Qəbul otağı.

Zaur Muradxanlı

Qəbul otağı.

Avtobusdan düşüb işıqforun yanmasını gözlədi, daha sonra yolun qarşı tərəfinə keçib, çoxmərtəbəli binanın qarşısına gəldi. Ətrafına baxıb öz-özünə düşündü. Yəqin bu azad qadın heykəlidir, bu da nazirliyin binası olar. Sonra binanın qarşısındakı polis nəfərinə yaxınlaşaraq:
-Sabahınız xeyir, Sosial Təminat nazirliyi bu binada yerləşir?- deyə soruşdu.
-Bəli, sizə kim lazımdı?
-Məni VTK-dan göndəriblər, qəbul otağına getməliyəm.
-Onda siz bu tərəfə keçin, deyib əli ilə binanın yan tərəfini göstərdi.
Deyilən tərəfə yaxınlaşıb üstündə qəbul otağı yazılan qapıya yanaşdı. Əsasına söykənərək içəri boylandı, bir anlıq tərəddüdən sonra taxma ayağının yardımı ilə iki kiçik pilləni qalxıb içəri daxil oldu.
Hər kəsin nəzərlərinin onun üzərində olduğunu düşündüyündən olacaqdı ki, çiyinləri sallandı, beli donqarlaşdı və üzünə bir qırmızılıq yayıldı. Alt dodağını dişləri ilə sıxaraq utancaq baxışlarla masaları, masa arxasında əyləşən daz, yarımdaz və saçlı məmurları, salonun gözləmə qismindəki kətillərdə əyləşən yaşlı, cavan ondan artıq insanı diqqətlə seyr etdi. Sanki onların içində bir tanış, ya da dərdini anlada biləcəyi kimisə axtarırdı. Əsasının yardımı ilə duvarın dibinə tərəf iki addım atıb dayandı, dönüb kürəyini duvara söykədi və bütün ağırlığını sağlam ayağının üstünə salıb əsasını əlinin üstündən cəld bir hərəkətlə fırladıb qucağına çəkdi. Sanki çəkingən ana dəcəl körpəsini yad adamlardan qorumaq üçün sinəsinə sıxırdı. Sol tərəfində əyləşən saçları çallaşmış və bir az da seyrəkləşdiyi ilk baxışdan görünən bir adam qalxıb onun qolundan tutdu, özünə tərəf çəkib, keç əyləş, dedi.
-Sağ olun, istəmirəm, belə rahatdı.
-Ne rahatı, əyləş dedim sənə.
Əlli yaşlarındakı ucaboy, enlikürək bir adamdı bu. Sanki əmir verirmiş kimi danışaraq onun qolundan tutduğu kimi çəkib öz yerində oturtdu.
– Ayaqlarım sağlamdı heç olmasa, ayaqda qalmaq mənim üçün məsələ deyil.
-Sizin qolunuza nə olub, deyərək onun dibindən kəsilmiş sağ qoluna baxdı.
-İş qəzası.
-Yeni olub?
-Yox, iyirmi ilə yaxındır.
-Allah özü köməyiniz olsun.
-Amin, hamımızın. Bəs sənə nə olub?
-Elə mənimki də iş qəzasıdı deyib, kinayə ilə gülümsədi, dərindən bir ah çəkib başını aşağı saldı.
-Harda işləyirdin?
-Orduda.
-Müharibədə itirmisən ayağını?
-Yox, yaşım müharibəyə çatacaq qədər çox deyil?
-Zabit idin?
-Yox, maxe.
-Harda işləyirdin?
-Cəbhə bölgəsində.
-Minaya düşmüsən?
-Yox, Allah göstərməsin.
-Bəs, nə olub?
-Snayper mərmisi dəyib budumdan.
-Həkimlikdən zaddan başı çıxan biri yoxuydu orda?
-Həkimlikdən başı çıxanın orda nə işi var? Olsa-olsa qospitaldadır, ya da ən yaxşı halda hissənin tibb məntəqəsində.
-Bəs sənin ayağını kim sarıdı?
-Sanitar varıydı orda, o sarıdı. Sağ olsun yenə, o da olmasa qanaxmadan ölərdim yəqin.
-Bəs, necə oldu ki, yaralandın?
-Bilirsiz, mən xidmət eləyən tərəfdə ermənilərin postu bizimkindən yuxarıda idi.
-Alardız da oranı.
-Əvvəl elə bizimki imiş də.
-Əvvəl deyəndə, yəni nə vaxt?
-Atəşkəsdən sonra.
-Ermənilər sizdən ağıllı çıxıblar?
