7 saylı Cəzaçəkmə müəssisəsində növbəti ölüm…
Müəssisədə narkotik satışı ilə məşğul olanlar kimdir?
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Ciddi rejimli cəzaçəkmə müəssisəsində növbəti ölüm hadisəsi qeydə alınıb. Belə ki, həmin müəssisədə cəza çəkən, əslən Cəlilabad rayonundan olan Vidadi adlı məhkum dünyasını dəyişib.
Etibarlı mənbənin verdiyi məlumata görə məhkum yüksək miqdarda narkotik maddə qəbul etdiyindən vəziyyəti pisləşib. Onu Penitensiar Xidmətin Mərkəzi Tibb müəssisəsinə qaldırıblar. Orada aydın olub ki, məhkum vurduğu narkotik “mal”dan sonra qolunda qanqrena əmələ gəlib. Məhkumun qolu amputasiya edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
“Vəziyyət dözülməzdir, bizim səsimizi cənab general Mədəd Quliyevə çatdırın.”
Mənbə 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində narkotik preparatların dövriyyəsinin müəssisənin bəzi əməkdaşları tərəfindən təşkil edildiyini xüsusi olaraq vurğulayıb: “müəssisədə vəziyyət dözülməz həddə çatıb. Cəzaçəkmə müəssisənin rəhbərliyi hansı yolla olursa olsun şəxsi büdcələrini doldurmaq daha çox maraqlıdır. Burada islah işindən söhbət belə gedə bilməz, əksinə, narkotik aludəçisi olmayanları həmin bəlaya salan xüsusi qruplar mövcuddur ki, onların müəssisənin əməliyyatçılarıyla iş birliyində olmaları artıq bizdə şübhə doğurmur. Hər dəfə müəssisəyə çoxlu miqdarda narkotik preparatlar keçirildikdən sonra, qanun pozuntuları, məhkumlar arasında münaqişələrin sayı çoxdur ki, bundan da rəhbərlik külli miqdarda qazanc əldə edə bilir. Səsimizi Penitensiar Xidmətin rəhbərliyinə çatdırmaq imkanımız yoxdur. Şikayət edənlər cərimə təcridxanasına salınır ki, oradan qurtulmaq üçün mütləq rəisin əlini “sıxmalı” olursan. Yazdıqlarımıza kimin şübhəsi varsa, onda xahiş edirik ki, məhkumlar arasında narkotik testi keçirsinlər. Daha böyük təhlükə orasıdır ki, iynə vuranlar eyni şprisdən istifadə etdikləri üçün QİÇS virusuna yoluxmaların sayı şübhəsiz ki, dəfələrlə çoxalıb. Vəziyyət dözülməzdir, bizim səsimizi xahiş edirik ki, cənab general Mədəd Quliyevə çatdırasınız.”
Təbii ki, məhkumar sırasında olan etibarlı mənbəmizin verdiyi məlumat yoxlanılmalıdır. Ən azı ona görə ki, baş vermiş ölüm hadisəsinə bənzər hadisə artıq qısa müddət ərzində 7 saylı cəzaçəkmə müəssisəsində bir neçə dəfə təkrarlanıb. Cəlilabad rayonundan olan məhkum Vidadinin narkotik preparatdan dünyasını dəyişməsi faktı təsdirlənərsə, deməli, mənbənin narahatlığı ciddi qəbul edilməlidir. Müəssisə rəhbərlərinin günü-gündən daha dəbdəbəli həyat tərzini müşahidə etdikdə, yəni bahalı villaları, qiyməti 50-100 min arası ölçülən avtomobillərini gördükdə, bunların halal əməkhaqqıyla əldə olunmadığını dərk etmək bir o qədər çətin deyil. Hər halda mənbənin ötürdüyü məlumatı araşdırmaq zəruridir.
Nicat Sadiq