“VİP” çadırlar, 35 minlik qəbir daşı, ehsan menyuları…- Araşdırma

0
4

Azərbaycanda toy mərasimləri ilə yanaşı, yas mərasimlərinin də təmtəraqlı qeyd edilməsi müşahidə olunur. İnsanlar mərhumların yas mərasimləri üçün böyük məbləğdə pul xərcləyir, bahalı qəbir daşları düzəldir və müxtəlif çeşidli təamlardan ibarət ehsan verir.

Bu ənənə ölkənin din məsələləri üzrə komitəsi tərəfindən də qınanır.

“İnsanlar dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün “bir evin pulunu xərcləyirlər”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı bildirib.

Komitənin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimovanın sözlərinə görə, vətəndaşlar əksər vaxtı bu xərcləri kredit və ya borcla ödəyir. Yaxınlarını itirmiş müsahiblərimiz də yas mərasimlərinin bir çox hallarda dəbdəbə ilə keçirildiyini qəbul edir, ancaq onlar ictimai qınağın güclü olduğunu vurğulayır.

BBC müxbirinin müşahidələrinə əsasən, yas mərasimləri ətrafında bir neçə biznes mövcuddur. Buna mərasim zalları, çadır kirayəsi, qəbir daşlarının hazırlanması və s. daxildir.

Camaat nə deyər?

Fatmayı kəndində yaşayan Nərminənin (ad şərtidir) atası bu ilin aprelində fəvat edib. Onun sözlərinə görə, mərhumun ölümünün 3, 40 və 5 cümə axşamı mərasimini keçirib. Nərminə xanım deyir ki, bu mərasimlərin keçirilməsinə o, 1500 manatdan çox pul xərcləyib. Amma o, yas mərasimini əvvəlki illərə nisbətən sadələşdiyini də deyir: “2009-cu ildə nənəm vəfat edəndə, süfrəyə cürbəcür meyvələr, ləbləbi, şirniyyatlar qoyulurdu. Amma atamın yas mərasimində mən bunların heç birini vermədim. Adətə uyğun olaraq, süfrəyə şorqoğalı, südçörəyi, halva və çay qoyuldu. Hər mərasimdə də bir cür yemək hazırladıq”.

Nərminə xanım yas mərasiminin əvvəlkilərə nisbətən daha sadə verilməsini təkrarlasa da, o deyir ki, belə mərasimlərə pul çox xərclənir: “Ailə büdcəsini nəzərə aldıqda bu məbləğ çoxdur. Mənim bir ailəli qızım var, həm də uşaq oxutdururam. Amma mən bunu etməsəydim deyəcəkdilər, övladı atasına ehsan vermədi”.

Onun sözlərinə görə, qəbir xərcləri çox olmayıb, həyət ərazisi də geniş olduğu üçün mağar sifarişi verilməyib.
Nərminə xanım son illər ərzində yas mərasimlərinin daha az dəbdəbəli keçirildiyi fikrindədir: “Yoldaşım rəhmətə gedəndə 7-8 min manat xərc çəkilmişdi. Amma indi insanlar daha təmtəraqlı mərasim keçirmir. Niyə insanlar dəbdəbəli mərasim keçirir” sualına isə Nərminə xanım “şan şöhrəti sevirlər”.

Beş min manatdan çox xərc

Ötən ilin sonunda qardaşını itirmiş Aytən Fərhadova isə yas mərasimlərinə ümumi 5 min manatdan çox pul xərclədiklərini bildirir.

“Ölüm xəbərini alan kimi qohumlar gəlməyə başlayır, onlar sənin dərdinə şərik olurlar, sən də ən azından çay və yemək verməlisən” deyən müsahibimiz maddi sıxıntılara görə 3 və 7 mərasimini birləşdirdiklərini qeyd edir.

Bundan başqa onlar mərhumun 40 mərasiminə qədər bütün cümə axşamlarını və 40 mərasimini keçiriblər.
Aytən xanım ehsan verilməsinə dövlətin müdaxilə etməsinin tərəfdarı deyil, bununla yanaşı o, dəbdəbəli yas süfrəsinin açılmasını absurd saydığını deyir: “Kasıbamsa, gələnin qarşısına plov qoymağa məcbur deyiləm. Nə varsa, süfrəyə onu qoya bilərəm. Amma əsasən rayon yerlərində artıq xərc geniş yayılıb. Elələri var ki, əlindəkiləri satır ki, mənim süfrəm filankəsin süfrəsindən aşağı olmasın”.

Onun sözlərinə görə, insanlar anlamalıdılar ki, bu hal düzgün deyil: “İctimai fikir həmişə önəmli olub deyə bu yas və toyun dəbdəbəsi heç cür bitməyəcək”, deyən müsahibimiz əlavə edir ki, “qohum-tanış kömək etməsəydi biz də borca düşərdik”.

Haram…

Yas mərasimlərində molla kimi iştiak edən Məşədi Azər Hüseynov 23 ildir bu fəaliyyətlə məşğuldur. O, dəbdəbəli yas süfrələrinin İslam dininə zidd olduğunu qeyd edir.

