Dollar nə qədər bahalaşa bilər?

0
4

Son günlər xarici valyutaya yaranan tələbat əhali tərəfindən birmənali qarşılanmayıb. Neftin qiymətinin son 7 ayın maksimal həddinə çatması hazırda manata olan tələbatın səbəblərini anlamaqda investorlarda çətinlik yaradıb. ABŞ dollarının qlobal valyuta bazarında zəifləməsi, xüsusilə xammal hasilatçısı olan ölkələr arasında milli valyutaların dollara nəzərən möhkəmlənməsi fonunda AZN/USD məzənnəsi qlobal valyuta bazarlarına tam əks istiqamətdə hərəkət edib. Azərbaycanda dolların rəsmi məzənnəsi mayın 25-dəki 1,4900 AZN/USD səviyyəsindən 2,5% artaraq 1,5270 AZN/USD-yə çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşı və neft hasilatçısı olan Rusiyada hazırda dolların məzənnəsi böhrandan sonrakı dövrün ən yüksək həddinə – 63 rubla çatıb. Türkiyədə isə dolların məzənnəsi mayın 24-dən azalmağa başlayıb və 2,90 TRY/USD-yə enib. Nəticədə, son bir ayda türk lirəsi 4% möhkəmlənib.

Qeyd edək ki, Azərbaycanda dollara tələbatın cari valyuta siyasəti çərçivəsində davam edəcəyi proqnozlaşdırılır. Belə ki, srağagün Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərracında 50 mln. dollar təklif, 400 mln. dollara yaxın isə tələb olub. Valyuta bazarında son hadisələr onu göstərir ki, neftin qiymətindən asılı olmayaraq, dolların məzənnəsinin 1,50 AZN/USD səviyyəsindən aşağı düşməsi AMB tərəfindən arzu edilmir. Məhz bu səbəbdən AMB mayın sonundan hərraclarda alıcı kimi çıxış edərək məzənnənin yüksəlməsinə yol açıb.

“Report”un analitik qrupu hesab edir ki, dolların məzənnəsinin 1,50 AZN/USD səviyyəsinə enməsi ehtimalları getdikcə azalır. Yaxın zamanlarda rəsmi məzənnənin 1,60-1,65 AZN/USD-yə kimi irəliləməsi, daha sonra isə 1,55-1,58 AZN/USD səviyyəsinə kimi geriləməsi proqnozlaşdırılır. Azərbaycanda manatla geniş pul kütləsinin (M2) cari ilin ilk 4 ayında 1,2 mlrd. manat və ya 15% artması dollara tələbin davam etməsinə gətirib çıxarır. M2 pul aqreqatının 8-8,5 mlrd. manat səviyyəsinə qədər geriləməsindən sonra dollara tələbin azalacağı və manat ehtiyacının yaranması ehtimal edilir.

“Xatırladaq ki, neft qiymətlərinin yaxın zamanlarda azalma tendensiyası göstərməsi gözlənilir, bu da Rusiya və Qazaxıstan kimi qonşu və ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutalarını zəiflədərək manata da neqativ təsir edəcək. Belə olduğu halda, manatın dollarla müqayisədə daha sürətlə zəifləməsinin şahidi ola bilərik. Bu ilin sonuna kimi isə dolların məzənnəsinin 1,85-2,05 AZN/USD səviyyəsinə yüksəlməsi mümkündür”, – deyə analitiklər qeyd ediblər.