İLİÇ, NORAŞEN, YOXSA ŞƏRUR? – VAĞZALDA MEYVƏ SATAN UŞAQLARIN PARLAQ GƏLƏCƏYİ

0
5

Mənim doğulub, böyüyüb boya-başa çatdığım rayonun adı ŞƏRURDU. Əvvəlki adı isə İLİÇ olub. Rayonumuz Böyük Oktyabr Sosialist İnqlabının lideri Vladimir İliç Leninin şərəfinə həmin adı daşıyırdı. Amma maraqlıdır ki, rayonumuza çox vaxt NORAŞEN deyirdilər. Rayonun rəsmi adı İLİÇ olanda da, NORAŞEN adı paralel mövcud idi. İndiki ŞƏRUR royunun inzibati mərkəzi sayılan şəhəri dəmir yolu ikiyə bölürdü. Hazırda rayon mərkəzinin siması çox dəyişsə də, dəmir yolu əvvəlki qaydada yerində qalır. Həmin yol Sovetlər dönəmində çox işlək idi.
Bütün SSRİ-dən Ermənistana gedən yüklər dediyim dəmir yolu vasitəsilə daşınırdı. Qatarların intensiv hərəkəti səbəbindən, bəzən məktəbə getmək üçün, uzun zaman həmin qatarların manevrlərini gözləməli olurduq. Sözügedən yolla yalnız yüklər daşınmırdı. Məşhur sərnişin qatarları sayılıan BAKI-NORAŞEN; BAKI-İRƏVAN; BAKI- QAFAN-İRƏVAN həmin yerdən keçirdi. Bax, məşhur NORAŞEN həmin stansiyanın adı idi.
Bizim yaşadığımız məhəllə stansiyanın yaxınlığındaydı. Məhəlləmizn o biri başında isə meyvə-tərəvəz qəbulu mətəqəsi vardı. Bilirsiniz ki, Şərur böyük kənd təsərrüfatı royunu olub. Yay vaxtı rayonun bütün sovxoz və kolxozlarından yığılan kənd təsərrüfatı məhsulları maşınlara daşınıb həmin məntəqəyə təhvil verilirdi. Ordan da qatarlara yüklənib ucu-bucağı bilinməyən, böyük ölkənin şəhərlərinə yola salınırdı.Məhləmizin uşaqları çox vaxt ora gətirilən məhsullardan gizlincə götürüb etibarlı bir yerdə gizlədirdilər. Bunun adına xırda oğurluq da demək olardı. Həmin vaxt qəribə zaman idi. Maraqlıdır ki, heç bir valideyn övladlarının oğurladığı məhsulu evinə buraxmazdı. Hətta biləndə uşaqları ciddi cəzalandırırdılar. Məhəllə uşaqaları götürdükləri qarpız, yemiş və pomidoru bir yerdə gizlədib, axşam Bakı-İrəvan qatarı keçəndə çıxarıb peronda stırdılar. Çünki bundan başqa çarələri yox idi. Həmin qatar 45-dəqiqəyə yaxın NORAŞEN stansiyasında dayanırdı.

 

dem

                                                                  Foto-Şərur dəmir yol vağzalı

Elə uşaq olurdu ki, 3 aylıq kanikul ərzində 1000 rubla yaxın pul yığırdı. Dəqiq yadımdadır, həmin biznesdən mən bir manat da olsun qazana bilmədim. Etiraf edim ki, bacarığım çatmadı. Çünki bizə ailədə daha ciddi nəzarət edirdilər. Ancaq dərs oxuyurduq, bir də idmana gedirdik. Sonra formasiya dəyişdi. Sən demə, belə quruluşda yaşamaq üçün ancaq savad tələb olunmurmuş. İndi baxıb fikir verirəm ki, nədənsə, məhz uşaqlıqda NORAŞEN stansiyasında ən çox pul qazanmağı bacaran həmyaşıdlarımız hazırda çox böyük vəzifələri tuturlar.
Adlarını sadalasam inanmazsınız, ancaq əminəm ki, çoxlarını tanıyarsınız. Bir məhlə uşağı kimi, hamısına böyük hörmətim var. Çünki uşaqlığımız bir yerdə keçib, həmin anları unutmaq mümkün deyil. İnsafən deyim ki, onlar da mənim hörmətimi dərindən saxlayırlar. Yazını oxuyan şərurlulardan bir xahişim var.  Bu mövzu ilə bağlı tanıdığınız kimlərinsə adını məqaləyə aid şərh bölümlərində yazmayın. Əminəm ki, onları yaxşı tanıyırsınız…

MƏHƏMMƏDƏLİ QƏRİBLİ