Kimsəsiz gələcəyimiz…

0
7

Qüdrət Əzizov

Kimsəsiz gələcəyimiz…

Bu haqda nəsə demək, sadəcə ətrafımızda gördüyümüzdən təsirlənərək dediklərimiz ola bilər. Həmin körpələrin, uşaqların necə yaşadıqlarını, nə çəkdiklərini, nə hiss etdiklərini başa düşə bilmərik, çünki çoxumuz o həyatı yaşamamısıq. Biz gözümüzü açandan isti ailə mühitini görmüşük, anamızın şəfqətli qollarında sığallanmışıq, onlar isə günahların boy atdığı hissli bir pəncərə arxasında dünyaya göz açıb, soyuq səkilərin üstünü görüblər. Bizim başımızı doğma əllər, onlarınkını isə dəli küləklər sarıb. Biz gecələr isti yatağımızda gələcək həyatımızın xəyalını qurarkən, onlar isə xarabalıqda olan nəmli divarlarını təmir ediblər.Onlar Allahın istəyi ilə, yoxsa kiməsə cəza olsun deyə bu həyata məhkum olublar deyə bilmərəm, amma kimsəsiz uşaqlara gələcəklərini qurmaqda kömək edə bilərik.
Ölkəmizdə kimsəsiz uşaqların himayə olunduğu bir çox kimsəsizlər evi, internat məktəbləri var. Dövlət tərəfindən himayə olunun kimsəsiz uşaqlar evi və internatlarda yaşayan uşaqları 18 yaş tamam olan kimi sərbəst həyata buraxırlar. Bunu heç cür qəbul edə bilmirəm. Kimsəsizlər ən azından ali təhsil alana, öz ayaqları üstündə durana qədər dövlətin təminatı altında olmalıdır. Bəlkə də onların bir çoxlarının qaranlıq həyatlara yuvarlanmasında vaxtsız sərbəst həyata buraxılmaları böyük rol oynayır. Buradan çıxan oğlan uşaqlarının, eləcə də qızların çoxu əyri yola əl atır. Bunun yeganə səbəbi isə öz gündəlik ehtiyaclarını belə təmin edə bilməmələri, lazımi dərəcədə təhsilli olmamaları, başlarını soxacaq bir evin belə olmamasıdır.
Qızlar isə hər hansı bir yerə iş üçün müraciət etdikdə, kimsəsiz olduqlarını bilən bəzi şərəfdən xəbəri olmayan şəxslər öz iyrənc təkliflərini irəli sürərək, onlara həyatın vurduğu ağır zərbədən sonra ikinci bir zərbəni vururlar. Biz yıxılana balta vurmaqdansa, onlara əl uzadaraq ayağa qaldırmalıyıq. Bu gənclərə yardım edib, doğru yola yönləndirmək bizim hər birimizin vətəndaşlıq borcudur.
Son vaxtlar qadın alveri, yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb olunması haqqında hər gün kütləvi informasiya vasitələrində , sosial şəbəkələrdən izləyirik. Bundan sonra həmin qadınların cəmiyyətdə özlərinə haqq qazandırmaları çox da asan olmur. Halbuki, onların bəzilərinin bu həyatda heç bir günahları yoxdur, heç nədən xəbərləri olmadan gözlərini kimsəsiz uşaq evində açıblar. Ətraflarında özləri kimi uşaqları görüblər.Bir- birlərinə o qədər sıx bağlanıblar ki, itirməkdən qorxublar. Bir- birilərinə dayaq olublar, yalnız 18 yaşına çatana kimi qaldıqları damın altında yox, ordan çıxandan sonar da ayrılmayıblar, çünki bu həyatda yalnız sahib olduqları onlardır.

Məhz buna görə də sudan çıxmış balıq kimi çırpınaraq həyatda özlərinə mövqe tutmaq istəyən bu gənclərə əlimizdən gələn yardımı göstərməkdən çəkinməyək. Bu uşaqların təhsil almasında, yenidən həyata qazandırılmasında hər birimiz bir olmalıyıq. Hər şeyi dövlət etməlidir kimi, yanlış fikrə qapılmaq düzgün deyil. Dövlətimiz tərəfindən kimsəsiz usaqlara qayğının artdığının da şahidiyik. Amma onu da inkar edə bilmərik ki, bu hələ yetərli səviyyədə deyil. Əgər uşaqlar bizim gələcəyimizdir deyiriksə, unutmayaq ki, uşaq evlərində böyüyən bu uşaqlar da gələcəyimizin bir parçasıdır. Gələcəyimizin qaranlıq, yoxsa aydınlıq olması isə öz əlimizdədir.
Dünyada bütün türklər məhv olsa, yeganə bir türk uşaq qalsa o dövlət qurmağa qadirdir deyiblər. Ona görə də biz Türk milləti gənclərimizə sahib cixaq!

LEAVE A REPLY