Xəzərdəki seysmik aktivlik əhalini təşvişə salıb
Qurban Yetirmişli: “Bu ərazini daha aktiv zona kimi qeyd etmək lazımdır”
Son vaxtlar Xəzər dənizində intensivləşən zəlzələ əhalini ciddi narahat etməyə başlayıb. Bir vaxtlar belə təkanlar ara-sıra baş verirdisə, indi az qala hər gün Xəzər dənizində zəlzələ olur. Bəzi ekspertlər bunun səbəbini Xəzər dənizində seysmoloji aktivliyin artması ilə izah edirlər. Məlumdur ki, belə seysmoloji aktiv zonalar isə Azərbaycanda çoxdur. Bu səbəbdən istər zəif, istərsə də güclü zəlzələlərin hər an baş vermə ehtimalı böyükdür.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlamasında deyib ki, bir neçə səbəbə görə bu ərazini daha aktiv zona kimi qeyd etmək lazımdır:“Azərbaycanda seysmoloji zona çoxdur. Bunlar tarixən də indi də zaman-zaman baş verən xırda və böyük təkanlar baş verən zonalardır. İlin əvvəlindən indiyə kimi götürdükdə daha aktiv zona orta Xəzər, cənubi Xəzər, Şamaxı-İsmayıllı və digər bölgələrdir. Amma nisbətən qeyd edilən zonalar götürülür. Yəni Böyük Qafqazın cənubi-şərq, şimali-qərb hissəsləri daha aktivdir. Bu da ki, orta, güclü, zəif olan təkanlardır. Bu gün Qəbələdən 10 km şərqdə qeydə alınan təkanlar çox güclü zəlzələ deyil. Təkanların 3 bal gücündə hiss olunması normal hal kimi qəbul olunur. Elə gün olur ki, 15-20 və ya 5 zəlzələ olur. Bunların arasında da hiss olunan təkanlar mütləq olur. Ancaq nisbi götürəndə ki, daha çox hansı bölgədə zəlzələ baş verir bu cəhətdən Xəzər dənizini daha aktiv zona hesab etmək olar”.
Qurban Yetirmişli Xəzər dənizində tez-tez baş verən zəlzələnin səbəblərini də izah edib. Onun sözlərinə görə, yer daxili litosfer hərəkətdədir: “Mən yerin altında olan blokları deyirəm. Söhbət Azərbaycandan gedir. Avrasiya, Şimal Buzlu okeanı, Sakit okean və digərləri böyük plitələr qrupuna aiddir. Ərəbistan Azərbaycanı bu baxımdan sıxır. Digər tərəfdən isə, Avrasiya plitəsi sıxır. Bu blokların yerin daxilində hərəsinin öz hərəkətləri var. Onların horizontal hərəkəti və sürətləri il boyu nəzərə alınır. Burada 7, 5 millimetrdən söhbət gedir. Hansında ki, çox sürət olur bu o deməkdir ki, bir blok o biri bloku sıxmağa başlayır. Gərginlik vəziyyəti yaranır, energi toplanır, ani bir anda çuxurlarda parçalanma gedir və bu dalğa formasında yer üzərinə gələrək bizi silkələməyə başlayır. Zəlzələnin baş vermə mahiyyəti və mexanizmi əslində budur. Ocaq dediyimiz yerdə müəyyən proses gedir. Yəni bu proseslərdə en, uzunluq, neçə kilometri əhatə etmə, parçalanma nəticəsində ölçülər və digər mexanizmlər var. Ona görə də hansı zonada belə çox hərəkətlər ki, var o zonanı aktiv zona kimi qəbul edirik”.
Ekspert qeyd edib ki, Azərbaycanda elə gün olmaz ki, zəlzələlər baş verməsin: “Hər gün yer daxilində sadaladığımız bu hərəkətlər baş verir və bunun nəticəsində zəlzələ olur. Ancaq zəlzələlərin ölçüləri var. Kiçik zəlzələlərin baş vermə ehtimalı həmişə və hər gün var.
Rixter cədvəli ilə götürsək, hər gün 20-yə yaxın belə zəlzələlər baş verir. Hazırda hansısa zonada desəm ki, maqnetudası 7 bal gücündə zəlzələ olacaq, belə bir mövqe yoxdur. Xırda təkanların çox olmağı ehtimalı isə həmişə çoxdur. Belə təkanların isə heç bir fəsadları ola bilməz. Normal tikilən binalar 8-9 bal gücünə qədər davamlı olur”.