Prezident yeni hərbi gəmilərə baxdı

0
5

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.

Məlumat verilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Dövlət başçısı gəmidə yaradılan şəraitlə tanış olub.

Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.