Dezinformasiyalar kimlərə xidmət edir?

0
6

Dezinformasiyalar kimlərə xidmət edir?

Bunlar dövlətə və orduya olan inamı sarsıtmağa yönəlib!

Son günlər baş verən hadisələri izlədikcə istər-istəməz 1988-93-cü illəri xatırlamalı oluram. Sanki millətimizin əksəriyyəti xəbər almaq-vermək, sözün əsil mənasında isə dezinformasiya yaymaq mərəzinə tutulmuşdu. Məlumatlar təhrif olunur, büsbütün şişirdilir və bundan sonra dövrəyə buraxılırdı.
Məsələn, düşmənlə vuruşmağa cəsarəti çatmayanlar dövrəyə belə bir dezinformasiya ötürürdülər, guya cəbhədə özümüzkülər bir-birini arxadan vurur. Təəssüf ki, həmin yalan məlumat bir anda “həm ayaq tutur, həm də yeriyirdi”. İctimai fikri çaşdıran o olurdu ki, məlumatı yayanların adları, ünvanları bəlli olmurdu.
Dəfələrlə şahidi olmuşdum ki, düşmənlə sərhəd bölgəsində bir güllə atılarkən, həmin məlumat yaxın bölgələrə düşmənin ağır texnika ilə hücum etməsi kimi çatdırılırdı. İnanın ki, işğal altına düşmüş, bir çox kənd və qəsəbələrimiz məhz həmin dezinformasiyaların sayəsində xoflanan əhalinin qaçması sayəsində boşaldılmışdı. Deməli, dezinformasiya yalnız və yalnız düşmənlərə xidmət göstərir. Bunu anlamağa nə var ki? Di gəl ki, anlaya-anlaya belə ciddi səhvləri buraxanlarımız hələ də kifayət qədərdir. Son günlər cəbhə bölgələrində baş verənlər söylədiyimi bir daha təsdiq etdi. Sosial şəbəkələrdə hansı dezinformasiyayla rastlaşmadıq? Əfsuslar olsun ki, həmin dezinformasiyaların əksəriyyəti millətimizi ruh düşkünlüyünə çağırırdı.
Təxribatın bir növü də məncə dezinformasiya hesab olunmalıdır. Məhz buna görə də dezinformasiya yayanlar təxribatçı kimi məsuliyyətə cəlb edilməlidir. Özü də müharibə zamanının qanunlarına uyğun olaraq. Ümumiyyətlə, dezinformasiyalar cəmiyyətdə dövlətə, orduya olan inamı sarsıtmağa yönəlib. Mənə inanmayanlar televiziyaların arxivlərinə bir daha bir daha nəzər salsınlar. Diqqət yetirib, görsünlər ki, cənnətməkan torpaqlarımız hansı əhval-ruhiyyə ilə boşaldılır.
İndi dezinformasiyanın yeni növü də ortaya çıxıb. Pafosla, reklamla özünü cəmiyyətə qəhrəman kimi təqdim etmək. Birinci Qarabağ savaşında cəbhəyə yalnız şəkil çəkdirmək üçün gedənlər sosial şəbəkələrdə şəkillərini reklam etməyə, ölkə rəhbərliyinə müraciət edərək cəbhə bölgələrinə göndərilmələrinə nümayiş etdirməyə başlayıblar. Belələrini çox gördük. Cəbhədə vuruşmaq əvəzinə, əlində silah cəbhəyə yaxın rayon mərkəzlərində avtomobillərin baqajlarını yoxlayanlarla rastlaşdıq. Belələrindən öncə tələb etmək lazımdır ki, sən vuruşmaq istəyini kənara qoy, birinci Qarabağ savaşında kəndləri bir-bir necə təhvil verdiyinizin təslifatını söylə!
Müxalifət düşərgəsində olanlar da fürsətdən yararlanmaq istəklərini gizlətməyiblər. Yenə ortaya “məmur balaları müharibəyə getmir” tezisi ötürülüb. Əlbəttə, onlarla müəyyən qədər razılaşmaq olar, ancaq indi cəbhədə qanlı döyüşlərin getdiyi bir zamanda ayrı-seçkilik salmağın sırasıdırmı? Digər tərəfdən məmur məfhumunu düzgün anlamaq gərək. Ölkədə bilirsinizmi nə qədər məmur var? Birinci Qarabağ savaşında azmı məmurun və yaxud imtiyazlı şəxslərin övladları şəhid olub? Təəssüf ki, həmin sullara cavab tapmaq əvəzinə, hər yerindən duran ortaya araqarışdırmaq istəyilə çıxır. Yox qardaşlar, bu rəqabət üsulu deyil ki, belə şayiələrdən istifadə edirsiniz!Ölkənin taleyüklü problemlərinin həlli məqamında, cılız hissləri oyatmaq yaraşırmı?
Sosial şəbəkələrdə bir çoxlarının statuslarını izlədikcə dəhşətə gəlməmək olmur. Bəziləri utanıb-qızarmadan elə təkliflər irəli sürürlər ki, məqsədlərinin yalnız diqqəti cəbhədən yayındırmaq olduğunu görməmək olmur. Biri təklif edir ki, gərək hökümət imkan versin ki, hamı toplaşsın Azadlıq meydanına, ordan da toplaşıb cəbhə bölgəsinə gedək. Nə olub axı? Yoxsa, cəmiyyətdə ordumuzun olmaması təəssüratı yaratmaq istəyirsiniz?
Bəziləri şəhidlərin ruhuna hörmət əlaməti olaraq ölkə ərazisində matəm elan olunmasını tələb edir. Bu tələbi irəli sürən şəxslər, çox keçmir ki, statusunda ya mahnı, yada ki komik nə isə paylaşır. Təbii ki, belələri qeyri ciddi biriləridir, onlara əhəmiyyət verməyinə dəyməz. Ancaq nə edəsən, birdə görürük ki, psevdo-vətənpərvərə yüzlərlə dəstək verən tapıldı. Əlbəttə, mən şəhidlərimizin ruhuna hörmətlə yanaşmağın, onların ailələrinə dövlət səviyyəsində yüksək qayğı göstərilməyin ən qatı tərəfdarıyam. Ancaq müharibə şəraitində yaşayan ölkədə hər gün matəm elan etməyin əhəmiyyəti varmı? Onsuzdakı şəhidlərimizin ruhuna ehtiram bəsləyən şəxslərin içi qan ağlayır.
Əlbəttə, yaxşı olardı ki, ölkə ərazisində matəm elan edilməsini tənzimləyən qanun qəbul ediləydi. Matəm barədə qərar yalnız dövlət başçısı tərəfindən verilə bilər. Yəni matəm elan olunması birbaşa dövlət rəhbərinin səlahiyyətində olan məsələdir və gərək olanda bu edilir. Mənə elə gəlir ki, şəhidlik ən uca zirvədir. O zirvəyə ucalmaq, ruh düşkünlüyü ilə yox, məğrur duruşla, döyüşə yeni çağırışlar etməklə qarşılamaq lazımdır. Cəmiyyətimizi dezinformasiyalarla deyil, həqiqətləri özündə əsk etdirən vətənpərvərlik çağırışlarıyla məlumatlandırmağın tam zamanıdır!

Nihat

LEAVE A REPLY