Rusiya rəsmiləri, siyasətçi və politoloqlarının hay-küylə Dağlıq Qarabağ məsələsinin ədalətli həllindən, Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən, tezliklə azərbaycanlı köçkünlərin öz yurdlarına qayıdacaqları barədə danışdıqları bir məqamda şimal qonşumuzun ərazisində yerləşən bir sıra turizm şirkətləri işğal altındakı Azərbaycan torpaqlarına turizm turları təşkil edir. Və bu azmış kimi, öz təqdimatlarında həmin bölgələri Ermənistan əraziləri kimi göstərirlər.
Moderator.az -ın əməkdaşı belə şirkətlərdən birinin “izinə” düşüb. Rusiyanın paytaxtının lap mərkəzində, “Belaruskaya” metrostansiyasının yaxınlığında 1-ci Yamskoye Pole küçəsi, ev 10 ünvanında yerləşən “Svejiy veter”(“Sərin külək”) səyahətçilər klubu 2010-cu ildə yaradılıb. Əvvəlcə yalnız ölkə daxilindəki görməli yerlərə səyahətlər təşkil edən qurum artıq bir neçə ildir ki, vətəndaşları digər qonşu ölkələr, o cümlədən Ermənistana da turlara cəlb edir. Və bu səyahət klubu üçün Ermənistan deyəndə Azərbayacnın işğal altındakı Yuxarı Qarabağ və Şuşa, Laçın, Kəlbəcər kimi əsrarəngiz təbiəti olan Azərbaycan bölgələri də nəzərdə tutulur.
Bu il iyulun 11-dən 15-dək təşkil edilən Sevan gölünün də daxil olduğu 5 günlük səyahət turunda “Karvaçar” adlandırılan Kəlbəcər torpaqları belə təqdim edilir:
“Naməlum Karvaçar. Dağlıq Qarabağın(Ermənistan) ən yüksək dağlıq rayonuna səyahət. Dağlıq Qarabağın ən yüksək dağlıq rayonuna səyahət. Burada biz coşğun çayların və qeyzerlərin arasındakı sərt dərələrdə, 2000 metrdən çox hündürlüyü olan zirvələrdə bir neçə gün keçirəcəyik.
Karvaçar torpaqları hətta ermənilərin özü tərəfindən də az tədqiq olunub. Yaxşı ov, qaynar bulaqlardan axan müalicəvi su və Qarabağda ən yaxşı dağ balı – bu bölgə barədə ən geniş yayılmış assosiasiyalar bunlardır…”
Rusiya turizm şirkətinin təqdimatında Azərbayacna qarşı daha bir siyasi-ideoloji təxribata əl atılır. Guya Kəlbəcər torpaqlarında Azərbaycan türklərindən öncə kürdlərin məskunlaşması barədə qısa bir qeyd edilir: “Müharibəyədək Karvaçar Azərbaycan SSR-in tərkibinə daxil idi və azərbaycanlılarla məskunlaşmışdı (daha öncə kürdlərlə).
“Kəlbəcərdə yalnız 10-a yaxın kənddə yaşayış var…”
Lakin “Svejiy veter” klubu azsaylı ermənilərin Kəlbəcərdə acıncaqlı vəziyyətdə yaşadıqlarını etiraf etmək məcburiyyətində qalır:
“Bu diyarın Qarabağ qoşunları tərəfindən azad edilməsi və onun tarixi Ermənistan sərhədlərinə daxil edilməsindən sonra azərbaycanlılar bu torpaqları tərk etmişlər. Rayonun müharibədən öncə mövcud olan 100-dən çox kəndindən yalnız 10-a yaxın kənddə məskunlaşma var. Onların əhalisi çox azdır. İnfrastruktur bərpa edilməyib, yollardan yalnız böyük həvəs və güclü mühərrikli avtomobil olduqda keçmək mümkündür. Bütün bunlar rayonu bir az izolə olunmuş edir. Lakin əhali yavaş-yavaş gəlir. Bizim üçün Kəlbəcər, ən əsası, toxunulmamış, qeyri-adi gözəlliyə malik, Qarabağ və Ermənistanın digər rayonlarındakından kəskin fərqlənən təbiəti ilə maraqlıdır…”
Bundan sonra turistlərin səyahət zamanı görəcəyi yerlər sadalanır. Öncə 1900 m hündürlükdə yerləşən, şəffaf və təmiz sulu Göycə(“Sevan”) gölü, onun çimərlikləri təsvir edilir. Növbədə Kəlbəcərin görməli yerləridir:
“Tərtər çayının dərəsi…
