi. 1937-ci ildə 75 yaşlı bir ağsaqqalın bütün nəsli ilə birgə sürgün ediməsinin kökündə məhz həmin hadisələr dayanmışdı. Əslində bu, babamın ilk cəzası deyildi. Hələ 1929-cu ildə, erməni üçlüyünün imzası ilə beş il həbs cəzasına məhkum edilmişdi.

1954-cü ildə Vətənə dönən ailəmizin Ordubadda yaşamasına izin verilməmişdi. Səbəb isə Ordubadın sərhəddə yerləşməsi idi.

Təsadüfə bax ki, eyni taleni ana-babam da yaşamalı olmuşdu. Anamın atası Bağır kişi hələ 1914-16-cı illərdə Məmməd Səid Ordubadi ilə birgə Saritsına (indiki Volqoqrad) sürgün edilmişdi. Qəribə olsa da, Bağır kişi də, 1937-ci ildə yenidən sürgünə göndərilmişdi. Eyni taleni yaşamalı olan bu iki ailə, sürgündə Qazaxıstanın Taldı-Kurqan vilayətində qohum olmuşdular. Təbii ki, qohumluğun səbəbkarları atam və anam olmuşdu. Validenylərimin sürgün həyatlarında itirdikləri qədər qazancları da olmuşdu.

Daima Vətən həsrəti ilə yaşayanların Vətən sevgisinin daha çox olduğunu sübut etməyə heç bir ehtiyac duyulmur. Əlbəttə, bunu mühacirət həyatı yaşayanlar da yaxşı bilirlər. Valideynlərim sürgün həyatında onlara müəllimlik etmiş Məmmədəmin Rəsulzadənin oğlu Azəri həmişə xoş xatirələrlə xatırlayırdılar. Azər bəyin rəhbərliyi ilə “Şah İsmayıl” tamaşasını hazırladıqlarını və bunun böyük sensasiyaya səbəb olduğundan söhbət açırdılar.

 

Yaşa dolduqca bu tikanlı “dərinin” millətim üçün faciə və təhqir olduğunu dərk etməyə başladım

serhed-4

 

Balakəndə yaşadığım illərdə ara-sıra valideynlərimlə Naxçıvana səfər edərdik. Bağır babamı yaxşı xatırlayıram. Saçımı tumarlayaraq “oğul o tayda-Təbrizdə yaxşı dostlarım qalıb. Çox etibarlı insanlar idilər. Bir çoxlarının da mənə borcları var. Bilirsən onlar borclu qalmağı sevməyən insanlardır, halallığı çox sevərdilər. Otur, mən deyim adlarını yaz, saxla. Nə vaxtsa yenə get-gəl olacaq”.

Söhbətə qulaq asan dayım gülümsəyirdi, çünki o da başqaları kimi Cənuba nə vaxtsa gedə biləcəyinə inamlı görünmürdü.

Yaxşı yadımdadır, hələ ötən əsrin 60-cı illərində Culfa rayonunun Yaycı kəndində, rus sərhədçiləri müəyyən vaxtlar tikanlı “qapıları” açaraq yerli əhaliyə Arazdan su götürməyə icazə verirdilər. Lakin çox keçmədi ki, bunun da qarşısı alındı.

Balakəndə yaşadığım üçün, mənə bütün bu tikanlı çəpərlər çox qəribə gəlirdi. Əlbəttə, uşaqlığımda bunun bir o qədər də fərqinə varmırdım. Ancaq yaşa dolduqca bu tikanlı “dəri”nin millətim üçün faciə və təhqir olduğunu dərk etməyə başladım.

Yaxşı yadımdadır, məktəbi bitirdikdən sonra Culfaya gəldikdə qohumlarımdan birinin sərhəd dəstəsində xidmət etdiyini öyrəndim. Ondan ilk xahişim bu oldu ki, məni Arazın kənarına aparsın. Sözümü yerə salmadı. İlk dəfə Arazın suyuna toxuna bildim. O tayda da bir-neçə nəfər Araz kənarında idi və fürsət tapıb onlara səsləndim. Şirin ləhcə ilə cavab verdilər. (İkinci dəfə belə xoşbəxt anı, illər sonra o taydan doğma kəndimiz Yaycıya baxanda yaşamışam. Sanki illərlə yaşadığım kəndi yenidən kəşf etmişdim). Bax elə bu zamandan tikanlı məftillər ürəyimi doğrayırdı.

1986-cı ildə həyatımızda çox şeylər dəyişdi. Tarixi şəraitdən istifadə edərək, çalışdığım Texniki Peşə məktəbində “Ana Vətən” cəmiyyətini yaratmışdıq. Çox dəyərli ziyalılar toplaşdığı cəmiyyətdə əsasən Güneylə bağlı müzakirələr aparılırdı.

 

Yaycı kəndinin bir inqilab beşiyinə çevrilməsində Tağı bəyin müstəsna xidmətləri olmuşdu

serhed-2

 

Etiraf etməliyəm ki, mənim millətçi baxışlarımın formalaşmasında böyük alim, tanıdığım insanların ən idealı, həmkəndlimiz Tağı bəy Qasımoğlunun inkaredilməz rolu olub. Allah ona rəhmət eləsin, bütün ömrünü Bütöv Azərbaycan, Turançılıq ideyalarının təbliğinə həsr elədi. Fizika-riyaziyyat elmləri namizədi olmasına baxmayaraq, inanmıram ki, kimsə onun tək türkün qədim tarixini biləydi. Xüsusən Tağı bəyin böyük türkoloq Aydın Qasımovla (Mədətoğlu) diskusiyalarını saatlarla dinləməkdən yorulmurduq. Aydın bəy də millətimizin ən dəyərli ziyalılarından, alimlərindən biridir. Onun da ideal yaşam tərzi hər bir millətçi üçün nümunə ola bilər. Onun “Türküstan” qəzetində yazdığı türkün tarixinə dair qiymətli məqalələri daim oxuyuram. Əlbəttə, bu böyük şəxsiyyətlər nə dünən, nə də ki, bu gün öz layiqli qiymətlərini ala bilməyiblər.

