Dünyanın ən böyük nüvə dövlətləri olan Birləşmiş Ştatlar və Rusiya nüvə arsenalını azaldır, ancaq imkanlarını da modernizə edir.
Bunu İsveçdə mənzillənən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) deyir. Qurum iyunun 13-də illik hesabatını yayıb. Hesabata görə, 2016-cı ilin əvvəlində doqquz nüvə dövlətinin bir il öncəylə müqayisədə 455 daha az nüvə başlığı olub. ABŞ, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın birlikdə 15 min 395 nüvə başlığı var. Ötən ilin əvvəlində isə bu rəqəm 15 min 850 idi.
SIPRI-nın hesablamalarına görə, bu ilin əvvəlində Rusiyada 7 min 290, ABŞ-da isə 7 min nüvə başlığı olub. Fransa 300 nüvə silahı var. Ondan sonra Çin (260), Britaniya (215), Pakistan (110-130), Hindistan (100-120), İsrail (80), Şimali Koreya (10) gəlir.