Qəbul otağı

Qəbul otağı

(Əvvəli ötən saylarmızda)

-Ay Allah, ay ana, sənin bu oğlun necə səbirsizdi? Televizorda film seyr edən qayınanası onun bu sözlərinə cavab vermədi, sadəcə dönüb Araza baxaraq gülümsədi:
-Eee, xanım qız, başa düşmədim? Sən kimi kimə şikayət eləyirsən?
-Bax hələ, təkcə sənin anandı? Ana, de da oğluna!
Anası ona tərəf dönərək:
-Ədə ey, mənim qızımnan işin olmasın haaa- deyə zarafatla barmağını silkələdi.
Gəlini ondan razı halda dodaqlarını büzdü:
-Gördün, balaşki? İkimiz birləşib səni təkləyərik, köməyinə də gələn olmaz, səni burda döyərik.
-Məndə kişi balamla köməkləşərəm, onda bizə heç kimin gücü çatmaz.
Xanımı əyilib yanında dayanan oğlunu öpdü və:
-Elə, aslan parçası atasıynan bir olub anasını döyəcək?
Oğlu:
-Mən səni də çox istəyirəm, atamı da çox istəirəm, amma ən çox nənəmi istəyirəm, deyib nənəsinin qucağına qaçdı.
Araz fincanı irəli itələyərək xanımına:
-Bir çay da gətir, deyib bilgisayarı önünə çəkdi, internetə girib Əlövsət müəllimin verdiyi saytın adını yazdı. Avtomobil növbəsinin siyahısını açaraq adını axtarmağa başladı.Birdən masanın üstünə var gücü ilə bir yumruq vuraraq bağırmağa başladı:
-Əclaflara bir bax! Mənim adım bu siyahıda var, amma məni, şikəst adamı neçə vaxtdır get-gələ salırlar!
Onun bağırtısına diksinən anası və mətbəxdən qaça-qaça gələn xanımı ikisi də birağızdan:
-Nədi? Nə olub? Niyə qışqırırsan?- dedilər. Daha sonra anası ona acıqlanaraq qorxub dodaqlarını büzən nəvəsini qucaqlayaraq sinəsinə sıxdı və:
-Dəli deyilsən, bir də elə çığırma! Uşağın bağrını çatladacaqsan- dedi.
Anasına və xanımına eyni vaxtda dönərək:
-Hələ, bura baxın! Mənim adım siyahıda var, amma bu ”padşah” balaları camaatı get-gələ salmağa elə vərdiş eləyiblər ki, nə özləri zəhmət çəkib sayta baxıb deyirlər, nə də indiyə qədər saytın adını verirlər ki, özüm evdə baxım!
Anası və xanımı sevincək, bir ağızdan:
-Səni şad xəbər olasan, adın var siyahıda?
-Hə, niye yoxdu? Gəlin, baxın, bude burda, həm də qırx doqquzuncu adamam.
Artıq evlərində görülməyə dəyər bir şadyanalıq var idi. Xüsusən xanımı ilə Araz maşını aldıqdan sonra nə edəcəkləri barədə planlar qurur, biricik oğlanlarını da götürüb gedəcəkləri gəzintilərin xəyalını qururdular.Anası birdən nəsə xatırlamış kimi:
-Ay evi tikilmişin oğlu, bəs Maya xanıma zeng elə da.
-Yaxşı yadıma saldın deyib masanın üstündən telefonunu götürdü.
-Cib nömrəsini bilirsən?
-Hə, apreldə çağıranda vermişdi
-Denən bəs Maya xanım, siz məni nə vaxtdan get-gələ salmısız, amma mənim adım maşın növbəsində duranların siyahısında var axı. Birdə soruş gör, bəlkə umacaqları var, ona görə sənə heç nə demirlərmiş.

Maya xanıma zəng elədi, az sonra telefonun o biri ucundan onun səsini eşitdi:
-Alo!
-Salam, Maya xanım!
-Salam!
-Arazdı sizi narahat eləyən.
-Hə, oğlum, hansı məsələ ilə bağlı zəng eləmişdin?
-Maşın məsələsiynən bağlı. Dərindən bir nəfəs alıb sakitləşməyə çalışdıqdan sonra davam etdi:
-Maya xanım, burda siz, nazirlikdə də oranın işçiləri, niyə məni boşuna get-gələ salırsınız?
-Nə olub, oğlum? Kim sənə nə deyib?
