Bakı sakinləri nə içir, hansı mənbələrdən içir…

0
5

Bakının beynəlxalq standartlara uyğun ekoloji təmiz içməli su ilə təchizatı son illər bu sahədə görülmüş işlərə baxmayaraq hələ də ciddi problem olaraq qalır. Milyonlarla insanın yaşadığı, əhalisi durmadan artan şəhərdə təmiz içməlu su mənbələri heç də hamı üçün əlçatan deyil. Son illərdə Bakının içməli su təchizatının yaxşılaşdırılması sahəsində həyata keçirilmiş proqramlara baxmayaraq paytaxt sakinlərinə verilən suyun həddən artıq çirkli olduğu haqda şikayətləri hələ də eşitmək olar.

Bakıya verilən suyun həddindən artıq çirkli olmasını əsas gətirən  bəzi ekoloqlar hesab edirlər ki, bunun qaynağı Kür çayıdır və Kür suyundan tamamilə imtina etmək lazımdır. Buna səbəb isə Kür mənbəyini Kür-Araz qovşağından götürməsi ,  Ermənistanın öz mis mədənlərinin tullantılarını çayın mənbəyinə axıtması, Gürcüstanda isə Tiflis şəhərinin kanalizasiyasının təmizlənmədən çaya axıdılması, habelə yol boyu çayın başqa çirklənmələrə məruz qalmasıdır.

Gürcüstanda Kürə kanalizasiya da axır, məişət tullantıları da atılır

Elə bü günlərdə gürcüstanlı ekoloqlar da Kür çayının çirklənməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Gürcüstan Ekologiya Nazirliyinin su resurslarının idarə edilməsi xidmətinin əməkdaşı Marina Makarovanın sözlərinə görə, çayın əsas çirklənmə səbəbi kanalizasiya sularının bura axıdılmasıdır. Hər ay suda yoxlama apardıqlarını deyən gürcü ekoloqun sözlərinə görə, çayda biogen və orqanik maddələr yüksək səviyyədədir.

Hazırda  Gürcüstanın miqyasında kanalizasiya sularının təmizlənməsi üçün stansiyaların tikintisi gedir. Amma bu prosesin 2-3 il çəkəcəyi bildirilir. Mütəxəssislər həmçinin Gürcüstanın bütün sakinlərindən Kürə zibili atmamağı və beləliklə daha çox onu çirkləndirməməyi xahiş edirlər. Yeri gəlmişkən, bu ölkədə  suyun çirkləndirənləri 93 dollardan 140 dollara qədər cərimə gözləyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsdiq edir: Kür çox çirklənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova da Kür çayının çirklənərək ölkəmizə daxil olduğunu deyir. Onun virtualaz.org-a bildirdiyinə görə, ölkənin yerüstü su ehtiyatlarının 80%-ni Kür, Araz çayları və onların transsərhəd qollarının suları təşkil edir ki, onların da həcminin 70%-ə qədəri qonşu ölkələrin ərazisində formalaşır.

Gürcüstan və Ermənistan ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkəmizin ərazisinə gətirilir:

Gürcüstan ilə sərhəddə yerləşən Şıxlı-2 monitorinq məntəqəsində may ayının III ongünlüyünün monitorinq nəticələrinə əsasən Kür çayı suyunun tərkibində fenolların miqdarı sanitar normadan 4 dəfə, metalların 3-5 dəfə, biogen maddələrin 6-9 dəfə və sulfatların miqdarı isə 1,2 dəfəyə qədər yüksəkdir.

Bəs Bakı əhalisinin neçə faizi Kürün bu çirklənmiş suyunu içir? Yaxud paytaxtda Kür suyunu tam təmizləyib istehlakçılara çatdırmaq mümkün olurmu? Şəhər əhalisinin hansı hissəsi təmiz su içir?

Qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı 4 mənbə hesabına təmin olunur. Bura Xaçmaz, Kür, Ceyranbatan və Oğuz-Qəbələ su mənbələri daxildir. 2011-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərin istifadəyə verilməsi paytaxtın su təchizatını xeyli yaxşılaşdırdı, eyni zamanda bu kəmər şəhəri beynəlxalq standartlara uyğun ekoloji təmiz içməli su ilə təchiz edən əsas mənbədir. 2013-cü ildə isə Bakıda müasir sutəmizləyici labaratoriya istifadəyə verilib. Amma suyun çirkli, qumlu və bir çox hallarda isə xlorlu olması hələ də əsas problem olaraq qalır.

Azad İstehlakçılar Birliyinə hər həftə şikayətlər daxil olur

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, problemin səbəblərindən biri də Bakının su infrastrukturunun çoxdan köhnəlməsidir. “Su xətlərinin dəyişdirilməsi ciddi problemlərdən biridir. Çünki borular çoxdan köhnəlib və paslanıb. AİB-ə hər həftə  mənzillərə verilən sulardan şikayətlər daxil olur. Krantın ucundakı süzgəcə metal və daş qırıntılarınnı toplanması, bəzən lili suyun axması geniş rast gəlinən haldır. Bu vəziyyətdən su filtri satıcıları istifadə edirlər, onlar bazarda böyük ajiotaj yaradıblar. Evlərdə ekspertizalar keçirir və camaatı qorxudurlar. Təəssüf ki, su ilə bağlı problem ciddidir”-ekspert deyir.

E.Hüseynovun sözlərinə görə, əslində su istehlakçıları pul verib aldıqları suyun mənbəyini bilməlidirlər: “Biz “Azərsu” ilə danışıqlar aparırıq ki, şəhərin hansı hissəsinə hansı suyun verilməsi ilə bağlı şəffaflıq yaratsınlar. Çünki əhali məlumat almaq istəyir ki, hansı mənbədən gələn suyu içir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, istehlakçının hüququ var ki, pul verib aldığı malın mənbəyi haqqında məlumat alsın. Düşünürəm ki, “Azərsu” əhalinin bu baxımdan məlumatlandırılması üçün tezliklə işlər görməlidir. Amma demək olmaz ki, paytaxtda təmiz su yoxdur, çünki su təmiz olmasaydı, əhali epidemiyalara tutulardı. Su mümkün qədər təmizlənilir”

Ekspert hesab edir ki, problemin aradan qaldırılması üçün bu sahədə böyük dəyişikliklər aparılmalıdır.

 

“Azərsu” rəsmisi deyir ki…

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə suyun keyfiyyəti ilə bağlı deyilənlərlə razılaşmır. Onun bildirdiyinə görə, götürülən nümunələrin nəticələrinə əsasən demək olar ki, Bakıya verilən içməli su dövlət standartlarına cavab verir. Bakı əhalisinin neçə faizinin təmiz su içməsi ilə bağlı suala gəlincə, ASC rəsmisi bildirdi ki, paytaxt əhalisi bütövlükdə dünya standartlarına uyğun təmiz su içir:

“Laboratoriya hər il 15 min nümunə götürərək yoxlayır. Bunlar müxtəlif ərazilərdən götürülür. Aparılan nümunələrin nəticələrinə görə içməli su dövlət standartlarına cavab verir. Əsas şikayətlər yeni tikilən binalardan gəlir. Çünki su bu binaların anbarına yığılaraq sakinlərə paylanır. Anbar vaxtı-vaxtında yuyulmadığından belə problemlər yaranır. Əslində isə anbar ildə bir dəfə yuyulmalıdır. Əhalinin xlorla bağlı da narahatçılığı olmasın. Çünki xlor dünyada qəbul olunmuş ən yaxşı zərərsizləşdiricidir və bu suya yolverilən həddə vurulur. Ola bilər ki, gələcəkdə xlorun əvəzinə ozondan istifadə edək”.

