Tikanlı “dəri”

0
11

ramiz-tagiyev

Ramiz Tağıyev

Sərhəd Hərəkatının 27 yaşı tamam olmaq üzrədir. 1989-cu ilin 31 dekabrında baş vermiş bu tarixi hadisə o taylı, bu taylı bütün azərbaycanlıların böyük sevincinə səbəb olmuşdu. Bu hərəkata gedən yol haqqında müxtəlif fikirlər səslənməkdədir. Ən düzünü isə hərəkatın ideya müəllifi olan Ramiz Tağıyev bilir. “Millətim”in ilk saylarında getmiş “Tikanlı dəri” yazısı geniş oxucu kütləsinin böyük marağına səbəb olduğundan, həmin silsilə yazını Millətim.info saytında yenidən dərc etməyi məqbul hesab edirik. Düşünürük ki, bir çox məqamları hələ də müzakirə mövzusuna çevrilmiş Sərhəd Hərəkatı barədə, hərəkatın 27 illik yubileyi ərəfəsində ətraflı məlumat ala biləcəksiniz.

Ümid edirik ki, Sərhəd Hərəkatını onun ideya müəllifinin dilindən öyrənmək gələcək nəsillərin də bu haqda doğru məlumata sahib olmasına şərait yaradacaq.

 (Əvvəli bu linkdə:http://milletim.info/?p=19885)

Sərhəd məftilləri yaxınlığında əl-ələ tutaraq, etiraz aksiyalarına başladıq

Dekabr ayının 4-ə çox ciddi hazırlaşırdıq. Məlum idi ki, respublikanın hər yerindən bu möhtəşəm tədbirə qatılanlar olacaqdı və belə də oldu. Sərhəd məftilləri yaxınlığında əl-ələ tutaraq, etiraz aksiyalarına başladıq. Milli ənənəmizə uyğun olaraq hər yerdə tonqallar yandırılmışdı. Güney Culfasında tədbirimizə böyük maraq olduğunu açıq-aşkar hiss edirdik.

İlk aksiyamız gözlədiyimizdən də uğurlu alındı. Azərbaycanın hər yerindən minlərlə vətənpərvər insan Culfadakı tədbirə qatılmışdı. Gecədə səhərə qədər tonqallar ətrafında mitinq keçirildi. Bütün Culfa şəhəri bayram əhval-ruhiyyəsində idi. Hələ ili il öncə “Təbriz” adlandırdığımız küçədə yerləşən Culfa şəhərinin Azadlıq meydanından heç kəs dağılmaq istəmirdi. Bakıdan qonaq gəlmiş tanınmış jurnalist Səfər Alışarlı çıxış etməklə yanaşı, qeydiyyatlar da aparırdı. (kifayət qədər obyektiv olan Səfər bəyin bu mübarizə tarixinin saxtalaşdırılmasına münasibət bildirməməsinə təəccüb edirəm. Qeyd edim ki, sərhəd qoşunları komandanlığı ilə birgə bağladığımız protokolun bir nüsxəsini də ona təqdim etmişdim.)

serhed-7

Növbəti “Sərhəd Hərəkatı” aksiyamızı 12 dekabrda, “21 Azər” hərəkatı günü keçirməyi qərarlaşdırmışdıq. (Obyektivlik xatirinə qeyd etməliyəm ki, həmin günün müəyyən olunmasında Arif Rəhimovun təklifini qəbul etmişdik). Sıralarımız gündən-günə genişlənir və bizə dəstək verənlərin o tayda da çox olduğunu müşahidə edə bilirdik. Ayın 12-dən sonra sərhəd kənarlarında çadırlar quraraq (çadırları elə yerlərdə qurmuşduq ki, o taydan bizi yaxşı görə bilsinlər) mübarizəmizi gündəlik davam etdirməyə başladıq.

Qışın çox soyuq keçməsinə baxmayaraq, çadırlarda gecələyib, etiraz bildirmək istəyənlərin sayı-hesabı yox idi. Culfalı gənclərin yuxusu sanki ərşə çəkilmişdi. Rabitə işçisi Ağəlinin qurduğu səsgücləndiricilər işimizə çox köməklik göstərirdi.

Əşrəf həkimin duzlu-məzəli çıxışları o taydakıların da çox xoşuna gəlmişdi. Deyəsən onlar da bizim kimi oyaq qalırdılar. Sonradan onların o taydan səsləndirdiyi şüardan da bunu hiss etmək olurdu: “Azərbaycan oyaqdır, inqilaba dayaqdır”. Bəzən çıxışımın sonunda o taya bizi eşidirsinizsə və bizimlə bir yerdə olmaq istəyirsinizsə, xahiş edirəm işıqlarınızı üç dəfə yandırıb söndürün, deyə müraciət edirdim. Güney Culfamız bir an içində qaranlığa qərq olur və yenidən işıqlanırdı. Özü də düz üç dəfə, hətta avtomobillər də işıqları vasitəsilə işarə verirdilər və bizimlə həmrəy olduqlarını nümayiş etdirirdilər. Bəziləri isə tənbəllik etməyərək əzəmətli Kəmki dağında tonqal qalayaraq, həməyliklərini bildirməkdən çəkinmirdi. Etiraf etməliyəm ki, güneyli qardaşlarımızın mübarizə əzmi heç də bizimkindən zəif deyildi. Onlar heç də dünyanın ən qəddar rejimlərindən biri olan fars diktaturasına etiraz etməkdən çəkinməyiblər. Təəssüf ki, otaylı qardaşlarımızın da bizim kimi dünyanın heç bir yanında dəstəyi yoxdur.