-Ağıllı yox, sadəcə bilirsiz, əvvəl cəbhədə qayda-qanun yox idi. Məsələn, mənim özümün əsgər vaxtı ilk posta çıxmağım yadıma gəlir. Gənc əsgər dövrünü keçib and içmədən dərhal sonra bizi maşınlara doldurub ön xəttə apardılar. Taborun müşahidə məntəqəsində hamını bölüklərə bölüşdürdükdə mən ikinci bölüyə düşdüm. Bölüyün dayaq məntəqəsində gecələdikdən sonra sabahı gün birbaşa posta göndərildim. Taqımın sığınacağına çatar-çatmaz əlimə tüfək verib posta çıxartdılar. Həmin gün axşama qədər tək və gecəni də toran düşənə yaxın yanıma gələn köhnə əsgərlərdən biri ilə ordaca qaldım. Gecə də yoldaşım yatmasınmı? Səhərə qədər nə qədər tək oturmaq olar? On səkkiz yaşı yenicə tamam olmuş uşaq, nə əsgərlikdən anlayış var, nə də başqa şeydən. Yorğunluğun üstünə yuxusuzluq da gələndə adamın çiyinlərinə dağlar qədər ağırlıq çökür. Oyaq qal qala bilirsənsə.
-Sən də yatdın?

-Hə, amma nə vaxt yuxu tutub yatmışam xatırlamıram, ayılanda artıq səhər açılırdı. Nə isə, demək istədiyim o deyil, həmin postda bir əsgər varmış, bu bədbəxt nəfsinə düşgün, bir az da xaraktercə zəif imiş. Erməni də əvvəl buna siqaret, sonra meyvə, nə bilim konserv filan atıb.
-Erməni hardan bilirmiş posta onun olduğunu?
-Birinci dəfə bu çağırıb onlardan birini, bilirsiz necə? Mən köhnə postda olmadı, amma deyirlər ki, bizimkiylə ermənilərinkinin arası hardasa on beş- iyirmi metr olarmış ya olmazmış, bax elə yaxın imiş. Hə, nə isə bu onlardan birinin başını görüb haylayır, sonra da əli ilə siqaret işarə edir. Onlar da yarı qutu batra göndərir, sonra soruşurlar axber adın nə? Bu bədbaxt da deyir…
-Dayan, niyə icazə varıydı postda onlarınan danışmağa?
-Yox, yoxuydu, amma mən sizə atəşkəsin təzə yarandığı vaxtlardan danışıram, o vaxtlar hələ orduda dərəbəyliyiydi.
-Guya indi elə deyil.
-O vaxta baxanda yox.
-Hə, o köpəyoğlu sonra neyniyib?
-Nə isə, bu gələn dəfə də posta gələndə çağırıb, ara armen, bir siqaret. Baxırlar ki, həmin adamdı yenə də siqaret atırlar, amma bu dəfə qutunun içinə qızarmış toyuq budu da qoyurlar. Qardaşın da dişi şirəyə batır. Bir müddət ermənilərnən dostluq elədikdən sonra buna deyirlər ki, bir gün gəl bizim postda oturaq yeyək-içək. Bu bədbəxt də deyir, siz gəlin.
-Ermənicə bilirmiş?
-Yox əşi, əl-qol işarəsiynən, hə nə isə deyib burnunu çəkdi və davam etdi. Onları posta dəvət edir. Əvvəlcə ermənilərdən biri silahsız, əlində bir çanta dolusu yemək-içməklə gəlir,bunlar oturub iki tikə yeyəndən, adama da əlli-əlli konyak vurandan sonra erməni öz tərəflərinə işarət verir. Səssiz-səmirsiz gəlib müşahidə məntəqəsini ələ keçirirlər.
-Bəs sonra?
-Sonra döy başına, yan Koroğlu… O əsgəri də əsir tutmuşdular, üstəlik müşahidə məntəqəsi də əldən getdi. Sonraları əvvəlkindən yetmiş-səksən metr aşağıda əvvəlcə sığınacağın olduğu yerdə yeni müşahidə məntəqəsi tikib, ondan da xeyli bəridə yeni sığınacaq düzəltdilər.
-Səni həmin yerdə vurublar da?
