Qüdrət Əzizov
Sərt baxışlar…
Fəvvarələr meydanı və mağazaların birinin səkisində oturub tütək calaraq pul qazanmaq istəyən az yaşlı oğlan uşağı…Yanından ötüb keçən insanların bir çoxu sərt baxışlarla uşagı sezir, amma hər keçən insandan ümidli olan uşaq dayanmadan musiqi ifa edir. Bu hallarla tez-tez rastlaşırıq, hətta dilənçilərlə belə. O diləncilər ki, başqa insanların əlinin altında buna məcbur edilərək, sahiblərinə pul aparmaq ücün insanların ayaqlarını qucaqlayan, maşınların şüşələrini silən dilənçilər. Bunlar həyatın sərt baxışlarına tuş gəliblər.
Bir insanı istismar etmək onun həyatını məhv etmək insanlıqdan kənar bir vəziyyətdir. Son zamanlar daha da vüsət alıb bu hallar. Özlərini bilərəkdən maşının altına atanlar belə var, onlar buna vadar olunur və biz bunun qarşısını almalıyıq. Bizlər şükr etməliyik, çünki həyat bizə bu sərt baxışlarını göstərməyib, bəlkə də gələcəkdə bizdə rastlaşa bilərik. Lakin sabahımızı dəyişmək öz əlimizdədir. İnkişaf edən bir ölkədə, müstəqil bir ölkədə nəyə görə az yaşlılar səkilərdə əl açaraq, musiqi ifa edərək evə pul aparmalıdırlar? Onların yeri səkilər deyil, sinif otaqlarında oturub elm öyrənməkdir. Metrolarda yatan uşaqları da deyə bilərik. İsti evlərdən, ailə nəvazişindən uzaq olan körpələr soyuqda küçələrdə qalır. Burda kimi günahlandıraq? Həyatın sərt baxışını?
Digər bir aktual problem isə cəmiyyətdə qadınlara lazımi qədər diqqət göstərilməməsidir. Cahil cəmiyyətlərdəki qadın xarakterinin ümumi xüsusiyyətlərini araşdırdığımızda, adı hər nə qədər “iş qadını” ya da “evdar qadın” olaraq dəyişsə də, bu kəslərin təməldə ortaq bir xarakterin damı altında birləşdiklərini görərik. Belə ki, kişi ya da qadın, kiçik ya da böyük, cəmiyyətin hər hansı bir fərdindən soruşulsa, qadın xarakteri haqqında dilə gətirəcəkləri təəssüratlar az qala bir-birinin eyni olacaq. Bunlar arasında ən vacib olanlarından biri isə, qadınların kişilər qədər güclü və dözümlü ola bilməyəcəklərinə dair inancdır. Cəmiyyətin kişi fərdləri qədər, qadınların bəziləri də bu yaraşdırmanı qəbul etmişdir. Özlərinə yaraşdırılan “qorunan” xarakter səbəbindən heç vaxt “qoruyan” şəxslər mövqeyində ola biləcəklərini düşünməmişlər. Kişidən daha aciz və daha bacarıqsız olduqlarına inandıqlarından, ümumiyyətlə maddi mənəvi cəhətdən özlərinə baxa biləcək, təhlükələrə qarşı onları qoruyacaq şəxslərə sığınma ehtiyacı hiss edərlər. İstər ailə həyatında həyat yoldaşlarına, istərsə də daha sonrakı illərdə oğullarına olan yanaşmalarında həmişə bu düşüncəylə hərəkət edər, ətraflarında da özlərinə bu imkanları təmin edə biləcək şəxsləri axtararlar. Məhz bu səbəbdəndir ki, bir çox qadınlar özlərinə güvənmədiyindən cəmiyyətdə aşağılanmaya məruz qalırlar. Hər şeydən öncə qadın anadır. Analara hörmətlə yanaşmaq isə hər birimizin borcudur. Hər bir qadın özünə güvənməli və ən az kişilər qədər bacarıqlı olduğunun fərqinə varmalıdır. Belə olan halda qadınlar həyatda çətinliklərə məğrurca cavab verər.
Həllini gözləyən problemlərimizin çoxluğunu nəzərə alıb, bir yazıda bir neçə problemi işıqlandırmaq istəyirəm. Hər birimiz gündəlik ictimai nəqliyyatda nələr çəkirik məlumdur. Yəqin ki, bu da Nəqliyyat Nazirliyinin “sərt baxışları”dır ki, hələ də həlli tapılmır bu problemin. Bir neçə gün əvvəl Bakı şəhərində baş vermiş biabrcı tıxac, insanların işlərinə, dərslərinə saatlarla gecikməsinə səbəb oldu. Bütün yollar bağlı oldugu halda alternativ yollardan istifadə edin deyirlər, lakin bu hansı alternativ yoldursa heç kim tanımır. Digər xarici ölkələrdə görmüşük ki, yolların asfalt örtüyünün dəyişilməsi və ya təmirini gecə saatlarında həll edirlər ki, səhər nəqliyyatda sıxlıq yaranmasın. Amma bizdə tam əksinə. Hələ bu azmış kimi avtobuslarda “rally yarışları” gedir ki, bunun da faciəvi nəticəsin tez-tez eşidirik. Əgər şəhərin mərkəzi küçələrində avtobuslar üçün ayrı bir yol işarələsələr və avtobuslar burdan qıraga cıxmadan hərəkət etsə tıxacların azalmasına köməklik edər.Yəqin ki, nəqliyyat nazirliyi buna bir çarə tapar və bizi bu sərt, əziyyətli baxışlardan qurtarar…