-Bu gün qəbula getmişdim, Əlövsət müəllim mənə nazirliyin saytını verdi ki, get yoxlat gör adın siyahıda var ya yox. İndi mən evdə baxdım sayta, qırx doqquzuncu adamam, amma həm siz, həm də nazirliyin qəbul otağında əyləşənlər hansısa sənədin itdiyindən danışırsınız. Mənim sənədlərim qaydasında deyilsə, adım niyə siyahıdadır?
-Oğlum, bax gör, bəlkə o siyahı köhnə siyahıdır?
-Xeyr, Maya xanım, köhnə siyahı deyil, baxmışam, ən son avqust ayında yenilənib.
-Oğlum, onda gəl belə edək, sabah dur gəl bura aydınlaşdıraq, görək nə məsələdir.
-Oldu, Maya xanım, sabah görüşərik.
Ertəsi gün erkəndən qalxdı, üzünü qırxıb duşunu aldıqdan sonra yeməyini yedi, daha sonra dişlərini fırçalayıb evdən çıxdı.Toya gedirmiş kimi geyinib- gecinmiş, saçlarını səliqə ilə daramışdı. Artıq nə avtobusa minib düşməyin çətinliyi barədə düşünür, nə də müxtəlif ifadəli gözlərin taxma ayağına yönələn baxışlarına fikir verirdi. Rayon Sosial Təminat Fondunun yaxınlığında avtobusdan enib binaya daxil oldu, ikinci qata qalxıb Maya xanımın otağının qapısına gəldi. Qapını vurdu, amma içəridən səs gəlmədi, dəstəyi endirib itələdikdə isə qapının bağlı olduğunu görüb sağına-soluna boylandı. Upuzun dəhlizdə bir-iki xadimədən başqa kimsə görünmürdü. Saatına baxdı, hələ doqquza on beş dəqiqə var idi. Öz-özünə gülümsəyib, Bu gün lap uşaq kimi sevincək olmuşam ki, dedi. Az sonra işçilər gəlməyə başladılar. Maya xanım da gəldi, salamlaşıb onun iş otağına daxil oldular. Maya xanım ona yer göstərib:
-Keç əyləş, oğlum dedi.
Maya xanım əlli beş, əlli altı yaşlarında xoşsifət, gülərüz bir xanım idi. Daim gülümsəyən gözləri insanın qəlbini rahatladır, yumşaq tonlu səsi şüşəyə toxunan metal kimi cingildəyirdi:
-Hə, oğlum, indi de görək nə məsələdi?
-Sizə telefonda dediyim kimi, Maya xanım, mən dünən nazirlikdən gələndən sonra orda verilən sayta girib baxdım, adım varıydı.
-Əlövsət müəllim verdi saytın adını?
-Bəli, o verdi.
-Bilirsən o da sənin ellindi.
-Doğurdan, mən heç bilmirdim.
-Bəs necə, o da Şahbuzdandır.
-Lap yaxşı.
-Hə, indi gələk səni narahat edən məsələyə. Düzü sənin adının siyahıda olub olmamasından mənim xəbərim yox idi, bir azdan aşağı düşüb Münəvvər xanımın yanına gedərik. Qoy onun da xəbəri olsun ki, sənin adın siyahıdadır, həm də o bizə nə etməli olduğumuzla bağlı yol göstərər.
-Münəvvər xanım buranın müdürüdür?
-Xeyir oğlum, o bizim şöbə müdürümüzdür. Bunu deyib hər kəslə olduğu kimi onunla da hal-əhval tutmağa başladı.
-Hələ də görüm balaca neyləyir? Neçənci sinifdə oxuyur? Anan necədi? Yaxşıdımı?
-Şükür, Maya xanım, hamısı yaxşıdı. Anamın salamı var, oğlan da birinci sinifdə oxuyur.
-Aaa, niyə elə balacadır bəs? Səndə elə bir uşaqdı da?
-Bəli, bir az gec evləndim, ona görə hələ balacadı, başqa övladım da yoxdu, elə bir dənədi.
-Adı nəydi balacanın?
-Təbriz.
-Maşallah, adıynan böyüsün. Bir az susub əlavə etdi:
-Hə, oğlum, gedək Münəvvər xanımın yanına?
-Əlbəttə, necə məsləhətdi.
Ayağa qalxdıqlarında Araz:
-Maya xanım, bəlkə bunların umacağı bir şey var?
-Nə umacağı, oğlum?
