Putin “Qarabağ düyünü”nü çözməyə kömək edəcəkmi? –5+2 formulunun məhculları

0
6

Azərbaycan Ermənistan prezidentlərininn iyunun 20-də Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə baş tutan görüşü, müzakirə olunan məsələlər, Qarabağ münaqişəsi ilə bağlı danışıqların bundan sonrakı perspektivi ilə barədə mübahisələr ara vermir. Bütün bunların fonunda danışıqlardan iki gün sonra Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Bakıda sükutu pozması və və görüşdə müzakirə olunan məsələlərin detallarını açıqlaması bomba partlayışı effektini verdi.

N.Məmmədov qeyd etdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə, Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”.

Sankt-Peterburq danışıqlarından 5 gün sonra isə prezident İlham Əliyev hərbiçilərlə görüşdə  bəzi məqamlara aydınlıq gətirdi. Prezident bir daha vurğuladı ki, proses sürətlənməli və görüntü naminə aparılmamalıdır. Azərbaycan mərhələli həll planını ən məqbul variant hesab edir. Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərin müzakirəsinə hazırdır. Amma bu status Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində olmalıdır.

Sankt-Peterburqda masaya qoyulan təkliflər

Azərbaycan Prezidenti və diplomatlarının açıqlamaları, eləcə də Rusiya XİN rəsmilərinin bəyanatları götərdi ki, Sankt-Peterburq görüşündə də masa üzərində yenilənmiş “Madrid prinsipləri” olub.

“Madrid prinsipləri”  ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdikləri saziş planıdır.

Planda:

– İlk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələrin çıxarılması;

– Beş rayonun dərhal, iki rayonun – Kəlbəcər və Laçının müəyyən müddətdən sonra qaytarılması (Təkliflərdə beş il müddət nəzərdə tutulumuşdu);

– Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhlizin fəaliyyət göstərməsi;

– Əvvəllər işğal olunmuş ərazilərin demilitarizasiyası;

– Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi;

– Minalarm təmizlənməsi, yenidənqurma işlərinin görülməsi və münaqişənin təsirini aradan qaldırmaq üçün tədbirlərin görülməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması prosesinin sürətləndirilməsi;

Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulurdu.

Azərbayca müəyyən şərtlər təklif etməklə, əsasən bu plana razılıq vermişdi. Amma vasitəçilərin səylərinə baxmayaraq, Yerevanı razı salmaq mümkün olmamışdı.

Daha sonra Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin 4 il ərzində seriya görüşləri keçirilmiş.  Hələ indiyə qədər detalları açıqlanmayan “Medvedev planı” işlənmişdi.  2011-ci ildə Prezidentlərin 24 iyunda keçirilən Kazan görüşündə tərəflər bu plan üzrə razılığa gələ bilməmişdi. Ruslar etiraf etməsələr də,  “Medvedev planı”da “Madrid prinsipləri” əsasında işlənmişdi.

İndi 5 ildən  sonra Moskva yenidən danışıqlarda əsas vasitəçiliyi öz üzərinə götürüb. Rusların Qarabağ danışıqlarında irəli getmək niyyəti hiss olunur. Bunun motivləri barədə çox müzakirə açmaq olar.  Amma, rusların yalnız münaqişənin “donmuş” vəziyyətdə saxlanılması üçün bu qədər səy göstərməsi inandırıcı görünmür. Bunun üçün Moskvanın digər təsir imkanları da var və ruslar yəqin ki, özlərini bu qədər çətinə salmazdılar. Ortada Rusiya və prezident Putinin imici məsələsi də var.

5+2 formulunun məhculları

Qeyd etdiyimiz kimi Azərbaycan “Madrid prinsipləri”nə razılıq vermişdi.  Məntiqlə “Medvedev planı”nda fərqli məqamlar olub ki, Bakı 4 il davam edən danışıqlardan sonra Kazanda bundan imtina edib.  İndi ruslar hansı formulu təklif edirlər ki, Yerevandan da danışıqların davam etdirilməsi ilə bağlı mesajlar səsənir?

Yaxud Moskva Yerevanı “Madrid prinsipləri”ni qeyd-şərtsiz qəbul etməyə razı sala biləcəkmi? Razı salsalar belə, rusların istəyi nə olacaq?  Ermənilərin güzəştə gətirilməsi müqabilində rusların hansı şərti qəbul edilə bilər? 5 rayonunun azad olunması, ondan sonra 2 rayonunun azad olunması və dəhlizin müəyyən edilməsi, daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi strateji baxımdan Azərbaycan üçün məqbuldurmu?

