Məlum olduğu kimi, bir müddətdir Bakı şəhərində avtomobilərin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı vəziyyətə nəzarət Bakı Nəqliyyat Agentliyinə verilib.
Parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi ilə artıq DYP deyil, BNA məşğul olur. Qısa zaman ərzində bu halla bağlı çoxlu sayda şikayətin olduğu nəzərə çarpır. Belə kütləvi narazılıqları biz sosial şəbəkələrdə də izləyirik. İnsanlar avtomobilin içində otura-otura, bir neçə saniyəlik kimisə düşürmək üçün maşınlarını saxladıqlarına görə onlara cərimənin yazıldığını bildirirlər. Belə narazılıqlar hətta tanınmış şəxslər tərəfindən də edilir. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu mövzuya toxunaraq öz “Facebook” profilində qurumun sürücülərə qan uddurduğunu yazıb: “BNA sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir. Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur”.
Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi “Bakı-Xəbər”ə açıqlamasında ittihamlarla razılaşmadığını bildirdi: “Deyək ki, bir nəfər oturub avtomobilin içində və qəza işıqlarını yandırıb. Axı bu ona əsas vermir ki, hərəkətə maneçilik törətsin. Sizin sürücülük vəsiqəniz varsa, bilməlisiniz ki, yolda dayanma və durmanı qadağan edən nişan varsa, orada, ümumiyyətlə, avtomobili saxlamaq olmaz. Bizdə həmin qayda pozuntularını xüsusi kameralar qeydə alır. Onların iş prinsipi belədir: hansısa nəqliyyat vasitəsi gəlib qadağan olan yerdə dayanırsa, xüsusi kameralar onu dərhal qeydə alırlar, kamera bir də 5-6 dəqiqədən sonra həmin yerə nəzər salır, həmin maşın ordadırsa, yenidən onun üzərinə qayıdıb onu qeydə alır. İndi gəlin bir qədər insafla danışaq. 5-6 dəqiqə adamlarla dolu böyük bir avtobusun boşaldılması üçün də kifayət edən vaxtdır. Necə ola bilər ki, bir avtomobil saxlayıb adamı düşürdəndə belə bir cərimə qeydə alınsın? Bir neçə saniyəyə görə heç kimə cərimə yazılmır”.
Qurum rəsmisi deyir ki, onların məqsədi insanları incitmək deyil: “Biz istəyirik ki, nəqliyyatın hərəkətində xaos yaranmasın. Sonra belə fikirlər səslənir ki, insanlar narazıdır. İndi gəlin kimin bu işdən razı, kimin isə narazı olduğunu aydınlaşdıraq. Bu gün mənim imkanım varsa, avtomobil alıram. Yəqin narazılıq edən daha çox o təbəqədir. Gəlin görək, avtobusla hərəkət edən adamlar necə münasibət bəsləyir? Onlar bu hərəkəti təqdir edirlər. Yolları təmizləməklə biz avtobusların hərəkətinə normal şərait yaradırıq. Bununla biz həm də şəhər mərkəzində insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırırıq”.
“Cərimələrlə bağlı şikayət etmək mexanizmi necədir” sualına Mais Ağayevin cavabı belə oldu: “Vətəndaşların apelyasiya hüququ tanınır. Heç nə dəyişməyib. Sadəcə, inzibati tənbehi tərtib edən orqanın adı dəyişlib. Əvvəl bu işi DYP edirdi, indi BNA edir. Vətəndaş narazıdırsa, onda qərardan şikayət edə bilər. Şikayətləri onlayn və yazılı şəkildə edə bilərlər. Belə şikayətlər hazırda daxil olur və obyektiv şəkildə araşdırılır. Biz yalnız foto çəkmirik. Aparatlar eyni zamanda videoqeydiyyat da aparır ki, mübahisəli məqamları daha dəqiq aydınlaşdıra bilək. Məsələn, biri deyir ki, mən bir neçə saniyəlik saxladım, amma şəklimi çəkdilər. Onda kamera qeydlərinə baxılır. Bir sözlə, bütün bu işlər vətəndaş məmnunluğu üçündür”.
Məhəmmədəli QƏRİBLİ