 

AXC rəhbərliyinin Culfada baş verənlərə münasibəti məni tam qane etmirdi

serhed-6

Sərhədçilər bizi bir an belə nəzarətsiz buraxmırdılar. Polkovnik Jukovun Naxçıvan televiziyası ilə “serial” çıxışları və müraciətləri davam edirdi. Vertolyotlar vaasitəsilə vərəqələr yayılırdı. Culfa KQB-si sədrinin rus müavini polkovnik Doqadkinin öz yerli agentləri vasitəsi ilə təxribatlar torətmək planı barədə məlumat almışdıq. Ancaq AXC Culfa rayon şöbəsi, artıq hər yerə nəzarət etməyi bacarırdı. Culfa rayonunun bütün kəndlərindən böyük dəstək alırdıq.

Bənəniyar, Göydərə, Kırna, Yaycı, Əbrəqunus, Gülüstan, Xanağa kəndlərində mübarizə əzmi daha yüksək idi. Həsən, Fətəli, Rza, Vaqif, Nurəddin, İslam, Qəmbər, Nüsrət, Eyvaz, Möhsün kimi kənd ziyalıları öz kəndlərinin bu aksiyalarda iştirakını yaxşı təşkil edə bilmişdilər.

Culfa dəmiryolçularının döyüşkən qvardiyası da, həmişə olduğu kimi bizimlə bir yerdə idi.

Sözün düzü, AXC rəhbərliyinin Culfada baş verənlərə münasibəti məni tam qane etmirdi. Əslində demək olar ki, onların bölgələrlə əlaqələri yox idi. Sərhəd Hərəkatının uğurlu qələbəsindən bir xeyli keçmiş AXC rəhbərliyindəki bəzilərinin bu hərəkatı özününküləşdirmək istəkləri isə çox gülünc görünürdü.

Sərhədçilər və rus xüsusi xidmət orqanlarının bütün təxribat etmək imkanlarını məhdudlaşdırmışdıq. Culfaya əlavə qüvvələr gətirilirdi, hətta məşhur “Alfa” qrupunun da nümayəndələri görünürdü. Bəzən də özləri çığır-bağırlı “məşqlər” edərək əhalidə xof yaratmaq istəyirdilər.

Paralel olaraq AXC Şərur şöbəsinin sədri Fərəməz Allahverdiyevin rəhbərliyi ilə rayonun Şahtaxtı kəndində, sərhədin tam kənarında çadırlar qurulmuşdu. Həmişə olduğu kimi Fərəməz bəylə daima əlaqə saxlayır və məsləhətləşmələr aparırdıq. Mən imkan tapan kimi Sahtaxtıya da gedirdim.

Mübarizə qardaşlarımızın qorxmz əhval-ruhiyyəsini gördükdə qəlbimdə daha da ümidlərim artırdı. Fərəməz bəy və silahdaşlarının öhdəsinə daha ağır “vəzifə” düşmüşdü. Onlar həm İran, həm də ki, Türkiyə ilə aramıza sədd çəkmiş tikanlı məftilləri götürməli idilər.

Artıq dekabr ayının 28-i idi. Sonuncu hücum günümüzə çox az qalırdı. Moskvadan mətbuat nümayəndələri də “tökülüşüb” gəlmişdilər. Mən onları maraqlandıran bütün sualları cavablandıraraq “ayın 31-i həm sizin, həm də bizim bayramımız olacaq” deyirdim.

AXC Culfa rayon şöbəsinin növbədənkənar konfransını dekabr ayının 30-a təyin etmişdik. Əslində bu konfransı sərhəd hərəkatı öncəsi hazırlıq və görülmüş işlərin hesabatı da adlandırmaq olardı. Çox yorğun idik, 19 gecə şaxtalı havada, soyuq çadırlarda gecələmişdik. Daxilən rahatlığım böyük idi, sanki hansısa bir ilahi qüvvə “qorxmayın, qələbə sizinlədir” deyirdi.

Konfrans nəzərdə tutduğumuz kimi, çox möhtəşəm alındı. 650 nəfərlik zalda “iynə atılsa idi, yerə düşməzdi”. AXC Rayon Şöbəsinin sədri kimi bütün çıxışımı ayın 31-də keçiriləcək “Tikanlı məftillərə yox deyək” aksiyasına həsr etdim. Qərarımız yekdil və qəti idi. Dekabrın 31-i səhər saat doqquzda Təbriz küçəsindəki Azadlıq meydanımıza mitinq təyin etdik. Buradan tikanlı məftillərə olan məsafə cəmi 150-200 metr olardı. Mitinq cəmi bir saata qədər davam etməli idi. Konfransdan sonra dəmiryol vağzalında yerləşən mehmanxanaya yığışdıq. Kəndlərdən gələnlər isə əhalini səfərbər etmək üçün geriyə dönmüşdülər.

Zarafatla “gəlin doyunca istirahət edək, yeyək, içək, dünyanın işini bilmək olmaz” dedim. Dostlarım ürəkdən gülüşərək, “elnən gələn müsibət, toy-bayramdır” deyə zarafatlarından qalmadılar.

Qeyd edim ki, polkovnik Jukov ayın 29-30-u yenidən Naxçıvan televiziyası ilə hərbə-zorbasından qalmamış və sərhədlərə yaxınlaşanların yerindəcə cəzalandırılacağını bəyan etmişdi.

O zamankı Azərbaycan rəhbərliyi də boş dayanmamışdı, əhali ilə təbliğat aparmaq üçün nazirlərdən və deputatlardan ibarət nümayəndə heyətini Culfaya ezam etmişdilər. Təbii ki, nümayəndə heyəti sonunda bizimlə də görüşməli idi. Heyətin tərkibində o zamankı Meşə Təsərrüfatı Naziri Musa Məmmədov, Geologiya idarəsinin rəisi Əkrəm Əylisli və digərləri var idi. Düzdür, onlar öz missiyalarını yerinə yetirməkdə o qədər də həvəsli görünmürdülər. Söhbət əsnasında nümayəndələrdən birinin Musa Məmmədova, Musa Salamoviç deyə müraciət etməsi dostumuz İsa həkim lap “cin atına” mindirdi.

