Milli “bazar” partiyası sədrinin piştaxta arxasındakı “alver”inə bir baxış…

0
6

Ramiz Tağıyev

Və yaxud “Ağ atlı oğlan”ın ağlını kimlər alıb?

Dostlarımla tam razıyam, Nemət Pənahlıya zaman ayırmağın faydası yoxdur. Bu adam nağıl həvəskarıdır, nağıllar isə tükənib, bitmir. “Azadlıq aşiqi”nin uydurduğu nağılların sonu olacağına heç inanmıram. Moşu Göyəzənlinin təbirincə söyləsək, “insan nə qədər yalan danışa bilər?”

Görünən odur ki, “ağ atlı oğlan”ı danışdırırlar… Bu adamı yaxşı tanıdığımdan birmənalı söyləyə bilərəm, “havayı” danışmır. Ona uzun-uzadı tribuna verənlər də xüsusi missiya sahibləridir ki, bunu artıq ölkədə bilməyən yoxdur.

N.Pənahlı iddia edir ki, AXC iqtidarı rus ordusunu ölkədən çıxarmayıb. Ardınca da özünəməxsus iddia ilə mühakimə yürüdür ki, “AXC iqtidarının rus ordusunu çıxarmaq qüdrəti var idisə, elə erməni daşnaklarını Qarabağdan çıxaraydı.” …Və bütün bunları Əbülfəz Elçibəyin portretini başının üstündən asıb, siyasi dəllallıqla məşğul olanlar susqunluqla qarşılayır…

Hüquqşunas diplomuna hansı yollarla sahib çıxa bilmiş “ağ atlı oğlan” anlaya bilmir ki, ortada beynəlxalq hüquq deyilən bir anlayış var. Məhz həmin hüquqi normativlərə əsasən imperiya qoşunları Azərbaycan ərazisindən çıxarıldı. Zəifləmiş SSRİ imperiya qoşunları Azərbaycan ərazisindən çıxarıldı. Zəifləmiş SSRİ imperiyası daha öncə qoşunlarını Əfqanıstandan və uzun illər əsarətində saxlaya bildiyi sosialist ölkələrindən çıxarmaq məcburiyyətində qalmışdı. O da sirr deyil ki, rus qoşunları ilk olaraq Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarıldı və həmin prosesdə o zaman Muxtar respublikaya rəhbərlik edən Heydər Əliyevin inkaredilməz xidməti olub. Tarixin hökmüylə rus qoşunlarının ölkəmizdən bütövlükdə çıxarılması isə AXC iqtidarının öhdəsinə düşüb. Bu barədə uzun-uzadı açıqlama vermək istəməsəm də, onu qeyd etməliyəm ki, Culfada yerləşən rus polkunun yüzlərlə əskərini təbliğat vasitəsiylə inandıraraq, onları gizli yollarla vətənlərinə yola sala bilmişdik. İş o yerə çatmışdı ki, polkun komandiri İvanov soyadlı polkovnik bəndənizə yaxınlaşıb, “Tağıyev, xahiş edirəm, axırıncı 60 əskərə dəyməyin, qoyun “çamadan”larımızı yükləmək üçün qalsınlar.” Təbii ki, gününü “ağ atlı oğlan” nağılını oxumağa həsr edən Nemətin belə proseslərdən məlumatı ola bilməzdi.

 

“Bazar” Sabir, Nemət və “Milli dövlətçilik” siyasəti…

 

Əlbəttə, məndən “bazar” Sabir kimi tanınan iş adamı-Sumqayıt maşın bazrının sabiq sahibinə Allahdan rəhmət diləmək düşər. Ancaq, nə yazıq ki, rəhmətliyin siyasət adlanan nəsnədən zərrə qədər məlumatı yox idi. Sual doğur: bəs onda Nemətin “bazar” Sabirlə Milli Dövlətçilik partiyası yaratmaları hansı zərurətdən doğmuşdu? Axı, o da sirr deyil ki, siyasətdən bixəbər olan rəhmətlik Sabir kişi, bütün varlığıyla Heydər Əliyevə bağlıydı. Qəribədir, iş adamı Nemətlə birgə addımlamağın mümkünsüzlüyünü tez bir zmaanda müəyyən edib, “azadlıq aşiqi”nə əlvida deməyi məqsədəuyğun hesab etdi. Yəni, siyasətin “bazarlaşması” uzun çəkmədi. Sabir kişi öz işinə-maşın bazarına qayıda bilsədə, Nemət “bazar” siyasətindən əl çəkmədi ki, çəkmədi. O, bu gün “siyasəti” elə “piştaxta”lar arxasında aparır ki, orada satılıb-alınmaq artıq adət halına çevrilib.