Tağı bəy Qasımoğlu 1991-ci ildə Rus imperiyası sərhədçiləri tərəfindən Araz çayında qətlə yetirildi. Təbii ki, bu qətli təsadüf hesab etmək düzgün olmazdı. Qətlin onun siyasi fəaliyyəti və xüsusi ilə millətçi-türkçü olması ilə bağlılığı şübhəsizdir.

Hələ 70-ci illərdən millətçi fəaliyyətinə başlayan Tağı bəy rus KQB-si tərəfindən daima təqib olunurdu. Kasıb evlərinin bəzəyi, yalnız böyük Atatürkün portreti olardı. Söylənilənlərə görə tələbə olarkən Tağı bəy doğma kəndi Yaycıya tətilə gələrkən Atatürkün portretinin yerində atası Qasım əminin şəklini görür. Anasından soruşur ki, portreti kim götürüb.

-Anası cavab verir ki, ay bala, tanımadığımız bir kişinin şəklini vurmusan başımızın üstünə.

Tağı bəy, anasını incitmədən Atatürkü ona elə təqdim edir ki, arvad özü portreti qaytarıb yerindən asır.

Çox qəribədir, sərhədlər açıldıqdan sonra Tağı bəy, canından artıq sevdiyi Türkiyəyə səfər etmədi. Bir dəfə ondan “nə üçün ömrün boyu arzuladığın Türkiyəyə səfər etmək istəmirsən?”-deyə sual etdim. Cavabı bu oldu ki, “Ramiz, orası mənim idealımdır və ehtiyat edirəm ki, ilk səfərimdə illərlə arzuladıqlarımı puç edəm”. Təəssüf ki, ona Türkiyəni görmək nəsib olmadı. Mən rəhmətlik Tağı bəyi, həyat müəllimim kimi daima xatırlayır və onun yolunu davam etdirməyə çalışıram.

Sonradan Yaycı kəndinin bir inqilab beşiyinə çevrilməsində Tağı bəyin müstəsna xidmətləri olmuşdu. Şərəfsiz Qorbaçovun üzdəniraq “demokratiyası” Culfa şəhərindən Yaycıya gedən yolda yeni sərhəd postu yaratmışdı. İlahi, işə bax Güneylə aramızdakı tikanlı məftillər yetmirmiş kimi, bir rayonun ərazisindəki hərəkəti də məhdudlaşdırmışdılar.

Şəxsən mən bu təhqirə dözə bilmirdim. Hər gün kənddən şəhərə və yaxud geri dönəndə təhqiredici yoxlamalara məruz qalırdıq. Qorbaçov “aşkarlığının” və “yenidənqurması”nın boş sözlər olduğu artıq hiss olunurdu.

 

Erməni dığa və arxçıklərinin Culfa gömrüyündən o tay-bu taya rahat addımlarını ürək ağrısı ilə müşayiət etməli olurduq

serhed-5

 

1988-ci ildə Azərbaycanda baş verənlər Culfaya da təsirsiz ötüşmədi. Rəhbərlik etdiyim “Ana Vətən” cəmiyyəti leqal fəaliyyətə keçmişdi. Noyabr ayının 17-də Culfada da mitinqlər dalğası başlandı. Ayın 21-də keçirəcəyimiz etiraz mitinqinə ciddi hazırlaşmışdıq.

Lenin meydanı yerləşən Kirov küçəsinin adını dəyişdirmək fikrində idik. Əvvəlcədən Təbriz yazılmış lövhələr hazırlamışdıq. Rayon Partiya Komitəsinin güclü müqavimətinə baxmayaraq, lövhələri vura bildik və tezliklə Kirov küçəsinin adının rəsmən Təbriz adlandırılmasına nail olduq.

Mitinqdəki çıxışımı Güneylə bağlı etdim və hər kəsi inandırmağa çalışdım ki, yeni adlandırdığımız Təbriz küçəsi ilə (bu küçə birbaşa Güney Culfasına və Təbrizə gedir) tezliklə Təbrizə, Ərdəbilə, Urmiyaya gedəcəyik. Yaxşı yadımdadır, dostlarımdan bəziləri təklikdə mənə irad tuturdular ki, yaxşı olar heç bu mövzuya toxunma, bəziləri sənin havalandığını söyləməyə başlayıblar. Deyirdim ki, bəs gözünüzün qabağında ermənilər rahat-rahat Güneyə gedib-gəlirlər, biz nədən getməyək. (Moskva-Tehran qatarı Culfadan keçdiyindən bunların şahidi olurduq).

