Siyasilərin biznesləri nələrdən ibarətdir?
Ən imkanlı müxalifətçi kimdir?
Uzun illərdir ki, iqtidar nümayəndələrinin biznes sturukturları barədə Kütləvi İnformasiya Vasitələrində (KİV) kifayət qədər məlumatlar verilib. Xüsusilə oliqarx məmurlarımızın holdinqləri, şirkətləri, zavod və fabrikləri barədə ölkə ictimaiyyəti xeyli informasiya əldə edə bilib.
Bəs görəsən, müxalifət liderlərinin gəlirləri hardan qaynaqlanır. Axı onların əllərində cəmləşdirdiyi külli miqdarda varidat imkansızlıqlarından xəbər vermir. Onların nə işlər çevirdikləri barədə ətraflı bilgi almaq üçün araşdırma aparmağı qərarlaşdırdıq və müəyyən qədər məlumat əldə edə bildik. İlk olaraq AXCP sədri Əli Kərimlinin hardan gəlir əldə etdiyini öyrənə bildik. Uzun illərdir faydalı əməklə məşğul olmayan Ə.Kərimli əsasən sələmçiliklə qazanmağa üstünlük verib. Belə ki, AXCP sədri xarici təşkilatlardan aldığı qrantlar öz yaxınları vasitəsilə iş adamlarına sələmə verir. Əvəzində isə qarşı tərəf dövlət banklarından olduğu kimi əmlaklarını girov qoymalı olur. AXCP sədrinin aylıq gəliri 100-150 min ABŞ dolları civarındadır.
Ümid Partiyasının sədri İqbal Ağazadə Ə.Kərimlidən fərqli olaraq daha halal biznes yolu seçib. İ.Ağazadənin şüşə sexi olmaqla yanaşı, həm də qardaşıyla ortaq tikinti biznesləri də mövcuddur. Partiya sədri və həm də millət vəkili olan İ.Ağazadənin bir neçə kafe və restoranı da var. Onun aylıq gəlirinin AXCP sədrinin gəlirindən bir qədər çox olduğu ehtimal edilir. İqbal Ağazadənin qışda badımcan yetişdirən istixanaları da mövcuddur.
MDHP sədri, millət vəkili Fərəc Quliyevin mal varlığı milyonlarla ölçülür. Onun “torqovı”da yerləşən 7 otaqlı mənzilinin dəyəri 3 milyon dəyərləndirib. Millət vəkilinin şəhərin digər ərazilərində bir neçə mənzili olsa da, F.Quliyev ötən illərdə əsasən Nizami rayonu ərazisində yerləşən mənzillərini sataraq digər biznes sahələrinə yatıra bilib. Onun əsasən istixanalarda göbələk yetişdirdiyi barədə məlumat almışıq.
MDHP sədrinin Moskva şəhərində tikinti biznesinə ortaq olduğu barədə yayılan məlumatlar da öz təsdiqini tapıb. Belə ki, F.Quliyev hazırda Moskvada yaşayan, bir zamanlar “Şıxov” batalyonunun komandiri olmuş Mehrac adlı şəxslə tikinti biznesində ortaqdır. MDHP sədrinin Nərimanov rayonu ərazisində şəxsi ofisi və marketi var. F.Quliyevin Sumqayıt şəhərində bir neçə marketinin olduğu söylənilir. Hədsiz xəsis olduğu və daş-qaş toplamağa meyilli olan MDHP sədrinin sərvəti on milyonlarla ölçülür.
Milli Qurtuluş Partiyasının sədri Fazil Mustafanın Naxçıvan şəhərində otel biznesiylə məşğul olduğunu bilsək də, araşdırmamız aşkar etdi ki, onun Bakı şəhəri və ətraflarında kifayət qədər əmlakı var. F.Mustafanın Nərimanov rayonu ərazisində “Şəki” adı ilə fəaliyyət göstərən kafesi məlumdur. MQP-ı sədrinin balıqçılıqla və hətta müalicəvi zəlilər yetişdirməklə də külli miqdarda qazanc əldə etdiyi söylənilir.
Azadlıq Partiyasının sədri Əhməd Oruc maldarlıqla məşğul olduğu üçün, əsas gəlirini qatıq və digər süd məhsulları satmaqdan qazanır.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin biznesi məxfi saxlanılsa da, onun yaxın dostu Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin ölkəyə kolbasa və sosiska idxalından xeyli gəlir götürə bildiyi dolaşan xəbərlər sırasındadır.
Bir zamanlar vəzifələrini dondurmaqla məşhurlaşmış İsa Qəmbərlə Pənah Hüseynin ortaq dondurma biznesləri olması aşkarlanıb. İ.Qəmbərin Türkiyədə, Qüzey Kıprısda otelləri olması faktı daha öncə tədiqlənib.
VHP sədri Sabir Rüstəmxanlının da əsas biznesini qardaş Türkiyə və Qüzey Kıprıs Cümhuriyyətində qurulduğu siyasi dairələrdə müzakirə mövzusudur.
Müsavat partiyasından ayrıldıqdan sonra “yelkənsiz gəmi” kimi hər tərəfə meyllənən İbrahim İbrahimlinin əvvəllər bizneslə əlaqəsinin olmadığını, durumunun ağır olduğunu bilirdik. Ancaq tanıyanlar İ.İbrahimlinin son zamanlar üzünün güldüyünü söyləyirlər. Sabiq müsavatçının “kukuruz” və “pişmaniyə” satdığı və xeyli qazandığı bildirilir. Əlbəttə, onun durumunun yaxşılaşması bizi də sevindirib.
Həmkarımız “Yeni Müsavat” qəzetinin baş yazarı Rauf Arifoğlunun da Türkiyədəki dostlarıyla birgə tekstil işinə girişməsi geniş araşdırmanın mövzusudur. Qardaş ölkədəki mənbəmiz yaxın zamanlarda həmkarımızın biznesi barədə ətraflı məlumat verəcəyini bildirib.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Beynəlxalq Universitetin Fransaya sığınmış sabiq rektoru Elşad Abdullayevlə birgə Parisdə və eləcə də Almaniyanın bir neçə şəhərində dönərxanalar açmaları barədə faktlar artıq təsdiqini tapıb.
Zaur