O, “A kişi, gül kimi müraciət formalarımız var, necə razılaşırsınız ki, Salam kimi müqəddəs adın arxasınca “oviçi” artırsınlar”. Ancaq İsa həkim o tərzdə “əsəbləşdi” ki, hamımız qəhqəhə çəkməli olduq.

serhed-1

Dekabr ayının 31-i idi. Səhər saat 4-5 arası olardı. Dostum İbrahim İbrahimlinin Culfaya gəldiyini söylədilər. Görüşümüzdə o “Ramiz, AXC Naxçıvan Vilayət Şöbəsi qərar qəbul edib ki, Sərhəd Hərəkatı dayandırılsın. Deyəsən, rusların qərarı qətidir, qan tökülə bilər”.

-İbrahim bəy, bilirəm ki, narahatçılığınız əbəs deyildir. Ancaq b təşəbbüs AXC Culfa rayon şöbəsinindir və biz dünən keçirdiyimiz növbədənkənar konfransımızda bir daha aksiyanı keçirmək qərarını vermişik. Bütün hazırlıq işləri tamamlanıb və ürəyimdən gələn bir səs də məni tikanlı məftillərin üzərinə aparır, dedim.

İbrahim  bəy, məni razı sala bilməyəcəyini gördükdə, ehtiyatlı olmağı və uğur diləyərək ayrıldı.

 

Arxamca gələn insan selini gördükdə sevincimdən sanki uçmağa başladım

serhed-2

Dekabr ayının 31-i, səhər saat 9-dur. Culfanın Azadlıq meydanına minlərlə adam toplaşıb. Sərhəd Hərəkatı ilə bağlı son mitinqimizi açıq elan etdim. İlk olaraq, Culfa Rayon Partiya Komitəsinin katibi Ənvər Hüseynov çıxış etmək istədiyini bildirdi. Qeyd edim ki, rəhmətlik Ənvər müəllim vətənpərvər, ziyalı bir insan idi. Çıxışı mənim üçün gözləniməz olmadı. O, yalvararaq “getməyin, sərhədçilərin gözünü qan tutb, atəş açacaqlar, mən istəmirəm ki, gənclərimizin nahaq qanı axıdılsın” deyə çıxışını yekunlaşdıran Ənvər müəllimin göz yaşları açıq-aşkar hiss olunurdu. Sonra bir-neçə ağsaqqal da söz alaraq “biz istəmirik ki, qəhrəman oğullarımızın tabutları bizlərin çiynində aparılsın” dedilər.

Onları qınamıram, çünki həqiqətən də vəziyyətin gərginliyini özüm də hiss edirdim. Ancaq geriyə addım atmaq fikrindən çox uzaq idim, çünki içimdən gələn səs məni “tikanlı dəri”ni sökməyə aparırdı.

Sərhəd Hərəkatının 22 yaşı tamam olmaq üzrədir. 1989-cu ilin 31 dekabrında baş vermiş bu tarixi hadisə o taylı, bu taylı bütün azərbaycanlıların böyük sevincinə səbəb olmuşdu. Bu hərəkata gedən yol haqqında müxtəlif fikirlər səslənməkdədir. Ən düzünü isə hərəkatın ideya müəllifi olan Ramiz Tağıyev bilir. “Millətim”in ilk saylarında getmiş “Tikanlı dəri” yazısı geniş oxucu kütləsinin böyük marağına səbəb olduğundan, həmin zaman qəzetimizin çox da populyar olmadığını və tirajının az olduğunu nəzərə alaraq “Tikanlı dəri” yazısını yenidən dərc etməyi məqbul hesab edirik. Düşünürük ki, bir çox məqamları hələ də müzakirə mövzusuna çevrilmiş Sərhəd Hərəkatı barədə, hərəkatın 22 illik yubileyi ərəfəsində ətraflı məlumat ala biləcəksiniz.

Onu da təəssüflə qeyd etməliyik ki, bu yazının müəllifi, dövlət, millət yolunda etdiyi xidmətlər əvəzsiz olmuş Ramiz Tağıyev bu gün haqsız yerə həbsxana həyatı yaşamaqdadır. Bu kimi halların Azərbaycan dövlətçiliyinə vurduğu zərbə, gətirdiyi utanc isə inkar edilməzdir. Ümid edirik ki, Sərhəd Hərəkatını onun ideya müəllifinin dilindən öyrənmək gələcək nəsillərin də bu haqda doğru məlumata sahib olmasına şərait yaradacaq.

Son sözüm bu oldu ki, “bəli qan tökülə bilər, ancaq biz bu addımı atmalıyıq. Mən öz mübarizəmə qardaşlarımla gedirəm, onlar da öz torpaqlarında azad gəzmək istəyirlər. Arxamızca gəlməyənlərdən incimək fikrimiz yoxdur. Əgər qan töküləsi olsa belə, ilk öncə mənimki töküləcək və mən qanımı millətimə halal edirəm”. Çıxışımı yekunlaşdıraraq tribunadan enib sərhədə tərəf addımlamağa başladım. İndi də atam qarşımı kəsdi, gözləri yaşarmışdı. “Oğul, getmə” dedi.

-Gülə-gülə “üç oğlun var, nədən birini Vətən yolunda qurban vermək istəmirsən”, deyərək yoluma davam etdim. Bir az addımladıqdan sonra dönüb arxaya baxdım. Arxamca gələn insan selini gördükdə sevincimdən sanki uçmağa başladım. Tərəddüd edənlər də, kommunistlər də, bitərəflər də, demək olar ki hamı bizə qoşulmuşdu.

Saat 10-da sərhəd keçid məntəqəsinin qarşısında idik. Qarşı tərəfdə yüksək rütbəli rus zabitləri dayanmışdılar. Mən dayanmağı təklif etdim və son danışıq aparmaq üçün rus zabitlərinə yaxınlaşdım.

