“Mən istefa verən günədək Sürət Hüseynova heç bir rütbə verməmişəm”
Rəhim Qazıyev:“Əbülfəz bəy mənə heç bir məlumat vermədən, bir günün içində Sürət Hüseynova iki böyuk vəzifə verdi”
Düz 22 ildi ki, Azərbaycanın başı üzərundə bir kabus, “4 İYUN KABUSU” dolaşmaqdadır. O gündən bu günədək açılmayan sirlər, üstü örtülü qalan müəmmalar var ki, həmin sirlər açılmadıqca, həmim müəmmaların üstündən qara pərdələr qaldırılmadıqca, cəmiyyət rahatlaya, arxayın nəfəs dərib, dünənindən əmin, sabahından ümidli ola bilməyəcək. Əslində, o günlərin fəal iştirakçıları və söz sahibi olan personajlarından cəmi iki nəfəri dünyasını dəyişib – prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev. Qalanları isə hələ ki, həyatdadırlar və bu insanların, hələ ki gec deyil, bir masa arxasına oturmaları və ortada olan sirlərin açılması və cəmiyyəti illərdi ki, təlaş içində saxlayan müəmmaların aydınlığa quvuşması yönündə müzakirələrə başlamalıdılar. Amma, nə sirri-ilahidisə, bu şəxslərdən heç biri nə danışmağa, nə də müzakirələrə meylli görsənmirlər. Təkcə Rəhim Qazıyevdən savayı. Elə bu səbəbdəndi ki, yenə də 4 iyun hadisələrinin görünən və görünməyən tərəflərinə Rəhim bəyin bələdçiliyi ilə ayna tutmağa çalışdıq.
İndi Sizə təqdim etdiyimiz bu silsilə müsahibədə, bir çox tanınmış ictimai-siyasi xadimlərin adları hallanır, bəzilərinin barəsində hətta ağır-yüngül ittihamlara da rast gələcəksiniz. Bununla belə, bəri başdan bəyan edirik ki, Rəhim bəyin dedikləri onun öz mülahizələridir və adı çəkilən hər kəsin cavab haqqını tanımağa, münasibətlərini də dərc etməyə hazırıq.
– Rəhim bəy, istəyirəm 4 iyunla bağlı danışaq. Çünki bu tarix heç mübaliğəsiz Azərbaycanın ən yeni tarixinə, məmləkətimizin gələcəyi baxımından, çağ dəyişimi kimi daxil olub. Həm də istəyirəm ki, bu haqda emosiyasız, hissə-həyəcana qapılmadan, sadəcə o dövrdə baş verənlərin təhlili və analizi kimi danışasınız. Beləliklə, 4 iyunda Azərbaycanda nə baş verdi, niyə baş verdi və bunun tarixi mahiyyəti və nəticələri nədən ibarət idi?
– Bu məsələ ilə bağlı məni müsahibəyə dəvət etdiyinz üçün sizə təşəkkür edirəm. Mən 4 iyunla bağlı əvvəllər də kifayət qədər müsahibələr vermişəm, həmçinin də, o dövrdə istintaq komissiyası var idi və indi də ölkənin siyasi həyatında aktiv fəaliyyət göstərən Mirmahmud Mirəlioğlu və Mətləb Mütəllimli də həmin komissiyanın üzvləri idilər. O komissiyanın suallarını da vaxtında cavablandırmışam. Deməli, 4 iyun hadisələri həmin dövrün iqtidarının iddialı, ibarəli, özlərini olduqlarından çox artıq göstərmək istəyən liderlərinin faciəsi idi ki, öz başları bir yana, millətin və xalqın da başında çatladı. Bu fikirlərimi bir qədər izah etmək istəyirəm. Belə ki, hər kəs, hər bir normal adam, istər siyasətçi, istərsə də adi həyatda fəaliyyət göstərən şəxs olsun, normalda öz gücünü bilir və o gücə uyğun da hərəkət edir. Hələ gücün bir hissəsini də ehtiyatda saxlayır ki, birdən kritik vəziyyətdə lazım olarsa istifadə eləsin. Amma bunlar, yəni, o dövrün hakimiyyətində təmsil olunanlar öz güclərindən və öz imkanlarından bir neçə dəfə artıq olan işə girişdilər. Nəticədə də bu faciə baş verdi. Mən 4 iyunda baş verən və ondan sonra yaşanan hadisələrə faciə deyirəm. Çünki, istər 4 iyun günü cəmiyyətə bəlli olan hadisələr, istərsə də 4 iyunun nəticəsi olaraq formalaşmış hakimiyyət, hər nə qədər hələlik geniş şəkildə etiraf olunmasa da, Azərbaycana faciədən başqa heç nə vermədi. Fikirlərimi ətraflı izah edə bilmək üçün, o günə qədər baş vermiş bir sıra önəmli məsələlərdən bəhs etmək istəyirəm ki, cəmiyyət niyə məhz 4 iyunun indi bizim gördüyümüz və bildiyimiz şəkildə ortaya çıxmasını qavraya bilsin. 20- 25 may 1992-ci il tarixini bu yerdə xatırlatmasam heç olmaz. Təsəvvür edin ki, o dövrdə İsa Qəmbər hakimiyyətin şəriksiz sahibi idi və….