Yaycı kəndində Həvva adlı bir qadın yaşayırdı. 37-ci ilin repressiyasından qurtulmuş əri, iki yaşlı oğlu ilə birgə Güneyə qaçmışdı. Təsəvvür edin ki, ana əlli il idi ki, oğlunun həsrəti ilə yaşayırdı. Dövlət orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq müsbət cavab ala bilmirdi. Yəni Culfa rayonunda və eləcə də sərhəd rayonlarında buna oxşar dərdlərlə çoxları barışmaq məcburiyyətində qalmışdı. Əvəzində isə erməni dığa və arxçiklərinin Culfa gömrüyündən o tay-bu taya rahat addımlarını ürək ağrısı ilə müşayiət etməli olurduq. Ancaq artıq dözmək fikrində deyildik.

 

Culfada apardığımız mübarizə və silahdaşlarımla daima qürur duyuram

serhed-6

Mən tədricən bütün Culfa əhalisinin bu fikir üzərində düşündüklərini görürdüm. Artıq keçirdiyimiz bütün mitinq və tədbirlərdə Cənub mövzusu önə çəkilirdi. Hələ o zamanlar düşünürdüm ki, başımıza gələn bütün müsibətlərin kökündə ayrılığımız və birləşə bilməməyimiz dayanıb.

Noyabrın 23-dəki mitinqimizə foto-çağırış vərəqələri hazırlamışdıq. Çağırışda Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından da sətirlər vermişdik. Yaxşı bir köməkçim da var idi. Culfalı balaca Ramilin (o zaman 10-12 yaşı olardı) “Gülüstan” poemasını başdan-başa əzbər söyləməsi mitinqlərin təsirini birə-beş artırırdı. Sonradan Ramilin dostları da bu işə aktiv qoşuldular. Əlbəttə, Ramilgilin müəllimi, bizim silahdaşımız Cəmaləddin bəyin zəhmətini qeyd etməmək düzgün olmazdı.

Culfa hərəkatçılarından Bayram Muradlını, Zahir Ağayevi, Abbas Babayevi, Vəli, İsa, Muxtar həkimləri, Məmməd Cəfərovu (Allah ona rəhmət eləsin), Səfəralı Mürsəlovu, Rza Nuriyevi, Qəmbər və İslam bəyləri xüsusi ilə qeyd etmək istəyərdim.

Gənclərin fəallığı daha möhtəşəm idi. Amil, Zakir, İbrahim, İlqar, Rəşid, Hümbət, Ələkbər, Səfər, Etibar və digərləri Vətən-millət naminə istənilən cəsarətli addımları atmağa hazır idilər.

Onlarla nə etmək mümkün deyildi ki? Qeyd edim ki, adlarını çəkdiyim və qeyd edə bilmədiyim digərləri (yəqin ki, zaman-zaman yazılarımda hamısının böyük xidmətləri barədə söhbət açacağam) Naxçıvan torpağının erməni təcavüzündən qorunmasında böyük qəhrəmanlıqlar göstərmişdilər. Ümumiyyətlə Culfada apardığımız mübarizə və silahdaşlarımla daima qürur duyuram.

Demək olar ki, bütün bu proseslərdə Culfa əhalisi aktiv və yekdil idilər. İnanıram ki, zaman gələcək culfalıların tarixi qəhrəmanlığı xüsusi olaraq qeyd olunacaqdır.

Culfa rayonunun mərkəzi olan Culfa şəhəri dəmiryolçular şəhəri adlandırılırdı. SSRİ imperiyasının çökməsində Culfa dəmiryolçularının qəhrəmanlığını qeyd etməmək mümkün deyildir. Dəmiryolçuların tətilinə siyasi rəhbərliyi isə AXC Culfa rayon şöbəsi edirdi.

 

serhed-1

Tətilə başlamış Culfa dəmiryolçularının müdafiəsinə bütün Azərbaycan xalqı qalxdı. Beləliklə Sovet imperiyası tarixində dəmiryolçuların ilk tətili başlandı

 

Dəmiryol tətillərinə ilk öncə kor-təbii başladıq. Ermənilərin Qarabağ iddialarına etiraz olaraq Yaycı kəndində dəmiryolunu bağladıq. Əlbəttə, hüquqi baxımdan bu hərəkətimizə görə bizi cəzalandıra bilərdilər və təcili olaraq Culfa şəhərində yerləşən lokomotiv deposunun kollektivi ilə danışıqlara başladıq. Maşinistlərin bəzilərinin tərəddüd etməsinə baxmayaraq, əksəriyyəti təkliflərimizlıə razılaşaraq tətilə başladılar. Söz verdiyimiz kimi biz daima onların yanında olub, faktiki olaraq tətil komitəsinə rəhbərliyi öz üzərimizə götürdük. Tətilə başlamış Culfa dəmiryolçularının müdafiəsinə bütün Azərbaycan xalqı qalxdı. Beləliklə Sovet imperiyası tarixində dəmiryolçuların ilk tətili başlandı. Bakıda, Azadlıq meydanında milyonların toplaşmasına o qədər əhəmiyyət verməyən qaniçən Qorbaçov ciddi narahatçılıq keçirməyə başlamışdı. Əvvəlcə o, kişilənərək Culfa tətilçilərinə ultimatum verib, 48 saat ərzində dəmiryolçuların işi bərpa etməsinə tələb etdi. Biz vəziyyətin gərginləşəcəyini hiss etdiyimizdən bütün Culfa əhalisini dəmiryolçuların müdafiəsinə çağırdıq. Nəinki culfalılar, hətta bütün Naxçıvan Muxtar Respublikasının əhalisi çağırışımıza qoşularaq Culfaya toplaşdı.