Öncədən razılaşmışdıq ki, ilk imkanda rus zabitlərini aldatmalıyam. Bu səbəbdən də “gəlin sizin bu bayram gününüzdə narahatlıq yaratmayaq, sərhəd məftilləri arxasında qalmış qəbristanlıq istiqamətindən 20-30 metr hissəni kəsək”-dedim. Əgər lazım gələrsə, sabah ora qapılar qoyarsınız və bu qapılar vasitəsi ilə, razılığınızla insanlar qəbristanlığı ziyarət edə bilərlər. (Gecədən isə bütün hazırlıqlarımızı görmüşdük ki, bütün sərhəd məftillərini kəsək, yandıraq, hətta qatarların arxasına qoşub darmadağın etməyi qərarlaşdırmışdıq).

Polkovnik Kamkamidze Moskva ilə əlaqə saxlamaq üçün 10 dəqiqə vaxt istədi və sevincək bizdən aralandı. Geri döndükdə isə üzü gülürdü. Mənə yaxınlaşdı və əlimi sıxaraq, razılaşdıq, dedi. “Ancaq, razılaşdığımız kimi, simvolik olaraq 10 metr sərhəd məftilini sökəcəksiniz”.

Mənə də elə bu lazım idi, çünki məlum idi ki, məftil bir hissədən kəsildikdə siqnal sistemi işləməyəcək. Əlavə olaraq biz Araza doğru hərəkət etdikdə, sərhədçilər bizi “müşayiət” etməli idilər və bu məqamdan istifadə edən gənclərimiz sərhəd dirəklərini yandırmalı idilər.

Qəbristanlıq istiqamətində hərəkət etməyə başladıq. Gənclər məni əlləri üzərinə qaldıraraq, sərhədə qədər apardılar. Saat 10:30-da sevinc göz yaşları ilə, ilk olaraq tikanlı məftili kəsdim. Elə hamı buna bənd imiş kimi, məftilləri doğram-doğram etməyə başladı.

 

Novruz bayramına qədər o taya gedib-gəlməyi qarşımıza məqsəd qoymuşduq

serhed-4

Budur, artıq düz Arazın qırağındayıq. O tayda artıq bizi yüz minlərlə insan gözləyirdi. Sevincimizdən özümüzü Arazın soyuq sularına vurduq. O tayda insan selinin qarşısını almaq istəsələr də, ancaq bu mümkün olmadı. Çağırışlar, axtarışlar bir-birinə qarışmışdı. Qohumlar-qardaşlar bir-birlərini arayırdılar. Çox keçmədi ki, kimisi qardaşını, kimisi övladını, kimisi isə can-ciyər qohumlarını tapa bildi.

Elə bu an polkovnik Kamkamidzenin qaça-qaça mənə tərəf yaxınlaşdığını gördüm. Səbəbi artıq mənim üçün aydın idi, çünki 50-60 km ərazidə sərhəd dirəkləri od tutub yanmağa başlamışdı.

-Tağıyev, nələr baş verir?

-Narahat olmayın, hər şey proqram üzrə davam edir, axı bu gün ikiqat bayramdır, atəşfəşanlıq da etməliyik. Sonra onu musiqiçilərin qabağına çəkib, rəqsə dəvət etdim. Gürcülər yaxşı rəqs edirlər, siz də özünüzü bir sınayın.

Özünü itirmiş Kamkamidze qeyri-iradi olaraq rəqs etməyə başlamışdı. Uşaqlar da yaxşı işləmişdilər, bütün rus zabitləri artıq sərxoş halda, milli musiqimizin sədaları altında rəqs edirdilər. Rəqs edənlərin əksəriyyəti sabahı gün işdən qovulmuşdular.

Biz bir-neçə gün də Araz kənarında gecələdik. Artıq Araz çayı bizim idi. O taydakılarla lap yaxınlaşmışdıq. İndi ikinci mərhələyə keçmək zamanı gəlmişdi. Novruz bayramına qədər o taya gedib-gəlməyi qarşımıza məqsəd qoymuşduq. Tələblərimiz SSRİ rəhbərliyinə çatdırılmışdı.

Böyük qələbəmiz itkisiz ötüşmədi. Millətimizin ən qəhrəman oğullarından biri olan Fəraman Xudiyev ilk Araz şəhidimiz oldu. Naxçıvanın müdafiəsi uğrunda fədakarlıq göstərən Fərman bəyi Arazın soyuq suyu əlimizdən aldı. Mənim ən böyük arzum nə zamansa, Araz üzərindəki körpünün Fərman körpüsü adlandırılması olub. Yəqin ki, tarix öz qəhrəmanlarına layiq olduqları qiyməti verəcək. Fərman bəy isə ən böyük adlara layiqdir. Ruhu şad olsun, əziz qardaşımızın. O körpünün üzərində addımlayan hər kəs, Fərman bəy başda olmaqla Araz şəhidlərimizin ruhuna rəhmət diləməlidir.

 

Salındı Arazdan bir can körpüsü,

Dünyanın möhtəşəm, Fərman körpüsü.

serhed-9

Fərman, Azər, Tağı bəylərimiz və daha çoxlarının başladığı müqəddəs mübarizəni davam etdirmək, millətimizin bütövləşməsinə nail olmaq, özünün türklüyünü dərk edən hər bir kəsin müqəddəs borcu hesab edilməlidir.

Dekabrın 31-dən başlayaraq mərkəzi televiziyalar Sərhəd Hərəkatını gözdən salmaq üçün təbliğat kompaniyasına başlamışdılar. Boşboğaz Qorbaçov sərhədləri narkomanların, cinayətkar ünsürlərin və içki düşkünlərinin dağıtdığını söyləyirdi.

1990-cı ilin yanvarın 2-də SOV İKP MK-nin katibi Qirenko və SSRİ Millətlər Sovetinin sədri Nişanov Culfaya “təşrif” buyurmuşdular. Onları Azərbaycan KPMK katibi Orucov və Naxçıvan MR. Ali Sovetinin sədri Səkinə Əliyeva müşayiət edirdi. Nişanovla bir-neçə saatlıq dialoqumuz oldu. Ağsaqqalımız Mahmud Rzayevin, ziyalı Cəmil Mirzəyevin haqlı etirazları qarşısında Nişanov gözlərini döyə-döyə qalmışdı. Azadlıq meydanımızda qarlı və şaxtalı hava olmasına baxmayaraq minlərlə insan toplaşmışdı. Elə bu da Nişanovu narahat edirdi.

