Əsgərin günlüyü

Əsgərin günlüyü

(Əvvəli ötən saylarımızda)

-Bir gün karaulda naryadda idik. Şəmsər qarovul rəisi idi, mənsə köməkçi, çavuşlardan iki dəyişdirici var idi. İndi sən hərbidəki qanun-qaydanı bilmirsən, qoy bir az onu başa salım ki, məsələni qavramaqda çətinlik çəkməyəsən.
-Aha.
-Qarovulda sıravi əsgərlər qarovul nəfəri olur, amma bunlar hər bölükdəki, nümunəvi əsgərlərdən seçilir, dəyişdiricilər çavuşlardan olur, bir nəfər çavuş ər də qarovul rəisinin köməkçisi, bir nəfər zabit də qarovul rəisi olur.
-Dəyişdirici nədi?
-Qarovul nəfərlərini aparıb postlardakı əsgərlərlə dəyişdirən çavuşa qarovul nəfəri deyirlər. Eləbil başında dəbilqə, çiynində süngülü, daraqlı döyüşə tam hazır avtomat olan yeddi-səkkiz əsgəri ördək balası kimi bir sıra düzür, özü də sıranln başında sıra addımları ilə dəyişdirəcəyi postlara doğru hərəkət edir. Hər postun önünə çatdıqda postakı əsgər məruzə edir, sonra növbəsini təhvil verib sıraya qoşulur növbəti posta gedirlər. Belə-belə bütün postları dəyişib qayıdıb gəlirlər. Rumiyə maraqla soruşdu:
-Gündə neçə dəfə dəyişirlər?
-Nə gündə, iki saatdan bir, əgər hava 35 dərəcədən isti, ya da soyuqdursa, onda saatda bir dəfə.
-Nəcə də maraqlıdır.
-Onda, gəl, bir həftə mənim əvəzimə əsgərlik elə ağlın başına gəlsin.
-Eləyərəm, niyə eləmirəm.
Ovcu ilə Rumiyənin yanağını oxşayıb, baş barmağı ilə ehmalca burnunun ucundan basdı:
-Yavaş, qırarsan…
-Birdə əsgər olacaq…
Dərindən bir ah çəkib gözlərini qıydı, bütün diqqəti ilə sevgilisini süzdü, sanki, onun vücudunu kirpiklərinin arasına həbs etmək, sonsuzadək orada saxlamaq istəyirdi:
-Gözlərinə qurban, Rumu, təsadüfən səninlə qarşılaşmasaydım allah bilir nəçə ay daha həsrətindən Kərəm kimi yanıb külə dönəcəkdim. Böyrünə qısılan sevqilisi:
-Hə canım, Şəmsərdən danışırdın, dedi. Sanki, onun həsrətdən, hicrandan danışmasını istəmir, bu vüsal anının hicranla kölgələnməsini istəmirdi.
-Hə, gülüm, harda qalmışdıq, deyirdim axı, qarovula getmişdik, Şəmsər rəis idi, mən də köməkçi. Lənkarandan Habil adında bir çavuş var idi, bu da dəyişdirici idi. Axşam saat nə bilim, on- on bir olardı, bu gəldi ki, bəs qubalıda pul var, bizə qonaqlıq vermək istəyir. Qubalı da bir avaranın biriydi, qaupvaxtda yatırdı, atası Qubada DYP rəisi idi və ona ayda yüz dollar göndərirdi. Necə olmuşdusa buna elə yaşadığı yerin adıynan qubalı demişdilər, adı da oradan qubalı qalmışdı. Nə isə bu avarada, sən demə, beş-altı “şirvan” pul var, bu yazıq da neçə gündü qaupvaxtda boş-bekar oturmaqdan ürəyi sıxılır, bizim Habilə deyir, gəlin sizə yemək-içmək verim. İndi Habil gəlib mənə deyir ki, necə edək Şəmsəri yatırdaq bizə mane olmasın, sonra əsgərlərdən birini göndərərik çıxıb kənddən kolbasa, konserv, araq, siqarət filan alar. Rumiyə Elxanın qoluna daha ürəklə sarılıb:
-Aha, dedi.
-Hə, Şəmsər oyaq olsaydı əyyaşlıq eləməyimizə icazə verməyəcəkdi, ona görə də birinci onu aradan çıxartmaq lazım idi.