Ultimatumun təsir etmədiyini görən boşboğaz Qorbaçov, Moskva və Bakıdan dövlət, hökumət nümayəndələrini, hərbiçiləri Culfaya ezam məcburiyyətində qalmışdı. SSRİ dəmir yollar naziri Konarev öz əshabələri ilə, bizimlə danışıqlara başladı. Yenə yağlı vədlər, gözəl təhcizat və sosial problemlərin yüksək səviyyədə həlli barədə ağızdolusu vədlərlə dialoq başlandı. Yenə yağlı vədlər, gözəl təhcizat və sosial problemlərin yüksək səviyyədə həlli barədə ağızdolusu vədlərlə dialoqlar başlandı. Bizim tərəfimizdən danışıqlara mən rəhbərlik edirdim. Düzdür, onlar dəmiryolçu olmadığımı qeyd edərək, mənim kənarda qalmağımı çox arzulayırdılar.

Lakin Culfa dəmiryolçularının qərarı birmənalı və qəti idi ki, mən onların səlahiyyətli nümayəndəsiyəm. Lokomotiv deposunun gəncləri, Xudaverdi Xudaverdiyev, Şəmsi Abuzərov, Qurban Hüseynov və digərləri əsil qəhrəmanlıq nümayiş etdirirdilər. Ağsaqqal, SSRİ-nin əməkdar dəmiryolçusu Mahmud Rzayev də gecə-gündüz tətilçilərlə bir yerdə olurdu.

Artıq Culfada yerləşən bütün dəmiryol müəssisələri tətillərə qoşulmuşdu. Hər bir müəssisədə ayrı-ayrılıqda tətil komitələri yaradılmışdı, ancaq tətil əvvəlki tək tərəfimizdən, yəni vahid mərkəzdən ibarət olunurdu.

Dəmiryolçulardan Vahid Ağayev, İsrafil Hüseynov, Şəhriyar Rzayev, Şirzad, Sədi, Arif, Məcnun və digərləri də aktivlikləri ilə seçilirdilər. Culfa mehriban ailəyə çevrilmişdi. Gecə-gündüz hamı birgə mübarizə meydanında idi. Əlbəttə, Vəzirov əlaltıları müəyyən təxribatlar yaratmağa çalışırdılar. Hətta gecələrin birində harınlamış mafioz qüvvələr tətil komitəsinin üzərinə hücum etmək cəsarətində bulunmuşdular. Heç iki ssat keçməmişdi ki, bütün qonşu rayonlar Culfa şəhərinə toplaşaraq, dəmiryolçuların müdafiəsinə qalxdılar. Qeyd edim ki, Şərur rayonu və Nehrəm kəndi xüsusi ilə fəallıq göstərirdi. Çox təəssüf ki, üzərimizə şığıyan bəzi “qəhrəmanlar” sonradan Vəzirovçuluqdan Əliyevçiliyə transfer ola bildilər. (Belələri bizdən fərqli olaraq, zamanın nəbzini öz şəxsi mənafelərinə uyğunlaşdıra bilirlər).

Meydana toplaşmış minlərlə insan həmin mafioz qüvvələrin layiqli cavablarını vermək istəsələr də, mən əsas məqsədimiz və hədəfimizdən yayınmamağı məsləhət bilərək mitinq iştirakçılarını sakitləşdirə bildim. Tələblərimiz əsasən Qarabağla, sərhəd dirəklərinin yığışdırılması, Güney Azərbaycana gediş-gəliş yaradılması və Heydər Əliyevin Azərbaycana qayıdışının təmin edilməsi ilə bağlı olurdu.

 

Heç indi də inana bilmirəm ki, bu ruh bizdə hardan idi, çünki hər birimiz hər an ölməyə hazır idik

serhed-7

1989-cu ilin iyul ayının axırlarından tətilçilərə ciddi təzyiqlər edilməyə başlandı. Rus imperiyasının Azərbaycanda və Ermənistandakı canişinləri Polyaniçko və Lobov Culfada “lövbərlərini” salmışdılar. (Polyaniçko Azərbaycan KPMK-nın, Lobov isə Ermənistan KPMK-nın II katibi idilər).

Polyaniçko ilə birgə, o zaman respublika prokuroru işləyən İlyas İsmayılov, Azərbaycan Daxili İşlər nazirinin müavini Barannikov da (sonradan o, Rusiyanın Daxili İşlər naziri də oldu) Culfaya gəlmişdilər. Məqsədləri bir idi ki, ermənilərin kəsilmiş yem yolunun qarşısındakı maneəni aradan qaldırsınlar. Naxçıvanda yerləşən Rus diviziyasının komandiri, sonradan Rusiya dumasının deputatı olmuş və müəmmalı olaraq qətlə yetirilmiş general Roxlin də xüsusi canfəşanlıq nümayiş etdirirdi. Culfa şəhəri demək olar ki, rus hərbiçiləri tərəfindən mühasirəyə alınmışdı. Moskvadan polkovnik Evqeneviçin rəhbərliyi ilə xüsusi təyinatlılar da gətirilmişdi. Ancaq culfalıların heç nədən və heç kimdən qorxusu yox idi. Bir dəfə səhər tezdən şəhər əhalisinin yuxuda olmasında istifadə edərək, tətil komitəsinin üzvlərini həbs etmək istəyirdilər. Lakin bir neçə fəal üzvümüz üç rəngli bayraqları əllərinə alaraq, yürüş etməyə başladılar. Cəmi 20 dəqiqə keçməmiş bütün culfalılar ayaq üstə idi. Artıq hökumət nümayəndələri dərk edirdilər ki, culfalıalrla zor gücü ilə danışmaq faydasızdır. Heç indi də inana bilmirəm ki, bu ruh bizdə hardan idi, çünki hər birimiz hər an ölməyə hazır idik. Vəhşiləşmiş rus ordusunun nə silahı, nə də ki dəyənəyi bizi qorxutmurdu. Hətta bir dəfə qarşı-qarşıya gəldiyimiz zaman, onların çoxunun dəbilqə və dəyənəklərini əllərindən ala bilmişdik.