-Mən ona siz, Qorbaçovun tikanlı məftilləri sökənləri narkoman və avaralar adlandırmağı ilə razısınızmı?-deyə müraciət etdim.

-Bir xeyli düşündükdən sonra “araşdırılmasına ehtiyac duyulur” dedi.

-Yaxşı, bəs onda bu böyüklükdə bir ölkənin rəhbəri nədən araşdırma aparmadan belə kəskin mövqe nümayiş etdirirdi. Mən tələb edirəm, siz onun nümayəndəsi kimi, toplaşanlardan edilmiş təhqirlərə görə üzr istəməlisiniz.

-Tağıyev, sizin İrana birləşmək istəməyinizi məqbul hesab edə bilmərik.

-Kim sizə deyib ki, biz İrana birləşmək istəyirik. Belə cəfəng fikirlər sizin ağlınıza hardan gəlib? Biz Güney Azərbaycanda yaşayan 30 milyonluq soydaşlarımızla sərbəst görüşmək, ora gedib-gəlmək üçün şərait yaradılmasını tələb edirik, vəssalam.

Birdən Nişanov hamımızı təəccübləndirəcək sual verdi: “Məgər İranda azərbaycanlılar da yaşayır?”

-Qorbaçovun da savadı sizin savadınız qədərdisə, onda bəxtəvər olub SSRİ.

-Tağıyev, siz bizləri təhqir edirsiniz.

-Mən sizi təhqir etmirəm, əksinə təhqir etdiyiniz xalqdan üzr istəməyinizi tələb edirəm. Əgər o tayda azərbaycanlıların yaşamasına şübhə ilə yanaşırsınızsa, sizi Araz kənarına dəvət edirəm. Özünüz şahid olacaqsınız ki, o tayda yalnız azərbaycanlılar yaşayır.

 

Nişanovun  sıxıla-sıxıla üzr istəməsi hamıya ləzzət elədi

 

-İndi isə durun, Qorbaçovun narkoman və avara adlandırdığı, qəhrəman insanlar sizi gözləyir, deyərək ayağa qalxdım.

-Nişanov da öz əsabələri ilə ayağa qalxmaq məcburiyyətində qaldı.

Azadlıq meydanımızda mitinq davam edirdi. Çıxış üçün Nişanovu tribunaya dəvət etdim. O sanki böyük izdihamın qarşısında özünü itirmişdi. Birdən o “ mən burda baş verənlərdən məlumatsız idim və bu səbəbdən də ölkə rəhbərliyi adından sizlərdən üzr istəyirəm” dedi. Meydandakılardan sevinc dolu alqışlar yüksəlməyə başladı. Ardinca çıxış edən Naxçıvan MR Ali Sovetinin sədri Səkinə xanım Əliyeva həmişəki tək, xalqla bir yerdə olduğunu bəyan etdi.

Səkinə xanım hətta mərdliyi ilə bütün kişilərə belə, örnək ola biləcək millətsevər Vətən qızı idi. Təsadüfi deyil ki, 20 Yanvar hadisələri zamanı o, Naxçıvanın SSRİ-dən ayrılması haqqında sənədə imza atmışdı.

Mitinqin qətnaməsini Nişanova təqdim etdik. Qətnamədə Cənubi Azərbaycana gediş gəlişin sadələşdirilməsinə xüsusi önəm verilmişdi. Hər halda hadisələrin bütün gedişatı ümid verirdi ki, biz tezliklə Güneyə qovuşacağıq.

1990-cı il yanvarın 6-da AXC-nın konfransında iştirak etmək üçün Bakıya gəlmişdim. AXC liderlərinin mənə münasibəti tam dəyişmişdi. Bir çoxları hətta mənimlə görüşməkdən belə ehtiyat edirdilər. Çox qəribədir ki, onlar hətta konfransdakı çıxışlarında bu böyük tarixi hadisəyə toxunmaq istəmədilər. Hətta bir çoxları bu hadisənin KQB-nin “işi” olduğunu təbliğ edirdi.

Kimlərin hansı münasibət bəsləməyindən asılı olmayaraq, bu böyük tarixi hadisəyə yenə də layiq olduğu qiyməti məhz Heydər Əliyev verdi. İndi bəziləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü məhz 31 dekabrda qeyd edilməsinin təşəbbüskarı olduqları barədə cəfəngiyyat söyləyirlər. Bu günün bayram elan edilməsinin təşəbbüskarı Heydər Əliyev şəxsən özü olmuşdu. Əlbəttə, onun bütün tarixi hadisələrə, şəxsiyyətlərə xüsusi diqqət yetirməsi bir daha Heydər Əliyev fenomeninin bariz nümunəsidir.

 

Vəhşiləşmiş rus ordusu bəs deyilmiş kimi, Mütəllibov “Qardaşlıq” adlı terror təşkilatı yaradaraq, mübariz insanları “sındırmaq” istəyirdi

serhed-5

 

Yanvarın 20-si… Bütün millətimiz qan ağlayır. Kimsə illərlə xidmət göstərdiyi Sovet hökumətindən belə qaniçənlik, vəhşilik gözləmirdi.

Bir çox dostlarımız şəhidlik zirvəsinə ucalmışdı. Çox qəribə idi ki, kimsə qorxu hissi keçirmir, əksinə hamı qisas almaq, imperiyadan qurtulmaq üçün daha cəsarətli addımlar atmağa hazırlaşırdı.