Bu suallar açıq qalır və əsaslandırılmış cavab vermək üçün danışıqlar barədə yetərincə məlumatımız yoxdur. Amma bununla belə,  sonuncu suala cavab verməyə çalışsaq,  qeyd etməliyik ki,  hər şey detallardan asılıdır. İki rayon (Laçın və Kəlbəcər) hansı müddətdən sonra boşaldılacaq?. “Madrid prinsipləri”ndə nəzərdə tutulan 5 il müddət barədə düşünmək olardı. Ən azı müddətin konkret göstərilməsi Azərbaycanın maraqlarına cavab verir.

Dağlıq Qarabağın statusu hansı zaman müddətində və hansı prosedurlardan sonra müəyyənləşməlidir? Yaxud onun aralıq statusu hansı müddət üçün keçərli olacaq? Bölgədə sülhməramlı qüvvələrin tərkibi necə müəyyənləşəcək? Bu qüvvələr hansı mandata malik olacaqlar? Bu məsələlər dəqiqləşmədən ermənilərin güzəştə getdiyini söyləmək tezdir. Ola bilsin ki, ermənilərin güzəşt kimi qələmə verdiyi variantda elə detallar nəzərdə tutular ki, yaxın gələcəkdə Bakı üçün çox ağır itkilərə səbəb ola bilər.  Moskva ermənilərin güzəştə getdiyi imitasiyasını yaratmaqla prosesin sonunda onların daha çox uduşla çıxmasını hesablaya da bilər.

Bütün bunlara baxmayaraq Moskvanın mərhələli həll variantı üzərində ciddi dayandığı da nəzərdən qaçmır. Prezidentlərin 19 mayda keçirilən Vyan görüşündən sonra Rusiya XİN başçısı bunu çox açıq söyləmişdi: “Biz məsələni sona çatdırmaqda qərarlıyıq. Tərəflər arasında gərginliyi nəzərə alaraq, münaqişənin mərhələli şəkildə həllinə çalışacağıq. Tənzimlənmənin birinci mərhələsini razılaşdırmaq üçün  imkanlar var. Bunlar Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə formalaşdırılıb. Bu, ABŞ və Fransa tərəfindən də dəstəklənib. Bizim belə hesab etməyə əsasımız var ki, Azərbaycan və Ermənistan bu güzəştlərin formalaşmasına köklənəcəklər”.

Bütün bu məsələlərin fonunda “5 rayon geri qaytarılır”  eyforiyası da yersiz görünür. Əslində Azərbaycan rəsmiləri və Prezidentinin açıqlamalarında da bu məqamlar vurğulanır. N.Məmmədov qeyd edir ki, 5+2 formulu prinsip olaraq razılaşdırılıb. Prezident İlham Əliyev isə açıq işarə edib ki, münaqişənin dondurulması səyləri heç bir nəticə verməyəcək və Bakı konkret nəticələr olmasa buna imkan verməyəcək: “Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri   görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər”.

Sonda qeyd edək ki, Azərbaycan cəmiyyəti məsələyə daha “soyuq başla” yanaşmalıdır. Rusiya və digər vasitəçilər də Azərbaycan cəmiyyətinin gerçək mövqeyini görməlidirlər. Aydındır ki, Moskvanın 5+2 formulu qəbul edilməklə münaqişənin,  heç olmsa qismən  ədalətli həllinə nail olunmasına yardım göstərmək  imkanları böyükdür. Ruslar da hansısa irəliləyişin əldə olunmasında istəkli görünürlər. Aprel döyüşlərindən sonra rusların erməniləri daha az enerji xərcləməklə “yola gətirmək” imkanları da artıb. Rusiyanın, prezident Putinin “Qarabağ düyü”nün çözülməyə başlanmasına yardım etmək  üçün çox yaxşı imkanları yaranıb. Bunun üçün isə 5+2 formulunun məhcullarını həll etmək lazım gələcək. Rusların bu imkanlardan yararlanıb-yararlanmayacağı isə qısa zaman kəsiyində anlaşılacaq.

Zaur İBRAHİMLİ

Strateq.az