Parlament Jurnalistlər Birliyinin sədr müavini Aqil Aslan MN Mərkəzi Hospitalında komada olan tank komandiri gizir Rahim Tağıyevin son sağlıq durumu ilə bağlı status paylaşıb:
“Tank komandiri gizir Rahim Qara oğlu Tağıyev aprelin 2-də cəbhənin Goranboy-Tərtər istiqamətində Talış kəndi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizdən biridir. Elə həmin gün döyüş zamanı düşmənin atdığı minamyot mərmisi Rahimin yanına düşüb və hərbçimiz başından ağır yaralanıb.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilən Rahim Tağıyev iki aydır komadadır. Hazırda reanimasiya şöbəsində yatan hərbçimiz aprel döyüşlərinin ən ağır yaralısıdır. Dünən hospitalda Rahimin həkimi ilə söhbət etdim. Həkim dedi ki, Rahimin vəziyyəti ciddi nəzarət altındadır. Onun sağalması üçün həkimlər əlindən gələni edir. Vəziyyəti ağır stabil olaraq qalır. Sevindiricidir ki, 3 gündür ki, komada olan hərbçimizin səhhətində müsbət irəliləyişlər var. Artıq Rahim gözlərini tərpətməyə başlayıb, qızdırması da aşağı düşüb. Bu da ümidvericidir.
Qeyd edim ki, Rahim Tağıyev 18 ildir Milli Orduda xidmət edir. Bu müddətdə xidmətdə fərqləndiyinə görə 5 medal və çox sayda Fəxri Fərmanla təltif edilib. Əslən Şəkidən olan Rahim Mingəçevir sakinidir. Onun 3 uşağı var – Ülkər, Nihat və Nicat. İndi bu uşaqlar 60 gündən çoxdur ki, atalarının yolunu gözləyirlər.
Dostlar, gəlin hamımız Rahimin komadan ayılması üçün dua edək. Dua edək ki, qəhrəman tankçımız tezliklə sağalıb gül balalarının, ailəsinin yanına qayıtsın. Allah şəfasını versin! Amin!”