Novruz Məmmədov:”Ermənilər Azərbaycana nüvə bombası ilə hədə-qorxu gəlir”

0
5

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Andorra Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı bu gün işini panel iclaslarla davam etdirib.

“Gələcəyin siyasi xəritəsi” mövzusunda keçirilən panel iclasda regional təmsilçilik, müxtəlif bölgələrədəki münaqişələr, idarəçilik, qloballaşan dünyada dövlətlərin rolu, siyasətin regionallaşması və iqtisadiyyatın qloballaşması kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. İclasda Ərəb Liqasıının sabiq Baş katibi Əmr Musa, Azərbaycan Respublikasının Prezident Adminstrasiyası Rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Latviyanin sabiq Prezidenti Valdis Zatlers, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili və Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku çıxış edib.

Paneldə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən Novruz Məmmədov bildirib ki, Varşava Paktı və SSRİ-nin süqutundan sonra meydana gələn konfliktlər beynəlxalq münasibətlərdə ədalətin yoxluğu səbəbindən baş verib.

N.Məmmədov qeyd edib: “Azərbaycan müstəqillik illərində sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edə bilib. Ancaq qonşu ölkəylə olan problemimiz ölkənin gələcək inkişafına mane olur. Münaqişənin həllində beynəlxalq hüquqa əməl edilmir, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri 25 ildir effektiv iş ortaya qoya bilməyib. Bütün bu proseslər geosiyasi maraqlara qurban verilir. Münaqişə davam edir, lakin əməli iş görülmür. Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla işğal olunan 20 faiz Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş şəxslərin hüquqlarından danışılmır, BMT TŞ-nin qətnamələrindən danışılmır”.

Daha sonra bu ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusu ilə təmas xəttində həyata keçirilən hərbi təxribatlara toxunan N.Məmmədov diqqətə çatdırıb ki, aprel döyüşlərində Ermənistan tərəfi fosfor bombalarından istifadə edib, diplomatik korpusun hərbi attaşeləri də bunun şahidi olub. N.Məmmədov ermənilərin bizə nüvə bombası ilə hədə-qorxu gəldiklərini də vurğulayıb.

N.Məmmədov Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyini diqqətə çatdırıb və bildirib ki, beynəlxalq cəmiyyət bu cür məsələlərə vaxtında reaksiya göstərməlidir, lakin işğalçı Ermənistana heç bir təzyiq göstərilmir, sanksiya tətbiq edilmir: “Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər şeyi edən bir ölkədir. Azərbaycanın təşəbbüsü və istəyi ilə reallaşdırılan TAP layihəsi də bunun parlaq göstəricisidir. Son 25 ildə Azərbaycanın daxili və xarici siyasəti səmimi, qarşılıqlı və faydalı əməkdaşlığa istiqamətlənib. Azərbaycan İslam və Xristian dünyalarının sərhəddində, Şərq və Qərb, Şimal və Cənub arasında bir ölkədir. ABŞ və Avropa ölkələri ilə uğurlu və hərtərəfli əməkdaşlıq qurur”.

N.Məmmədov çıxışının sonunda diqqətə çatdırıb ki, bu cür münaqişələrə həll yolu tapmaq üçün nəzəriyyə və proqnozlardan konkret əməli addımlara keçmək lazımdır.

Toplantı çərçivəsində bu gün baş tutan digər bir paneldə isə tarixən demokratiyaya təhlükə törədən hökümətlər, totalitar rejimlərin xalqların həyatındakı buraxdığı izlər, ABŞ-dakı siyasi vəziyyət, miqrant problemi, qloballaşan dünyada iqtisadi dəyişikliklər kimi mövzularda fikir mübadiləsi aparılıb. Paneldə Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili çıxış edib.

Andorrada keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı bu gün işini yekunlaşdıracaq.