-Mən keçən dəfə, yəni keçən dəfə deyəndə ki, yayda nazirliyə gedəndə orda bir neçə nəfərlə danışdım, onlar da maşınlarına nömrə almaqdan yana gəlmişdilər. Eləsi varıydı deyirdi üç yüz, eləsi varıydı deyirdi növbəyə duranda dörd yüz manat verib. İndi deyirəm bəlkə bunlar da o teletamaşadakı kimi başımı görən kimi deyir get sonra gəl… Dərindən bir ah çəkib:
-İstədikləri bir şey varsa, siz bu sistemin içindəsiniz, bilərsiniz, verək canımız qurtarsın.
-Yox, ay oğlum, səndən heç kim heç nə istəmir, özündə narahat olma, hər şey yaxşı olacaq.
Otaqdan çıxıb aşağı düşdülər, birinci mərtəbənin dəhlizinə girən kimi sağa dönüb ən başa, Münəvvər xanımın otağının yanına gəldilər. Maya xanım qapını vurub içəri keçdi, onu da ardınca çağırdı.
Münəvvər xanımın otağı geniş və işıqlı idi. Otağın pərdələrindən tutmuş döşəməsinədək hər şey sahibəsinin incə zövq sahibi və təmizlik düşgünü olmasından xəbər verirdi. Otağa daxil olduqlarında Münəvvər xanım bir yandan telefonla danışır, bir yandan da önündəki kağıza qeydlər edirdi. Onları görüb başı ilə içəri keçmələrini işarə etdi. Telefonla danışığı bitdikdən sonra salamlarını alıb Maya xanıma:
-Nəsə problem var, Maya?-dedi.
Maya xanım birbaşa mətləbə keçdi:
-Bilirsiz, Münəvvər xanım, Araz Qarabağ əlilidir. O, avtomobil növbəsindədir, amma sənədlərində əskik var, ona nazirlikdən deyiblər sənədlərin digər qalmaqallı sənədlərlə birlikdə, Vüqar müəllimdədir, amma özü bizim saytımıza baxıb, deyir orda siyahıda adı var, həm də qırx doqquzuncu adamdır. İndi gəlib araşdıraq görək nə məsələdi, adı siyahıda ola-ola niyə onu get-gələ salırlar?
Münəvvər xanım bayaqdan əlində tutduğu qələmi masanın üstünə qoydu, gözlüyünü düzəldib Araza baxdı və:
-Telefonunu qoy, araşdırıb sənə ən qısa müddətdə məlumat verərik, özün də narahat olma, ən geci marta kimi bütün əlillər avtomobillə təmin olunacaqlar, həm də təkcə Qarabağ əlilləri deyil, bütün növbədə dayanan əlillər.
-Münəvvər xanım, Qarabağ əlillərinin demək olar ki, hamısı avtomobillə təmin olunublar, amma nədənsə mənə heç cür qismət olmur ki, olmur. Bunu deyib gülümsədi və üzünə kinayə qarışıq hüzün yayıldı.
-Narahat olmayın, mən özüm sizin məsələnizi araşdıracağam.

Allah razı olsun. Bunu deyib telefon nömrəsini Münəvvər xanıma dedi və Maya xanımla birlikdə otaqdan çıxdılar.
Yenə telefon nömrəsini alıb yola salmışdılar. Artıq o qədər idarədə telefon nömrəsini vermiş və heç birindən də xəbər çıxmamışdı ki, indi Münəvvər xanıma da nömrəsini verərkən nəsə şad xəbər alacağını ümid etmirdi. Evə qayıdanda sabahkı əhval- ruhiyyəsi yox olub getmişdi, artıq nəinki toydan gələnə oxşamırdı, hətta əzizinin yasından dönəni xatırladırdı. Həyət qapısının ağzında onu gözləyən anası bu halını görüb:
-Neynək, fikir eləmə, canın sağ olsun- dedi.
Anasının bu sözlərinə gülümsəyib:
-Demək halımnan aldığım cavab bəlli olur- dedi.
Anası daha artıq heç nə demədi, onun ardınca gəlib evə girdi, xanımına da işarə etmiş olacaqdı ki, o da heç nə soruşmadan gətirib çayını önünə qoyduqdan sonra mətbəxə getdi.
Əynini dəyişib rahat ev paltarlarını geyindikdən sonra çayını içib divanda uzandı, bir az eləcə, qaldıqdan sonra başının altında çarpazladığı əllərini çəkib dikəldi, xanımını səsləyib:
-Təbriz məktəbdədi, deyə soruşdu.
-Hə, hələ gəlməyib.
Saatına baxıb:
-Eh…, bu gün mənə nə olub?-deye donquldandı, sonra anasına döndü:
-Maya xanım məni də götürdü getdik şöbə müdürlərinin yanına, o, da telefonumu götürüb dedi maraqlanaram… Kimin üstünə gedirəmsə, ya deyir get sonra gəl, ya da nömrəmi alıb yola salır… Axırda dəli olub birini boğazlayacam! Bunu deyib başını əllərinin arasına alıb eləcə dayandı.