– Yəni prezident səlahiyyətlərini icra edirdi demək istəyirsiniz?
– Bəli, həm Ali Sovetin sədri idi, həm də prezidentin səlahiyyətlərini icra edirdi və s. İndi mən o proseslərin və İsa Qəmbərin həmin məqama necə gəlməyinin və o zaman gedən proseslərin barəsində geniş danışmaq istəmirəm, çünki bu, çox vaxt aparar. Amma söhbətə məhz burdan ona görə başlamaq istəyirəm ki, proseslərin sonrakı inkişafında bu məsələ çox önəmli rol oynadı və proseslər 4 iyunda olmasa da, 14 iyunda bu cür nəticələrlə yekunlaşacaqdı. Demək istədiyim odur ki, sadəcə qismət 4 iyunun payına düşdü. Onu da bəri başdan deyim ki, İsa Qəmbərin və onun yaxın ətrafı kimi tanınan şəxslərin hakimiyyətə gəldiyi ilk gündən, mən bu komanda ilə işləmək istəmirdim. Ancaq çox təəssüflər olsun ki, zəiflik göstərdim və bu zəifliyimin nəticəsi də sonralar mənə çox baha başa gəldi. İsa Qəmbərin gəlişindən 4-5 gün keçmişdi, haradasa mayın 25-i, ya 26-sı olardı. İsa bəy məni Ali Sovetə çağırdı. Bildirdi ki, bəs, Sürət Hüseynov gəlmişdi və deyirdi ki, Rəhim Qazıyev Müdafiə Nazirliyini yaxşı idarə eləyə bilmir, onu çıxarıb məni müdafiə naziri qoyun.
– Yəni ayın 25 də Sürər Hüsenynov İsa Qəmbərə deyib ki, Rəhim Qazıyevi çıxarıb, onu Müdafiə naziri qoysunlar?
