Saxta yağlar ölkəni bürüyüb: Kərə yağını necə tanımalı?

0
5

Saxta yağlar ölkəni bürüyüb: Kərə yağını necə tanımalı?

Ekspertlər uyğunluq sertifikatı olmayan, ucuz yağları almamağı məsləhət görürlər

Son günlərdə ölkənin ərzaq bazarında saxta yağların satılması haqda məlumatlar ara vermir. Məlumatlarda qeyd olunur ki, Azərbaycana 50 min tona yaxın “Palma” yağı idxal olunub ki, kq-ı dünya bazarında 60 qəpik olan bu yağ ticarət mərkəzlərində əhaliyə kərə yağı adı ilə 2-5 manata satılır. Bundan başqa, ticarət mərkəzlərində kütləvi şəkildə kərə yağı adı ilə kərə yağı əvəzedicilərindən istifadə edilməklə hazırlanan süni yağlar da satılır. Bu xəbərlər istehlakçıların narahatlığına səbəb olub. Bəs, alıcılar bu vəziyyətdə nə etməlidirlər, saxta və təhlükəli “kərə yağlarını” necə tanımaq olar, belə yağların sağlamlıq üçün hansı təhlükələri var?

Bu suallara aydınlıq gətirmək üçün Azadinform kiçik bir araşdırma aparıb.

Yağ bazarında işlər yağ kimi gedir…?

Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Rəsmi məlumatlara görə, bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur. Lakin mətbuatda yayılan məlumatlara görə, satışda olan yağların 90%-dən çoxu burada qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır.

Qeyd olunur ki, ucuz qiymətə (2-5 manat arasında) satılan bu yağların tərkibinin əsas hissəsi trans yağlardır, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətiri alınır. Onların tərkibinə kərə yağı əvəzedici kimi tanınan kimyəvi maddələr vururlar ki, bu da sağlamlıq üçün çox təhlükəlidir.

Kərə yağı adı ilə satılan bir çox yağların tərkib məlumatlarında açıqca kərə yağı əvəzedicisindən hazırlandırığı yazılır. Bəzilərinin üzərində qeyd olunur ki, kərə yağınını iştirakı ilə (с сливочное масло) hazırlanıb. Yəni, bu məhsulun tərkibinə bir qədər kərə yağı da qatılıb. Sadəcə adı kərə yağı olduğundan əksər alıcılar, kiçik hərflərlə yazılmış tərkib məlumatları oxumadan bu məhsulu təbii kərə yağı zənn edərək alırlar.

Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var. İddia olunur ki, yerli istehsal yağlarda təbii tərkibli deyil və müxtəlif kimyəvi qatqılar vasitəsilə hazırlanır.

Bəzilərinin üzərində açıqca qeyd olunur ki, kərə yağı ilə hazırlanıb (yəni tərkibində bir az kərə yağı da var), ya da “kərə yağı dadlı” qeydi vurulur, lakin bunlar alıcılara kərə yağı adı ilə satılır.

Məsələn, “Kərəm” adlı yağ 2,5 manata satılır ki, bu da sübut edir ki, bu kərə yağı deyil. Bu, 2-6 manat arasında satılan bütün yağlara da aiddir.

Yeni Zelandiyadan gəmi ilə möcüzəli şəkildə 4 günə gələn yağ

Bəzi yağlar xarici marka adları altında satılır, lakin ölkədə düzəldilib. Məsələn, “Bestgov” və “Newland” adlı yağları misal göstərmək olar. Hətta rast gəldiyimiz bir nümunədə “Newland” yağının üzərində 4 gün qabaq istehsal olunduğu qeyd olunub və Yeni Zelandiya məhsulu olduğu yazılıb. Halbuki, Yeni Zelandiyadan Azərbaycana yağ gəmi ilə gətirilir və təxminən 2 aya çatır. “Bestgov” yağının isə üstündə Yeni Zelandiya yazılıb, lakin arxasında xırda hərflərlə rekvizit məlumatlarında Azərbaycanda istehsal olunduğu qeyd olunub.

İş o yerə gəlib çatıb ki, bəzi mağazalarda qiyməti 2 manat göstərilən “kərə” yağları satılır və bu yağın üzərinə “Moskva” və ya “Rusiya” kərə yağı yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, maya dəyəri bir yana qalsın, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər.
Bir çoxları yağın üzərinə rus adları yazmaqla alıcılarda bu yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışırlar, lakin çox xırda hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda görürsən ki, bu yağı misal üçün Abşeronun hansısa kəndində filan fiziki şəxs hazırlayır.

