Türkiyə Cümhuriyyətinin Başqanı, cənab ƏRDOĞANA AÇIQ MƏKTUB

0
10

AĞASƏF İMRAN
İqtisadçı alim

Türkiyə Cümhuriyyətinin Başqanı, cənab ƏRDOĞANA
AÇIQ MƏKTUB

Cənab baş nazir! Cənab Ərdoğan!
Sizin türk təfəkkürünə əsaslanan alicənablığınızı və 1915-1920-ci illərdə ölmüş ermənilərin bu günkü nəvələrinə başsağlığı verməyinizi alqışlayıram! Sizin bu addımınızı “barışıq addımı” adlandırmaq olardı. Lakin, bu addım birtərəfli olduğu üçün və birtərəfli qalacağı üçün çox təəssüflənirəm…
Siz, erməni xislətinin nə olduğunu, yəgin ki, bilirsiniz. O zamanlar, 200 min erməninin öldüyünü iddia edən ermənilər, indi bu rəqəmi 1,5 milyona çatdırıblar. Təbii olaraq, belə bir sual ortaya çıxır: məgər ölmüş ermənilər də doğub-törəyirlərmi?! Ikinci sual isə daha məntiqidir: əgər həmin illərdə yer üzərində mövcud olan 1,3 milyon erməninin “1,5 milyonu” qırılıbsa, bəs bu günkü ermənilər kimlərdən törəyiblər? Axı soyqırım (yaxud da “genosid”) ifadəsi millətin kökünün kəsilməsi və ya assimlyasiyaya uğradılaraq yoxa çıxması hallarında işlədilir. (Misal üçün, avropalıların Amerika hindularını məhv etmələri kimi, və yaxud, Rusiyanın peçeneqləri, saburları bir xalq kimi məhv etmələri və tarixdən silmələri kimi hallarda, bu ifadəni işlətmək olar).
Lakin, ermənilərin kökü kəsilməyib və onlar dünyanın müxtəlif ölkələrinə səpələnərək yaşayırlar və hətta Azərbaycan torpaqlarında özləri üçün marionet “dövlət” də qurublar. Bəs bu ermənilər kimlərdən törəyiblər? Mən əminliklə deyə bilərəm ki, bu ermənilər köç zamanı ölən ermənilərin nəvə-nəticələri deyillər (axı ölənlərin törəmələri olmur!). Bunların əksəriyyəti, öz vətənləri olan Osmanlı dövlətinə xəyanət etmiş, avropalıların və rusların əlaltılarına çevrilərək əli türk qanına bulaşmış, satqın və cinayətkar ermənilərin törəmələridir! Bunlar, Osmanlı dövlətində cinayətlər törətmiş və sonradan özlərini “ölmüş” ermənilər siyahısına saldırıb cəzadan qaçan, xarici ölkələrə səpələnən riyakar ermənilərin törəmələridir! Əgər bu belədirsə, onların nəvə-nəticələrinə başsağlığı verməyə dəyərmi?! Bəs ermənilər özləri Osmanlı dövlətində törətdikləri cinayətlərə görə, etdikləri xəyanətlərə və satqınlıqlara görə türk xalqından üzr istəyəcəklərmi?
Cənab Ərdoğan! Ermənilərin iddialarını bir kənara qoyub tarixə həqiqət gözüylə baxmağın vaxtı keçmirmi?! Türkiyənin təklif etdiyi “arxivləri açaq – tarixçilər araşdırsınlar və obyektiv həqiqəti elan etsinlər”- təklifi nə üçün indiyə kimi havadan asılı vəziyyətdə qalıb və icra edilmir?! Sizin ermənilərə uzatdığınız “dostluq əli”niz də bu sayaq havada qalmayacaqmı?!
Cənab baş nazir! Mənim şəxsən Sizə bir sualım vardır: Əgər ermənilərin arxivlər əsasında həqiqəti aşkar etmək fikirləri yoxdursa və hər vasitə ilə buna mane olurlarsa, Siz Türkiyə dövləti adından Birləşmiş Millətlər Təşkilatı səviyyəsində tarixçilərin belə bir araşdırma aparmalarını təşkil edə bilməzsinizmi? Axı belə komissiya həqiqəti dünya ictimaiyyətinə çatdırmaqla ermənilərin uydurma “soyqırım” iddialarına son qoya bilər! Niyə bunu etmirsiniz? Məgər, bunun üçün ermənilərdən icazə almaq lazımdır?
Cənab Ərdoğan! Bir müdrik rəvayəti Sizə xatırlatmaq istəyirəm. Rəvayətə görə, bir padşah kor bir dilənçiyə kiçik bir pay (sədəqə) verir. Padşah, dilənçidən razılıq eşidəcəyini düşünərkən, gözlənilməz bir iddia eşidir: -“verdiyiniz bu kiçik sədəqə padşaha yaraşmaz, padşah böyük hədiyyə verər!”
Bu rəvayətə münasib sualım isə belədir: Ermənilərə verdiyiniz kiçik başsağlığı müqabilində, onlar Sizdən (və Türkiyədən) daha böyük iddia-“erməni soyqırımını” tanımağı tələb etməyəcəklərmi?
Cənab baş nazir! Sizə tarixdən də bir faktı xatırlatmaq istəyirəm. Siz çox gözəl bilirsiniz ki, 1915-1920-ci illər Osmanlı İmperiyasının ən gərgin, ən məşəqqətli və ən qarışıq bir dövrü – “süqut etmək” dövrü olmuşdur. Belə bir şəraitdə, öz doğulduğu Osmanlı dövlətinə xəyanət və satqınlıq yolunu tutmuş ermənilərin cəbhə bölgələrindən uzaqlaşdırılmaları, təhlükəsiz yerlərə köçürülmələri müharibə edən bir dövlətin hüququ deyildimi? Ermənilərin köçürülmələri üçün dövlət fərmanının verilməsi və onların əsgərlərin müşayəti ilə öz əmlakları və sərvətləri ilə köçürülmələri humanist addım deyildimi? Bəlkə, ruslar tərəfindən Cənubi Qafqazda (Zaqafqaziyada) 5 milyondan çox yerli müsəlman (türk) əhalinin fiziki məhv edilməsi, vəhşicəsinə qovulub didərgin salınması (köçürülmələri yox, məhz məhv etmək məqsədilə ərzaqsız və geyimsiz qovulması), daha “humanist” addımdır?! Axı, ruslar da 2 milyondan çox ermənini Qafqaza (işğal etdikləri ərazilərə) köçürublər. Bəs bu zaman ermənilər arasında ölən-itən olmayıb? Əgər Osmanlının köçürdüyü 200 min erməninin “1.5 milyonu” qırılıbsa, Rusiyanın köçürdüyü 2 milyon erməninin “15 milyonu” qırılmazdımı? Ermənilər bu barədə niyə susurlar? Bəlkə, rusların Azərbaycan torpaqlarında onlar üçün qurduqlqrı “dövlətə” görə? Axı, bu riyakarlıqdır!
Cənab baş nazir! Siz bunu necə qiymətləndirirsiniz və nə kimi tədbirlər görmək fikrindəsiniz?! Cənubi Qafqazda, Türkiyədə və ümumiyyətlə, bütün dünyada sabitlik və sülh naminə “Erməni soyqırımı” cəfəngiyatına son qoymaq zamanı deyilmi?

LEAVE A REPLY