SSRİ quru qoşunlarının komandanı marşal Varennikov da, əvvəlcə asıb-kəsməyə başladı. Hələ Əfqanıstanda müsəlmanların qanına susamış bu rus marşalının çox vahiməli görkəmi var idi. Ancaq çox keçmədi ki, o da yazıq görkəmi almalı oldu. Hətta döş cibindən müqəddəs Quranı da çıxarıb “mən sizin dininizə çox hörmətlə yanaşıram” dedi. Dedim ki, “olmaya dinimizi çox sevdiyindən Əfqanıstanda qan tökməkdən usanmırdın”.

Ətrafdakıların gülüşməsi, onsuzdaki qıpqırmızı sifəti olan Varennikovun qulaqlarını da qızartdı.

 

Əlbəttə, Bakıda oturmuş bəzi labaratoriya “inqilabçıları”, hələ də Qorbaçov “demokratiyasına” inanmaqda idilər

serhed-9

Bütün hallarda Moskvadan gəlmiş dövlət adamları verdiyim sualların cavabını tapa bilmirdilər. Əsasən də Qarabağ savaşında nə üçün erməniləri müdafiə etdiklərinə şərh verməkdən çəkinirdilər. Bax elə bu səbəbdən də, mən Sovet imperiyasının darmadağın edilməsinin tərəfdarı idim.

Əlbəttə, Bakıda oturmuş bəzi laboratoriya “inqilabçıları”, hələ də Qorbaçov “demokratiyasına” inanmaqda idilər və mitinqlərdə boş-boş, pafoslu danışıqlardan başqa əllərindən heç bir iş gəlmirdi. Mən isə yeganə yolu Sovet imperiyasına qarşı barışmazlıqda görürdüm. Dəmir yolunu, yəni əslində isə Sovet imperiyasının qan “damarını” kəsmək istəyim də məhz bundan qidalanırdı.

Yəni artıq 1989-cu ildə hamımıza aydın idi ki, Qorbaçov hakimiyyəti qanımıza susayıb və onlardan hər hansı ədalətli qərar gözləmək ağılsızlıqdan başqa bir şey olmazdı.

Culfaya gəlib-gedənlərin sayı isə günü-gündən çoxalırdı. SSRİ daxili qoşunlarının komandanı general Şatalin, general Yeqorov, SSRİ dəmir yollar nazirinin müavinləri Pinqaryov, Fadayev (o az sonra nazir oldu) bir neçə gün bizimlə danışıqlar aparmalı oldular.

Tələblərimizdən biri də Culfa şəhərində stadionun olmaması ilə bağlı idi. Polyaniçko gecə ilə stadionun tikintisinə başlamaq üçün material və avadanlıqlar gətirdi. (çox təəssüf ki, tikintisi yarımçıq qalmış stadion 1996-cı ildə, o zamankı icra başçısı tərəfindən sökülərək, materialları isə qazanc məqsədi üçün satılmışdır).

Təbii ki, Polyaniçkonun bu cür “canfəşanlığı” bizim mübarizəmizi dayandıra bilmədi. İş orasındadır ki, ermənilər yolun bağlanması üçün özləri də bilməyərəkdən bizə imkan yaratmışdılar. Belə ki, Mehri rayonu ərazisində qatarlar tez-tez basqına məruz qalır, maşinistlərə isə xəsarət yetirilirdi.

Bu dəfə Polyaniçkoya “nədən biz Güney Azərbaycana gedə bilmirik, ancaq ermənilər sərbəst gedib-gələ bilərlər?” sualını verdim.

-Axı orda çoxlu ermənilər yaşayır, deyə cavab verdi.

Qəribə idi, ya bu adamın doğurdan da məlumatı yox idi, ya da ki özünü qanmazlığa vurmuşdu. Bu cavabından sonra mən ona “sizinlə heç bir danışıq aparmayacağıq, siz əliqanlı rus canişinisiniz və sizi imperiyanın maraqlarından başqa heç nə düşündürmür” dedim.

150 kq çəkisi olan rus heyvərəsini Culfanın istisi qaraltmışdı. Sözlərimdən sonra isə rənginin sap-sarı saraldığını hamı açıq-aşkar hiss etdi. Tətil davam etdiyindən Moskva-Tehran sərnişin qatarı da Culfada dayanmalı olmuşdu. Qatarda bir neçə ölkənin diplomatları da var idi. Biz onlara xüsusi diqqət yetirir və tətilin mahiyyətini açıqlayırdıq. Ruminiya və Koreyadan olan diplomatlar, Sovet imperiyasına qarşı mübarizədə bizimlə həmrəy olduqlarını bildirdilər.

 

Artıq Sovet imperiyasının dəmiryolu kimi bir “qan damarın”da “tromb” yarada bilmişdik

serhed-3

Artıq Sovet imperiyasının dəmiryolu kimi bir “qan damarın”da bir  “tromb” yarada bilmişdik. “Tromb”un tikanlı “dəri”ni çürüdə biləcəyinə inamımız günü-gündən artırdı.

