Qüdrət Əzizov
Axırımız necə olacaq?
Məni bir gənc kimi həmişə maraqlandırıb ki, avamlığın, savadsızlığın mənbəyi nədən qaynaqlanır? Necə bunlar həyat boyu belə yaşayırlar? Düzünü desəm, hələ də buna konkret cavab tapa bilməmişəm. Bunun cavabını tapmaq üçün də çox axtardım, araşdırdım. Düz Cəlil Məmmədquluzadəyə kimi getdim və bildim ki, o zamandan bu günə kimi çox da güclü dəyişiklik olmayıb. Düzdür, bəzi yaxşılığa doğru proseslər baş versə də, hələ eyni ilə digər sadaladıqlarım öz yerində qalır.
Çayxanda oturub dil-dil ötən bəziləri cəmiyyət arasında etik norma çərcivəsində iki kəlmə sözü birləşdirib deyə bilmir, amma di gəl ki, heç kimi də bəyənmir, özünü hamıdan üstün hesab edir. Əsas məsələ də burdadır ki, onların ətrafında olanlar demir ki, sənin “bir qəpik”lik düşüncən yoxdur. Ömrünü çayxanada, lazımsız işlərlə məşğul olmaqdan elə hesab edir ki, dünyanı dərk edib və lazımi savada, biliyə, dünya görüşünə malikdir. Amma dediyım kimi düşüncə tərzi, danışıq qabiliyyəti belə yoxdur.
Bu yaxınlarda bir hadisənin şahidi oldum. Deməli, rayonların birindən hardasa 30-35 yaşlı biri xəstəxanaya gəlib. Danışıqlar şöbəsindəki xanım bu şəxsdən anadan olduğu tarixi soruşduqda donub qalır. Hələ bir xanıma şikayət edirdi ki, xahiş edirəm, mədəni etik normada danışın. Danışıgını bilməyənin anadan olduğu tarixi bilməməsi bir qırağa, etdiyi hərəkətləri görsəydiniz dəhşətə gələrdiz. Cahilliyimiz, avamlığımız, savadsızlığımız erkən yaşda düzəlmədisə, buna düzgün istiqamət verilmədisə sonra çox çətin olacaq.
Bu məsələyə dair çox misallar çəkmək olar. Bəlkə də bu bizim konkret olmamağımızdan irəli gəlir. Sosial həyatda çox da konkret deyilik. Bunun mənbəyi kimi sosial şəbəkələrdən həddindən artıq istifadəni vurğulaya bilərəm. Həm də danışıq tərzi sanki deformasiyaya uğrayır, nə demək istədiyini anlaya bilmirsən.
Bu yaxınlarda şəhərdə sorğu keçirilirdi ki, bəs axırıncı oxuduğunuz kitab hansıdır? Biri deyir kitaba həvəsim yoxdur, biri deyir mənasız bir şeydir. Tək-tük adamlar vardı ki, həqiqətən həsəd aparılası şəxslər idi. Bizim bəzi insanlarımız elm öyrənməyə, dünya görüşünü artırmağa pis baxırlar.
Mən həmişə ölkəmin gənclərinin böyük uğurlara imza atmasını istəmişəm. Bəzilərinin avamlıqdan, savadsızlıqdan canlarını qurtarması ücün əlimdən gələn yalnız maarifləndirici yazılar yazmaq, onları maarifləndirici tədbirlərdə iştirak etməyə yönləndirməkdən ibarət ola bilər. Amma çox şey özlərindən və ətralarındakılardan asılıdır. Həqiqətən ətrafımızdan çox şey asılıdır. Bizi endirə də bilərlər, qaldıra da bilərlər. Çalışaq ətrafımızı düzgün seçək və maariflənməkdən heç vaxt qorxmayaq. Unutmayın, öyrənmək, öyrətmək heç vaxt gec deyil.