Ramiz Tağıyev
“Oğrular elə bağırır ki, doğruların bağrı yarılır”
(III Yazı)
Əvvəli bu linkdə:http://milletim.info/?p=32787
Yəqin ki, nəyə işarə vurduğumu müəyyən etmək çətin deyil. Siyasət və mətbuat nümayəndələrinin həbs olunmasında “dovşan taktikası”ndan açıq-aşkar istifadə olunur. Bugun dünyanın istənilən ədalətli məhkəməsində sübut də bilərəm ki, həbslərimin hamısı qurama, iyrənc üsullarla, uzəduranlardan şərəfsizcəsinə istifadə edilməklə baş tutub.
Biz 70 il Azərbaycanı rus imperiyası altında inlədən kommunist nomenklaturasına qarşı heç bir cəzalandırma tədbirindən istifadə etmədik. Millətimizin övladlarıdır deyə,düşündük. Yanılmışıq… Ölkəni talamağa öyrəşmiş kommunistlərin əlindən, talançılıq imkanlarını yox etməklə onlara nə boyda “dağ” çəkdirdiyimizin fərqində olmamışıq. Görünən odur ki, qisasları amansız və barışmazdır.
Jurnalist Sərdar Əlibəylinin həbs olunma motivi də hədsiz gülünc idi. Tanımadığı, ömründə rastlaşmadığı narkomana dəmir parçasıyla xəsarət yetirdiyini iddia etdilər. Bizlərin ömrü, ailəsi, azadlığı, haqqı-hüququ, ölkənin prezidenti qarışıq, hər hansı məsulunu düşündürməyib. İnanmıram ki, bundan sonra da düşündürsün. YAP iqtidarının 25 illik siyasəti bunu söyləməyə tam əsas verir. Əksəriyyətini kommunistlərin təşkil etdiyi bu iqtidarın sağlam rəqabət aparmaq qabiliyyəti, potensialı olmadığından, yalnız zorakı metodlardan istifadə kursunu seçib. Belə deyilsə, onda nədən, bloqqer Mehman Hüseynovun bir-iki villa çəkişişinə dözümsüzlük nümayiş etdirib, onu da azadlığından məhrum etdilər. Guya ki, kommunist “yoldaş”ların villası-filanı yoxuymuş. Axı, kim bilmir ki, məmurlar arasında həm də villa tikdirmək rəqabəti mövcuddur. Tikdirdikləri villaların, obyektlərin dəyəri on milyonlarla ölçülə bilər. Halal zəhmətinizinmi bəhrəsidir bunlar?! Əlbəttə, Mehman Hüseynov çəkib, nümayiş etdirdiyi villaların kimlərə məxsus olduğunu özü müəyyən edə bilməzdi. Təbii ki, həmin informasiyanı ona iqtidar içindəki barışmaz rəqiblər ötürməsəydi.
Biz, səriştəsiz deyilik!
