“Xalq çimərlikləri”ndə vəziyyət necədi?

0
8

“Xalq çimərlikləri”ndə vəziyyət necədi?

Mövsümünün başlanması paytaxt çimərliklərindəki vəziyyəti yenidən gündəmə gətirib.

Əhalinin böyük əksəriyyəti yayda dincəlmək üçün çimərliklərə üz tutur. Çimərliklərin sayı çoxdur və əksəriyyəti dövlət çimərliyi kimi qeydiyyata alınıb. Amma bu gün çimərliklərin kənarında müxtəlif özəl obyektlər, istirahət mərkəzləri fəaliyyət göstərir və həmin ərazidə çimərliklərdən istifadə etmək üçün insanlar müəyyən qədər vəsait ödəməlidirlər.

Hər kəsin vəsait ödəmədən istifadə edə biləcəyi “ümumi çimərliklər” isə daha çox yaşayış məntəqələrinə yaxın olan sahil zonasındakı ərazilər hesab olunur. Lakin mütəxəssislər belə çimərlikləri daha təhlükəli hesab edirlər. Onların fikrincə, bu çimərliklərdə sanitariya, təhlükəsizlik qaydalarına riayət olunmur və suda boğulma halları ən çox həmin ərazilərdə qeydə alınır.

Suda boğulma hallarının qarşısını almaq üçün çimərliklərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) əməkdaşları nəzarət edir. DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev APA-ya açıqlamasında bildirib ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) çimərliklərdə 42 struktur bölməsi var və onlardan 24-ü Bakı və Abşeron çimərliklərində fəaliyyət göstərir. Onun sözlərinə görə, xidmət tərəfindən günün 24 saatı işlər aparırlar: “Səhər saat 9-dan axşam saat 21-dək gücləşdirilmiş rejimdə işləyən xidmət əməkdaşları suyun içərisində və sahilboyu müəyyən olunmuş xətt üzrə insanları müşahidə altında saxlayırlar. Bu il də ucqar kəndlərdə, rayon yerlərindəki kanallarda suda boğulma halları qeydə alınıb. Hadisələr nəticəsində gənclər, yeniyetmələr, uşaqlar həyatını itirir. FHN hər zaman valideynlərə xəbərdarlıq edir ki, uşaqları su hövzələri yaxınlığında nəzarətsiz qoymasınlar. Bu gün Abşeronda, ucqar kənd və rayonların yaxınlığında açıq su hövzəsi, kanal, çay, göl var. Həmin ərazilərdə nəzarət gücləndirilməlidir ki, çimərlik mövsümündə suda bədbəxt hadisələrin sayı artmasın”

M.Piriyev deyib ki, 2014-cü ildə rəsmi çimərliklərdə, FHN-in xilasetmə məntəqəsi olan çimərliklərdə bir nəfər də boğulan olmayıb: “Ancaq təəssüf ki, nəzarət olunmayan ərazilərdə boğulma faktları qeydə alınır. Hadisələrin baş verməməsi üçün yerli icra orqanları müəyyən işlər görməli, insanları maarifləndirməlidir”.

Çimərliklərin sayının çox olduğunu deyən M. Piriyev onların əksəriyyəti dövlət çimərliyi kimi qeydiyyata alındığını, Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqələrinin də rəsmi qeydiyyatdan keçən çimərliklərdə fəaliyyət göstərdiyini deyib: “Həmin ərazilər çimərlik üçün yararlıdır, sutəmizləmə, sahil zolağında xilasetmə, təhlükəsizlik işləri ilə bağlı tədbirlər görülür. Amma bu gün o qədər özəl obyektlər, istirahət mərkəzləri var ki, orada heç bir təmizləmə işi aparmadan öz obyektinin qarşısında çimərlik açıb. Bu cür yerlərə də nəzarətin gücləndirilməsinə ehtiyac var. Çünki bədbəxt hadisələr çox zaman həmin ərazidə baş verir”.