Millətin tökülmüş qanı üzərindən hakimiyyətə gətirilmiş Ayaz Mütəllibov, hamını hədələyir, asır-kəsir, ara-sıra da “yağlı” vədləri ilə çaşqınlıq yaratmaq istəyirdi. Vəhşiləşmiş rus ordusu bəs deyilmiş kimi, Mütəllibov “Qardaşlıq” adlı terror təşkilatı yaradaraq, mübariz insanları “sındırmaq” istəyirdi. Elə həmin zaman onun bütün murdar siyasətini ifşa edən açıq məktub yazdım. Düzdür, az sonra Azərbaycan parlamenti seçkilərində, faktiki olaraq millət vəkili seçilməyimə baxmayaraq, şəxsən Mütəllibovun göstərişi ilə Culfa dairəsində seçkilərin nəticələri ləğv edildi. Səbəb kimi isə, guya seçki günü mənim tərəfdarlarım Culfada yerləşən rus polkuna hücum ediblərmiş. Əlbəttə bütün bu haqsızlıqlar Mütəllibovun murdar xislətindən yaranmışdı. (Təəssüf ki, bu gün az da olsa, qanımıza susamış Moskvanın ağuşunda xəşəllənən Mütəllibova inananlar var). Hər halda yazdığım məktubla zamanında Mütəllibova “dərs” verə bilmişdim.

Bakıda isə AXC-nin bir çox liderləri gizli fəaliyyət adı altında, əslində elə o zaman da demək olar ki, “dondurmuşdular”. Tətillər, mitinqlər dayandırılmış, əvəzində Mütəllibov “at” oynatmağa başlamışdı. Culfada isə əksinə dəmiryolçular tətilinin yeni etiraz dalğası başlamışdı. Min nəfərlik Culfa deposu rus ordusu tərəfindən mühasirəyə alınmışdı. Polkovnik Evqeneviçin bu dəfəki “qırımı” tamam başqa idi, asıb-kəsirdi.

Qərarımız isə qəti idi, tələblərimiz yerinə yetirilməyənə qədər kiminsə işə başlayacağından söhbət gedə bilməzdi. AXC Şərur rayon şöbəsinin sədri Fərəməz Allahverdiyevin həbs edilərək Lefertovo həbsxanasına aparılması culfalıları bərk qəzəbləndirmişdi. Axı Fərəməz bəy, culfalıların sevimlisinə çevrilmişdi. Moskvadan “təşrif” buyurmuş yüksək çinli məmurlar, Güneylə bağlı mövqeyimizin dəyişmədiyindən narahatlıq keçirirdilər.

Sərhəd Hərəkatının 22 yaşı tamam olmaq üzrədir. 1989-cu ilin 31 dekabrında baş vermiş bu tarixi hadisə o taylı, bu taylı bütün azərbaycanlıların böyük sevincinə səbəb olmuşdu. Bu hərəkata gedən yol haqqında müxtəlif fikirlər səslənməkdədir. Ən düzünü isə hərəkatın ideya müəllifi olan Ramiz Tağıyev bilir. “Millətim”in ilk saylarında getmiş “Tikanlı dəri” yazısı geniş oxucu kütləsinin böyük marağına səbəb olduğundan, həmin zaman qəzetimizin çox da populyar olmadığını və tirajının az olduğunu nəzərə alaraq “Tikanlı dəri” yazısını yenidən dərc etməyi məqbul hesab edirik. Düşünürük ki, bir çox məqamları hələ də müzakirə mövzusuna çevrilmiş Sərhəd Hərəkatı barədə, hərəkatın 22 illik yubileyi ərəfəsində ətraflı məlumat ala biləcəksiniz.

Onu da təəssüflə qeyd etməliyik ki, bu yazının müəllifi, dövlət, millət yolunda etdiyi xidmətlər əvəzsiz olmuş Ramiz Tağıyev bu gün haqsız yerə həbsxana həyatı yaşamaqdadır. Bu kimi halların Azərbaycan dövlətçiliyinə vurduğu zərbə, gətirdiyi utanc isə inkar edilməzdir. Ümid edirik ki, Sərhəd Hərəkatını onun ideya müəllifinin dilindən öyrənmək gələcək nəsillərin də bu haqda doğru məlumata sahib olmasına şərait yaradacaq.

 

 

“Sovet KQB-si AXC-yə kifayət qədər öz cuğullarını yerləşdirə bilmişdi”

 

 

Artıq may ayının əvvəlləri idi. Fəzail bəy (Fəzail Ağamalı o zaman AXC-nin aparıcı fəallarından biri idi və çox zaman təhlükəli yerlərə o gedərdi) Culfaya gəlmişdi. AXC İdarə Heyəti AXC Culfa şöbəsinə tətilləri dayandırmağı tövsiyə etmişdi. Uzun danışıqlardan sonra rus hərbiçiləri ilə ikitərəfli protokol imzaladıq. Protokolda əgər tələblərimiz yerinə yetirilməyəcəyi halda tətillərin yenidən başlayacağını əks etdirmişdik. Novruz bayramına isə çox az qalırdı və səbirsizliklə Güney Azərbaycana adlayacağımız anı gözləyirdik. Aldığımız məlumatlara görə SSRİ Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak edirdilər. Artıq iki Culfaa arasındakı Araz-üstü körpü də təmir edilirdi. Mart ayının 12-də polkovnok Jukov mənimlə görüşmək istədiyini bildirdi.

Əvvəlcədən razılaşdığımız kimi Culfa dəmiryol vağzalında yerləşən mehmanxanada görüşdük. İlk dəfə idi ki, rus polkovniki mənimlə belə səmimi görüşürdü.

-Tağıyev, sənə şad xəbər gətirmişəm, qonaqlıq verməlisən. Axır ki, istədiklərinizə nail oldunuz, demə inadkarlığın da xeyiri var imiş.

-Cənab Jukov, Novruz bayramına az qalıb, deyin görək biz o taya adlaya biləcəyikmi?

-Tağıyev, sənin üçün nə fərqi var, məlumatımıza görə sən, qeyri-rəsmi yolla dəfələrlə İran tərəfə keçmisən. Özü də deyəsən silah gətirmək üçün.