Hadisələr sürətlə dəyişirdi və çalışırdıq ki, qazandığımız mövqeni əldən verməyək. Elə bu zaman, yəni 1989-cu il oktyabr ayının əvvəlində Azərbaycan Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov bizimə danışıqlar aparmaq üçün Naxçıvan MR-ə gəldi. O, Culfada baş verənlərdən ehtiyat edərək görüşü Şərurda keçirməyi qərarlaşdırmışdı. Çoxlu təkidlərdən sonra, onunla görüşməyə razılıq verdim.

Ayaz Niyazoviç (belələrinə ancaq bu cür müraciət etmək lazımdır) ağızdolusu vədlərə başlamışdı. Az müddətdə fabriklər, zavodlar tikdirəcəyini, əməkhaqlarını qaldıracağını, daha nə bilim, nələr-nələr vəd edirdi. (Lap Ostap Benderin Vasyuki şahmatçılarına verdiyi vədlərə bənzəyirdi). Sözün düzü, bəziləri onun yalan-palanına hayıl-mayıl olmuşdu.

Çox düşündükdən sonra mən “siz bilirsinizmi ki, kimlərlə danışıqlar aparırsınız?” sualını verdim.

-Bəli, bilirəm dedi, Xalq cəbhəsinin üzvləri ilə.

Dedim ki, AXC necə təşkilatdır?

-Neformaldırlar. (qeyri- leqal təşkilat demək istəyirmiş)

-Bəs siz, necə özünüzə sığışdırırsınız ki, gəlib bizlərlə danışıqlar aparırsınız? Özünüz deyirsiniz ki, qeyri-leqal təşkilatlıq və zəhmət çəkin AXC-ni qeydiyyata alın, sonra danışıqlarımızı davam etdirək. Sözümü tamamlayaraq, danışıqların aparıldığı Şərur rayon partiya komitəsinin birinci katibinin kabinetini tərk etmək istədikdə o, “Tağıyev mən söz verirəm ki, AXC-ni qeydə alaq, sən necə, tətilləri dayandıracaqsanmı?”

-Hər halda müəyyən razılıqlar əldə edə biləcəyik, deyib kabineti tərk etdim.

Bir həftədən sonra Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi qeydiyyata alındı. (Əlbəttə indiki oyuncaq cəbhəçilərin bu olanları xatırlamağa həvəsləri olmaz, çünki başları daha “ciddi” oyunlara qarışıb).

Söz verdiyimizə görə tətilləri bir günlüyə dayandırdıq, ancaq  ertəsi gün tətil komitəsi yenidən fəaliyyətini bərpa etdi. Ayaz Mütəllibov telefonla “Tağıyev, axı sən söz vermişdin” deyə müraciət etdi.

-Ayaz Niyazoviç, biz öz sözümüzün üstündə durduq, tətili dayandırdıq, ancaq biz sizinlə razılaşmamışdıq ki, tətili neçə gün dayandıracağıq.

-Tağıyev, başa düş, Moskva bizim kələyimizi kəsib.

-Mən artıq Moskva adlı bir mərkəzi tanımıram və tanımaq belə istəmirəm, deyə danışığı kəsdim.

Artıq tikanlı məftillərin üzərinə yeriməyin zamanı yetişirdi. Zaqafqaziya sərhəd qoşunları komandanlığı ilə yazışmalarımız davam etsə də, bir konkret cavab ala bilmirdik.

 

1989-cu ilin oktyabr ayının 10-u idi. Culfa rayonu Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin sədri Nəsir Bayramov zəng edib, mənimlə görüşmək istədiyini bildirdi. (Qeyd edim ki, Nəsir Bayramov digər kommunistlərdən kəskin fərqlənərək, milli mücadiləmizə rəğbət bəsləyirdi.) Onun yanına gəldikdə kabinetində bir-neçə yüksək rütbəli rus zabitini gördüm. Zaqafqaziya sərhəd qoşunları komandanlığının nümayəndələri idilər.

Onlar yeni təkliflərlə təşrif buyurmuşdular. Axı bir-neçə ay öncə biz onlarla protokol imzalamışdıq. Protokolda sərhəd məftilləri arxasında qalan torpaq sahələrnin azad edilməsi, sərhədin Araz çayının ortasından hesab edilməsi, (beynəlxalq konvensiyaya uyğun olaraq) Cənubi Azərbaycana sərbəst gediş-gəliş şəraitinin yaradılması və sairə. Çox qəribədir ki, onlar tikanlı məftillərin Araz çayına qədər geri çəkilməsinə razılıq verdilər, ancaq biz onlar üçün Araz kənarı ilə 100 km-ə qədər yol çəkməli imişik. Elə ilk etirazım da bu andan başladı. “Siz növbəti dəfə bizi təhqir etmək üçünmü bura gəlmisiniz, nə zamandan AXC yol tikintisi ilə məşğul olmağa başlayıb? Bilirsinizmi, həmin yolun inşası üçün neçə milyonlar lazımdır. Həmin yol mənim millətim üçün lazım olmadığından, bunu öz probleminiz hesab edin və bilin ki, düşünmək üçün çox az zamanınız qalıb. Tikanlı məftillər yığışdrılacaq və biz arzulayırıq ki, bu işlər qarşılıqlı anlaşma, hüquqi yollarla görülsün. Əks təqdirdə bizim başqa seçimimiz də var”.

Gürcü mənşəli podpolkovnik Kamkamidze “Tağıyev, siz atmaq istədiyiniz addımlarınməsuliyyətini dərk edirsinizmi və nələrin baş verəcəyindən xəbəriniz varmı?”-deyə qımışdı.