-Yaxşıdı ki, boynuna alırsan.
Elxan gülümsünüb davam etdi:
-Karoul rəisinin otağına girəndə gördüm ki, bu dirsəklərini masanın üstünə qoyub, başını də əllərinin arasına alıb. Dedim, yoldaş leytenant, nə olub, özünüzü pis hiss eləyirsiz?
-Bir az başım ağrıyır, deyəsən, soyuqlamışam.
-Ay allah, harda özünüzü soyuğa verdiniz belə? Xatadan yayın da soyuqlaması elə pis olur ki…
-Dünən idmandan sonra tərli-tərli soyuducudan su içdim, ondan sonra badamcıqlarım şişib boğazım ağrıyırdı, bu gün də başım başlayıb ağrımağa.
-Siz, gedin, istirahət eləyin, mən növbədə qalaram.
-Olmaz, hissə növbətçisi yoxlamaya zada gələr.
-Gələn olsa qapıdakı növbətçiyə deyərəm gecikdirər, sizi qaldıraram. Bir az düşünüb qızarmış gözləri ilə mənə baxdı, sonra:
-Yaxşı, Piriyev, onda mən gedim uzanım, bir şey olsa xəbər elə, oyaq olacağam.
-Narahat olmayın, yoldaş leytenant, onsuz mənim yuxum gəlmir, dedim.
Elxan bunu deyib susdu, dərindən bir ah çəkdi, sanki, aylar öncə tutduğu yanlışın kölqəsi sifətinə düşmüş, rəngini boğmuşdu… Onu xəyallardan Rumiyə ayırdı:
-Bəs sonra?
-Sonra da sənin sağlığın, onu aldadıb göndərdik yatmağa, özümüz də keçdik qaupvaxtın dustaq saxlanan tərəfinə.
-Ora nəyə?
-Qubalıdan pulu alıb bir əsgər göndərdik gedib içki-filan alsın, dustaq otaqlarından da qubalı və iki nəfər başqa dustağı çlxardıq ki, yemək yeyək. Hamımız dustaqxananın koridorunda yerə döşədiyimiz dustaq yataqlarının üstündə bardaş qurub oturduq, sonra aldırdığımız kolbasa, konserv, çörəyi ortalığa düzdük. Təbii ki, litr yarımlıq araq da süfrənin ortasında yerini almışdı.
-Neçə nəfəriydiniz ki?
-Beş; üç dustaq, Habil və mən.
-Hə, sonra nə oldu, sizin qonaqlığınızdan Şəmsərə nə?
-Canım, bir səbr elə biləcəksən. Bunu deyib, sevgilisinin gözlərinin içinə qısqanclığın doğurduğu diqqət və həyacanla baxdı, sanki, orada itirdiyi mühüm bir şeyi axtarırdı. Amma əslində özü də qısqanclıq üçün gərək olmadığını başa düşür və bu şübhəçi xasiyyətindən dolayı çox vaxt utanırdı.
Əli ilə çənəsini ovuşdurub sözünə davam etdi:
-Nə isə yedik-içdik, baxdıq beynimiz yaxşı dumanlanmayb, beş cavana bir araq nə edəcək?. Dedik birini də aldıraq, elə bu vaxt qubalı vələduzna nə etsə yaxşıdı?-deyib, Rumiyənin üzünə baxdı:
-Nə bilim?
-Cibindən hazır doldurulmuş siqaret çıxardı.
-Necə yəni doldurulmuş?
-Anaşa ilə doldurulmuş.
-Hə, belə de.
-Bunu da çəkdik, aləm oldu düz.
Qulaqlarına inanmayan Rumiyyə onun əlinin üstündən möhkəm bir şapalaq vurdu, ürəyi soyumadı kürəyini və çiynini yumruqladı.
-Sən nə işlərlə məşğul olurdun orada? Anaşa nədi elə? Heç utanırsan? Bircə narkomanlığın qalmışdı elə!
Özünü sındırmayıb gülməyə çalışan Elxan işi zarafata salmağa çalışdı:
-Rumu, gözlərinə qurban, cavanlıqda olur elə şey, önəmlisi bu xətadan dönməkdi, həm mən bu zəhrimarda bir dad görmədim, bilmirəm bu başdanxarablar bunun nəyindən əl çəkə bilmirlər.