Sabir kişini xoş xatirələrlə anıram. Səbəbsiz deyil… Sadə bir iş adamı kimliyini, nə istədiyini, arzuladığını Nemətdən fərqli olaraq açıq-açığına ortaya qoya bilirdi. Daha dəqiq söyləsək, siyasətdən bixəbər olsa belə, səmimi insan idi. Bax, elə həmin səbəbdən də, rəhmətlik qeyri-səmimi olan “ağ atlı oğlan”la uzağa gedə bilməzdi.

 

Danışdıqca kimliyini büruzə verən zavallı…

 

Rəhmətlik Əbülfəz Elçibəyin bir gözəl deyimi vardı; “danış, danış, görüm kimsən”. Bəli, insanlar çox danışdıqca kimliklərini büruzə verir, səhvləri açıqlanır, yalanları aşkarlanır. Nemət də belədir, mikrofon qarşısına keçdimi bülbül kimi ötməyə başlayır. Sözünün başı da, ortası da, sonu da mən…

Dostumuz Əvəz Zeynallı demişkən, Allah, Allah bu  adam nələrə qadir imiş… Adam Şəhidlər Xiyabanının yer məsələsini təkbaşına həll etdiyini bəyan edir. Gülməlidir, elə deyilmi? Əlbəttə, Nemətin bu iddiasının cavabını vermək mənə düşməz. Ancaq, arxivimdə olan qəzet materiallarından dəqiq bilirəm ki, Şəhidlər Xiyabanının yerinin müəyyənləşməsində bir çox ziyalının və hətta Allahşükür Paşazadənin də böyük xidməti olub. Yaxşı olar ki, tam şahidi olduğum hadisələrdən söhbət açım…

Bu, həmən Nemətdir ki, 1990-cı ilin yanvar ayının 18-19 tarixlərində Mərkəzi Komitənin qarşısında keçirilən dinc mitinqlərə qısqanclıqla yanaşaraq, əlində olan səsgücləndirici vasitəsiylə insanları “barrikada”lara dəvət edirdi. Təbii ki, insanların “barrikada”lara daşınması üçün avtobusları Əbdürrəhman Vəzirov və rus canişini Viktor Polyaniçko “azadlıq aşiqi”nin sərəncamına vermişdilər. Nemət və ətrafı əllərində “ratsiya”larla hərəkət edirdilər ki, həmin zamanlarda belə qurğuların kimlərə məxsus olduğunu müəyyən etmək bir o qədər çətin deyildi. Bəli, Vəzirov onu istefaya çağıran on minlərlə insanın Mərkəzi Komitənin qarşısına toplaşmağından ciddi narahatlıq keçirirdi. Məhz həmin səbəbdən də yaxından əməkdaşlıq etdiyi Nemətə həmin insan kütləsini dağıtmaq missiyası həvalə edilmişdi. Bunu aşkar etmək bir o qədər çətin deyil, xatırlayıram ki, həmin aksiyanın bir neçə istiqamətdən çəkilişi aparılırdı. Təbii ki, Nemət öz xislətinə uyğun olaraq, sonradan guya oxşarlarının yaradıldığını və onlar vasitəsilə insanların “barrikada”lara dəvət edildiyi barədə uydurmalara imza atdı. Ancaq nə etmək olar, mən həmin hadisələrin şahidiyəm, belə ki, Mərkəzi Komitənin qarşısındakı mitinqi idarə edənlərdən biri idim.

Mən, Nemət deyiləm və tarixi saxtalaşdırmağın xəyanət olduğunu söylədiyim qədər çağdaş tariximizin doğru-dürüst gələcək nəsilə ötürülməsi üçün əlimdən gələn nə varsa etməyə andlıyam. Və bir daha Böyük Allahdan tarixi saxtalaşdıranları, şər-böhtan dağarcıqlarını cəzalandırmasını diləyirəm!

Daha öncə isə, yəni 1990-cı ilin 13 yanvarında “azadlıq aşiqi” Azadlıq meydanında keçirilən mitinqdə rus canişini V.Polyaniçkonun tövsiyyəsiylə yaratdığı “Milli Müdafiə Şurası” barədə bəyanat vermiş, Səttərxan adına zavodda silah istehsalına başlanıldığını açıqlamışdı. Yersiz iddialar, boş pafoslar… Nemətin bütün mübarizəsi yalnız qeyd etdiklərimin toplumundan ibarət olub. Vəssalam!!!

