Siqaretin qiyməti bahalaşacaq

0
41
Ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün siqarillaların aksiz vergisi artırılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və  tərkibində tütün siqarillaların 1000 ədədi üçün 43 manat aksiz vergisi müəyyən edilib. Əvvəl bu vergi 39 manat təşkil edirdi.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Qeyd edək ki, Nazirlər Kabineti sözügedən dəyişikliyə aydınlıq gətirib.
Bildirilib ki, Vergi Məcəlləsinin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilmiş, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün  məhsulların aksiz vergisinin dərəcələri artırılıb:
“Bu dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilməsinə zərurət yaranıb.
Müvafiq uyğunlaşdırmanın aparılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər öz əksini tapıb.
Məlum olduğu kimi, iqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Bu baxımdan qeyri-infeksion xəstəliklərin əsas risk faktorları olmaqla yanaşı, əhalinin orta ömrünü qısaldan və həyat keyfiyyətini aşağı salan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcələrinin artırılması məqsədəuyğun hesab edilib”.