Balakən fermerləri İnam Kərimovdan imdad diləyir…

0
11

 

Rayonda əkinçilik də inhisara alınıb.

Ucqar Balakən ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Bu rayonda aqrar sektorun bir çox sahələrinin inkişafı üçün əla təbii şərait mövcuddur. Tütünçülük, ipəkçilik isə Balakən üçün spesifik, qazanclı məşğuliyyət növlərindəndir. Ötən ilin avqust ayının 4-də Qax rayonunda keçirilmiş müşavirədə ölkə prezidenti , cənab İlham Əliyev də tütünçülüyün, ipəkçiliyin inkişaf etdirilməsindən söhbət açmış, rayon rəhbərlərinə müvafiq tapşırıqlar vermişdi.Həmin müşavirədə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev də ölkə prezidentinə vəd etmişdi ki, tütünçülüyün, ipəkçiliyin inkişafı üçün əlindən gələni edəcək.

1

Aldığımız məlumat təsdiq edir ki, İ.Rzayev əlindən nə gəlirsə edir, ancaq təəssüf ki, onun etdikləri həmin sahələrin inkişafına deyil, tənəzzülünə “xidmət” göstərir.  Beləki, Balakəndən bizimlə əlaqə saxlayan iki əmioglu- Əhməd və Adil Bodurovlar sözün əsil mənasında həyəcan təbili çalıblar. Çünki, zaman onların xeyrinə işləmir. Hər ötən gün fermerləri böyük itkiyə çəkir. Adil Bodurovun becərdiyi tütün şitillərini əkmək üçün ayrılmış torpaq sahəsi əlindən alınıb, Əhmədə isə götürdüyü barama qurdunun saxlanılmasına lazım olan yer ayrılmayıb. Xatırladaq ki, bu, Əhməd Bodurovun rastlaşdıgı ilk maneə deyil.

2

Ötən il rayon bürokratlarının işpozanlıqlarıyla dəfələrlə qarşılaşmış Əhməd, Prezident Administirasıyla yanaşı bir çox nazirliklərə və eləcə də Kütləvi İnformasiya Vasitələrinə (KİV) müraciət edərək kömək istəmişdi. Ötən ilki müşavirədən sonra A.Bodurov da həvəslənib Qullar kənd bələdiyyəsiylə müqavilə bağlayaraq tütün əkmək üçün torpaq sahəsinin ayrılmasına nail olubmuş. Müqavilə əsasında 8 min 500 manat kredit də götürərək işə başlayıb, tütün şitillərinin becərilməsini təşkil edib. Elə ki, şitilləri sahəyə köçürmək zamanı gəlib, fermer görüb ki, müqavilə ilə ona ayrılmış sahədə qarğıdalı səpini aparılıb.

Deyilənlərə inansaq, həmin sahəni Kənd Təsərrüfatı idarəsinin məsul şəxsi ələ keçirib. İndi, Adil haralara müraciət edib, minbir əziyyətlə ərsəyə gətirdiyi şitillərin əlində qaldığını bəyan etsə də, eşitdiyi bir cavab olub, get, başını hara bərkdi ora vur.

Adilin əmisi oğlu, birinci qrup gözdən əlil Əhməd Bodurovun vəziyyəti daha ağırdı. O, neçə illərdi ki, fermer təsərrüfatının inkişafı üçün xeyli əziyyət çəkib. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğundan ölkə prezidentinə xüsusi rəğbət bəsləyir, onun təşəbbüslərinə ilk olaraq dəstək verməyə çalışır.

Təəssüf  ki, əksər hallarda problemlərlə üzləşib, yuxarı instansiyalardan imdad diləmək məcburiyyətində qalıb.

1

O da 8 hektar sahədə tütün əkib. Sahəyə baxış keçirən Azərtütünün nümayəndələri akt bağlayaraq 6 hektar sahənin becərildiyini qeyd etməklə, bəri başdan Əhmədə bir xeyli ziyan vura biliblər.

Ə.Bodurov həm də baramaçılıqla məşğul olur. Bu il 164 qram barama qurdu götürüb. Onların bəslənməsi üçün fermerə 300 kv.m yer lazımdı. Dəfələrlə aid təşkilatlara müraciət etsə də, hər dəfə rədd cavabı eşidib. İndi, ötən hər gün Bodurovları ciddi itkilərə yaxınlaşdırdığından, bir çox instansiyalara müraciət etməli olublar. Təəssüf ki, hələlik heç bir sevindirici xəbər yoxdur.

Millətim.info-a  müraciət edən Ə.Bodurov yeni Kənd Təsərrüfatı naziri İnam Kərimovdan xüsusi olaraq imdad dilədiyini bəyan edib. O, nazirə inandığını, onun daha öncə rəhbərlik etdiyi  “ASAN” xidmətdəki uğurlarını aqrar sahədə davam etdirəcəyinə böyük ümid bəsləyir. Biz də inanırıq ki, ucqar Balakən rayonunda fermerlərin qarşısına çəkilmiş “sədd” tezliklə aradan qaldırılacaq, onların çəkdikləri əziyyət və sərf etdikləri vəsait hədər getməyəcək.

 

Turan