Sarkis Saturyan,
Regnum İA, 10.06.2016
Çin İpək Yolunun nəqliyyat arteriyalarının inşasını sürətləndirir. 65 ölkədən ibarət geoiqtisadi layihə təkcə milyardlarla yatırım deyil, həm də Səma ölkəsi tərəfdən əməlli-başlı siyasi kəndirbazlıq tələb edir. Lakin manevr meydanı daralır: Suriya, İraq, Liviya və Yəmən xarabazara dönüb, iqtisadi təcriddən çıxmaq üçün 2015-ci ilin iyununda Vyanada nüvə sazişi bağlamış İran isə ABŞ və İsraillə sərt qarşıdurmaya girişib. Bu isə bəlanın ancaq yarısıdır.
Çin, Pakistan, Əfqanıstan və Orta Asiya ölkələrini Türkiyədən keçməklə Avropa ilə birləşdirməli olan Türkiyədə vətəndaş müharibəsi mərkəzi dəhlizi bağlayaraq qüvvə toplayır. Bundan sonra dolayı yollar sərfəli görünür – “şimal yolu” Rusiya vasitəsilə, “cənub yolu” isə İran ərazisindən Avropa Birliyinə çıxışı nəzərdə tutur.
Türkiyənin sol mərkəzçi “Milliyet” nəşri Çin planını bu cür təsvir edir: “Çin hökumətinin planı Avropa və Çinin dəmiryollarını birləşdirməkdir. ÇXR Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Almaniaya, Belçika və Fransanı əlaqələndirən Çin-Böyük Britaniya yüksəksürətli dəmiryolu inşa etməyi planlaşdırır. Təxmini dəyəri 150 milyard dollar təşkil edən layihəni 2020-2025-ci illərdə başa çatdırmaq planlaşdırılır”.
Millət və dövlətlərin ənənəvi şablonlarını dağıdan bu plan vüsətinə baxmayaraq, prezident Ərdoğanın müxtariyyat verməkdən imtina etdiyi Türkiyə Kürdüstanında üsyan olmasaydı, uğur üçün hər cür şansa sahib idi.Çinlilər özləri də bilmədən Türkiyə-Ermənistan ziddiyyətləri və Dağlıq Qarabağ münaqişəsinin qoşulduğu tarixi türk-kürd antoqonizmi ilə üzləşdilər. Bu mənada Azərbaycanın Dağlıq Qarabağa qarşı müharibəsi (erməni müəllifin fikirləri olduğu kimi saxlanıb-tərc.) ardınca Türkiyəyə çıxmaqla Naxçıvana quru dəhlizini nəzarətə götürmək cəhdidir.
Bu arada çinlilər təşəbbüsü öz əllərinə alırlar. “China Daily” qəzetinin xəbər verdiyi kimi, Pekin və Ankara iyunun 2-də sərhədüstü ticarətin elektron platformasının yaradılması üçün saziş imzaladı. 76 milyon dollarlıq layihə ÇXR və Türkiyənin tam 100 şəhərini öz bayrağı altında birləşdirməklə Çin, ingilis, türk və uyğur dillərində fəaliyyət göstərəcək. Çin-Türkiyə iqtisadi manevrlərinin əsası imzalanması 2016-cı ilin sentyabrına planlaşdırılan Ankara ilə İslamabad arasında azad ticarət zonasının yaradılması haqda sazişdir. Pakistanın Türkiyə səfiri Sohail Mahmud Anadolu agentliyinə bildirib: “Azad ticarət haqda saziş Türkiyə ilə Pakistan arasında iqtisadi əməkdaşlığı gücləndirəcək. Müqaviləni sentyabrda imzalamağı planalaşdırırıq və konkret nəticəyə hədəflənib”.
Söhbət faktiki olaraq Ankara ilə Pekin arasında azad ticarətdən gedir, çünki Çin malları Sinszyanın şimali-qərb əyalətindən başlanan dəmiryolu ilə Pakistana maneəsiz çatdırılır. Lakin İrandan alternativ marşrut da nəzərdə tutulur. Hələ 2014-cü ildə Çin-Qazaxıstan-Türkmənistan-İran dəmiryolu istismara buraxılıb və məntiqi davamı İran-Türkiyə dəmiryolu oynayır. Lakin bu marşrutlar ciddi risklərə məruz qalır: bir tərəfdən Türkiyə HHQ PKK-nın İran sərhədindəki mövqelərinə zərbələr endirir və yaraqlılar bundan sonra İran-Türkiyə qaz kəmərini arabir sırdan çıxardırlar; digər tərəfdən isə Qazaxıstanın şimalda Rusiyanın Orenburq vilayəti ilə həmsərhəd Aktoba şəhəri sabitsizləşmə təhlükəsi altında qalıb. Yəni Qazaxıstandakı terror aktlarının memarları Moskva və Pekinə eyni vaxtda təzyiqə cəhd edirlər.
Türkiyə istiqamətinə dönərək qeyd edək ki, Pekin və Ankara ilə ticarətin inkişafında maraqlı olan Təl-Əviv işə girişib. Türklər İsrailin təbii qazı, çinlilər isə yəhudi dövlətinin EASKİ (elmi araşdırma və sınaq konstruktor işləri) ilə maraqlanırlar.Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun bəyanatına görə fikir yürütsək, “buz tərpənib”. i24news.tv portalı nazirin sözlərini misal gətirir: “İsraillə münasibətlərin normallaşmağı bir və ya iki görüşün işidir”.
