Rəsul Quliyevdən Əli İnsanov haqda açıqlama:”Real plan və proqramı olarsa, sözsüz dəstəkləyəcəyəm”

0
5

Əli İnsanov 1997-2000 -ci illər arasında mənə qarşı ən qeyri obyektiv mövqe tutan, səhiyyə idarələrində mənim əleyhimə gurultulu mitinqlər təşkil edən şəxs olub. Ancaq həbs olunandan sonra onun özünü aparması mənim ona qarşı olan neqativ münasibətimi yoxa çatdırdı”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Əli İnsanovdan danışarkən deyib.

Onun sözlərinə görə, təbiətcə kinli adam olmadığından, Əli İnsanova qarşı nifrəti yoxdur: “Mən elə bir adamam ki, lap qatı düşmənin belə pozitiv hərəkətinə heç vaxt neqativ münasibət bildirmərəm”.

Rəsul Quliyev Əli İnsanovun azadlığa çıxmasından sonra onun siyasətlə məşğul olmasının vacib olduğuna da diqqət çəkib: “Düşünürəm ki, Əli İnsanov hökmən siyasətlə məşğul olmalıdır və olacaq. O camaatın kifayət qədər rəğbətini qazanmağa nail olub”.

Sabiq spikerin “Əli İnsanov siyasi təşkilat yaratsa onu dəstəkləyəcəksinizmi?”sualına isə cavabı belə olub: “Əli İnsanov siyasi təşkilat yaradıb, məramını açıqlayandan sonra, real plan və proqramı olarsa, sözsüz dəstəkləyəcəyəm. Əks halda sadəcə uğurlar arzulamaqla kifayətlənəcəyəm”.

Rəsul Quliyevin sözlərinə görə, Əli İnsanovun ona münasibətinin dəyişib-dəyişməməsi elə böyük əhəmiyyət kəsb etmir:  “Ona görə də Əli İnsanovun mənə münasibətinin dəyişib-dəyişmədiyi barədə düşünməmişəm. Onun nə düşündüyünü də bilmirəm. Amma Əli İnsanov 1994-2005-ci illərdəki baqaj və ruhla yaşasa onun xalqa elə bir köməyi dəyməz. Həbsxanadan verdiyi bəyanatlarla, əməl üst-üstə düşməsə, real nəticə də ola bilməz”.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.