Bələdiyyə sədri aldıqlarının bədəlini niyə ödəmir?

0
9

Bələdiyyə sədri aldıqlarının bədəlini niyə ödəmir?

Balakənlilər nədən və kimdən narazıdırlar?

Ölkəmizin ən ucqar rayonlarından biri sayılan Balakəndəki inkişafı görməmək mümkün deyil. Rayona ayaq basdıqda ətrafdakı səliqə-səhman, yaşıllıq göz oxşayır. Açıq söyləyim, Balakən şəhərində-Balakən çayı kənarında salınmış Heydər Əliyev adına park ölkəmizdəki parkların ən müasirlərindəndir. Park boyunca, 800 metrə yaxın məsafədə uzanmış Kanat yolu yerli sakinlər kimi, Balakənə gəlmiş qonaqların da sevdikləri əyləncə məkanıdır.
Şəhərin günü-gündən abadlaşan şəhid Rafiq Səmədov adına küçəsində yeni bir istirahət güşəsinin- “Veteranlar bağı”nın da açılışı elə bu yaxınlarda olub. Dəqiq söyləsək, “Veteranlar bağı” rayon rəhbərliyinin ahıllara 15 iyun-Milli Qurtuluş Günü münasibətilə hədiyyəsi olub.
Balakənlilərlə söhbətlərimiz əsnasında öyrəndik ki, onlar rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin fəaliyyətindən ümumən razıdırlar. Əvvəlki rayon rəhbəri Asif Məmmədovun bərbad günə qoyduğu, “satıb-sovduğu” rayonun kəm-kəsirlərinin İ.Rzayev tərəfindən bərpa edildiyindən ürəkdolusu söhbətlərin iştirakçısı olduq. Rayonda kriminal durum bir neçə il öncəkindən xeyli qənaətbəxş sayılır. Polis rəisi Rasim Mustafayevin Balakənə təyinatından sonra son illər Balakəndə baş alıb gedən narkomaniyaya qarşı mübarizədə uğurlu nəticələr əldə edilib. Bu isə rayon əhalisinin xüsusi sevincinə səbəb olub. Məhz həmin səbəbdən görüşdüyümüz Balakənlilərin hamısı qəzetimiz vasitəsilə rayon polis idarəsinin şəxsi heyətinə minnətdarlıqlarını çatdırmağı xahiş etdi.
Balakən rayonunda bir çox millətlərin nümayəndələri mehribanlıqla yaşayır və rayonda onlar üçün yaradılmış şəraitdən razılıq edirlər. Təəssüf ki, ölkəmizin şimalında yerləşən, hələ neçə illər öncədən zəhmətkeşliyi, qonaqpərvərliyi və xüsusilə dövlətçiliyimizə daima sədaqətləri ilə seçilən balakənlilərin narahatlığına səbəb olan bəzi məqamlarla da rastlaşmalı olduq. Belə ki, bizə məktubla müraciət edən rayon sakinləri Balaməmmədov Namiq, Mahatova Solmaz və Xəlilov Natiq Balakən Şəhər Bələdiyyəsinin sədri Mustafa Muradovun sözün əsil mənasında şəhər əhalisinə zülm etdiyindən söhbət açıblar.
Onların narazı qaldıqları bəzi məqamları elə həmin şəxslərin yazdıqları məktubdan kiçik parçaları təqdim etməklə oxucularımıza və aid dövlət orqanlarına çatdırmaq istəyirik.
“On dörd ildir ki, balakənlilərin sadəlövhlüyündən istifadə edən Balakən Şəhər Bələdiyyəsinin sədri Mustafa Muradovun əhalini “barmağına dolaması” artıq bizləri dözülməz vəziyyətə gətirib çıxarıbdır. Balakən şəhərinin torpaqlarını demək olar ki, satıb qurtarqan Muradov son üç ildə yeni icra başçısından üz görmədiyi üçün artıq fırıldaqçılığın zirvəsinə əl atıb. Bir torpaq sahəsini iki-üç adama satmaq artıq onun peşəsinə çevrilib. Onun idarəsinin və evinin qapısını güdənlərin sayı artıq yüzlərlədir. Dəfələrlə rayon prokurorluğuna şikayətlər edilsə də, Muradov hələ də qılıncını sağa-sola çalır.”