 

Şərbazlığın patalogiyası.

nemet

Uzun illərdir ki, yetənə yetib, yetməyənin ardınca şər atmağı, qarayaxmağı peşə etmiş “azadlıq aşiqi”: “Mən həyatda heç vaxt inanmadığım sözü deməmişəm. Hətta düşmənə də şər-böhtan atmamışam. Bildiklərimin hələ dörddə birini deməmişəm”-deyir. Təəssüf ki, bu adam ömründə bircə dəfə olsun həqiqəti danışmayıb, əksinə, ölkənin ən dəyərli ziyalılarına, siyasi xadimlərinə, vətənpərvər, milli ruhlu insanlarına dayanmadan şər-böhtan atıb. Yaxşı yadımdadır, dostum Sərdar Əlibəylinin “PS.Nota” qəzetində Nemətin uzun-uzadı müsahibələrinin başdan-ayağa şər-böhtan olduğu üçün, Sərdar bəyə həmin müsahibələrin dayandırılması xahişini edib; Sərdar, Nemət söylədiklərini zaman gələcək ki, inkar edəcək, günahkar sən qalacaqsan demişdim. Sərdar isə mətbuatın azadlığına hörmətlə yanaşdığını, bunlar Nemətin mövqeyidir, narazı olan kimsə varsa cavab haqqını tanımağa hazıram, cavabını vermişdi. Həmin müsahibələr arxivimdə saxlanıldığından, yəqin ki, zaman-zaman “azadlıq aşiqi”nin böyük dövlət xadimi Heydər Əliyev və bir çox nüfuzlu şəxslər barəsində söylədiyi şər-böhtan “sitat”larından istifadə etməli olacağam. Əlbəttə, Nemət xislətinə uyğun olaraq məni Heydər Əliyev tərəfdarı olmaqda suçlayacaq. Olsun… Mən, bunu heç gizlətmədim ki…

Təəssüf ki, indi Heydər Əliyev şəxsiyyətini inkar edənləri “azadlıq aşiq”ləri, tarixi gerçəkləri ortaya çıxaranları isə xəyanətkar adlandıran yarımçıq siyasətçilər “yağışdan sonra göbələk”lər kimi aşıb-daşmaqdadır.

 

Aşıq gördüyün çağırar, bəs “azadlıq aşiqi?”

 

“Azadlıq aşiqi” Heydər Əliyevlə əməkdaşlıqdan söhbət açıb. Adam xüsusi olaraq vurğulayıb ki, guya H.Əliyev kommunist partiyası sıralarından istefa verdikdən sonra onunla əməkdaşlıq edib. Yenə, uydurma, yenə şər-böhtan… Çünki H.Əliyevin N.Pənahlı adlı birisiylə əməkdaşlığına heç bir ehtiyacı yoxdu. Kimsə inkar edə bilməz, dövlətçilik uzmanı olan H.Əliyevin əməkdaşlığlı yalnız xalqla idi. Naxçıvanda, Bakıda onun bir çağırışıyla meydanlara milyonların toplaşdığını görəndən sonra Nemətin belə iddiada olması absurd bir şeydi.

Nemətdən fərqli olaraq tam 30 il ərzində Heydər Əliyevə münasibətim zərrə qədər dəyişməyib. 1987-ci ildə H.Əliyev Moskvadakı vəzifəsindən kənarlaşdırıldıqdan sonra, onu ardıcıl olaraq müdafiə etmişəm. Bəli, ermənilərin H.Əliyevin istefasını toy-bayramla qarşıladıqlarından xəbərdar idim. Elə həmin il H.Əliyevin minlərlə şəklini çıxartdırıb, hər kəsə paylayırdım ki, maşınlarının ön şüşəsinə vursunlar, evlərində saxlasınlar. Bu bir tarixdir və mən bunu etmişəm. Kimin mənə necə münasibət bəsləyəcəyindən asılı olmayaraq faktı ortaya qoymalıyam. Moskvaya minlərlə teleqram vurub, H.Əliyevi müdafiə etmişik.  Dəmiryolçuların Culfada keçirilən, SSRİ imperiyasını şoka salan tətillərinin tələblərindən biri də H.Əliyevin müdafiəsi ilə bağlı olub. H.Əliyevin qayıdışından sonra da ona olan münasibətim dəyişməyib. Təəssüf ki, AXC iqtidarı məni H.Əliyevə olan xoş münasibətimə görə cəzasız buraxmayıb. Səlahiyyətlərimin alınması məqsədi ilə heç bir lüzum olmadan 1993-cü ildə rəhbərlik etdiyim Culfa rayonunda fövqaladə vəziyyət elan olunub, komendant təyin edildi. Təbii ki, prezident Əbülfəz Elçibəyə yanlış məlumatlar ötürən, bu gün isə ,”maska”sını dəyişib, Milli Məclisdə rahat kürsüdə əyləşən “cəbhə”çilərin rolu az olmamışdı. Etiraf edirəm ki, mənim həmin çoxsifətlilərdən fərqli olaraq H.Əliyevə münasibətim tam müsbət olub. Hələ 1992-ci ilin oktyabr ayının 25-də Naxçıvan cəbhəçilərin H.Əliyevə hücumunu pisləyən bəyanat yaymışam ki, həmin qəzetlər indi də arxivimdədir. Məhz həmin bəyanat bir çox araqarışdıran qaraguruhçunu narazı salmışdı ki, mənim barış missiyamı onlar xəyanət kimi təqdim etdilər. Ancaq, bu heç nəyi dəyişə bilməz və AXC-nin tarixi xidmətlərini unudacaq qədər nadanlığı qəbul etməmişəm. O da bir faktdır ki, təcrübəli siyasətçi, böyük dövlət xadimi H.Əliyev Milli Azadlıq Hərəkatına daima hörmətlə yanaşıb və onun Moskvadan Naxçıvana qayıdışıyla həmin hərəkata ikinci nəfəs verilib. Xain xislətli bir çox qaraguruhçu isə buna qısqanclıqla yanaşaraq, H.Əliyevə qarşı qarayaxma kompaniyasına başladılar.