-Hə, biz artıq onlardan aşağıda dayandığımız üçün sığınacaqdan müşahidə məntəqəsinə gəlib gedən yol hər nə qədər ziqzaq formasında səngər kimi qazılsa da, yenə də təhlükəli idi. Ayrıca onların düz önümüzdə deyil, az sağ tərəfimizdə yüksəklikdə snayper postları var idi. Məni də həmin snayper postundan vurmuşdular. Snayper səngərin içindəykən ayağından necə vurmuşdu? Ön xətt boyunca daşdan tikilmiş möhkəmləndirilmiş atəş nöqtələrimiz var idi. Ermənilər də gülləni əslində mənə yox, həmin vaxt posta duran başqa əsgərə atırdılar. Amma hədəfi vura bilmədilər, möhkəmləndirilmiş atəş nöqtəsinin duvarına dəyən güllə çovuyaraq dizimin üstündən girib sümüyümü qırdı. Bunu deyib əli ilə güllə dəyən yeri göstərdi.
-Sən onda harda idin ki?
-Postları yoxlamağa çıxırdım, onda gördüm ayaqlarım yuxarı qalxdı, üzüstə dəydim yerə. Əvvəlcə ağrı filan hiss eləmədim, ayağa qalxmaq istəyəndə bu ayağım saxlamadı, təkrar yıxıldım. Bir də nə görsəm yaxşıdı? Qan götürüb məni… Nə isə, səsimə uşaqlar gəldi, ayağımı sarıyıb, bir dənə də “Piramidol” vurduqdan sonra sığınacağa apardılar, sonra da taborun bir “UAZ”ı varıydı ona qoyub gətirdilər qospitala. Reanimasiyada özümə gələndə nə görsəm yaxşıdı? Qalmışam tək ayaqnan. Sözünü bitirib dərindən bir ah çəkdi.
-Fikir eləmə, bacıoğlu, Allahın min dərdi varsa, min bir də dərmanı var deyib, salamat əli ilə onun çiynini tutub oxşadı və davam etdi. Mən özüm də əvvəl yaxşı imkanlı olmuşam. Moskvada olurdum. Orda bazarda otururdum. Pulum burdan yox, burdan idi. Bunu deyib salamat əli ilə öncə boğazını, daha sonra başının üstünü işarə elədi. Sonra bankrot elədim, çıxıb gəldim Azərbaycana. Burda Sumqayıtda bir ev aldım, özüm də boru prokatda işə düzəldim. Yəni heç o qədər işləmək də nəsib olmadı. Cəmi bir dəfə maaş cədvəlinə qol çəkdim, ikincisinin vaxtı gələndə artıq xəstəxanada idim.
-Nə oldu ki, qolunuza?
-Tok vurdu.
Qısa sürən sakitlikdən sonra salamat əlini dizinə vurdu:
-Hə, bacıoğlu, hərənin bir dərdi var, heç kimə deməz ağlar.
Ömründə ilk dəfəydi ki, bura gəlirdi. Bəlkə də bu qədər utanıb sıxılmağının səbəbi bu idi. Masaların arxasında əyləşən məmurlara və onlarla az qala dalaşırcasına mübahisə edən yarımcan insanlara baxdıqca hara gəldiyini unudur, çaşıb qalırdı. Qəbul otağını ağzına qədər dolduran bu qələbəliyin içində gözlə görünən əlilliyi olmayan demək olar ki, yox idi. Bu onun diqqətini çəkdi. Allahım bu nədi, elə bil əlillər evidi deyə düşünüb qeyri ixtiyari salamat birinin olub olmadığını maraqlı gözlərlə araşdırmağa başladı. Artıq yerini ona verən ağsaqqalı da unutmuş, bütün diqqəti ilə kiçik araşdırmasına dalmışdı. Birdən bir qadın bağırtısı duyub başını yana çevirdi. Bu altmış yaşlarında, nimdaş, amma təmiz və səliqə ilə geyinmiş, şişman, ağappaq saçları qısa kəsilmiş bir xanım idi. Var gücü ilə bağırırdı:
-Fransa səfirliyinə gedəcəm, Fransa səfirliyinə! Hamınız yalançısınız, naziriniz də özünüzdən betər yalançının biridir!
Masa arxasında əyləşən məmurların onu susdurmaq üçün qabaca donquldanmaları, həmən ardından isə digər şikayətçilərin bu qadına dəstək verən səsləri eşidildi.
-Susdurun bu arvadı, yenə gəldi, ağzına gələni tökəcək eşiyə, mədəniyyət yox, tərbiyə yox!
Donbagöz biri isə, kənd eşşəyindən bundan artıq nə gözləyəsən, deyə mızıldandı. Amma qadının dəstəkçiləri də səslərini kəsmək istəmirdilər.
-Düz edir, biz boynumuzü büküb, səsimizi çıxarmırıq ona görə də hamısı miniblər belimizə! Bir söz deyəndə də bir o qalır ki, adamı ələ salmayalar!
Ardı var…