Demək dəqiq aydındır ki, burada hansısa cinayətkar şəbəkə iqtisadi təxribat törədib əhalini və dövləti aldadırlar. Müvafiq orqanlar bu faktlar əsasında ciddi tədbirlər görməlidir.

Maya dəyərindən ucuz “kərə yağı”

Məlumdur ki, 1 kq kərə yağının istehsalı üçün azı 20-22 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 30 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, onun 1 kq-nın maya dəyəri 7 manatdan az ola bilməz. Təkcə bu təkzibedilməz fakt Azərbaycanda 2-6 manat arasında satışda olan istisnasız olaraq bütün kərə yağlarının, o cümlədən bitki yağlarının saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir. Mütəxəssislərin dediyinə görə, təbii bitki yağı 2-4 manata başa gələ bilməz, bu praktiki olaraq mümkün deyil.

“Vosmoy” bazarında yağ satışı ilə məşğul olan satıcı Rafiqin sözlərinə görə, ən çox tələb Rusiya yağlarınadır. Həm də 2-3 manata satılanlara. Satıcıdan 2 manata kərə yağının necə əmələ gəldiyini soruşanda isə bildirdi ki, onlar yağı topdansatış mərkəzlərindən alırlar və tərkibindən, harada, nədən hazırlanmasından xəbərləri yoxdur.

Məlum olur ki, əhali arasında Yeni Zelandiya, Rusiya, Ukrayna və Belarus yağlarının keyfiyyətli olması haqda fikir formalaşdığından ən çox bu yağları saxtalaşdırırlar. Məsələn, bu sətirlərin müəllifi iri mağazalarda üzərinə “Российское” yazılmış, kərə yağı adı ilə satılan məhsulun üzrəində onun tamamilə süni kimyəvi maddələrdən düzəldiyini təsdiq edən tərkib məlumatını lupa ilə birtəhər oxuya bilib.

“Əhalini aldatmaq üçün yağa xüsusi maddələr qatılır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir: “Satışda “kərə yağı” adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır”.

Yayılan məlumatlarda palma yağının konseragen olması və xərçəng də daxil olmaqla təhlükəli xəstəliklər yaratdığı qeyd olunur. Ekspert bildirir ki, palma yağ ancaq texniki istehsal üçün yararlıdır, birbaşa əhaliyə satış üçün nəzərdə tutulmayıb. Əsl kərə yağı ancaq inək südündən hazırlanır. “Palma” yağı isə bitki yağları, konservləşdirilmiş süd, dondurmanın istehsalı, o cümlədən tortların kremində, şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Təmiz kərə yağının yağlılıq faizi 82%-dən az ola bilməz.

Ölkədə saxta yağ istehsal edən gizli sexlər var

Ölkədə gizli fəaliyyət göstərən sexlərin varlığını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təsdiq edib. Komitə bildirir ki, gömrükdən idxal olunan keyfiyyətli kərə yağlarını aparıb gizli sexlərdə bitki yağları ilə qarışdırır və satışa buraxırlar. Üzərinə də yazırlar ki, bu, 82 faizlik kərə yağlarıdır.
Komitədən bildirirlər ki, hazırda kərə yağı istehsalı və idxalında QOST 37-91 standartı əsas götürülür. Komitə yağların tərkibini bu standart əsasında yoxlayır və uyğunluq aparır: “Təcrübə-Sınaq Mərkəzində kərə yağlarının təhlükəsizlik parametrləri yoxlanılır, mikrobiologiyası, fiziki-kimyəvi göstəriciləri laboratoriyada analizlər nəticəsində müəyyən olunur. Bizim verdiyimiz uyğunluq sertifikatı olmayan yağlar şübhəlidir, mənşəyi məlum deyil. Alıcılar da sertifikatsız yağları almaqdan çəkinməlidir”.

Alıcı əsil kərə yağını necə tanımalıdır?

Yerli və xarici yağları ayrıd etmək üçün məhsulun üzərində yazılan ştrix-kodlara diqqət etmək lazımdır. Belə ki, Azərbaycan məhsulları 476, Yeni Zelandiya 940-949, Rusiya isə 460-469 barkod prefiksi ilə öz məhsullarını satışa çıxarır.

Hər bir istehlakçı aldığı yağın məhz inək südündən hazırlanan kərə yağı olduğuna əmin olmalı, tərkibində bitki yağı olan və kərə yağı adı ilə satılan spredləri fərqləndirməlidir. Bunun üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. Aşağıdakı videomateriala baxmaq kifayətdir.

LEAVE A REPLY