Məhkum nədən dünyasını dəyişib?

0
11

Məhkum nədən dünyasını dəyişib?
Az müddətdə iki məhkumun ölümü nədən xəbər verir?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Ciddi rejimli Cəzaçəkmə müəssisəsində növbəti ölüm hadisəsi qeydə alınıb. Aldığımız məlumata görə həmin cəzaçəkmə müəssisəsindən ağır vəziyyətdə Penitensiar Xidmətin Mərkəzi xəstəxanasına çatdırılan məhkumun həyatını xilas etmək mümkün olmayıb.
Belə ki, məhkum xəstəxanaya gec çatıdırılıbmış. Məlumat verən mənbə onu da qeyd edib ki, bu son bir neçə ayda 7 saylı cəzaçəkmə müəssisəsində baş vermiş ikinci ölüm hadisəsidir. Bundan bir neçə ay öncə digər bir məhkum intihar edibmiş.
Mənbə həmin cəzaçəkmə müəssisəsində özbaşınalığın baş alıb getdiyini, narkotik maddələrin dövriyyəsinin adi hala çevrildiyini bir daha xatırladıb. Təxminən 3 həftə bundan öncə dünyasını dəyişmiş məhkumun əslən Culfa rayonundan olduğu bildirilir. Uzun müddət cəza çəkən İlham Hüseynovun əvvəllər səhhətindən heç bir şikayəti olmayıb. Mənbənin verdiyi məlumata inansaq, İlham Hüseynov evdən göndərilmiş sovqatın içində olan pulun götürülməsindən ciddi əsəbi sarsıntı keçirib.Tibbi diaqnoz da bir daha təsdiq edib ki, İ.Hüseynov miokard infarktından dünyasını dəyişib. Müəssisə rəhbərliyinə dəfələrlə xəstəliyi ilə bağlı müraciət edən məhkum pulu olmadığından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə vaxtında aparılmayıb. Yalnız yaxınları tərəfindən ona maddi yardım göndərildikdən sonra İ.Hüseynov müalicə müəssisəsinə aparılsa da, ertəsi gün orada dünyasını dəyişib.
Mənbə həm də onu qeyd edib ki, müəssisə rəhbərliyi cəzaçəkmə müəssisəsinə şəxsi kooperativi kimi baxır və həmin müəssisədəki məhbusların hesabına hər ay on minlərlə çirkli pul qazanır. “Təkcə məhkumların ailələri ilə rabitə yaratmaq istəyi müqabilində əldə edilən çirkli pulun miqdarı on minlərlə hesablana bilər. Yeməyin keyfiyyəti çox aşağıdır, belə ki məhbuslar üçün ayrılmış qida rasionunun az miqdarı onlara çatdırılır. Müəssisəyə gələn komissiyaların qarşısına isə xüsusi “aktivist”lər çıxarılır ki, onlar da rəisin öz adamlarıdır. Belə davam edəcəksə, 7 saylı cəzaçəkmə müəssisəsindən hələ çox ölüm xəbərləri eşitməli olacaqsınız”, deyən mənbə, səslərinin “Millətim” vasitəsi ilə yuxarı instansiyalara çatdırılmasını xahiş etdi.

Nicat Sadiq

LEAVE A REPLY