Qətiyyətlə söyləyirəm, AXC-nin H.Əliyevə xallı Qorbaçovun, onun əlaltıları Vəzirov, Mütəllibov və həmçinin əzəli düşmənlərimiz ermənilərlə eyni münasibət bəsləməsini daima pisləmiş, mövqeyimi açıqlamaqdan çəkinməmişəm. Bu mövzu hədsiz əhatəli olduğundan çalışacağam ki, həmin həqiqətləri zaman-zaman işıqlandıram.

N.Pənahlı öz savadına, xislətinə uyğun olaraq Naxçıvanda baş vermiş hadisələri təhrif etməkdən də  çəkinmir. Guya H.Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra Muxtar Respublikanın bütün rayonlarına cəbhəçi icra hakimiyyəti başçıları təyin edib. Nə deyəsən beləsinə… Axı, danışmazdan öncə, heç olmasa bilmədiklərini öyrən. Əgər, mənəm-mənəmliyini bir an belə olsun kənara qoyub öyrənməyi bacarırsansa… “Azadlıq aşiqi”nə xatırladıram ki, 1990-cı ildən 1994-cü ilin mayayına qədər Naxçıvanda İcra Hakimiyyəti strukturu olmayıb. Rayonları Xalq Deputatları Məclisi idarə edirdi ki, həmin ilin payızında keçirilmiş yerli sovetlərə seçkilərdə əksər rayonlarda AXC üzvləri qələbə qazanmışdı. Həmin deputatlar öz sıralarından rayonları idarə edəcək şəxsi-rayon Xalq Deputatlar Məclisinin sədrini seçirdilər. Heydər Əliyev isə 1991-ci ilin sentyabr ayının 3-də Naxçıvan Ali Məclisinin sədri seçilib. Məhz bizim kimi insanların təkidli tələbindən sonra H.Əliyev həmin vəzifəni öhdəsinə götürməyə razılıq verdi. Bugün də həmin mövqeyimə görə təəssüf hissi keçirmirəm. Tutduğum vəzifəyə uyğun olaraq H.Əliyevlə mütəmadi görüşsəm də, onunla əməkdaşlıq etdiyimi iddia etmək fikrindən çox uzağam. Mən onun tövsiyyələrini, tapşırıqlarını yerinə yetirə bilərdim ki, imkanım daxilində bunları etməyə çalışmışam. Bugün də özünü H.Əliyev səviyyəsinə qaldırmaq istəyən, ona məsləhət verdiyini söyləyn hər kəsi xəstə adlandırmaqdan savayı yol görümürəm. O təkrarolunmaz şəxsiyyət idi, gəldi və öz böyük tarixi missiyasını yerinə yetirərək dünyasını dəyişdi. Onun arxasınca danışmaq “köpəklərin ulduza hürməsinə” bənzəyir. Nemət isə H.Əliyevdən öz qiymətini zamanında alıb, müşavirin müşaviri olub. Allah rəhmət eləsin Ona, beləsinə “ələyi aparıb, xəlbiri gətirməkdən” başqa heç bir səlahiyyət verilə bilməzdi ki, onu da edib.

 

Ardı var…