-Bunların indiki söhbətimizə aidiyyatı yoxdur, xahiş edirəm sualımın cavabını verəsiniz. Culfa əhalisi Novruz bayramına bu il çox ciddi hazırlaşır, axı bu ilki bayramı möhtəşəm, yəni o taylı- bu taylı bir yerdə keçirmək istəyimizdən yəqin ki, xəbərdarsınız?

-Tağıyev, imkan vermirsən ki, şad xəbəri söyləyim. SSRİ Sərhəd qoşunları komandanlığı iki dövlətin razılığına əsasən bizə göstəriş verib ki, martın 20-də əhalinin getməsi üçün şərait yaradaq. Ancaq bu işlərin görülməsi üçün də sizin yardımınıza ehtiyac var. Bilirsiniz, İran dövləti ilk gündən bu taya casuslarını göndərməyə çalışacaq. Hər hansı bir təxribatın olması, ümumi işlərimizə xələl gətirə bilər.

-Siz narahat olmayın, Culfa həmişəki tək, bizim tam nəzarətimizdə olacaq və zarafatyana “nə farslar, nə də ki ruslar heç bir təxribat törədə bilməyəcəklər”-dedim.

Bundan sonra Jukov İran sərhədçiləri ilə martın 17-də nəzərdə tutulmuş görüşdə mənim iştirakımın vacibliyini söyləyərək, ayrıldı.

İran sərhədçiləri ilə görüşdə əsasən texniki məsələlər müzakirə olundu. Demə, mənim görüşdə iştirakımı İran tərəfi təklif edibmiş. Deyəsən onların da məlumatı var idi ki, Culfada hadisələrə AXC Culfa rayon şöbəsi nəzarət edir.

Martın 20-nə yaxşı hazırlaşmışdıq. Sözün əsil mənasında bayram əhval-ruhiyyəsi hökm sürürdü. Təşkilatı işlərlə əlaqədar mənim o taya keçməyim mümkün olmadığından, demə dostlarım o tay hörmət əlaməti olaraq atamın ilkin ayaq basmasını nəzərdə tutublarmış.

Culfanın Azadlıq meydanı tam bəzədilmiş, uzun stolların üzərinə Novruz şirniyyatları düzülmüşdü. Artıq o taylı qardaş və bacılarımız Culfa meydanında təşkil olunmuş bayram konsertinə tamaşa edirdilər.

 

Əlbəttə uzun ilıər belə şadyanalığa həsrət qalmış Güneyli qardaş, bacılarımızın sevinclərinin həddi-hüdudu yox idi. Gələnləri qonaq aparmaq üçün növbələr yaranmışdı. Demək olar ki, hamı ömrünün ən gözəl anlarını yaşayırdı. Bizim tərəfdən də artıq yüzlərlə insan o taya adlamışdı. Gedənlərin qayıtmasını da səbirsizliklə gözləyirdik. O tayda nələr baş verdiyi bizim üçün çox önəmli idi. Güneyli qardaşlarımızı AXC-nin fəaliyyəti çox maraqlandırırdı, çünki onlar cəbhə deyədə hərbi təşkilat düşünürdülər. Onların əksəriyyəti “bizi bu cəbhəyə yazın və sizinlə birgə Qarabağda savaşmaq istəyirik. Bura həm də bizim Vətənimizdir və Qarabağ torpaqları bizim üçün də müqəddəsdir” deyirdilər.

O taylı-bu taylı yandırılmış tonqallar bu bayrama xüsusi bəzək vermişdi. Güneyli qardaşlarımız tənbəllik etməyərək ən uca zirvələrdə tonqallar qalamışdılar. İran xəfiyyə orqanları baş verənlərə nəzarət etmək imkanında deyildi və ya uzun illər qorxu altında saxladığı soydaşlarımızın belə açıq-aşkar şadyanalığı onlar üçün gözlənilməz olmuşdu. Qəribə idi ki, bu taydan gedənlərin hamısının o tayda yaxın qohum-əqrabaları var idi.Yaxınlar qovuşmuş, olub-keçənlərdən söhbət açmış, babalarını, nənələrini xatırlamışdılar.

İki ölkə arasında əldə edilmiş razılığa əsasən qonaqlar 45 km ərazidən kənara gedə bilməzdilər. Ancaq Təbriz həsrətliləri bu “maneəni” aşa bilmişdilər. Güneyli qardaşlarımız müxtəlif yollarla onları Təbrizə apara bilmişdilər. Hamı ilkin olaraq Şəhriyarın məzarını ziyarət etməyi özünə borc bilmişdi. Atam da səfərdən xoş təəssüratlarla dönmüşdü.

Anamın qohumları onu yaxşı qarşılamış və kifayət qədər önməli məlumatlar vermişdilər. Çox təəssüf ki, anamın dayısı Məhəmmədəli kişi sərhədlərin açılmasından az öncə dünyasnı dəyişmişdi. Övladlarının biri İtaliyaya, digəri isə ABŞ-a mühacirət edibmiş. Dayımız isə şah və Xomeyni zamanı ümumilikdə 19 il həbsxana həyatı yaşamalı olubmuş. Bütün bu məşəqqətlər onu əqidəsindən döndərə bilməyib. Bizə isə Azərbaycanımız uğrunda əzablı-əziyyətli yollar keçərək dünyasını dəyişmiş böyük kişilərə Allahdan rəhmət diləmək və onların yolunu davam etdirməkdən savayı bir iş qalmır. Qeyd etməliyəm ki, onların başladığı və  bizlərin davam etdirdiyi bu müqəddəs mücadiləni indi bir çoxları öz siyasi “alver” vasitələrinə çeviriblər. Güney barədə elementar bilgilərə malik olmayanlar, “cənub” adı ilə təşkilatlar yaradaraq “qrantşunaslıqla” məşğuldurlar. Ancaq belə fəaliyyətin “40 günlük ömrü olar” deyiblər.

