Bakı-Naxçıvan dəmiryol xətti çəkilir
Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlər Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlayacaq.
Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov AzərTAc-a müsahibəsində deyib. QSC sədrinin sözlərinə görə, bu, strateji layihədir və Naxçıvanla Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir.
Artıq Qars-Naxçıvan dəmir yolunun layihələndirilməsi tapşırığı verilib. Bununla əlaqədar Nəqliyyat Nazirliyi nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb.
A.Əsgərovun sözlərinə görə, Qarsdan Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 kilometr məsafədə yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Həmçinin yolun Naxçıvan hissəsində də təqribən 10 kilometrə yaxın dəmir yolu xətti tikilməlidir. Bu, mövcud dəmir yolu xəttini Sədərəyə qədər uzatmağa imkan verəcək. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının dəmir yol sistemi də yenidən qurulacaq.