Qan yaddaşı

“Millətim” mərhum professor, əməkdar elm xadimi Murtuz Sadıqovun “Qan yaddaşı” adlı sənədli povestini dərc etməyə başlayır. Povest 1937-ci il Stalin repressiyasının millətimizin başına gətirmiş olduğu müsibətlərdən bəhs edir. Həmin müsibəti yaşamış M.Sadıqov gördüklərini tarixi faktlarla dolğun təsvir edə bilib. Sənədli povest SSRİ imperiyasının iyrəncliklərini aşkar etmək baxımından hədsiz əhəmiyyətlidir. Oxucularımızın “Qan yaddaşı”nı həvəslə izləyəcəklərinə qətiyyən şübhə etmirik. Əsəri təhlil eləmək, məzmunu açıqlamaq fikrindən çox uzağıq. Sadəcə olaraq, məsləhət bilirik ki, oxuyasınız. Və görəsiniz ki, bu xalq, bu millət nələr çəkib.

Lalə Ramizqızı

Murtuz Sadıqov

Qan yaddaşı
(Qanlı-qadalı 1937-ci ilin qurbanları haqqında sənədli povest)

…Millət müdrik və uzaqgörən olmalıdır.
(M.F.Axundov)

(Əvvəli ötən saymızda)

…Ölməyə Vətən yaxşı

Yaşlı nəslin nümayəndələri Bağırovun “nəzəri axtarışlarla” bağlı əməllərini yəqin ki, daha yaxşı xatırlayırlar. Yuxarıda Bağırovun “nəzəri axtarışlarını” təqdir eləyirdilər, alimlər bu “axtarışlara” müsbət rəy yazırdılar, Şamil hərəkatına Bağırov mövqeyindən yanaşırdılar, rus çarizminə qarşı qəhrəmancasına mübarizə aparmış, Şimali Qafqazın şanlı oğluna utanmadan qara yaxırdılar. Bu “alimlər”in bir qismi hətta rus klassiklərinin əsərlərinə müraciət eləyirdi: bu əsərlərdə “həmfikir” axtarırdı. V.İ.Lenin adına APİ-nin müəllimlərindən biri dosent P.(onun adını çəkməyə dilim gəlmir) pespublika mətbuatı orqanlarından birində çap elətdirdiyi məqaləsində yazırdı ki, böyük rus yazıçısı Lev Tostoy özü də “Hacı Murad” əsərində Şamili ifşa eləyib, onun adını rus çarıyla yanaşı çəkib…
Lev Tolstoyun Şamilə münasibətini isə “Hacı Murad” əsərini oxuyanların hamısına aydın idi.
Bağırov çox istəyirdi ki, Heydər Hüseynovu ictimaiyyətin gözü qabağında alçatsın, ona gülsün, amma böyük alim buna imkan vermədi, özünü öldürdü.
1950-ci il avqust ayının 15-i idi.
Ən qəribəsi o idi ki, Bağırov intihar eləyəndən sonra da Heydər Hüseynovdan əl çəkmək istəmirdi. Moskvadan bu iş üçün çağırılmış nümayəndənin iştirakı ilə xüsusi komissiya təşkil olunmuşdu. Tərkibini Bağırovun şəxsən özü müəyyənləşdirdiyi bu komissiya bir aya qədər “işlədi” Heydər Hüseynovla yaxınlıq eləmiş, əlaqə saxlamış bütün ziyalıları bir-bir çağırıb dindirirdilər təhrikçi suallar verirdilər:
“-Sizi Türkiyəyə yön çevirməyə Heydər Hüseynov təhrik eləməyib ki?”
“Heydər Hüseynovun burjua-millətçi sayıqlamaları barədə nə deyə bilərsiniz?” və s.
Heydər Hüseynovun bilavasitə iştirakı ilə çap olunmuş, Stalin mükafatına layiq görülmüş “Rus-Azərbaycan lüğəti”nin müəllifləri haqqında da təhrikçi şayiələr yayırdılar. Dünənki kommunisti, akademiki, Azərbaycan KP MK yanında Partiya tarixi institutunun direktorunu az qalırdılar, sinfi düşmən elan eləsinlər.
Hələ APİ-nin üçüncü kursunda oxuyarkən məni “aktiv”ə saldılar və iş elə gətirdi ki, mən dəfələrlə peofessor –müəllim heyətinin yığıncaqlarında iştirak elədim, açıq partiya iclaslarına getdim, müxtəlif mövqe tutan müəllimlərlə fikir mübadiləsinə girişdim, bir sözlə, necə deyərlər, işin içində oldum və Rəfili kimi, Heydər Hüseynovun da faciəsini öz gözlərimlə gördüm və inandım ki, bizim ailənin başına gətirilən oyunlar bu elm xadimlərinə qarşı törədilən haqsızlıqların önündə toya getməldir. O zaman qarşılaşdığım hər bir haqsızlıq yaramın qaysağını qoparırdı. Məni xəyalən uzaq Taldı-Kurqan-Semireçyeyə aparırdı.
Orda –Taldı-Kurqanda nələr baş verdiyini anlamaq asandı, burada-Vətəndə törədilən əməllərin mahiyyətinə varmaq isə çox çətidi. Dərdini isə heç kimlə bölə bilmirdin. Bu vilayətdə nə qədər satqın varmış: canavar kimi gərək göz-gözə duraydın. O illərin bir faciəsi də bu idi.
Hə… kişi kimi yaşamaq çətindi…başqa cür yaşamaq üçün də gərək başqa cür doğulasan!..
1946-cı ildə Ordubadda başıma gələnlər, sonra institutda gördüklərim, eşitdiklərim-respublikada milli kadrların kütləvi təqibi tez-tez yadıma Şəhriyarın bir bəndini salır:

Heydərbaba, səni Vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim:
Səni görüb göz yaşımı silmişdim,
Halbuki lap qəmli qürbət səndəymiş.
Qara zindan, acı şərbət səndəymiş

Bu gün bəzi ağzıgöyçəklər deyir ki, Heydər Hüseynov iki-üç il də dözsəydi, hər şey yoluna düşərdi. Heydər Hüseynov Beriya aparatının əməkdaşlarına bələddi: bilirdi ki, onu “əyib” sındıracaqlar, üstünə də “şər” atacaqlar, aldadacaqlar, ən rəzil cəza üsulları ilə məcbur edəcəklər ki, bir xeyli adamı da heç nədən özünə “yoldaş” eləsin.
30-cu, 40-cı illərdə repressiyaya məruz qalanların “şəxsi iş”lərinə nəzər salanda qarşımızda cürbəcür “düşmənlər” canlanır. Çoxu “edam kötüyü” qarşısında nəinki dostlarına, qohumlarına, hətta özünə də böhtan atıb və dostlarını, qohumlarını da özü ilə bilrikdə cəbbəxanaya aparıb. Yalnız tək-tək şəxsiyyətlər axıracan dözüb, tək-tək şəxsiyyətlər… Onlardan biri də Heydər Hüseynovdur. Dosltarını özü ilə birlikdə “edam kötüyünə” aparmaq istəməyən Heydər Hüseynov…Günah sayılsa da, görünür, o zaman intihar ən düzgün yol imiş…