-Sonra nə oldu?
Elxan ovcunun içində tutduğu əli ehmalca oxşayaraq: sonrasını nə sən soruş, nə mən deyim…
-Niyə, dalaşdınız, ya dustaqlar qaçdı?
-Heç biri olmadı, amma inan o dediklərindən biri olsaydı daha yaxşı olardı.
Rumiyə dözməyib onu dümsüklədi.
-De görək, çatlatma adamı, sonra da şikayətləndi. Sənin də bu xasiyyətin olmaya da, bir söz deyənə qədər adamı çatlatmasan olmaz.
-Elə ki, beynimiz dumanlandı, üstəlik də bir baş nəşəni yandırıb buraxdıq dövrəyə hamının vəziyyəti taraz oldu. Bundan sonra qubalı dedi ki, bəs pul var, deyirsiniz gedək yenə içki, bir az da kolbasa alaq. Dedik yaxşı. Habillə bu durub getdilər kəndə. Üstünən on dəqiqə keçməmiş nə görsək yaxsdı? Hissə növbətçisi bunların ikisini də qatıb qabağına gətirir.
-Niyə ki?
-Necə niyə? Sən də aləmsən eee. Həm içkiliydilər, həm də qubalı dustaq idi. Həm də bu hər hallarından bəlli idi. Habilin daraq çantası üstündə, yaxa bacası açıq, qubalının da dustaq olduğundan dolayı ayaqqabılarının qaytanı, kəməri, papağı yox idi, bunlar olsa belə, hər gün axşam düzülüşünə çıxarıldığından dolayı nəinki, hissə növbətçisi, hissədə az qala hər kəs onun dustaq olduğunu bilirdi.
-Elə yerdən gedərdilər ki, hissə növbətçisi görməsin də.
-Elə axmaqlıqları orada olub da. Birinci dəfə kəndə gedən əsgər ehtiyatlı tərpənib yeməkxananın və mədəniyyət evinin arxasından dolanıb getmişdi. Amma bu dəfə Habilgil kefli olduqlarına görə dünya veclərinə olmayıb, daha düşünməyiblər ki, hissə növbətçisi, ya da cavabdeh şəxs onları görə bilər. Ona görə də birbaşa qərargahın önündən keçiblər ki, öz aləmlərində yolları qısa olsun.
-Qısa eləməkləri də o olub ki, ilişiblər?
-Ay sağ ol…
-Hə, birdə gördük hissə növbətçisi bunları qatıb qabağına gətirir, arxalarınca da kim gəlsə yaxsıdır?
-Hardan bilim?
Elxan sanki, niyə bilmədiyinə təəccüblənibmiş kimi gözlərini bərəldib ona baxdı, dodaqlarını büzüb davam etdi:
-Hissənin cavabdeh şəxsi, o da bilirsən necə qansızın biri idi? Cəmi bir həftə ondan qabaq öz qardaşı oğlunu qarnizon qaupvaxtına göndərmişdi. Nə isə, bayırdakı iki dustağı tələsik yerlərinə qatdım, qaupvaxtın önündəki qarovul nəfərini heç nə görmədiyi barədə tənbehlədim, ağzımdan gələn iyi itirmək üçün cibimdəki siqaretin içərisindən beş-altısını ağzıma atıb filtirli zadlı çeynəyib, uddum və bu qarmaqarışıqlıqda Şəmsəri xəbərdar etməyi unutdum.
-Sənə heç nə eləmədilər?
-Daha neynəməliydilər ki? On dörd gün qaupvaxtda yatdım.
-Bildilər içdiyinizi?
-Niyə bilmirlər ki? Hər şey ortalıqda idi, boş araq şüşəsi, bardaqlar, yemək qırıntıları, hər şey…
Mən içkili, Şəmsər yuxulu tutulandan sonra bizim bölüyə həyəcan verildi, yeni dəstə gəlib bizi dəyişdirdi. Şəmsəri, Habili və məni də atdılar qaupvaxta. Habillə mən on dörd gün, Şəmsər düz bir ay istirahət elədik.
-Niyə sizə iki həftə ona bir ay?
-O zabit idi, ayrıca qarovul rəisi idi və bu hadisələr onun birbaşa məsul olduğu saatlarda baş vermişdi.