FHN rəsmisinin sözlərinə görə, ümumi çimərliklərdə yerli icra hakimiyyəti orqanları təhlükəsizlik üçün minimum təmizləmə işləri görməli, oranı təhlükəsizlik qaydalarına cavab verən çimərlik halına salmalıdır.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, bu il mövsüm başlanandan təcili yardım briqadaları Bakının 15 çimərliyində vətəndaşlara xidmət göstərir. Bunlara Bilgəh, Şıx-2, Zaqulba, Buzovna, Hövsan, Pirşağı, Nardaran-1, Nardaran-2, Novxanı, Türkan, Fatmayı, Qobustan, Qaradağ-1, Mərdəkandakı Sahil-1, Lökbatan çimərlikləri daxildir: “Çimərliklərin hamısı qanuni çimərliklərdir və insanlar rahat şəkildə buradan istifadə edə bilərlər. Həmin çimərliklərə insanlar daha çox müraciət etdiyi üçün onları “ümumi çimərliklər” də hesab etmək olar”.

Z.Vahidova deyib ki, bu mövsümdə ilk suda boğulma hadisəsi mayın 19-da qeydə alınıb. Həmin gündən bu vaxta kimi stansiyaya suda boğulma ilə bağlı 18 müraciət daxil olub. Onlardan 17-si kişi, 1-i qadındır. Onlardan 6 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfərə yerində yardım edilib. 11 nəfərdə həkimə qədər ölüm qeydə alınıb. Suda boğulanlardan 5 nəfəri uşaq olub, onların da 2-si xəstəxanaya aparılıb, 3-ü isə həkimə qədər ölüb. Ölənlərdən 2-si 16, 1-i isə 12 yaşında olub. Bu hallar daha çox təcili yardım briqadalarının xidmət göstərmədiyi qeyri-qanuni çimərliklərdə qeydə alınıb. Təcili yardımın nəzarət etdiyi yalnız Novxanı çimərliyində 1, Mərdəkan çimərliyində isə 2 nəfər uşaq ölümü baş verib. Qalan hadisələrin hamısı qeyri-qanuni çimərliklərdə qeydə alınıb. Suda boğulma və ölüm halları əsas Mərdəkan və Şüvəlan çimərliyində baş verib”.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya açıqlamasında deyib ki, çimərlik mövsümü başlanmazdan öncə Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində mikrobioloji təhlillər aparılıb və bu işlər bütün mövsüm boyu davam edir. Onun sözlərinə görə, sahil zolağında aparılan son tədqiqatların nəticələri deməyə əsas verir ki, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonu “Şıx” çimərliklərindən başqa digər çimərliklər yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır. Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərlikləri isə mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriya qruplarının normadan artıq miqdarda olması səbəbindən çimərlik kimi istifadəyə yararsız hesab edilir.

Z.Kazımov deyib ki, bu monitorinqlər mütəmadi olaraq aparılıb və faktlarda hansısa dəyişiklər yoxdur: “Əvvəldən deyildiyi kimi, bu il 3 çimərlikdə çimmək qadağan edilib. Biz istəyirik ki, bütün çimərliklərdə təmiz, abad olsun, anti-sanitariya olmasın. Əhaliyə xəbərdarlıq edirik ki, “Sahil” və “Şıx” çimərliyindən istifadə etməsinlər. Qəti surətdə bu istiqamətdə dənizə girmək olmaz. Əks təqdirdə müxtəlif xəstəliklər tapa bilərlər. Yerdə qalan sahil zolaqlarında isə elə də ciddi problem yoxdur”.

Sahil boyu hasarlanan ərazilərdə insanlardan giriş üçün pul istənilməsi hallarına münasibət bildirən Ziyəddin Kazımov bildirib ki, bu, qanunla qadağandır və hər bir vətəndaş belə hallara qarşı mübarizə aparmalıdır: “Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı var, heç kəsdən dəniz kənarına gəldiyinə görə pul alına bilməz, hətta həmin ərazi hasarlanıb, özəlləşdirilsə belə. Vətəndaş yalnız xidmət görə pul ödəyə bilər”.

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən hər il olduğu kimi, bu il də Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində reydlərə başlanılıb.ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, keçirilən reydlər zamanı məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları aşkar edilib. Faktlarla bağlı ayrı-ayrı fiziki və hüquqi şəxslər barəsində ümumilikdə 41 akt və protokol tərtib olunub, yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərində olan ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib, eyni zamanda aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib. ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin birlikdə keçirdiyi reydlər davam etdirilir.

LEAVE A REPLY