Təhsil naziri Mikayıl Cabbarov uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə əmr imzalayıb.
Strateq.az xəbər verir ki, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2016-2017-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.
Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur. Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir.
Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.
Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar. Tədris Azərbaycan dilində olan siniflərdə fərdi təhsil üzrə dərs saatlarının miqdarı 73,5, tədris rus dilində olan siniflərdə fərdi təhsil üzrə dərs saatlarının miqdarı isə 89,5-dir.