Bala, başa dönüm, hər şərdə bir xeyir var… Nə bilim, bir az da gözləyək.
-Bilmirəm, bunlar nə istəyirlər? Ta nə qədər gözləmək olar? Doqquz ildi gözləyirəm, axı bu duzu quruların əlindən neyləyim, başıma haranın daşını salım. Mən də gedim prezident aparatının qabağında özümü yandırım? Sən de, məndə eləyim! Əsəbindən yumruqlarını sıxmış, dişlərini qıcamışdı.
Anası gəlib yanında oturdu, başının arxasını, boynunu oxşaya-oxşaya:
-Ürəyini sıxma, mıxı mismara döndərən Allah var, yəqin bizim də dərdimizə bir əlac eliyər.
-Yatmaq istəyirəm, deyib divanın üstündəcə üzüstə uzandı. Necə narahat olduğunu, sıxıldığını görən anası ən yaxşısı onu tək qoymaq olacağını düşündüyündən olacaqdı ki, qalxdı, məndə gedim məktəbə, bir azdan Təbriz dərsdən çıxacaq, deyib otaqdan çıxdı.
Heç qımıldanmadı, səsini də çıxarmayıb, sanki səssizliyi ilə anasının getmək istəyinin doğru olduğunu bildirmək istəyirdi.
Günlər bir birini əvəzlədikcə Araz daha da içinə qapanır, nə evdə, nə də getdikcə seyrəkləşdirdiyi çayxana ziyarətlərində susqunlaşırdı. Ağzını bıçaq açmayan vaxtlarda həmişə partlamağa hazır barıt çəlləyindən fərqsiz olduğunu bildiklərindən xanımı gözünə görünməməyə çalışır, anası uzanmış saqqalına, daraqsız saçlarına baxıb köks ötürür, onun duymayacağı qədər asta səslə nəsə pıçıldayırdı, amma o onsuz da evdə olub bitənlərin, hətta oğlunun artıq onun yanına gəlməyərək mətbəxdə dərslərini çalışıb, oyununu oynamasının fərqində deyldi. Dekabr ayı yarı olduqdan sonra olan-qalan ümidləri də bitdi. Artıq il də bitdi, yəqin bundan sonra da gələn ilin sonuna qədər otararlar, ondan sonra da Allah kerimdi deyə düşünür, çıxış yolu axtarır, tapa bilmirdi. Ayın iyirmi ikisi idi, ilin ən gödək günü olduğundan günəş həmişəkindən erkən batmış, qaranlıq düşmüşdü. Son vaxtlarda olduğu kimi yenə divanda üzüqoylu uzanıb gözlərini yummuş, əllərini çənəsinin altında birləşdirərərək, barmaqları ilə yastığın üzünü oxşayırdı. Uzun tüklərinin altında gizlənmiş ifadəsiz üzündən heç nə anlamaq mümkün deyildi. O an nə düşünürdü, kimsə bunu təxmin edə bilməzdi. Telefonuna zəng gəldi, heç tükünü də tərpətmədi. Başqa vaxt olsa həmən götürüb cavablayardı, amma indi sanki masanın üstündə özünü yeyib tökən telefonun ona heç bir dəxli yox idi. Yarım dəqiqəlik fasilədən sonra telefon yenə çalmağa başladı. Bu dəfə kresloda əyləşərək səsini azaltdığı televizorda film izləyən anası dözə bilmədi:
-Ay bala, aç görək, bəlkə kimdisə vacib adamdı.
Dərindən bir nəfəs alıb, köks ötürdü:
-Offf.
Oğlu da mətbəxdən qaça-qaça gəlib uşaq marağı ilə telefonu cavablamaq istəyirdi, amma atasından çəkindiyindən masanın yanına qədər gəlsə də ordaca dayanmışdı, Telefona əlini uzatmağa cəsarət edə bilmirdi.
Ağır-ağır dikəlib oturdu, əlini uzadıb qor götürürmüş kimi telefonu götürdü. Bu vaxt artıq telefon ikinci dəfəni də bitirib, üçüncü dəfə zəng çalırdı. Nömrəyə baxdıqda anidən üzündəki ifadə dəyişildi, həyəcanla:
-Bu xeyir ola bu vaxtı?-dedi. Sanki anasından soruşurmuş kimi onun üzünə baxır, ondan cavab gözləyirdi. Anası oturduğu yerdən qalxıb yaxınlaşdı, oğlunun həyəcanı ona da sirayət etmişdi. Maraqla soruşdu:
-Kimdi ki?