25 ildir YAP iqtidarı öz korrupsiyalaşmış hakimiyyətini sığortalamaq üçün cəmi 11 ay iqtidarda olmuş AXC-Müsavat çütlüyünü qaralamaqdadır. Hətta, bu günkü çatışmazlıqları, uğursuzluqları həmin iqtidarın ünvanına yazmağa çalışılır. Məndə, həmin dövrü ideallaşdırmağa çalışmıram. Ancaq, ataların gözəl bir deyimi var, “göndərirsiniz bitməz işə, adını qoyursunuz yarıtmaz”. Əlbəttə, məsələ deyildiyi kimi deyil, hər bir işi bitirmək, sona çatdırmaq mümkün olur. Bunun üçün isə, zamana xüsusi ehtiyac duyulur. Biz, SSRİ imperiyasının xarabalıqları üzərindən hakimiyyətə gəlmişdik. Məhz, kommunistlərin yalanları, utopik nəzəriyyələriylə idarə olunub, xarabalığa çevrilmiş imperiyadan sonra. Kim bilmir ki, ötən əsrin 75-ci ilindən sonra, SSRİ imperiyası ciddi iqtisadi böhran keçirirdi…
Ət, yağ və hətta bitki yağları defisitə çevrilmiş, yalnız imtiyazlı şəxslər üçün piştaxtanın altından satılmasına şərait yaradılmışdı. Dünyanın heç bir yerində istifadə olunmayan “kremplin” parça, “balon plaş”lar üçün minlərlə insan növbəyə dayanırdı. Qətiyyətlə söyləyə bilərəm ki, SSRİ imperiyasının çökməsində iqtisadi böhran əsas səbəblərdən biri idi. Məhz, həmin ciddi böhrandan sonra iqtidara gəlmək AXC-Müsavat iqtidarının qismətinə yazıldı. Üstəlik də, müharibə… Minlərlə AXC üzvü könüllü olaraq cəbhəyə yollandı. Minlərlə AXC üzvü müqəddəs torpaqlarımız uğrunda şəhid oldu. Rus-erməni birləşmələrinə qarşı vuruşmağımıza baxmayaraq, bir çox qələbələrə imza ata bildik. Böyük qələbələrimiz mütləq olacaqdı. Xankəndinə bayraq asacağımız günə çox yaxınlaşmışdıq. Bizim iqtidarımız “əsrin kontraktı”na daha sərfəli şərtlərlə imza atmağa hazırlaşırdı. Milli iqtidarın uğurları Rusiya, Ermənistan və İranı təşvişə salmamış deyildi. Rusiyanın Elçibəy iqtidarı zamanı Azərbaycanda səfiri olmuş Şoniyanın öz ölkəsinə ünvanlamış olduğu teleqramla tanış olduqdan sonra, bir daha təsdiq olundu ki, AXC-Müsavat iqtidarının devrilməsi planı həmin ölkədə hazırlanıb. Bu “işdə” “sapı özümüzdən olan balta”ların “xidməti” də az olmadı.
Bu, bir həqiqətdir ki, bizlər, rüşvət və korrupsiyaya bulaşmaqda səriştəsiz olduq, rəqiblərimizə zülm çəkdirməyi bacarmadıq. Danışan dilləri susdurmağı, həbsxanaları doldurmağı məqbul hesab etmədik. Səriştəsizlik bunları hesab edirlərsə, etiraf edirəm, biz, bu sahələrdə tam səriştəsiz olmuşuq.
İşləyirdik, gecə-gündüz çalışırdıq. Mənim də, qismətimə “blokada” şəraitində yaşamağa məhkum edilmiş Culfanı idarə etmək düşmüşdü.İran Culfasıyla aralıqda müştərək bazar açılmasına nail oldum ki, həmin bazardan hər kəs sərbəst istifadə edib, ən zəruri ərzaq ehtiyaclarını ödəyə bilirdi. Az bir müddətdə Arazın üstündən 10 meqavat elektirik xəttinini çəkilməsinə nail olduq. Özəlləşdirməyə başladıq. Culfa rayonunun Gal və Şurut kəndində aparılmış özəlləşdirmə, düz 10 il Azərbaycan telekanallarında nümunə kimi təbliğ edildi. Təbii ki, özəlləşdirmə lahiyəsinin müəllifinin adı çəkilə bilməzdi. Aclıqdan, səfalətdən intihara kimsə əl atmazdı. Müdafiə işini yüksək səviyyədə qurduq. Rayon rəhbərliyilə yanaşı, həmdə könüllü batalyona rəhbərlik etdim. Naxçıvanla yanaşı, ölkənin digər regionlarının müdafiə işinə köməkliyimizi əsirgəmədik. Təəssüf ki, demokratiya və azadlıqlardan israfçılıq edənlərimiz də tapılırdı. Zamanı, şəraiti, müharibəni, imkanı nəzərə almadan elə tələblər irəli sürülürdü ki, həmin bədbəxtlər 70 illik sovet hakimiyyətində bunları ağıllarına belə gətirə bilməzdilər. Bizim isə, ən əsas vəzifəmiz müdafiə işinin təşkili, müqəddəs torpaqlarımızın qorunması, azad olunmasıydı. Elə həmin səbəbdən də, “KQB” agentləri ara qarışdırır, təxribatlar edir, sabitliyi pozmağa cəhd göstərirdilər. “KQB”nin Culfa rayon şöbəsinin fəaliyyətini dayandırmaq barədə sərəncama imza atdıqdan sonra, rayonda tam sabitlik hökm sürməyə başlandı.
