Tarixin izində…

1

Zahid Qasım

Bakı Dövlət Universiteti , Tarix fakültəsi ıv kurs

 

Güzdək qəsəbəsi: 17 sentyabr 2017-ci il

Yolum Güzdək qəsəbəsinədir. Kənd haqqında elə bir məlumata sahib deyiləm. Allahın köməyi ilə kəndə gedən 553 nömrəli avtobusda kənd sakinlərindən Lazım adlı şəxs məni Gülbala dayıya yönləndirir. Birlikdə evlərinə gedib çay süfrəsi arxasında söhbətə başlayırıq:

– Gülbala dayı, bildiyimiz kimi 1918-ci ilin avqust ayının əvvəllərindən etibarən Qafqaz İslam Ordusunun azad etdiyi ərazilərdən biri, məhz, hazırda olduğumuz Güzdək kəndidir. Türk və Azərbaycan qoşunlarının kənddəki fəaliyyəti ilə bağlı hansı bilgilərə sahibsiniz?

– Həmin dövr xatirələrini mənə anam Ağanisə Murad qızı danışıb. Anam deyərdi ki, türklər kəndə gələndə 15 yaşım vardı. Nuru paşa anamın atası Kərbəlayi Murad bəyin evində olub. Anam deyərdi ki, özü türklərə qulluq edib. Kənddəki Mehdi dəvəliyi adlı yeri türk qoşunları özlərinə qərərgah olaraq seçiblərmiş. Ümumiyyətlə, bura yaxın bölgələrdə türklərin üç qərərgahı olub. Biri Güzdəkdə, digərləri isə Qobu və Hökməlidə. Babamgilin evindən, təxminən, 10 metr aralıda qoşunların silah anbarı, həmçinin, həyat yoldaşımın atası Abbas Daşdıyevin evində isə hərbi qospital fəaliyyət göstərib.

– Gülbala dayı, əgər yaddaşınızda qalıbsa, ananızın türklərlə bağlı verdiyi hansısa xatirəni bizimlə bölüşə bilərsinizmi?

– Oğlum, bax o silah anbarı dedim ha onun yerini Bakıdakı ingilislər kəşfiyyat vasitəsilə öyrənir. Cəbbəxananı partlatmaq üçün ingilis təyyarəsi oranı bombalayır. Xoşbəxtlikdən elə olur ki, bomba anbara yox, onun yaxınlığındakı əmimgilin evinin üstünə düşür.  Həmin vaxt evdə əmim yox imiş, onun həyat yoldaşı və uşaqları var imiş. Əmicanı və uşaqlardan biri ölüb. Bir qızın isə qəlpə döş nahiyəsini yaralayır. Əgər bomba silah anbarına düşsə idi, Güzdək kəndi dağılardı. Silah, yəni, o qədər çox idi. Ümumiyyətlə, ingilislər kəndə üç dəfə bomba atıb. Bunlardan biri də, indi xırman deyilən əraziyə düşərək oranı məhv edib.

– Bakı kəndlərinin sakinlərinin həmin dövr hadisələri zamanı fəaliyyətinə baxsaq, kəndlərdən çıxan qoçuların qəhrəmanlığının şahidi oluruq. Qonşu  Qobuda, Hökməlidə bununla bağlı xatirələr eşitmişəm. Bəs, Güzdəkdə necə bu cür cəsur oğullar olubmu?

– Olub, əlbəttə. Allah rəhmət etsin kənddə Bəhərçin və  Ələkbər adlı iki dost varmış. Görənlər deyir ki, Ələkbər həmişə üstündə silah gəzərmiş. Bir gün Bəhərçinlə Ələkbər eyvanda oturublarmış ki ingilis təyyarəsi silah anbarına tuşlanan bombanı atdıqdan sonra pilotun  təyyarəni aşağı yüksəklikdə sürdüyünü görüblər. Elə bu vaxt təyyarə eyvanın yaxınlığından keçərkən pilot eyvandakılara baxıb gülür. Ələkbər silahı ilə pilotu vurub. Təyyarə kənddə Zəfəran dərəsi deyilən yer var oraya düşüb. Türklər bundan xəbər tutanda soruşublar ki, bunu kim yaptı? Bəhərçin deyib Ələkbər. Türklər də, bunun qarşılığında Ələkbərə onatılan hədiyyə ediblər. Sonralar bu iki dost türk qoşunlarına qoşulub Qarabağ bölgəsində soydaşlarımızın yardımına getmişdilər.