Yaxşı olar ki, siz indidən Gürcüstanınızın sərhədlərini müəyyən etməyə girişəsiniz, burda isə hər şeyi özümüz yoluna qoyacağıq-dedim.

Elə bu zaman Naxçıvan Sərhəd Dəstəsinin komandiri polkovnik Jukov da kabinetə daxil oldu. Həmişə olduğu kimi asıb-kəsməyə başladı. “Sən bilirsən ki, Sovet sərhədlərinin üzərində heç quş da uça bilməyib”.

“Bunlar keçmişdə qaldı, polkovnik Jukov, sən də yaxşı bilirsən ki, dünənə qədər heç kəs Sovet imperiyası dəmiryollarının qarşısını saxlaya bilməzdi. Özünüz ki, nələrin baş verdiyini yaxşı görürsünüz. Bizlər gec-tez ayrılmaq məcburiyyətindəyik, gəlin çalışaq dost kimi ayrılmağı bacaraq”.

-Tağıyev, bizim sizin siyasi oyunlarınıza qoşulmaq istəyimiz yoxdur. Biz hərbçiyik və bizləri nə sizin Qarabağ probleminiz, nə də ki, İrana getmək istəyiniz maraqlandırır. Bizim işimiz sərhədləri qorumaqdır və qoruyacağıq da.

-Jukov, dedim, biz İrana yox Cənubi Azərbaycana getmək arzusundayıq.  Sənin Rusiyanı da ikiyə bölsə idilər, belə soyuqqanlı danışmazdın.

Nədənsə bir az yumşalaraq, “biz ölkənin siyasi rəhbərliyini sizin tələbləriniz barədə məlumatlandırmışıq və SSRİ Xarici İşlər Nazirliyi deyəsən İran tərəfi ilə danışıqlara başlayacaq”.

-Çox vədlər verirsiniz və bizləri dolanbaclarınızla yormusunuz, ancaq nəticə yoxdur. Biz sizin komandanlığınızla protokol imzalamışıq və öz imzamıza hörmətlə yanaşırıq. Sizlər isə həmin protokolu bir kənara ataraq yeni təkliflərlə gəlmisiniz. Sizə bir daha bəyan edirəm ki, hədə-qorxu ilə danışmağınızın heç bir faydası yoxdur, biz arzuladıqlarımızı həyata keçirmək üçün and içmişik və tezliklə qarşımıza qoyduğumuz məqsədləri həyata keçirəcəyik.

Nəsir Bayramov da ara-sıra müzakirələrə qoşularaq, onlara başa salmaq istəyirdi ki, culfalıların bu mövzuda qərarı qətidir: O, “bilirsiniz o tayda nə qədər qohum-əqrabamız yaşayır və qovuşmaq üçün həsrət çəkənlər saysız-hesabsızdır”-dedi. Zaqafqaziya Sərhəd Qoşunları komandanlığının nümayəndələri, kommunist və rayon rəhbərlərinin belə mövqeeyindən qəzəblənərək, ona qəzəblərini gizlətmədilər.

Yəqin çoxları o zamana qədər bilmirdi ki, Culfa dünyada qəbristanlığı olmayan yeganə şəhər idi. Çünki qəbristanlığa gedən yola tikanlı “sədd” çəkilmişdi. Bu səbəbdən də dünyasını dəyişənlər, yaxın kəndlərdə dəfn olunurdular. Jukov bu problemin həllinə də çox etinasız yanaşdığından, mən “söhbətimiz baş tutmadı, ancaq təəssüflənmirəm”-dedim. Biz bir də görüşməli olacağıq və özümü sındırmadan “çox ümidliyəm ki, növbəti görüşümüzün qalibi mən olacağam” deyə görüş yerini tərk etdim.

Nəsir müəllim arxamca çıxaraq, “Ramiz, onlar bəzi problemlərin həlli üçün söz verirlər, bəlkə qayıdasan?”

-Siz müzakirə edin, nəticəsi bizi qane edərsə, bir də görüşə bilərik.

Artıq oktyabrın 13-ü idi. Berlin divarının aradan götürülməsi gündəmə gəlmişdi. Dostlarınla böyük sevinc yaşayaraq “tarixin bizə verdiyi bu böyük şansdan mütləq yararlanmalı və müqəddəs məqsədimizə nail olmalıyıq” deyirdik.

Artıq sərhədçilərin nümayəndələri tez-tez bizimlə görüşmək üçün AXC Culfa rayon şöbəsinin qərargahına gəlirdilər. Büruzə vermək istəməsələr də, əvvəlki təkəbbür və iddialarından əsər-əlamət qalmamışdı.

Biz isə bu ərəfədə yalnız sərhəd problemi ilə məşğul olmağı qərarlaşdırmışdıq. Bu səbəbdən də bütün tətilləri dayandırmış, AXC-nin yerli sturukturlarının gücləndirilməsi üçün aktiv fəaliyyətə başlamışdıq. Sıralarımız cəsarətli gənclərlə yanaşı, mövqeli ziyalılarla genişlənirdi.

 

Mənim hər çağırışıma, müraciətimə sidq ürəklə qoşulan bütün Culfa rayonu əhalisinə, ömrüm boyu minnətdaram

 

Eyvaz Hüseynovun, Nurəddin Həsənov (allah ona rəhmət eləsin), Elman bəyin, Teymur bəyin, Cəmaləddin və Afirəddin qardaşlarının, eləcə də Ədalət bəyin aktiv fəaliyyəti qələbəmizə daha yaxın olacağımızdan xəbər verirdi. Heç kəsi xüsusi fərqləndirmək istəmirəm, ona görə ki, bütün Culfa əhalisi ayaq üstə idi və hər an ən riskli addımları atmağa hazır idilər. Culfa-yenə də təkrar edirəm, həqiqətən döyüşən bir şəhərə çevrilmişdi.