Bir faktı xatırlatmaq yerinə düşər: Rusiya, Ermənistanda Qarabağ uğrunda vuruşmuş, Xocalı qətliamını törətmiş Köçəryanı, Sərkisyanı hakimiyyətə gətirməklə, bir daha təsdiq edirdi ki, Qarabağın işğal olunmasında maraqlı olub və terrorçuların iqtidarını birmənalı dəstəkləyəcək. Əvəzində, ermənilərə qarşı vuruşmuş Vətənsevər azərbaycanlıları həbsxanalara dolduran rusiyayönümlü iqtidara dəstəyini heç bir zaman əsirgəmədi. Özümüzkülər tərəfindən qətlə yetirilmiş qəhrəmanlarımızın sayı onlarladır. Biz, səriştəsiz deyildik, sadəcə, Vətənsevər, Millətsevərdik. Hakimiyyət uğrunda savaş, qan tökmək, bizlərin əqidəsinə, siyasi baxışlarına, mübarizəsinə uyğun deyildi. Səriştə xalqa zülm etmək, Millətin vətənpərvər övladlarının haqqına girmək, milyardlara sahib çıxmaqdırsa, mən, tam qətiyyətlə, hətta, şərəfli mübarizə, döyüş yolu keçmiş qardaşlarımın adından da etiraf edirəm, Biz, Səriştəsizik!
İqtidar bizimlə sağlam rəqabətdən daim çəkinib…
Atalarımızın bir gözəl məsəli də var: “igid basdığın kəsməz.” Biz, belə olduq. Əlimizdə silah, ətrafımızda on minlərlə igidin olmasına baxmayaraq, özümüzün sayılan hər bir kəsə güc nümayiş etdirməkdən çəkindik. Qarşılığı nə oldu? Şər-böhtanlara, hücumlara, təqiblərə, bir sözlə, antimilli ünsür adlandırılaraq, cəmiyyətə “vətən xain”ləri kimi təqdim edildik. Əslində, bu iqtidarın bizlərdən qorxmağının başlıca əlamətidi. Debatlardan, dialoqlardan ehtiyatlanır, cənab iqtidarımız…Nədən danışsınlar, axı…Rüşvət, korrupsiya, ədalətsizlik baş alıb gedir, Azərbaycan adlanan ölkəmizdə. İqtidar yetkililərinin, xüsusilə, ölkə prezdidenti İlham Əliyevin təbliğatında əsas bir məqam önə çəkilir, ölkədə sabitlikdir. Əslində bu sabitlik deyil, insanların ümidsizliyə qapılıb, əllərini ya sinələrində çarpazlaması, yada ki, yanlarına salıb, farağat dayanmalarıdır. İqtidarın əsas təbliğat tezisi, ölkəni Suriyaya çevirmək istəyən qüvvələr barəsində söylədikləri uydurmalarıdır. Azərbaycan iqtidarın özünəməxsus qaydalarla deyil, qanunlarla idarə olunarsa, heç bir zaman Suriyaya çevrilməz, əksinə, sivil Avropaya birmənalı inteqrasiyası baş verər. İqtidarımız isə, nəinki öz vətəndaşlarıyla və hətta, xahiş, minnətlə qatıldığı Avropa təşkilatlarıyla da dialoqlarda maraqlı görünmür. Günlərin birində Avropa Şurasından imtina ediləcəyinə, kimsə təəccüblənməsin.