– Bəli, hər halda bunu mənə İsa Qəmbər belə dedi. Əgər deməyibsə, buyursun, təkzib versin. Mən də orada İsa Qəmbərə dedim ki, əgər Sürət müdafiə naziri olmaq istəyirsə, buyursun, mən günü bu gün istefa verməyə hazıram və onsuz da sizin komanda ilə işləmək istəmirəm. Orada İsa Qəmbər bildirdi ki, əşi, elə şey olmaz və söhbət eləcə də bitdi. Mən hələ o dövrdə bir az təəccübləndim ki, axı, biri var hərəkatda olan adam ola, azadlıq mübarizəsində əməyi, zəhməti keçən şəxs ola. Məsələn, o vaxt Etibar Məmmədov da başda olmaqla xeyli hərəkatçılar var idi ki, hakimiyyətdən kənarda qalmışdı. Belə bir vəziyyətdə məhz Sürət Hüseynovun İsa Qəmbərin yanına gələrək, Rəhim Qazıyevin yerinə Müdafiə naziri postunu istəməsi, həqiqətən də mənə qəribə gəldi. Həmin ərəfədə yenə də isa Qəmbər və Pənah Hüseynovla birlikdə məni çağırıb dedilər ki, baş qərargah rəisi Şahin Musayev “QRU”-nun, yəni Rusiyanın Baş Kəşfiyyat İdarəsinin agentidi. O vaxt bu söz bunların dilinə düşmüşdü və xoşlarına gəlməyən, işlərinə yaramayan adamların hamısına haranınsa agenti deyirdilər. Zatən, Şahin Musayevin sənədlərində də yazılmışdı ki, o həqiqətən də SSRİ Müqdafiə Nazirliyinin ən mühüm idarələrindən biri olan Baş Kəşfiyyat İdarəsinin zabiti olub. Bir sözlə, mənə bunu dedilər və mən də o zaman təzə qurulmuş hakimiyyətdə hamı ilə mübahisə eləyib ziddiyyətə gedə bilməzdim. Gedib təqdimat yazdım və Şahin Musayevi vəzifədən çıxartdılar. Cəmi 3 gündən sonra onun evinə maşın göndərib Prezident Aparatına, Pənah Hüseynovun yanına dəvət elədilər. Orada Şahin Musayevə təklif ediblər ki, sən gəl bizimlə Rəhim Qazıyevə qarşı işlə. O da bunların təklifini rədd edərək çıxıb gedib. Şahin Musayev bu gün də Ryazanda yaşayır və əgər imkanınız varsa, onun özü ilə əlaqə yaradıb bu haqda soruşa bilərsiniz. Yəni, bunlar hələ təzəcə hakimiyyətə gəlib adamlarla salam-kalam etməmiş, doğru-dürüst kadrları yerləşdirməmiş, bu biri yandan da müharibə gedən, sənayesi, iqtisadiyyatı dağılmış, heç nəyi normal olmayan bir ölkədə, özlərinin, bayaq dediyim kimi, gücləri catmayacaq iddialarını həyata keçirmək üçün intriqalara başladılar. Məsələlər bu cür davam elədi və nəhayət 17 iyun 1992-ci ildə Əbülfəz bəy müstəqil Azərbaycanin ilk prezidenti kimi fəaliyyətə başladı. Və o, həmin vaxt dövlət və hökumət vəzifələrində olan şəxsləri yanına dəvət elədi. O zaman hələ Rəhim Hüseynov baş nazir idi və hamı Əbülfəz bəyi təbrik elədi. Təbriklərdən sonra söz alıb, Əbülfəz bəyə dedim ki, mən bu komanda ilə işləmək istəmirəm. Çünki, bunlar öz intriqalarını davam etdirəcəklər və gecə-gündüz gəlib bir çoxlarının, o cümlədən də mənim barəmdə olar-olmaz şeylər danışacaqlar, mən getməyə hazıram. Təbii ki, mənim bu şifahi istefa tələbim qəbul olunmadı və mən indinin özündə də buna çox təəssüf edirəm ki, təklifimdə israr etmədim. Amma indi düşünürəm ki, mən elə həmin gün istefa verib getməliydim.
“İndi də gənclərə belə təqdim eləyirlər ki, artıq 25 yaşı olan Azərbaycan ordusu sanki göydən düşüb”
– Belə ciddi şəkildə vəzifədən getmək fikriniz varıydısa, rəsmi ərizə verib gedə bilməzdinizmi?
– Məsələ burasındadı ki, mən nazir olmamışdan, hələ Ayaz Mütəllibovun tərəfindən yaradılmış Müdafiə Şurasının dövründən başladığımız böyük işlər var idi. Artıq o dövrdə Ağdərə əməliyyatına başlamışdıq. İşlərimiz də uğurla davam edirdi. Rus ordusunun, mənim Daşkənddə RF-nin müdafiə naziri ilə imzaladığım protokola əsasən, Azərbaycandan çıxarılması prosesi gedirdi. Işlərin xeyli uğurla getməsindən dolayı, yəqin ki, mən də hissiyyata qapıldım. Bəlkə də başladığım bu işləri uğurla başa catdırmaq istəyim reallıqları və hələ o zamandan görüb hiss etdiyim gerçəklikləri üstələdi. Ona görə də prezidentlə görüşdə istefa təklifimi versəm də, ərizəmi vermədim. Iyun ayının sonunda Əbülfəz bəy məni çağırdı, xeyli söhbət etdik, əlbəttə, mən Ali Baş Komandan kimi Ona, artıq görülmüş və görüləcək işlər barəsində məruzə etdim. Bəyin yanından çıxıb, nazirliyə gəldim. Iş otağında oturmağımdan 10 dəqiqə keçməmişdi ki, radioda Rövşən Əliyevin hərbi prokuror təyin edildiyini eşitdim . Əlbəttə, bu məsələ prezidentin səlahiyyətindədi, ancaq bir halda ki, hərbi prokuror təyin olunur, heç olmasa bu haqda müdafiə nazirinin məlumatı olmalıdı. Mənə ən ağır gələni isə o idi ki, elə indi prezidentin yanından gəlmişdim və o mənə bu haqda bir kəlmə də deməmişdi.