“Eləsi var süfrəni doldurur, hətta süfrəyə banan qoyur. Biz mərasimlərdə təbliğ edirik ki, belə etməsinlər. İslam dininə görə belə bir şey olmaz”, deyir Azər Hüseynov. Onun sözlərinə görə, yas süfrəsində dəm-dəstgah qurmaq üçün borca girmək günahdır, haramdır.

A.Hüseynov deyir ki, o öz valideynləri vəfat edəndə ehsanı sadə verib. Qəbir daşlarında isə heç şəkilin yerləşdirilməsinə razı olmayıb: “İmkanımın pis deyil, çox şükür. Amma dinimizə görə şəkil günahdır”, deyə o əlavə edir.

Qəbir daşları

Yas mərasimi ətrafında olan əsas bizneslərdən biri qəbir daşlarının düzəldilməsidir. Bu daşların qiymətləri daşın materialına görə dəyişir. Hazırda 3 növ materialdan istifadə edilir, adi daş, ağ mərmər və qara mərmər. Satıcıların dediyinə görə, adi daşlar və ağ mərmər Azərbaycanın özündə əldə edilir. Daşlar arasında ən bahalı sayılan qara mərmər isə Ukrayna, Çin və digər ölkələrdən gətirilir.

Müşahidəmizə əsasən, adi qəbir daşlarının qiyməti 300 manatdan başlayır, 800 manata qədər davam edir. Qiymətə sifariş edilən daşın ölçüsü, forması, üzərindəki əl işləri və yerləşdiriləcək şəkilin ölçüsü təsir edir. Ağ daşın üzərinə şəkillər mərmər daşla vurulduğundan şəkilin ölçüsü qiymətə böyük təsir edir.

Ağ mərmərin qiyməti 800 manatdan başlayır və ölçüsünə görə 1000 manata qədər dəyişir. Qara mərmərin qiyməti isə müxtəlifdir. Ən ucuzu 1200-1600 manatdır. Daha böyük ölçülü qara mərmər daşların xərci də çoxdur. Qəbir daşları hazırlayan emalatxanadan birində işləyən fəhlənin dediyinə görə, bu yaxınlarda onlara 35 min manatlıq qəbir daşı sifariş verən də olub.

15 ildir qəbir daşlarının hazırlanması ilə məşğul olan İlkin usta deyir ki, əvvəllər daha çox qara mərmər daşları sifariş edilsə də, son vaxtlar əsasən ağ daşlar. O bunu əhali arasındakı yoxsulluqla əlaqələndirir.

“VİP” çadırlar

Mərasim zalları və çadır sifarişi isə digər və çox geniş yayılmış bizneslərdir. Mərasim zalları bir çox məscidlərdə də fəaliyyət göstərir. Öyrəndiyimizə görə, şəhər daxili olan məscidlərdən birində yas mərasimi üçün 2 menyu var, birinci menyuda qaralı aş verilir və burda adamın biri üçün 11-12 manat hesablanır. Aş, qara və səbzidən ibarət menyu isə adambaşı 15 manatdır.

Şəhər kənarında yerləşən məsçiddəki mərasim zalı nisbətən ucuzdur. Burda qaralı aş menyusu adambaşı 9-10 manatdan hesablanır.

Çadır kirayəsi isə 2 cürdür, adi və VİP. Adi çadırın kirayəsi 100 nəfər üçün yemək, çay, ofisiant, aşbaz xidməti, stol və stullar da daxil olmaqla bir günlük 1250 manata başa gəlir. Kondisioner və tualet sifariş etmək istəyənlər, kondisioner üçün günə 50, tualet üçün isə 170-200 manat ödəməlidir.

VİP çadırların isə kondisioner və tualetlə birgə kirayəsi 700 manatdır. Əgər çay süfrəsi açılacaqsa adambaşı 6 manat, yemək süfrəsi açılacaqsa adambaşı 11 manat ödənilməlidir. Yəni bu xidmətdən bir günlük istifadə etmək üçün vətəndaş 2400 manat xərcləməlidir.

Dini qurumların qadağaları

Bir neçə il öncə Azərbaycandakı dini qurumlar yas mərasimlərinin dəbdəbəli keçirilməsinə qarşı çıxmış, hətta bir neçə yas mərasimində yemək qazanlarının yığışdırılmasının tələb edildiyi xəbərləri artmışdı.

BBC Azərbaycancanın araşdırmasına görə, hətta bir sakinə yas mərasimində yemək verilsə, “məclisi… polislə dağıdacağıq” sözü deyilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova qurumun internet səhifəsində dərc etdirdiyi məqaləsində yas mərasimlərininin keçirilməsi qaydalarının sadələşdirilməsinin komitə tərəfindən gündəmə gətirlidiyini deyir.

O, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xüsusi fətvasının olduğunu da bildirir.
Bundan başqa o, qeyd edir ki, QMİ qeydiyyatdan keçmiş din xadiminin hər hansı məbləğ qarşılığında yaslarda iştirakını qadağan edib.