Araz Əhmədoğlunun Azərbaycan sevgisi

Araz Əhmədoğlunun Azərbaycan sevgisi

Ağlımızda, duyğularımızda Azərbaycan – birdir. Ədəbiyyat bu mövzunu həmişə bizə doğma təqdim edir – həsrəti, əhvalımızdakı doğmalığı… Mən inanıram ki, yalnız inamlı ədəbiyyat xalqı qurtara bilər. Ədəbiyyat xilas kimi öncə fərdin içinə gəlir. Yetkin fərdlər isə xalqı təmsil edir. Ədəbiyyat adına söz deyən kəs bundan sonra daha məsuliyyətli olmalıdır. Çünki insansız, ulussuz, bəşərsiz ədəbiyyat yoxdur. Ancaq böyük söz qalır. Bundan sonra necə söz deyəsən ki, təzə olsun, insanı, ulusu yaşatsın, yaratsın. Kürəsəlləşmə dünyanı ağzına alır, dünyada ümidsizlik artır. Ədəbiyyat ümidsizliyə təkan verir, yoxsa ümidsizlikdən ötəyə çatdırır? O deməkdir ki, yetkin yaradıcı şəxsiyyətlərə böyük gərək var. Şəxsiyyət isə zamandan üstün olmalıdır. Ədəbiyyat dünyanı, insanı mənaya çatdırmaq yoludur. Burada yeni-yeni obrazlar tapılmalıdır. Hamımıza tanış olan obrazlar elə çatdırılmalıdır ki, o, daim bizə doğma olsun, özümüzə, ulusumuzun sabahına olan ümidimizi, inamımızı artırsın.
Bu yaxınlarda Güneyli yazar-araşdırmaçı Araz (Abbasəli) Əhmədoğlunun “İki daş” və “Son tüfəng” kitablarının təqdimatı oldu.
Araz Əhmədoğlunun yazılarında inad, inam var. Bu inad ötəri, keçici deyil. Daim zamanla çulğaşır, ona dov gəlir, zamanın üzərində yüksəlir. Baxmayaraq ki, onun doğulduğu böyük bir məkanda ana dilimizə basqı var. O, bu çətin, çıxılmaz şəraitdə dilimizi qoruyur, bu dildə yazır. Araz bəy ardıcıl olaraq ulusal düşüncə ilə özünü kökləməyə çalışır. Onun əhvalındakı sabitliyi, ulusu maarifləndirmək yönündəki çabalarını görürəm. Çünki yol uzundur, çox uzundur. Burada təbii olaraq yaşın da sanbalı var. Araz bəy şovinizm əhvalıyla yaşamır. Bu, onun türk əhvalından, qüdrətindən irəli gəlir. Əvvəlki şeirlıərində müəyyən tələsikliklər, tərəddüdlər var. Onun son şeirlərində dil, ruh aydınlığı artır, güclənir. Əgər dil aydındırsa, bu, elə ruhun aydınlığı deməkdir. Nəsri şeirlərinə nisbətən hələ oturuşmayıb. Şeir türk ruhunda, tarixində daha çox döyüşkən olub. Güney Azərbaycan arealında da şeir tarixən xüsusi rol oynayıb. Araz bəy məcburdur ki, hərdən fikrini sətiraltı desin. Onun can yanğısı isə ortadadır. Ümumən nəsrimizdə qısalığa meyil artacaq. Yəni fikir qurtaran yerdə söz də qurtarmalıdır. Məclis əhvalında bir vaizlik olur, teleserial kimi uzanır. Bu da ədəbiyyatı fikirsizləşdirir, insanı ulus, özünüyaratma gərəkliyindən, qayğısından sapdırır. Söz artıq olanda fikir də itir, bilinmir yazıçı nə demək istəyir. Çətin də olsa, güneyli yazarlarımızın əsərlərinin dililə bağlı işləmələrini arzulayıram. Bu, qaçılmazdır. Şeiriyyətdə əruzla hecanın qovuşuğundan bənzərsiz əsərlər yarana bilər. Əruzda əzəmət, hecada zəriflik var. Məzmun isə ulusallığı, insanlığı təsdiq etməlidir. Araz bəyə yeni uğurlar…

İşıqlı ATALI