– Yəni hərbi prokuror təyin olunur, ama müdafiə nazirinin bundan xəbəri olmur, bunumu demək istəyirsiniz?
– Bəli, xəbərim yox idi, mənim prezidentə bu haqda təklif verə bilmək barədə rəsmi səlahiyyətim də yox idi. O özü prokuroru təyin edir. Amma biz bir komandanın üzvü idik və hər halda Əbülfəz bəy, mənə deyə bilərdi ki, Rövşən Əliyevi hərbi prokuror təyin etmək istəyir və ya artıq edib. Ona qədər Rövşən Əliyev, həmin dövrdə Bakı şəhərinin baş prokuroru Çingiz Qəniyevin müavini idi.
– Bu sonradan Hacı Məmmədov tərəfindən öldürülmüş Rövşən Əliyev idi?
– Bəli, o, sonradan Hacı tərəfindən güllələnərək öldürüldü. Ümumiyyətlə, həmin dövrlərdə ziddiyyətli məqamlar qədərindən çox idi və onların hamısı barəsində danışsaq, günlərlə burada oturmalıyıq. Xəbəri eşidəndən sonra yenidən Əbülfəz bəyin yanına qayıtdım və bildirdim ki, əgər belə vacib bir məsələni mənə deməyi məsləhərt bilmirsinizsə, o zaman biz bir yerdə işləyə bilmərik və elə oradaca yazılı ərizəmi stolun üstünə qoydum. Sonra da kabinetimdən şəxsi əşyalarımı götürüb getdim. Həmin vaxt cəbhədə güclü əməliyyatlarımız gedirdi. Bu biri yandan da rus ordusundan silah-sursatın və hərbi texnikanın təhvil alınması və rus zabitlərinin Azərbaycandan getməsi təzə-təzə normal məcraya salınmışdı. Iki gündən sonra Əbülfəz bəyin və digərlərinin təkidi nəticəsində, üzümün yumşaqlığına salıb, yenə vəzifəmə qayıtdım. Burada bir şeyi də vurğulayım ki, rus ordusunun istər Azərbaycandan çıxarılması, istərsə də, nəzərdə tutulandan iki-üç qat artıq silah-sursat və texnikanın burada saxlanması prosesində nə İsa Qəmbərin, nə Pənah Hüseynin, nə Sülhəddin Əkbərin, nə Arif Hacılının, nə də o zaman hakimiyyət eşalonunda söz sahibi olan digər şəxslərin nəinki iştirakları, heç xəbərləri də yox idi. Mənim bu dediklərim heç də o anlama gəlməsin ki, bütün bu işləri Rəhim Qazıyev təkbaşına görüb. Bu boyda işlərin və gedən proseslərin öhdəsindən kimsə təkbaşına gələ bilməzdi. O zaman bu proseslərdə iştirak etmiş kifayər qədər qeyrətli balalarımız olub və indi onlardan sağ qalanlar da var, rəhmətə gedənlər də, döyüşlərdə şəhid olanlar da çoxdu. Ayrıca da, müdafiə nazirliyinin yüksək rütbəli zabitləri bu işlərdə canla-başla işrirak ediblər. Əslində bu dediklərimin təsdiqi sonradan Heydər Əliyevin sifarişi ilə barəmdə qaldırlan cinayət işi materiallarında var. Bir sözlə, demək istəyirəm ki, mən müdafiə nazirliyinə qayıtdım və işimiz də uğurla davam etdi. Amma bir müddət sonra yenidən işlərimizə əngəllər törədilməyə başladıldı. Təsəvvür edin ki, mən böyuk həvəs və sevgi ilə çalışırdım ki, yenicə qurduğumuz dövlətin ordusu yaransın, təşəkkül tapsın. Baxın, indi də gənclərə belə təqdim eləyirlər ki, artıq 25 yaşı olan Azərbaycan ordusu sanki göydən düşüb və bizim hər şeyimiz olub. Əslində isə bizim heç nəyimiz yox idi. Mən vəzifəyə gələndə nazirliyin oturmağa binası, atmağa silahı, danışmağa rabitəsi belə yox idi. Ilk gündən başlayaraq, Azərbaycanın qeyrətli oğulları ilə çiyin-çiyinə verib işə başladıq, sərhədlərimiz