-Maya xanım, deyib dodaqlarını təəccüblə büzdü.
-Di aç görək, ay rəhmətdiyin oğlu! Yəqin maşından bir xəbər var.
Telefonu açıb:
-Alo, dedi.
-Oğlum, hardasan iki saatdır? Telefonu niye açmırsan?
-Salam, Maya xanım.
-Salam oğlum, muştuluğumu ver.
-Muştuluğunuz gözüm üstə.
-Sabah yox, birigün səhər saat onda olursan NAZ zavodunda.
-Xeyir ola, Maya xanım? Sanki bir anlıq beyni keyimişdi, məsələnin mahiyyətini anlamağa qadir deyildi.
-Xeyirdir, oğlum, xeyirdir, sənə maşın verəcəklər.
Nə deyəcəyini bilmədi, telefon qulağındaca quruyub qalmış, heykələ dönmüşdü. Bəzən sevinclər də insanı şoka salar, o da belə bir şokda idi. Nə deyəcəyini bilmir, qulağından ayırdığı telefonu key-key süzürdü, yəni doğurdanmı bu telefondan gəlmişdi o müjdə? Telefondan çıxan səsləri qırıq-qırıq da olsa eşidən anası da həyəcanlanmış yerində dura bilmirdi. Qaçıb mətbəxdən gəlinini çağırmış, qucağına aldığı nəvəsini öpüb oxşayır, bir tərəfdən oğluna yaxın duraraq onunla bərabər Maya xanımı dinləmək istəyir, o biri tərəfdən də nəvəsini asta səslə danışdırırdı:

-Balam atasının maşınını sürəcək? Nənəni də mindirəssən? –deyə soruşur, uşağın qırmızı yanaqlarını, ağappaq boyun-boğazını öpürdü. Birdən gözü oğlunun baxdığı telefona sataşdı:
-Ə kopoyoğlu, elə niyə tutmusan onu, gör nə deyir?
Elə bil yuxudan ayılan Araz telefonu qulağına tutdu, Maya xanım da dəstəyin o biri tərəfində bağırırdı:
-Oğlum, Araz, ordasan, səsin gəlmir?
-Bəli, bəli, Maya xanım, eşidirəm.
-Deməli, qoy zavodun yerini də deyim, Binə bazarını keçən kimi kimdən soruşsanız deyəcək.
-Oldu, Maya xanım, çox sağ olun, təşəkkür edirəm, minnətdaram.
-Yadınızdan çıxmasın, birigün saat onda, əgər zavodu da tapa bilməsəniz zəng edərsən yerini bir də başa salaram.
-Çox sağ olun, təşəkkür eləyirəm, çox sağ olun, Maya xanım.
Sağollaşıb, telefonu söndürən kimi anasına tərəf qollarını açıb bağırdı:
-Məni qucaqlayın, öpün, təbrik edin, nazlım gəlir, birigün gedirik nazlımı almağa! Anasını qucaqlayıb ayağa qalxdı, xanımı da onları qucaqladı. Üçünün də gözlərində sevinc yaşları var idi, bir-birilərinə sarılıb üçü də bir can olmuş, paylaşdıqları sevinclərinin çoxluğundan məst olmuşdular. Qarabağ savaşından döndükdən sonra bəlkə də ilk dəfə idi ki, təkayaq olduğunu unutmuş, özünü hər kəs kimi normal insanlardan sayırdı. Birdən onu qucaqlayan anasından və xanımından ayrılıb biricik oğlunu nənəsinin qucağından qapıb göyə qaldırmaq, sevincini kefinin kök vaxtlarında ”aslan parçası” deyə çağırdığı oğlu ilə bölüşmək istədi, amma oğlu nənəsinin qucağından qopduğu anda o yıxıldı… Kor tale ən sevincli günündə belə işini görmüşdü, sadəcə bir anlığa unutduğu tək ayağını xatırladaraq onu övladı ilə bərabər yıxmışdı. Ancaq bəxtindən yerə deyil, divanın üstünə düşdü. Bu hadisə belə keflərini pozmadı. Bu üç insanın və hələ olub bitənləri anlamasa da nəsə yaxşı şeyin olacağını hiss edən oğlunun həyatlarındakı ən gözəl anları ölümsüzləşdirəcək tək bir kimsə çatışmırdı: Fotoqraf…

Son
Zaur Muradxanlı