“Heç kimin mənim kimi əzab çəkməsini istəmirəm”
Bir müddət əvvəl Kürdəmir rayonu Qacılı kənd sakini Sevil Bəkirovanın intihar etmək məqsədilə özünü yandırdığı haqqında məlumat vermişdik. O, artıq reanimasiyadan palataya köçürülüb. Sevilə baş çəkmək üçün Respublika Yanıq Mərkəzinə yollandıq. O, baş verənləri Modern.az-a danışıb.
“Bir DVD-yə görə mənə əxlaqsız dedilər”
“Günorta saat 14 radələri idi, 19 yaşlı baldızım Mətanət hazırlıqdan gəlmişdi. Bir yerdə nahar etdik. O, bizim otağa getdi ki, dərslərini oxusun, mən də onların otağında DVD-ni yandırıb baxmaq istədim. Dərs oxuduğu halda gəlib televizorun səsini azaltdı, dedi ki, söndür işləmir, qoymadı baxmağa. Mən də DVD-ni götürüb dedim ki, sabah qardaşına verərəm aparıb düzəltdirər. Elə bil qızın ətini kəsdilər. Girdim otağa, qapını da bağladım. Baldızım elə ağlayırdı ki, səsinə qayınanam Zöhrə Nəsirova gəldi. Qayınanam üstümə düşdü, mənim o davada işlətdiyim yeganə söz bu oldu: “Mətanət, sən gedən yolları mən qayıdıram”.
Bundan sonra məsələ daha da böyüyüb:
“Qayınanam məni əxlaqsızlıqda ittiham etməyə başladı. Bildirdim ki, əxlaqsız idimsə, niyə ailənə gəlin gətirirdin, almazdın oğluna. Qapını örtüb otağıma girdim, ancaq yenə əl çəkmədilər. “DVD-ni gətir qoy yerinə” deyib israr etdilər. Onsuz da gəlin gəldiyim il yarımda bir gün görməmişdim. Axırda dedi: “”Qapını açmasan sındıracağam, sənin ana evindən gətirdiklərinə ixtiyarın çatır, mənim oğlumun puluna alınan şeylərə yox”. Canım boğazıma yığıldı. Qapını açdım, DVD-ni aparıb stolun üstünə qoydum, kibriti götürüb həyətə düşdüm”.
“Mənə dedi: “Get, ananın xarabasında özünü yandır”
“Həyətdə yarım litrlik qabda neft və 2 litrlik qabda kerosin vardı. Allah üzümə baxdı ki, kerosini tökmədim, yəqin sağ qalmazdım. Gözlərinin qabağında nefti başımdan aşağı tökdüm. Qayınanam mane olmaq əvəzin dedi: “Get, ananın xarabasında özünü yandır”.
Baş verənlərə baxmayaraq, qayınana gəlini təhqir etməkdən vaz keçməyib. Halbuki, Sevilin sözlərinə görə, heç subay vaxtı telefonu da olmayıb:
“Yoldaşımla bir yerdə çörəkbişirmə sexində işləyirdik. Ailə qurandan sonra yoldaşım işləməyimi istəmədi. Bunu ona görə deyirəm ki, qayınanamın söylədikləri hamısı böhtandır. Nə isə, dedim ki, özümü elə burda yandıracam, səni də məhkəməyə verəcəm. 2 dəfə kibriti vurdum yanmadı, 3-cü dəfə saçım alışdı, bir də gördüm alışa-alışa gedirəm. Qayınanam məni yerə yıxıb alovu söndürməyə çalışırdı. Sonra harasa getdi, mən də qışqıraraq darvazadan bayıra çıxıb qonşuları köməyə çağırdım. Qonşular üstümə su töküb alovu söndürdülər.
Sonra huşumu itirmişəm, özümə gələndə dəhşətli dərəcədə ağrıyırdım, bütün bədənim göynəyirdi. Bu zaman qayınanam bədənimə qatıq vurmağa başladı. Həkimə getmək üçün isə qaynımı gözləməli olduğumu bildirdi. Daha dözə bilmirdim, dedim özüm piyada gedəcəm”.
Məhz bundan sonra qaynana gəlinini həkimə aparmağa məcbur olur. Vəziyyəti ağır olduğundan S.Bəkirovanı Kürdəmir xəstəxanasından Bakıya gətirirlər.
Bakıda baş verənlər isə bizə məlumdur. Respublika Yanıq Mərkəzinin şöbə müdiri Vüqar Ələkbərovun sayəsində S. Bəkirova yenidən həyata qayıdır.
Hazırda vəziyyəti stabil olan S. Bəkirova bir neçə əməliyyatdan sonra nisbətən yaxşı olduğunu bildirdi: “Sabah evə gedəcəm. Təbii ki, anamgilə, qaynanamgilə bir də qayıtmaram. Yoldaşım da arada gəlib mənə baş çəkir, məni atmayacağını deyir”.
Sonda S. Bəkirova özünü yandırdığına çox peşman olduğunu dedi: “Kimsənin mənim kimi əzab çəkməsini istəmirəm, sizi canınızdan bezdirsələr belə, intihar etməyin. Mən bu əzabın nə olduğunu bildiyim üçün istəmirəm kimsə bunları yaşasın”.