Mənim hər çağırışıma, müraciətimə sidq ürəklə qoşulan bütün Culfa rayonu əhalisinə, ömrüm boyu minnətdaram. Birgə mübarizəmiz zamanı Allah bizə nə qədər yardım edibsə, qoy daima onlara yardım etsin. Onlar bütün yaxşılıqlara layiqdirlər.

Artıq noyabr ayının 11-i idi. Naxçıvanda AXC Naxçıvan vilayət şöbəsinin ilk konfransı keçirildi. Konfransın işində Əbülfəz Elçibəy, Vaqif Səmədoğlu, Nemət Pənahlı da iştirak edirdi. Qızğın müzakirələr gedir, rəhbər strukturlarda təmsil olunmaq istəyənlərin rəqabəti əndazədən çıxırdı. Çətin anlarda sinlələrini önə verməkdən çəkinənlər, tribunadan pafoslu çıxışları ilə çoxlarında ikrah hissi yaratmışdı. (elə bu pafosların, vəzifə hərislərinin ucbatından, çox keçmədi ki, bütün dayaqlarımızı itirdik).

Arif Rəhimov artıq özünə qrup yaradaraq, həmişə olduğu kimi asta və ustalıqla aranı qarışdırmağa nail olmuşdu. Onun qruplaşmasına Nemət Pənahlının dəstəyi açıq-aşkar hiss olunurdu. Təəssüflər ki, Naxçıvanda ara qarışdırmağa başlayan Arif Rəhimov, sonradan bütün Azərbaycan Xalq Cəbhəsini də “ustalıqla” qarışdırmağa nail oldu. Kifayət qədər cəsarətsiz olan Rəhimov çətin anlarda özünü önə verməz, sakit zamanlarda isə suyu bulandırmağa və “bulanıq suda balıq tutmağı” “adət” etmişdi. “Alovlu”, “Vətənpərvər” indi xarici ölkələrin birində “lövbər” salaraq yəqin ki, milli “mücadiləsini” davam etdirir.

Qeyd edim ki, bu tip insanlar uzun müddət səmərəli fəaliyyətdən çox, özlərini reklam etməklə, siyasi şoularla, az qala böyük “ideoloqlara” çevirə bilmişdilər.

Digər qruplaşmaya Sərdar Cəlaloğlu, Elman Cəlilov, Sülhəddin Əkbərov, və başqaları daxil idilər. Onlar daha çox marifləndirmənin, problemlərin hüquqi müstəvidə çözülməsinin tərəfdarı kimi görünürdülər. Sözün düzü, mən bu qruplaşmalardan, parçalanmalardan kənarda idim. Mənim öz yolum və özümə məxsus mübarizə xəttim olduğundan, cılız didişmələr və çəkişmələrə vaxtımı sərf etmək niyyətində deyildim. O zamanlardan ən çox hörmət bəslədiyim İbrahim İbrahimli idi. İlk baxışda sakit görünən İbrahim bəy başqalarından fərqli olaraq, ekstermal şəraitdə cəsarətli addımlar atmağa qadir olduğunu dəfələrlə sübut etmişdi.

Ancaq Naxçıvanda baş verən siyasi proseslərə iki güc mərkəzinin, Şərur və Culfanın təsir imkanları böyük əhəmiyyət kəsb edirdi. AXC Şərur şöbəsinin o zamankı sədri, tanıdıqlarım sırasında ən cəsarətli və mübariz insan olan Fərəməz Allahverdiyevlə, biz hələ çox öncədən əbədi qardaşlığımızı elan etmişdik.

Konfrans zalında vəziyyətin tam gərginləşdiyini gördüyümdən, söz alıb tribunaya qalxdım. Çıxışımı Cənubla bağlı mövzuya həsr edərək “tarix bizə böyük şans verib və biz bundan istifadə etmək əvəzinə xırdaçılığa varmışıq. Bu gün səlahiyyətlər davası yox, böyük millət davasına qalxmağın zamanıdır”-dedim. Biz (yəni AXC Culfa rayon şöbəsi) qərarlaşdırmışdıq ki, 1988-ci il 4 dekabrda meydan hərəkatının dağıdılmasına etiraz edərək 1989-cu ilin həmin tarixində “sərhəd hərəkatı” adlı aksiyalara başlayacağıq. Aksiya sərhəd məftillərinin götürüləcəyi günə qədər davam edəcəkdir. Ayın 4-ü və 12-si bu hərəkatla bağlı sərhədkənarı aksiyalardan sonra Culfa şəhərində ümumrespublika mitinqləri keçirməyi də nəzərdə tutmuşuq və bu tədbirlərin uğurla baş tutmasında birgə fəaliyyətimiz zəruridir.

Gözləmirdim ki, konfrans iştirakçıları çağırışımı belə alqışla qarşılasınlar. Düzdür bütün bunlara baxmayaraq, məndən sonra çıxış edənlər bu mövzuya toxunmaqdan nədənsə çəkinsələr də, ən önəmlisi bu idi ki, konfransda iştirak edən minə yaxın insan çağırışımı müsbət qəbul etmişdi.

 

Ardı var…