daxilində olan sovet hərbi hissələrinin əksəriyyəti bütün vasitələrlə yola salındı. Ordunun əmlakı, silah-sursat və texnikası isə, milli ordunun sərəncamına verildi. Təsəvvür edin ki, Gəncədəki Əlahiddə Desant Diviziyasının 30 dan çox zabitini pulla tutub, Azərbaycan ordusunun desant batalyonunu hazırlayırdıq. O arada qərara gəldik ki,18 iyul 1992-ci ildə həmin batalyonun ilk təlim- məşqi keçirilsin. Dövlətin rəhbərliyində olanların hamısını həmin təlim-məşq toplantısına dəvət eləmişdim. Təbii ki, Ali Baş Komandan və İsa Qəmbər də dəvət olunanlar sırasında idi. Hamısına da sevinə-sevinə demişdim ki, bu təlimlərdə azərbaycanlı balaları çiyinlərində 30-35 kq yüklə 3 km yüksəklikdən ilk dəfə paraşütlə tullanacaqlar. Tullanışın ardınca da əlbəyaxa döyüş nümunələri nümayiş etdiriləcəkdi. Necə bilirsiniz, dövlət rəhbərliyindən bir nəfər belə, heç olmasa rəsmiyyət xatirinə, gəlib orda iştirak eləmədi. Amma sizcə ora kim gəlsə yaxşıdı? Arif Rəhimzadə gəlmişdi.
– Arif Rəhimzadə kim idi ki onda?
– Heç kim. Sadəcə deputat kimi gəlmişdi. Çünki mən bu məsələ barəsində parlamentdə də məlumat vermişdim və bütün deputatları da həmim tədbirə dəvət eləmişdim. Günü bu gün də mən o adama burdan təşəkkürümü bildirirəm. Bilirsinizmi niyə? Mən Arif Rəhimzadəni tanıyandan onun bir sifəti olub.
– Yəqin Arif müəllimin Heydər Əliyevə münasibətini nəzərdə tutursunuz.
– Bəli, o adam istər kommunistlərin və Ayaz Mütəllibovun dönəmində, istərsə də cəbhəçilərin meydan suladığı vaxtlarda Heydər Əliyevə münasibətini heç vaxt gizlətməyib. Amma mən hesab edirəm ki, onu, barəsində danışdığım məşq toplantısına gətirən, içindəki vətənpərvərlik hissləri idi. Onunla birgə digər kommunist deputat Vaqif Qasımov da gəlmişdi. Nə isə, təlim məşqləri baş tutdu, 30-35 nəfər azərbaycanlı balası ilk dəfə paraşutla tullanış elədilər və bir nəfərin ayağı da burxulmadı. İndi desəm, bəlkə də çoxlarına qəribə gələr, amma mən ümumiyyətlə iradəli və ürəyi möhkəm adamam. Lakin bizim o şahin övladlarımıza baxanda gözlərim elə yaşarmışdı ki, sevincimdən hönkürüb ağlamaq istəyirdim. 24 avqust 1992-ci ildə rus-sovet ordusunun buradakı komandanı general Popovu yola salırdıq və bu münasibətlə kiçik bir süfrə açıb İsa Qəmbəri də başda oturtmuşdum. Həmin məclisdə rəhmətlik Vahid Musayev, Abbas Abbasov və bir neçə digər rəsmi adamlar da var idi. Orada general Popov mənim ünvanıma xoş sözlər dedi və çıxışının sonunda İsa Qəmbərə tövsiyə elədi ki, sizin hakimiyyət komandanız üçün çox lazımlı olan müdafiə naziri postunda hələlik Rəhim Qazıyevə toxunmayın. Bu hadisədən bir ay qabaq isə Əbülfəz bəy yenə də mənə heç bir xəbər və ya məlumat vermədən bir günün içində Sürət Hüseynova iki böyuk vəzifə verdi. Bayaq dediyim kimi, radiodan eşitdim ki, Sürət Hüseynov baş nazirin müavini, bir də prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
– Axı, hələ də cəmiyyətin xeyli kəsimində belə bir fikir var ki, Sürət Hüseynov həmin vəzifələrə Rəhim Qazıyevin vasitəsiylə gətirilmişdi.