Təkcə respublikamızda yox, bütün ölkədə xoşagəlməz “ab-hava” yaranmışdı: satqınları, mövcud rəhbərliyə donosbazlıqla, təhrikçiliklə qulluq eləyənləri mükafatlandırırdılar: belələri isə həmişə olub, həmişə də olacaq…Partiya işçisinin keyfiyyəti onun “sayıqlığı” ilə ölçülürdü. Bu “sayıqlığın” da nədən ibarət olduğunu açmağa dəyməz. Hər halda, şəxsən mənimlə bağlı olan bir əhvalatı danışmaq istəyirəm. Bu əhvalatın mahiyyətinə otuz beş ildən sonra vara bildim. Daha doğrusu, otuz beş ildən sonra mənə bu əhvalatla bağlı elə faktlar bəlli oldu ki, xeyli düşünüb-daşınmalı oldum.
Susanna Abramovna Abramova V.İ.Lenin adına APİ-də partkom idi. Mənə “oğlum” deyirdi, “qayğıkeşliklə” başımı sığallayırdı, sonradan məlum oldu ki, o, sığallaya-sığallaya, başımda vurmağa yer axtarırmış…
Hə, o, köklü Bağırovçu idi; hələ o zaman şaiyə gəzirdi ki, Bağırova partiya zəmanətini də sonradan o verib. Axı, Bağırov partiya stajını “uzatmışdı”. Guya 1917-ci ildən partiya stajını “uzatmışdı”. Guya 1917-ci ildən partiyanın üzvü imiş.
İnstitutda sadəcə olaraq tələbəlik eləmək mənim ürəyimdən deyildi. İstəyirdim ictimai işlərə də qaynayıb-qarışım. Dərslərimi asanlıqla mənimsəyirdim, boş vaxtım çox olurdu, hətta qəzetlərə məqalə də yazırdım. “Molodyoj Azerbaydjana” qəzetində daha çox çap olunurdum. Redaksiyası indiki “Maral” restoranının binasında yerləşən o qəzeti L.Tahirova redaktə eləyirdi.
Yaşlıların xatirində olar, 1949-cu il qeyri-rəsmi də olsa, Stalinin ili elan olunmuşdu, dekabrın 21-də “ellər atası”nın yetmiş yaşı tamam olacaqdı. Hər yerdə hədiyyələr hazırlanırdı; xalçaçılar onun portretini iri xalçalar üzərində işləyirdilər, rəssamlar onun surətini kosxozçular, fəhlələr arasında təsvir eləyirdilər. Danışırdılar ki, hansısa bir hind sənətkarı Stalini generalisimus libasında işləyib, özü də bir düyü dənəsinin üstündə.
Kimi qəlyan, kimi çaxır içmək üçün buynuz düzəldirdi: beləcə, hamı çalışırdı ki, bir-birini təəccübləndirsin; müəssisələr, respublikalar arasında yarış gedirdi. Hədiyyələr paytaxta axırdı. Fotoqraflar onun portretini ikona kimi işləmişdilər. Əlbəttə, foto onu boy-buxunu kimi, sifətindəki kəm-kəsiri də itirirdi. Buyur, bax, ikonaya, dua elə, özünü dünyanın ən xoşbəxt adamı bil, fəxr elə ki, üzünə allahın nuru çökmüş bir rəhbərin bayrağı altında yaşayırsan. Qəribə olsa da, bu cür ikonaların önündə milyonlarla dua eləyən vardı.
Azərbaycanda isə Stalini şəxsən tanıyanları, görənləri, onun inqilabi fəaliyyətinin “şahidlərini”, necə deyərlər, çıraqla axtarırdılar. Əslində isə gərək inqilabadan qabaqkı Bakıda Koba kimi tanınan Stalini tanıyanları həbs düşərgələrində, repressiya qurbanlarının arasında soraqlayaydılar.
Azərbaycanda Stalini şəxsən tanıyanların çoxusunun axırına “Stalinin sevimlisi” Bağırov özü çıxmışdı.
Şairlər, yazıçılar, tarixçilər və ümumxalq təntənəsinə öz hədiyyələrini hazırlayırdılar.
Bəs tələbələr? Biz də yubileyə hədiyyə olaraq “ellər atası”nın ayrı-ayrı əsərlərini əzbərləyirdik, yoldaş Stalinin silahdaşları Beriyanın, Bağırovun “irsi”ni öyrənirdik.
Qafqazda inqilabi mübarizənin tarixini indi hər yerdə mütaliə eləyidrilər, mərkəzi mətbuat öz səhifələrində Qafqazda inqilabi şüurun oyunmasına, inqilabın qələbəsinə geniş yer verirdi. Qafqazda “inqilabi mübarizə tarixi” qocaların “nağıllarına” əsasən “bərpa olundu”. Bu qocaların əksəriyyəti özünü az qala “inqilabçı” kimi qələmə verirdi: Həqiqəti isə hardan biləsən? Əsil inqilabçıları çoxdan susdurmuşdular. Bir qocanın dilindən yazırdılar ki, guya o, məhkum olunanları Bayıl qalasından çıxarıb Sibirə katorqaya aparanda ordaymış: gürcü Yusifi də (Azərbaycan xalqına Stalini bu adla doğmalaşdırmaq istəyirdilər) orada görüb və gürcü Yusif ucadan deyib ki, qandallarınızı atmayın, onlar bizə lazım olacaq, biz o qandallarla çar mütləqiyyətini buxovlayacağıq!
Bəli, o qandallar həqiqətən də kara gəldi; otuzucu illərdə o qandallarla əsil inqilabçıları buxovladılar.
“İnqilabi mübarizə şahidi” kimi ələ keçmiş bu qocalar bəzən heç özləri də bilmirdilər ki, nə danışırlar. Tarixi “bərpa eləyən” tarixçilərə, sırtıq jurnalistlərə isə bu qocaların sayıqlaması lazımdı. Təki o qocalar Kobanı “xatırlasınlar”. Belə qocalardan biri ilə mən qarşılaşdım.
1949-cu ilin dekabr ayında mərkəzi qəzetlərin hansındansa cavan bir jurnalist gəlmişdi ki, Kobanı şəxsən tanıyan qocalardan birinin söhbətini yazsın. Dəqiq yadımda deyil, ya rayon komsomol komitəsindən, ya “Molodyoj Azerbaydjana” qəzeti redaksiyasında məndən xahiş elədilər k, jurnalisti Şüvəlana aparım, “Kobanı” tanıyan qoca ilə görüşdürüm və ona tərcüməçilik eləyim. Bizə demişdilər ki, o qoca neftçi “ellər atası”nı lap yaxşı xatırlayır, hətta bir dəfə Kobanı çar xəfiyyəsindən o gizlədib.
Şüvəlana avtobusla getdik və artıq Kobaya görə məşhurlaşmış qocanı asanlıqla tapdıq. Qoca da çox böyük olmayan bir malikanədə arvadı ilə yaşayırdı. Bizi çox mehriban qarşıladı. Biz hələ mətləbə keçməyə macal tapmamış qocanın özü kimi qıvraq arvadı samovara od saldı, düşbərə bişirdi. Yeməkdən sona süfrəyə ağ şanı da gəldi.
Gözləyirdim ki, qoca özü “gürcü Yusif” haqqında danışmağa başlasın və mən onun sözlərini Moskvalı jurnalistə tərcümə eləyim. Moskvalı jurnalist isə elə hey məni dümsükləyirdi ki, tez elə, denən Kobadan danışsın.

Ardı var…