Rus və Fars xəfiyyəsi gediş-gəlişin başlandığı ilk gündən cürbəcür problemlər, təxribatlar yaradaraq yenicə qovuşmuş qardaşlar arasında narazılıqlar yaratmaqda israrlı görünürdülər. Məsələn, polkovnik Jukov səlahiyyətli olmadığı halda, Culfa kömrükçülərinin işinə müdaxilə edərək, o taylı qardaşlarımıza hədiyyə edilmiş sovqatların aparılmasına imkan vermirdi. Yaxud yağışlı havada minlərlə insan uzun-uzadı yoxlamalara məruz qoyulurdu. Ciddi qarşıdurmaya gedərək bu maneələri aradan qaldıra bildik. Üstümüzə ötürülmüş Jukovun itləri belə, məqsədimizə nail olmağa maneə ola bilmədi.

serhed-3

Əldə etdiyimiz uğurların hamısını itirə bilərdik, AXC-nin 1990-cı ilin yanvarından sonrakı fəaliyyətsizliyi, bölgələrin də üzərinə böyük “hücum” üçün şərait yaratmışdı. Etibar Məmmədovun, Fərəməz Allahverdiyevin Lefertovoda saxlanılması mübarizəmizə təsirsiz ötüşməmişdi. Çünki onlar digərləri tək boş-boşuna, pafoslu danışmaqdan çox, əməli fəaliyyətə üstünlük verirdilər.

Əlbəttə, azacıq vicdanı olan kəs, ölkəmizdə baş vermiş tarixi proseslərin obyektiv qələmə alınmasında maraqlı olmalıdır. Tarixin saxtalaşdırılması düşmənlərimizə, obyektiv yazılması isə millətimizə xidmət edir. Bu işdə siyasi mənsubiyyəti kənara qoyaraq, sadəcə olaraq özünü Türk millətinin oğlu olduğunu dərk etməlisən.

1987-ci ildə Heydər Əliyevin istefasından sonra, Aqanbekyan və digər erməni dığalarının fəallaşması çox mətləb və məramlardan xəbər  verirdi. Nə üçün məhz Heydər Əliyevin istefasından sonra? Qafasını azacıq çalışdırmaq istəyənlər üçün bu sualın cavabını tapmaq çox da çətin olmazdı.

Kim çalışdıracaq idi bu qafanı, Vəzirovmu, yoxsa Mütəllibovmu? Əlbəttə, manqurtlaşmışlardan millətimizin xeyiri üçün nə isə çatdıracaqlarını ummaq belə ağılsızlıq olardı. Vəzirovun respublikaya rəhbərlik etdiyi gündən Qarabağ boyda dərdimizi və qaçqın-köçkünlərimizin yerləşdirilməsi qədər ağır bir işi sanki unudaraq, Heydər Əliyevə qarşı anti-kompaniya aparması şəxsən məndə nifrət, ikrah hissi yaratmışdı. Bu səbəbdən də hələ ilk günlərdən Heydər Əliyevin müdafiəsinə qalxmağı qərarlaşdırmışdım. 1987-ci ilin axırlarında rəhbərlik etdiyim “Ana Vətən” cəmiyyətinin xətti ilə onun minlərlə portretini əhali arasında yaydıq. Sürücülərin hamısı onun şəkillərini avtomobillərin ön şüşəsində yerləşdirmişdilər. Culfada keçirdiyimiz ilk mitinqdə yerli kommunist rəhbərliyinin ciddi müqavimətinə baxmayaraq, Yaycı kənd rabitə xidmətinin rəisi Abbas Gülanoğlu Heydər Əliyevin portretini tribunaya qaldırdı. Biz onun Azərbaycana qayıdışının təmin edilməsi tələbi ilə davamlı mitinq və tətillər keçirir, Moskvaya minlərlə teleqramlar göndərirdik. Çox qəribə idi ki, AXC yarandıqdan sonra ir çoxlarının Heydər əliyevə münasibəti Vəzirov və Mütəllibovunkundan heç nə ilə fərqlənmirdi. Bu gün “sular durulur” və bir çox məqamlara aydınlıq gətirilir. Təbii ki, Sovet KQB-si AXC-yə kifayət qədər öz cuğullarını yerləşdirə bilmişdi.

Onların “adamlarının” “mübarizə” yolu çox hamar, bizimki isə çətin və keşməkeşli olurdu. Miralim Bəhramov, Fərəməz Allahverdiyev, Etibar Məmmədov və digərlərinin mübarizə yoluna nəzər salmaq yetərlidir ki, rus KQB-nin əsil millətsevərlərə qarşı amansız mövqeyini görə biləsən. Sadəcə olaraq milyonların istəyi və arzusu milli azadlıq mübarizəmizin KQB nəzarətində qalmasına imkan verə bilməzdi. Bu gün də bir çoxları etiraf edir ki, AXC liderlərinin bir çoxunun Vəzirovla münasibəti çox normal olub. Yaxşı yadımdadır, mənim 20 yanvar hadisələrindən öncə Mərkəzi Komitəin (indiki prezident aparatının binası) önündə Vəzirovun istefasını tələb etməyimə AXC İdarə Heyəti etirazını bildirmişdi. Təsadüf deyildi ki, həmin mitinqdə AXC İdarə Heyətindən Etibar Məmmədovdan başqa kimsə qatılmırdı.

Əlbəttə, eksterimal şəraitdə qorxaqlıq, mövqesizlik nümayiş etdirmək, özlərini “lider” adlandıran liderciyəzlərin bütün zamanlarda “peşələri” idi. Belə “cəsarət” sahiblərnin bu gün də Azərbaycan siyasətində “at” oynatmaq və böyük iddialarda bulunmaq istəkləri şəxsən məndə ikrah hissi doğurur. Sadəcə olaraq belələri əllərində olan maliyyə qaynaqlarından istifadə edərək, bəzi məqamlarda cəmiyyət arasında özlərini “millətsevər”, “qəhrəman” kimi təqdim edə bilərlər.

 

Ardı var…