Kənd turizminə maraq artır – Qiymətlər necədir?

0
5

Bu günlərdə məzuniyyətə çıxanların artması istirahət planlarını gündəmə gətirib. Məkanla yanaşı insanları düşündürən digər əsas amil xərclərdir.

Yay mövsümündə istirahət üçün xaricə gedənlərlə yanaşı bölgələrə üz tutanlar da az deyil.

Azərbaycanın ən böyük turizm potensialına malik bölgələrindən olan Nabran istirahət zonası qonaqları qarşılamağa başlayıb.

Bəzi turistlər istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin hotellərlə müqayisədə aşağı olmasıdır.

Nabranda fərdi evlərin bir günlük qiyməti əraziyə görə 15 manatdan 50 manata qədər dəyişir. Bu qiymətə yeməklər daxil deyil.

Cənub bölgəsində də kənd turizminə üstünlük verənlər çoxalır. Lənkəranın kəndlərində xeyli evlər var ki, turistlər kirayələməklə istirahətlərini sərfəli keçirə bilir.

Bu bölgədə evlərin kirayəsi adambaşına 8-10 manat civarındadır. Mütəxəssislər bildirirlər ki, qonaq gələn istər yerli, istərsə də əcnəbi turistlərə bələdçilik edib, onları rayonun gəzməli-görməli yerlərinə aparıb, tarixi məkanlar haqqında ətraflı məlumat verilir. Kənd azuqələrindən hazırlanan yeməklər üçünsə turistlərdən ayrıca ödəniş tələb olunur.