Qarabağ və Ermənistanın ən gözəl yerlərindən biri! Min illər boyu Tərtər çayı qayalarda insanların qədim zamanlardan sevdiyi dərin kanyonlar açmışdır. Meşəli vadi bazalt sütunlu sal qayalarla əvəzlənir, mineral sular düz yolun kənarlarında çıxır. Orta əsr məbədlərinnin xarabalıqları ağacların arasında gizlənib. Tərtər dərəsində biz bir neçə tanınmış yerləri ziyarət edəcək, termal su mənbələrində çiməcəyik…”
“100 il öncə İstisuda kürdlər məskunlaşıb…”
Bundan sonra “Cermacur”(ermənicə isti su) adlandırılan məşhur İstisu təsvir edilir. Burada yenə təxribat özünü göstərir. İstisu ətrafında tarixən kürdlərin məskunlaşdığı vurğulanır:
“…Cermacur
Müalicəvi qeyzerlərlə məşhur olan yer. Hələ yüz il öncə burada məskunlaşmış kürdlər öz komalarını müalicə üçün gələn yolçulara icarəyə verirmişlər. Sovet dövründə isə burada İstisu adlı kurort şəhərciyi yaradılmışdı. Oraya bütün İttifaqdan müalicə olunmaq, yaxud da sadəcə, şəfalı sularla yuyunmaq və dağ havası udmaq məqsədilə insanlar axışırdı. Qarabağ savaşı bitdikdən sonra buralar bomboş qalıb. Bu gün burada yalnız kurortun xoşbəxt günlərini xatırladan Stalin dövrünün ampir stilində tikilmiş dəbdəbəli binalarının xarabalıqları və Leninin yiyəsiz büstləri görünür. Lakin qeyzerlər həmişəki kimi yerli ovçuların qazdığı “vannaları” doldurur.. Cermacurun ətrafı çox mənzərəlidir və onları gəzmək bizim bütöv bir günümüzü aparacaq…”
“Bu qeyzerlərdə çimmək yenidən dünyaya gəlməkdir…”
Daha sonra Moskva səyahət klubunun təqdimatında işğal altındakı Kəlbəcərin məşhur Tutqun dərəsindən bəhs edilir. Çoxlarının qaynar mineral suların axdığı bu dərəni “təbii cakkuzi” adlandırdıqları vurğulanır. Və bu qeyzerlərdə çimmək “yenidən dünyaya gəlmək” kimi dəyərləndirilir…
Növbə erməni xrustian abidələri kimi qələmə verilən “Dadivank” adı verilmiş Xudavənd alban monastırı və 1665 m hündürlükdəki “Andaberd” adalndırılmış And qalasına çatır. Abidələrin tarixi əhəmiyyəti və yerləşdiyi məkan barədə məlumat verilir.
Sonda səyahətin planı göstərilir:
“I gün(11 iyun) – axşamdan keçmiş təyyarə ilə İrəvana gəlmək, transfer, şam yeməyi, tanışlıq, hoteldə yerləşdirilmə.
II gün (12 iyun) – İrəvan- Sevan gölü- Karvaçar marşrutu ilə dayanacaq və pikniklərlə müşayət olunan gəzinti. Gecələmə kənd evinin həyətində çadırda baş tutacaq.
III gün (13 iyun) – Karvaçar –Cermux- Karvaçar. Tərtər çayının yuxarı vadilərində( xaraba qalmış İstisu kurortu və qeyzerlər vadisi) 12 km-lik piyada yol. Gecələmə kənd evinin həyətindəki çadırda.
IV gün(14 iyun) – Karvaçar- Tutqun çayının vadisi. Yüksək dağlıq ərazi ilə çiynimizdə sırtlarla 17 km-lik trekkinq. Gecələmə termal su mənbəsinin yanında çadırda.
V gün(15 iyun)- Tutqun dərəsinin vadisi- Dadivank monastırı-Andaberd qalası – Sevan gölü- İrəvan. Bütün günü maşında dayanacaqlarla gəzmək. Günün ortasında Andaberd qalasında mini-trekkinq üçün dayanacaq. Axşamdan keçmiş İrəvana qayıtmaq, aeroporta transfer, uçuş…”
7 nəfərlik qrupda gəzintinin qiyməti bir nəfər üçün 12 min rubldur.
Moskvadan İrəvana və əksinə təyyarə ilə uçuş buraya daxil deyil. Səyahətçinin öz hesabınadır.
Deyilənləri oxuyanda işğal altındakı torpaqlarımızda nələri itirdiyimiz bir daha təsəvvürümüzə gəlir. Və aydın olur ki, bir xalq olaraq Qarabağ uğrunda qəti bir savaşa atılmayınca nə işğalçı ermənilər, nə də onların havadarları o torpaqların gözəlliklərini, sərvətlərini bacardıqları və bildikləri kimi istismar etməkdən çəkinməyəcəklər…
Sultan Laçın