-Qaupvaxt necə yerdi ki? Qardaşımı da əsgərlikdə salıblar ora, o həmişə deyirdi qaupvaxta şuluqçuları qatırlarmış.
-Ora əsgərləri cəzalandırmaq üçün qatırlar. Amma müvvəqqəti cəzalandırmaq üçün. Əslində ən çox on günlük həbs edə bilərlər, amma qanun-qaydanın olmadığı yerdə kim nə qədər istəsə o qədər də həbs edə bilər.
-Bəs, sizi niyə on dörd gün qaupvaxtda saxladılar?
-Ürəkləri elə istədi, amma bilirsən, Rumu, əslində iki həftə yox iki ay da saxlasaydlar yenə də bizim hissə komandanlığına çox sağ ol deməyimiz lazımdı. Çünki, qanunən bizə iş düşürdü, on dörd günlə canımızı qurtardığımıza sevinməli idik.
-Yəni sizi tuta bilərdilər?
-Bəs necə? Hələ qubalı da elə bir axmaqlıq eləmişdi ki, sadəcə onun ucbatından hərəmizə rahatca üç-dörd il düşürdü.
-Nə etmişdi ki?
-Bu axmağın cibində sən demə daha bir anaşa ilə doldurulmuş hazır siqaret var. Qıyımsızlığından həç olmasa otun içinə filana da atmayb ki, sabahı gün götürə. Elə cibində saxlayıb. Bizi həbs edib qaupvaxta qatanda üst-başımızı da axtardılar, onda qubalının cibindən bu zəhrimar çıxsa, necədi səninçün? Nə isə, uzun sözün qısası bizi müddətsiz qatdılar içəri. Ertəsi gün bölük dəyişildi, yeni karoul gəldi. Təzə karoul rəisi karoul evinin həyətinə girdikdən sonra qaupvaxtın önünə gəldi, orada dustaqların təhvil-təslimi olunurdu- dedi, dünənki biabırçılığı çıxaranlar keçsin bir tərəfə. Dedim görəcəkli günlərimiz varmış. Habillə məni qatdılar ayrıca təkadamlıq kameraya, içinə də quru xlor töküb, beş-altı vedrə su doldurdular.
Rumiyə onun sözünü kəsdi:
-Sizi quyuya salmışdılar?
-Elə onun kimi bir şey idi. Təkadamlıq kamera bilirsən necə yerdir? Sonra cavab gözləmədən davam etdi, bu yerlər haqqında heç bir təssəvvürü olmayan birindən nə cavab gözləyə bilərdi ki? Təkadamlıq kamera iki metr uzunluqda, bir metr enində, üç-dörd metr hündürlüyündə, pəncərəsiz, dəmir qapılı bir otaq olur. Arxa və ya yan divarında lap yuxarıda kiçicik şüşəsiz nəfəslik, qalın dəmir qapısının üstündə qarovul nəfəri istəyəndə içəri baxa bilsin deyə balaca girdə dəlik, döşəmə dəhlizin səviyyəsindən qırx altmıış santım aşağıda olur. Orada dəmirdən hazırlanmış iki dirək və onların üstünə atıb uzanmaq üçün dəmir çərçivənin içinə mıxlanmış taxta yataq olur.
-Siz ikiniz o daracıq yerdə qalırdınız?
-Başqa əlacımız yox idi ki…
-Bəs necə yatırdınız, növbə ilə?
-Nə yatması? Birinci gün xlorun iyi gözlərimizi tökdü, həm taxta yatağı da götürmüşdülər, hərəmiz bir tərəfdə dəmir dirəyin üstündə oturub tara çıxmış toyuq kimi mürgüləməyə çalışırdıq.
-On dörd gün elə o xolorun içində qaldınız?- deyə soruşdu, sonra yanağını çiyninə söykəyib əlavə etdi. Necə də insafsız adamlar varmış, görəsən mənim qardaşım da qaupvaxtda olanda elə kameraya qatıblar?
-Sənin qardaşını bilmirəm, amma bizdə təkadamlıq kameraya hər dəqiqə dustaq qatmırdılar, ancaq ən islaholunmaz sayılan əsgərləri və ya bizim kimi aləmi bir-birinə qatanları qatırdılar.
-Bəs, gecələr necə yatırdınız?

Ardı var…