– Yox əşi, dediyim kimi, mən bu haqda ilk dəfə radiodan eşitdim. Və açığını deyim ki, bu təyinat da mənə çox təəccülü göründü. Həmin dövrə, yəni vəzifəyə təyin olunduğu günə qədər Sürət Hüseynov əlində olanlarla, ağlı və cibinin puluynan cəbhəyə bacardığı bütün köməkliyi edirdi. Amma müdafiə nazirliyi sistemində onun heç bir vəzifəsi və rütbəsi yox idi.
– Necə yəni, Sürət Hüseynov polkovnik deyildi?
– Arxivlər var, istənilən zaman açıb baxa bilərsiniz. Mən də sizin kimi televiziyadan, radiodan və yaxud da müxtəlif adamların dilindən eşidirəm ki, Sürətə polkovnik deyirlər. Mən isə, nazir postundan istefa verən günədək Sürət Hüseynova heç bir rütbə verməmişəm. Mən onu sadəcə 1992-ci il avqustun sonlarına yaxın korpusun rəhbəri təyin eləmişəm, rütbəsiz-filansız. Nə isə, məsələdən çox da yayınmayaq və qeyd edim ki, beləcə bir günün içərisində Sürət cəbhə hakimiyyətinin ən əziz adamı oldu. Amma hardan və niyə gəldiyini mən o dövrdə bilmədim.
“Dövlət rəhbərliyindən bir nəfər belə, heç olmasa rəsmiyyət xatirinə, təlimdə iştirak eləmədi”
– Qarabağda döyüşlər gedirdi və siz də müdafiə naziri kimi döyüşlərin aparılmasına cavabdeh idiniz. Belə bir məsuliyyətli dövrdə sizin başınızın üstündən, hətta prezident səviyyəsində olsa belə, atılan bu addım heçmi qürurunuza toxunmadı?
– Toxundu, niyə toxunmadı ki. Amma bununla belə, bu məsələ prezidentin səlahiyyətində olan məsələ idi və o, kimisə harasa təyin edəndə mənə deyə də bilərdi, deməyə də. Beləcə, yenə də gördüyümüz işlərin və keçirdiyimiz tədbirlərin vacibliyini, eləcə də müharibə getdiyini nəzərə alıb, bu məsələnin də fərqinə varmadan işlərimizə davam etdik. Nəhayət, zaman gəldi və biz 9 oktyabr 1992-ci ildə müharibə gedə-gedə Bakıda parad keçirdik. Indi hamısı qürrələnərək deyillər ki, biz onda parad keçirtdik. Vallah, tam səmimi və tam məsuliyyətimlə deyirəm ki, o paraddan bunların heç birinin xəbəri yox idi.
– Başa düşmədim, paradı xəlvətcə təşkil eləmişdiniz?
– Yox, mən o mənada demədim ki, xəbərləri olmadı. Demək istədiyim odu ki, ölkənin rəhbərliyində təmsil olunan şəxslərin paradın hazırlanmasında və təşkilində heç bir əməkləri keçməyib və zəhmət çəkməyiblər.
– Amma paradın qəbul olunduğu tribunada hamısı var idi, rəhbərlikdən parada da gəlməyən olmuşdumu?
Davamı var
Söhbətləşdi: Sərdar Əlibəyli