Rəşid Bədəlov– 70

Rəşid Bədəlov– 70

Noyabrın 10-da Nizami rayonunda yerləşən “ ŞƏLALƏ ” şadlıq sarayında “ Kəpənəkçi” xeyriyyə cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə sabiq “ Kəpənəkçi” xeyriyyə cəmiyyətinin başçısı, Borçalının və Azərbaycanın tanınmış ziyalısı , Rəşid Bədəlovun 70 illik yubileyi keçirildi. İnsafla desək, təşkilatçılar çox yüksək səviyyədə bu yubileyə hazırlıq görmüşdülər.
Məclisi Azərbaycanın tanınmış alimi, Fəlsəfə doktoru Qsman müəllim Göyüşov aparırdı.Yubiley məclisinə Dağlı – Aranlı Borçalının tanınmış ziyalıları,habelə Azərbaycanın müxtəlif yerlərindən gəlmiş, müxtəlif peşə və sənət adamları toplaşmışdı. Məclisə xeyir – dua vermək üçün Qsman müəllim sözü xalqımızın böyük söz ustadı, xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin Sədri, Zəlimxan Yaquba verdi. Giriş sözü ilə məclisi açan xalq şairi Zəlimxan Yaqub Rəşid müəllim haqqında xatirələrini danışdı.
Bu yubiley gecəsinə sazlı – sözlü bir yubiley gecəsi desəm yanılmaram. Bu yubiley gecəsində Rəşid müəllim haqqında yazılan “ Mənalı ömrün anları” kitabının da təqdimatı oldu.
Bu kitabda Respublikamızda və respublikamızdan kanarda yaşayan ziyalıların, şair və yazıçıların Bədəlov Rəşid müəllim haqqında xatirələri və publistik yazıları çap olunmuşdu. Şair Vəli Qaraçaylının Rəşid müəllimə həsr etdiyi “El yolunda yanan ürək” poeması Respublikamızın Xalq Artisti Cabir Ələsgərovun qiraəti ilə oxundu və rəğbətlə qarşılandı.
Kitabın toplanmasında, araya – ərsəyə gəlməsində şairə Sənəm Sabayelin əməyi xüsusi ilə qeyd olundu. “ Kəpənəkçi” xeyriyyə cəmiyyətinin başçısı Pünhan müəllim, Rəşid müəllim haqqında öz xatirələrini danışdı.
Borçalının Kəpənəkçi kəndindən gələn, Rəşid müəllimin yaxın qohumu, tanınmış söz ustadı Bədəlov Abbas müəllimin çıxışı çox rəğbətlə və hörmətlə qarşılandı.
Marat Darvazlının ansanblının rəngarəng çıxışları, Respublikamızın Xalq Artisti Gülyanaq Məmmədova, Aşıq Ramin Qarayev, Aşıq Əşrəf, Aşıq Murad Kövrək,
İrandan gələn aşıq İsa Təbrizli, xanəndələrdən Mirələm, Ariz çox gözəl çıxışlar etdi. Şairlərdən Osman Əhmədoğlu, Səadət Buta, Sənəm Səbayel, Salman Qazi, “Borçalı” cəmiyyətinin başçısı Zəlimxan Məmmədli, “Kəpənəkçi” xeyriyyə cəmiyyətinin üzvü Ənvər müəllimin çıxışlarını tamaşaçılar alqışla qarşıladılar.
Gecənin sonunda , xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin Sədri, Zəlimxan Yaqub bu gecəyə gələnlərə Rəşid müəllimin ailəsi adından və Kəpənəkçi camaatı adından öz minnətdarlığını bildirdi.
Yubiley gecəsinin sonunda Rəşid Bədəlovun həyatından və gördüyü xeyriyyə işlərindən bəhs edən film göstərildi. Allah Rəşid müəllimə qəni-qəni rəhmət eləsin! Amin!

RƏŞİD MÜƏLLİM
(Bədəlov Rəşid müəllimə həsr edirəm)

Dünya fani dünyadı, sənsə fani olmadın,
Cismin tərk etdi bizi, ruhən bizimlə qaldın,
Onsuz da uca idin, sən daha da ucaldın,
El oğlu, millət oğlu oldun, Rəşid müəllim!
Bu dünyada əbədi qaldın, Rəşid müəllim!

Kəpənəkçidə doğuldun, şölən hər yana düşdü,
Sənin üzündəki nur bütün cahana düşdü,
Xeyirxahlıq sorağın Azərbaycana düşdü,
Bir tikə çörəyini böldün, Rəşid müəllim!
Bu dünyada əbədi qaldın, Rəşid müəllim!

Yerişində, duruşunda bəylik nişanı gördüm,
El – obaya hörmətni, mərdlik meydanı gördüm,
Millət üçün şam olan, yanan insanı gördüm,
El yolunda çıraq tək yandın, Rəşid müəllim!
Bu dünyada əbədi qaldın, Rəşid müəllim!

Kəpənəkçi adında bir cəmiyyətin başçısı,
Mərifətin ağsaqqalı, mədəniyyətin başçısı,
Həqiqətin carçısı, mohumatın başçısı,
Saf oldu, təmiz oldu andın, Rəşid müəllim!
Bu dünyada əbədi qaldın, Rəşid müəllim!

Sən unudula bilməzsən, unutmaz heç kəs səni,
Baxıram, edənmirəm başqasıyla bəs səni.
Qəlbində heykəl edib, bilirəm hər kəs səni,
Sən bizlərə Azəri verdın, Rəşid müəllim!
Bu dünyada əbədi qaldın, Rəşid müəllim!

Salman Qazi həm şair, həm ibadət əhlidi,
Həmi əhli Qurandı, həm mohumat əhlidi,
Həqiqət carçısıdı, tam həqiqət əhlidi,
Qəlbimdə heykəl oldun, ürəyimdə yer aldın,
Ali haqqın dərgahına ucaldın, Rəşid müəllim!
Ağsaqqal dostum idin, dost qaldın, Rəşid müəllim!

Salman Qazi