Sirr deyil ki, belə bir addım yenidən ölkəmizi Rusiyanın əsarətinə atar və torpaqlarımızın yenidən işğalına şərait yaradar. Ölkənin taleyindən hər bir vətəndaşımızın sorumluluğu var. Müqəddəs Vətənimiz hamımız üçün Tanrının ən əziz payıdır. Burada azad yaşamaq, fəaliyyət göstərmək, mövqe sərgiləmək haqqımızdır. Seçib-seçilmək də hüququmuzdur. Gündəlik həyatımızda isə, bunları yalnız xəyallarımızda canlandıra bilirik. Ölkə prezidentinin hər nitqində bizləri antimilli ünsür adlandırması açıq-aşkar söyləməyə əsas verir ki, O, bununla ətrafına, təqib edin onları, lazım gəlsə həbsxanalara atın, mesajını verir əslində. Bizlərin müdafiə haqqı-hüququ çoxdan əlimizdən alındığından, görəcək bir iş də qalmayıb. Tənqid düşməçilik, müxaliflik radikallıq kimi qəbul edilib. Müxalifət partiyalarının fəaliyyəti tam məhdudlaşdırılmış kimidir. Telekanallarda müxalifət nümayəndəsi görünə bilməz və eləcə də tənqid səsləndirilməsi mümkün deyil. Bir zamanlar, sonradan YAP-çılaşmış kommunistlər belə tənqid və özünə tənqid imitasiyası da olsa, görüntü yaratmışdılar. Antidemokratik Rusiyanın təsirindən çıxa bilməməklə, düşünürəm ki, “kommunizm” uzun müddət Azərbaycanda iri addımlarla irəliləyəcək. Əslində, Rusiyada yalnız çar II Nikolayın zamanında olub. Bizim iqtidardakı kommunistlərimiz yəqin ki, Volodya Leninin həyatı barədə yazılanları çox mütaliə ediblər. Dövrün tələblərinə uyğun “Qohumlarının Lenin haqqında xatirələri”ni məndə oxumuşdum. Bacısı yazırdı ki, anam II Nikolayın yanına gəlib, xahiş etdi ki, Volodyanın xəstəliyini nəzərə alıb, sürgün yerinə onu ailəmizin yola salmasına şərait yaratsın. Çar bu təklifə razılıq veribmiş. Bu, demokratiya, humanistlik deyilmiş, bəs nə imiş? Bizim iqtidarımız, XXI əsrdə jurnalistləri, siyasi müxalifət nümayəndələrini şər-böhtanla bir anda həbs etdirir və dərhal qapalı istintaq təcridxanasına “ezamiyyət”ə göndərir. Birdən azadlıqda qalıb, özlərinin daha güclü müdafiələrinə təşkil edə bilərlər.
İqtidarda olan tanışlarımdan bəziləri “prezident səni vaxtından əvvəl azadlığa buraxdırdı, sən isə tənqid edirsən”-deyirlər. Təbii ki, cavabım belə olur, günahsız həbslərimin bədəlini kim ödədi, məşəqqətlər içində üzülən ailəmin əllərindən alınmış sevincini, ömrümdən alınmış 7 illik bir zamanımı qaytaran oldumu? Şəxsən mənə bu cür azadlıq həbsxanadan daha acıdır. Haqsız-hüquqsuz, işsiz-gücsüz, imkansız azadlıq nəyə yetər ki? Bir daha təkrar edirəm, Milli Azadlıq Hərəkatı mübarizləri ölümə məhkum edilmiş kimidirlər. Biz, 25 il dözdük… Övladlarımız necə, dözməlidirlərmi? Təəssüf ki, bizlər bizdən qorxan, bizimlə sağlam rəqabətdən, dialoqdan, debatdan qaçanların əlində aciz qalmışıq. Etiraf edirəm, YAP iqtidarı ölkənin sərvətindən, büdcəsindən yararlanaraq rəqiblərini zərərsizləşdirə bilir. Bu, müvəqqətidir… Bizləri ölümə məhkum etsələr də, sakitcə və ya yataqda ölümümüzü gözləməyək, mənim mübariz Qardaşlarım!