İsrail Türkiyəyə Şərqi Asiyaya iqrtisadi “körpü” kimi yanaşır. Təsadüfi deyil ki, azad ticarət zonası yaradılması haqda Çin-İsrail danışıqları bu ilin martında başlandı, mayda isə Təl-Əviv artıq Seulla azad ticarətdən danışdı.
Məsələnin dəyərini vermək çox çətindir: 24-26 sentyabrda Təl-Əvivdə minə yaxın Çin investorunun və İsrailin beş yüz yüksəktexnologiyalı şirkətnin qatılacağı ən böyük tarixi investisiya sammiti keçiriləcək. Amerikanın “Stratfor” kəşfiyyat agentliyi bu münasibətlərə sıradakı səciyyəni verir: “Azad Ticarət Zonası (ATZ) haqda Çin-İsrail sazişinin böyük iqtisadi mənası var. Çin planetin ən aparıcı istehsalat bazarlarından biri, İsrail isə EASKİ sahəsində liderlərdən biridir. Çinlilər İsrail texnologiyalarının arzusundadır, İsrail isə ÇXR-dən ucuz istehlak mallarına meyl edir. İki ölkənin iqtisadi münasibətləri genişlənir: 2015-ci ilin yekununa görə, ikitərəfli ticarətin həcmi 11 milyard dollar təşkil etdi. Lakin hələ 1992-ci ildə hər şey 50 milyon dollardan başlanmışdı. ATZ bu dinamikanı sürətləndirəcək”.
Yeri gəlmişkən, israillilər təkcə Türkiyə ilə deyil, silah ixracatı baxımından maraq doğuran Azərbaycanla da maraqlanırlar. İsrailin “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedminin sözlərinə görə, yeni müdafiə naziri Avigdor Liberman “İsrail HSK-nin uyğun tövsiyəsi olarsa, Azərbaycanla hərbi əməkdaşlığın daha da genişləndirilməyinə qarşı çıxmayacaq”.
Kedmi Bakı portalına bildirib: “Ən yeni və olduqca dəqiq silah tədarükü məsələsində Bakı ilə onsuz da yetərincə sıx münasibətlərimiz var. Azərbayacana dörd milyard yarım dollardan yuxarı məbləğdə silah tədarük etmək faktının özü çox mətləblərdən xəbər verir. Azərbaycan bu əməkdaşlığı daha da dərinləşdirmək istəsə, onda Liberman və bütünlükdə İsrail buna ancaq şad olacaq”.
Və burada İsrailin İran, daha doğrusu, İran siyasi elitasının “liberal-islahatçı” deyilən qanadı üzrə planlarına çıxırıq. Çünki (“Mossad”ın keçmiş başçısı Meir Doqanın tezislərini əsas götürsək) məhz baş nazir Benyamin Netanyahu Vyanada İranın beynəlxalq vasitəçilərlə nüvə sazişi bağlamağına lobbilik edib. Yəni strateji məsələlər üzrə Təl-Əviv və Pekinin maraqları üst-üstə düşür ki, bu da xüsusən Çin ticarət karvanlarının bu ilin mayında Hayfa və Aşdoda gəlməyə başlayandan sonra təəccüb doğurmur.
Yaxın Şərq və Cənubi Qafqazdakı hadisələr məntiqi zəncirə düzülür. Gözümüzün qabağında təkcə milli dövlətlər deyil, həm də yüzillik, yeni çevik koalisiyalarla əvəzlənən ittifaqlar çökür. Təsadüfi deyil ki, Almaniya bundestaqı kansler Angela Merkelin Ankara ilə dialoqun inkişafı üzrə çoxsaylı cəhdlərinin üstündən xətt çəkərək iyunun əvvəlində Osmanlı imperiyasında erməni soyqırımının (mətndə bu cürdür-tərc.) tanınması haqda qətnamə qəbul etdi. Lakin Merkel də parlamentarilər tərəfdən basqıya çox da müqavimət göstərmədi. Hətta Türkiyədə baş nazir Davud Əhmədoğlu siyasi səhnədən düşdü. Berlin onunla həm qaçqınlar, həm də Suriya üzrə razılığa gələ bilərdi. İndi Avropa diplomatiyasının bütün səyləri erməni məsələsi ilə ayrılmaz şəkildə bağlı olan kürd layihəsinə dəstəyə yönələcək. Almaniya ATƏT-dəki sədrliyindən maksimum fayda götürməyə çalışır. Merkelin Dağlıq Qarabağ nizamlanmasındakı manevrləri, İrəvanla Brüssel arasında dialoqun inkişafı, həmçinin rəsmi Bakının alman parlamentarilərinin qərarına əsəbi reaksiyası buradan qaynaqlanır.
Bununla belə, Berlin Moskva ilə münasibətlərdə kəskin addımlardan yayınır.“Əlbəttə, Rusiya Dağlıq Qarabağda münaqişənin nizamlanmasında həlledici rol oynayır. Dağlıq Qarabağda münaqişənin həll edilməsində Rusiya hökumətinə dəstək verməkdən ötrü Minsk qrupunun amerikalı, fransalı həmsədrləri kimi öz təmaslarımızdan istifadə edəcəyik”- deyə Merkel Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların nəticələri üzrə bəyan etdi.
Avropa Birliyi Almaniyanın simasında Çinin “İpək yolu”na can atır. Buna görə də Cənubi Qafqaz bölgəsinə yeni sınaqlar vəd olunur…
Tərcümə Strateq.az-ındır.