“Sabahdan etibarən Bakı Tikiş Evində məktəbli formaların tikilməsinə başlanılacaq”.
Bu barədə AzVision.az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.
Onun sözlərinə görə, məktəbli formalarının qiymətləri ötən illə müqayisədə bahalaşıb: “Fabrikdə il ərzində 20, 25 min məktəbli forması tikilir. Ehtiyac olarsa əlavə formaların tikilməsi davam edəcək. Eyni zamanda məktəbli formalarının qiymətlərində də dəyişiklər olub. Parçalar Türkiyədən baha qiymətə alındığı üçün qiymətlərdə 8-9 faiz artım olacaq.
Məsələn, ibtidai siniflər üçün məktəbli formaları əvvəl 34 manat idisə, artıq 37 manatadır. Böyük siniflər üçün məktəbli forması 3 manat bahalaşaraq 46 manata satışa çıxarılacaq”.
E.Əzimov qeyd edib ki, sifariş olarsa, məktəbli formalarında dəyişiklər aparılacaq: “Məsələn, qış fəslində məktəbli qızlar üçün şalvarların tikilməsi mümkündür. Bundan əvvəl, müəllimlərin vahid formaya keçəcəyi bildirilirdi. Sifariş olmadığı üçün bu işə başlamadıq”.