Kemeron Britaniyanı dağıtdığı üçün hüquqi məsuliyyətə cəlb oluna bilər

0
4

Ramiz Tağıyev: “Həmin adam verilən qərarın tərəfdarı və proseslərin təşəbbüskarı olub”

“Bu baxımdan da Kemeron Aİ-dən ayrılmaqla bağlı şəxsi məsuliyyət məsələsindən yayına bilməyəcək”
Cüzi səs çoxluğu ilə olsa da, Britaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarları qalib gəldi. Referendumun siyasi və iqtisadi nəticələri də özünü çox gözlətmədi. Baş nazir Kemeron istefa verdi, ölkənin valyutası funt-sterlinq isə kəskin dəyərdən düşdü.
Ölkə üzrə 383 səsvermə dairəsi üzrə hesablamalara görə, ölkənin Avropa İttifaqından çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəlib. Ümumilikdə birlikdən çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini, qalmağın tərəfdarları isə 48 faizini təşkil edib. Seçici fəallığı 72 faiz təşkil edib.
Britaniya xalqının bu qərarı baş nazirin istefasına da səbəb olub. Referendumun nəticələrini dəyərləndirən D.Kemeron xalqa müraciəti zamanı deyib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir. Buna baxmayaraq, o, növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək. Oktyabrda isə Mühafizəkarlar Partiyasına seçiləcək yeni sədr ölkənin baş naziri olacaq.
Birləşmiş Krallığın AB-ni tərk etməsinə dünyada müxtəlif reaksiyalar var. Nəticələrdən məyus olan ilk növbədə Avropa İttifaqı rəhbərliyidir. Şura sədri Donald Tusk bu cür ssenariyə əvvəlcədən hazır olduqlarını bildirib. O, gələn həftə qurumun sammiti çərçivəsində 27 üzv ölkə ilə qeyri-rəsmi müzakirə aparmaq barədə təkliflə çıxış edib.
Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İtaliyanin baş naziri Matteo Renzi Britaniyanın ayrılmasına baxmayaraq, Avropa Birliyinin hər zaman güclü olacağını və ən qısa zamanda ittifaqın gələcəyinin müzakirəsi üçün toplanacaqlarını bildirib.
Britaniyanın xarici işlər naziri Filip Hemmond bəyan edib ki, referendumun nəticələri Rusiya prezidenti Vladimir Putinə bir az rahatlıq gətirəcək. Onun sözlərinə görə, indi Rusiya prezidenti birliyin ölkəsinə qoyduğu sanksiyaların yüngülləşdirilməsi perspektivlərinə daha optimist baxacaq.
Göründüyü kimi, Böyük Britaniya cüzi səs çoxluğu ilə Avropa İttifaqını tərk etməli oldu. Dünya liderlərinin verdiyi reaksiyadan bəlli olur ki, bu prosesdə referendum formal xarakter daşıyıb. Bütün proses əvvəlcədən planlaşdırılıb. Bu məsələ ilə bağlı Kemeronun baş nazir kimi şəxsi məsuliyyət məsələsi gündəmə gələ bilərmi? Çünki biz analoji vəziyyətin Qorbaçovla bağlı yaşandığının şahidi olmuşuq. Həmin vaxt da SSRİ-nin dağılmasına referendumda səs verildi, ancaq indiyə kimi, Mixail Qorbaçov tənqidlərdən yaxa qurtara bilmir.
Tanınmış siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu cür prinsipial məsələlərlə bağlı tarixi müzakirələr çox aparılır: “Yəni Kemeron istefa ilə canını qurtara bilməyəcək. Söhbət bu məsələnin Britaniyaya necə təsir edəcəyindən getmir. Ola bilər ki, hazırkı vəziyyət üçün bu, doğru qərar olsun. Ancaq bu qərardan sonra hansı proseslərin cərəyan edəcəyini təxmin etmək çətin deyil. Böyük Britaniyanın AB-ni tərk etməsinin əsl səbəbləri digər ölkələrə də bəllidir. Əslində bu qarşıdurma AB-nin daxilində çoxdan gedir. Etirazlardan başlıcası budur ki, Avropa İttifaqına daxil olan ölkələrin çoxu kasıbdır. Xüsusilə də sosialist lagerində olmuş keçmiş dövlətlər, sanki ərköyün uşaq kimi, qurumun üzvü olan digər dövlətlər tərəfindən saxlanır kimi rəy mövcud idi. Britaniyanın qopmasında başlıca məqamlardan biri də bu idi. Təbii ki, bu vəziyyət yalnız Britaniyanı narahat etmir. Bu səbəbdən digər ölkələr də Britaniyanın yolunu davam etməkdə maraqlı olduğunu büruzə verir. Yəni bu nəticəyə gəlinir ki, Kemeronun adı ilə Avropa İttifaqı kimi böyük bir təsisatın dağılmasının əsası qoyulur. Krallığın tərkibində də gərginlik hakimdir. Əsaslandırılmış təhlillərdə bildirilir ki, Avropa Birliyi ilə vidalaşmaq qərarı Krallığın daxilindəki ziddiyyətləri də kəskinləşdirəcək, hətta vəziyyətin separatçılığa qədər gedib çıxacağına dair iddialar var. Təbii ki, bütün bu neqativliklərdə Kemeronun adı hallanacaq. Bəli, biz analoji vəziyyətləri bir çox ölkələrdə görmüşük. Britaniyada qəbul edilən qərar xalqın istəyi kimi rəsmiləşdirilir.
Amma həmin vəziyyətin yaranmasının əsası baş nazir Kemeron tərəfindən qoyulub. Yəni ssenari müəllifi özü olub. Həmin adam verilən qərarın tərəfdarı və proseslərin təşəbbüskarı olub. Bu baxımdan da Kemeron Aİ-dən ayrılmaqla bağlı şəxsi məsuliyyət məsələsindən yayına bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