Vətəndaşların şikayət məktubunda şəhər Bələdiyyəsinin sədrinə qarşı sərt ittihamlar olduğundan onunla görüşmək istəsək də, təəssüf ki, rayonda olduğumuz iki gün ərzində bütün cəhdlərimiz uğursuz alındı. Məhz həmin səbəbdən də şikayətçilərin Bələdiyyə sədrini tapa bilmədikləri barədə yazdıqlarına şübhəmiz qalmadı. Əlbəttə, çalışacağıq ki, Bələdiyyə sədri ilə əlaqə yaradıb, onun barədə yazılmış məktuba münasibətini öyrənək. İndi isə şikayət məktubunun digər ciddi məqamlarına yer vermək istəyirəm. Əvvəlcədən bildirirəm ki, məktubdan hissələri, şikayətçilərin yazdığı kimi, yəni heç bir nöqtə-vergülü dəyişdirmədən səhifəyə çıxardığımızdan, müəyyən üslüb qüsurları bizim səhvimiz kimi qiymətləndirilməsin: “Yüz minlərlə manat əhalidən aldadıb götürən Muradovun arxasında kim durur bilmirik, amma biz sonuna qədər gedərək pulumuzdan əl çəkən deyilik. Balakənin adlı-sanlı müəllimləri Buğayev Ramazan, Qazma kənd məktəbinin müəllimi Bayram müəllim verdikləri pulu ala bilmədikləri üçün infarkt keçirib rəhmətə getsələr də, bu fırıldaqçı həyatına bacardığı kimi davam edir. Bizi təəccübləndirən odur ki, belə bir fırıldaqçını rayon prokuroru necə müdafiə edir? Nəyə görə?
Prezidentimiz gecə-gündüz çalışır ki, əhali yaxşı dolansın, narazı olmasın. Muradov isə respublikada heç kəsi saymayaraq kefi istədiyini edir. İnanırıq ki, bu yazı çap edilsə, respublika rəhbərliyi məlumatlandırılsa Muradovun əməlinə son qoyular. Muradovun Şəhər Bələdiyyə sədri işləməsi balakənlilər üçün təhqirdir.”
Düzdür, şikayət məktubu Balakəndən xoş təəssüratla ayrılmağımıza mane olmasa da, bizi bir xeyli düşünməyə vadar etdi. Axı, nədən hər gün uğurlara imza atmağı bacaran Balakəndə belə xoşagəlməz hadisələr baş verməlidir? Əlbəttə, birmənalı bələdiyyə sədrini qınamaq fikrindən çox uzağıq. Rayon sakinləri kimi, bizim də onu tapıb, mövqeyini öyrənməyə imkanımız olsa məsələnin əsil mahiyyətini üzə çıxara biləcəyik. Hələlik isə yeganə problem cənab M.Muradovu tapmaqdır. O ki qaldı məktubda rayon prokurorunun bələdiyyə sədrini müdafiə etməyi barədə şikayətçilərin yazdığına, bu barədə konkret nə isə söyləmək düzgün olmazdı. Belə ki, şikayətçilər M.Muradovun əməlləri barədə dəfələrlə rayon prokurorluğuna ərizəylə müraciət etdiklərini söyləsələr də, bizim bunu təsdiq edəcək faktımız olmadığından, məktubdakı açıqlamayla kifayətlənməli olduq.
Düşünürük ki, yazdıqlarımız aid təşkilatların, orqanların diqqətini mütləq cəlb edəcək və onlar əsil həqiqətin aşkarlanmasında-kimin haqlı, kimin haqsız, fırıldaqçı olduğunu müəyyən etməkdə bizə yardım edəcəklər.
Əlbəttə, məsələnin qanun çərçivəsində, aid orqanlar tərəfindən araşdırılmasının vacibliyini xüsusilə qeyd etmək istəyərdik. Belə ki, ölkə prezidenti cənab İlham Əliyevin rüşvətxorluğa, korrupsiyaya qarşı sərt mübarizə aparılmasının tərəfdarı olduğunu hamı kimi bizdə bilir və görürük.

Turan Türk

LEAVE A REPLY