Gülbala Əbdülbalıyevin həyat yoldaşı məlumat verir:

– Atam Daşdıyev Abbasın evi türklərin qospitalı olub. Qardaşım Baba ilə yadımdadır uşaq vaxtı qapımızda qazıntı olanda kürək sümüyü, qol tapıb daşıyırdıq. Anamgil uşaq olduğumuz üçün bizə bunların ölən türk əsgərlərinin sümükləri olduğunu demirdilər. Yadımdadır ki, həmin evi atamgil sökəndə dairəvi, zəncirli bir saat da tapdıq. Yaşlılar dedi ki, ola bilsin bu türk əsgərlərindən birinin olub.

gulbala

Gülbala dayını ziyarət edərkən

zeferan dersei

Zəfəran dərəsi

 

hospital

Daşdıyev Abbasın mülkü (Türk qoşunlarının hərbi hospitalı)

 

Digah qəsəbəsi: 9 may 2018-ci il

Öncədən bildiyim kimi 1918-ci ilin 26 avqust tarixində Yanardağ ətrafında gedən döyüşlər sonrası adı keçən təpə Qafqaz İslam Ordusu tərəfindən ələ keçirilib. Mənbələrdə 311-ci təpə olaraq qeyd edilən təpə ətrafındakı Yanardağ cəbhəsi Uktə nöqtəsi olaraq adlandırılır.  Digaha etdiyim səfər də, məhz, bu tarixi hadisə ilə bağlı idi. Kənd sakinləri məni Zeynəb nənənin evinə qədər ötürdülər. Yaşlı insanın evində qonaq oldum. Zeynəb nənə babası Yarməmməd Seyidməmməd oğlunun mülkü haqda məlumat verdi. Dediyinə görə 1914-cü ildə kəndin imkanlı şəxslərindən olan babası bu mülkü tikdirib. 1918-ci il hadisələri zamanı kəndə gələn Qafqaz İslam Ordusu nəfərləri bu evin sahibi Yarməmməd kişidən xüsusi qayğı görüblər, mülk sahibi xilaskarlarımıza yardım edib, əl tutub. Evin qalıqları bu günədək qalmaqdadır.

yArmemmed kisinin mulku

Yarməmməd kişinin mülkü

1 avqust 2018-ci il tarixində tarixi mənbələrdə Ermənikənd olaraq adlandırılan bölgəyə, indiki Nəsimi bazarı yaxınlığına baş çəkdim. Bəhs edilən ildə ermənilərin kompakt olaraq məskunlaşdığı bu bölgədə türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti davam etdirilmişdir. Bakı uğrunda gedən döyüşlər zamanı Sentrokaspi diktaturası buraya yerləşmiş, 1918-ci il 14 sentyabr tarixində müzəffər ordu Bakıya daxil olma cəhdləri edərkən burada 2 qaubitsa, 8 səhra, 2 dağ topu ələ keçirə bilmişdi. Qafqaz İslam Ordusu Ermənikəndi tutarkən iki ədəd yararsız təyyarə də, ələ keçirir. Çünki, Ermənikənd Bakını müdafiə etməyə çalışan xaricilərin uçuş meydançası, yəni, aerodrom olaraq fəaliyyət göstərirdi. Bölgəyə etdiyim səfər zamanı cəhdlərimə baxmayaraq yerli camaatdan bilgilər əldə edə bilmədim. Ermənikənd kimi Lökbatan, Binəqədi kimi bölgələrlə bağlı etdiyim cəhdlər də, uğursuz oldu. Buna səbəb isə 100 illik proseslərin nəticəsidir. 1 avqustda etdiyim səfər Qafqaz İslam Ordusu ilə bağlı yerli xalqın yaddaşında qalan  xatirələri toplamaq üçün göstərdiyim fəaliyyətlərdən sonuncusu idi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyərək sil-silə məqaləmə son verirəm.

“Tarixi yazmaq tarix yaratmaq qədər mühümdür”

Mustafa Kamal Atatürk

 

Son