 

Kürün qapqara suyu Bakıda necə təmizlənir …

A.Cəbrayıllı Kür suyundan imtina ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Belə bir deyim var, axar su murdarlıq götürməz. Kür suyu özü qapqaradır, amma Bakıya verdiyimiz su şəffafdır. Çünki 3 mərhələdə təmizlənir. Ümumiyyətlə, 1970-ci ildən bəri 46 ildir ki, Bakı Kür suyu içir və heç bir problem yoxdur. Həm də bizdə suyun keyfiyyətinə nəzarəti Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji Stansiyası həyata keçirir. Paytaxta verilən suyun keyfiyyətini yoxlamaq üçün 2013-cü ildən Mərkəzi Laboratoriya fəaliyyət göstərir. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür”.

Bakıya təmiz Şollar suyu gəlmir, Kür suyunu isə cəmi 10 faiz içir

Bəs vaxtilə Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi Şollar su kəmərindən kimlər su içir? “Azərsu” rəsmisi deyir ki, hazırda Bakıya təmiz Şollar suyu gəlmir. İçərişəhərə bu kəmərdən su xəttinin getməsi ilə bağlı yayılan fikirlər də yanlışdır. A. Cəbrayıllının sözlərinə görə, Şollar suyu Sulutəpəyə qədər gəlir, orada Kür və Oğuz-Qəbələ su kəmərləri ilə qarışdırılır.

Azərsu” rəsmisi deyir ki,  Bakı və Abşeron yarımadasını su ilə təmin edən əsas mənbə Ceyranbatan su anbarıdır: “Paytaxta gələn suyun 53%-i bu mənbənin payına düşür. 23% Oğuz-Qəbələ su kəməri ilə gələn sudur. Xaçmaz kəməri Bakıya gələn suyun 14 faizini təşkil edir. Ən az isə Kürün payına düşür: 10%

Bakıda su abonetlərinin suya tələbatı hər saniyədə 15 kubdur. Bunun 2 kubu Xaçmaz su kəmərlərinin, 8 kubu Ceyranbatan su anbarının, 1,5 kubu Kürün, 3,5 kubu isə Oğuz-Qəbələ su kəmərinin payına düşür”.

Qaradağ -ən bəxtsiz rayon?

Hansı mənbələrin konkret hansı rayonları təmin etməsinə gəlincə, Anar Cəbrayıllı məlumat verir ki, Qaradağ rayonu,  Müşfiqabad qəsəbəsini çıxmaq şərtilə, bütünlüklə Kür suyu ilə təmin olunur. Xırdalan, Abşeron, Suraxanı və Sabunçu rayonları Ceyranbatan su anbarından, Qobu isə Oğuz-Qəbələ su kəmərindən qidalanır.

Səbail rayonunun təchizatı isə qarışıqdır – bu rayonun sakinləri həm Kür suyunu, həm Oğuz-Qəbələ kəmərindən daxil olan suyu içir. Xəzər rayonunu tamamilə Ceyranbatan su anbarı təmin edir. Sabunçunun bir hissəsi Kür, bir hissəsi isə Ceyranbatan anbarını hesabına təchiz edilir. Xətai, Nizami rayonları Ceyranbatan və Oğuz-Qəbələ kəmərləri, Nərimanov və Binəqədi rayonları isə Oğuz-Qəbələ və Ceyranbatan su anbarları vasitəsilə təmin edir. Yasamal və Nəsimi rayonlarının sakinləri  bütövlükdə Oğuz-Qəbələ su kəməri vasitəsilə su ilə təmin olunur.

Başqa sözlə, “Azərsu” rəsmisinin saytımıza açıqladığı bu maraqlı rəqəmlərə əsasən hazırda Bakının bu rayonlarının sakinlərini ekoloji təmiz içməli suya çıxış imkanı baxımından ən şanslı hesab etmək olar. Paytaxt sakinlərinin qalan hissəsinin içdiyi su isə təmizlənmiş olsa belə ekoloji təmiz hesab edilə bilməz. Axı həmin suyun bilavasitə mənbəyi Oğuz-Qəbələ-Bakı kəməri ilə gələn sudan fərqli olaraq təmiz bulaqlar və artezianlar deyil…

Virtualaz.org