Bayraq qalmaqalı:Dünyanın ən böyük bayrağı standartlara uyğun deyilmiş

0
4

Orta Asiyanın ən çətin həyat sürən ölkəsi Tacikistandır.

9 milyona yaxın əhalisi olan ölkənin Ümum Daxili Məhsulu 6 milyard dollara yaxındır. Dünya Bankının 2013-cü il hesabatına görə, bunun da 50%-ni Rusiyaya işləməyə gedən taciklərin ölkəyə gətirdikləri pullar təşkil edir. Rusiyadakı taciklər isə əsasən inşaatlarda fəhləlik və digər böyük zəhmət tələb edən işlərlə bir qarın çörək pulu qazana bilirlər. Hökumət isə ölkənin gəlirlərini müxtəlif layihələrə xərcləyərək, tacikləri dünyanın ən “xoşbəxt” xalqları sırasına çıxartmaq istəyir. Qısası, adam başına düşən milli gəliri illik 737 ABŞ dolları civarında olan kasıb Tacikistanın hökumət sarıdan da bəxti gətirməyib.

Onun bəxtinə asan qonşular da düşməyib. Cənubdan Əfqanıstan, qərbdən Çinlə həmsərhəd olan Tacikistan bir tərəfdən terror, digər tərəfdən isə Pekinin yayılmaçılıq siyasəti təhlükəsi altında yaşayır. Bu qədər çətin qonşuluq şəraitində yaşayan, xüsusilə də Taliban və İŞİD kimi radikal dini təşkilatların Orta Asiyadakı mərkəzi bazasına çevrilən Tacikistan sərhədlərini isə tam olaraq özü qorumur. Əsgər və zabitlərinin əksəriyyəti taciklərdən təşkil olunsa da, bu ölkənin sərhədlərinin keşiyində Rusiya ordusunun 201-ci motoatıcı diviziyası dayanır.

Bütün bu çatışmazlıqlarına baxmayaraq, taciklərin dünya qarşısında sinəsinə döyə biləcəyi dəyərləri də var. Ən çox qürurlana  biləcəkləri dəyər isə dünyanın ən uzun dirəkli bayrağına sahib olmalarıdır.

Xatırlayırsınızsa, dirəyinin uzunluğu 162 metr bayraq “yapmaq”la ölkəmiz 2010-cu ildə Xəzərin o tayındakı türkmən qardaşlarımızı 28 metr ötmüşdü. Hətta həmin il adımız dünyanın ən uzun bayrağına sahib ölkəsi kimi “Ginnessin rekordlar kitabı”na belə düşmüşdü. Di gəl ki, biz türkmənlərə bu sahədəki birincilik sevincini ancaq 2 il yaşatdığımız kimi, özümüzün xöşbəxtliyi də uzun sürmədi. Cəmi 1 ildən sonra Orta Asiyanın uzaq guşələrində yerləşən taciklər “bayraq dirəyi” yarışında Azərbaycanı 3 metr ötərək, liderliyi əlimizdən aldı. Türklər demişkən, bayraq sapının uzunluğunda qıl payı uduzmağımızın üstündən 5 il keçdikdən sonra indi Tacikistandan gələn xəbərlər isə olduqca maraqlıdır. Sən demə, uzun dirəyiylə öyünən Tacikistanda heç düz-əməlli bayraq da yox imiş. Hər halda“Tacikstandart” Agentliyinin yaydığı məlumat belə düşünməyə əsas verir.

Agentliyin yetkilisi Mavlonzoda Abdukahhor müəllimin açıqlamasına görə, ölkəsi Türkiyə və Çindən bayraq idxalatına qadağa qoyub. Nədən ki, türkiyəli və çinli bayraqtikənlər Tacikistan standartlarını nəzərə almadan mal istehsal edirmişlər:“Milli bayrağımızın Çin və Türkiyədə istehsal olunan nümunələri standartlara uyğun gəlmir. Bu ölkələrdən gələn nümunələrdə bayrağın mərkəzindəki naxış səhv çəkilir və onun tac parçaları bir-birinə birləşdirilmirmiş. Digər tərəfdən, milli bayraq nümunələri yalnız pambıq və ya ipək parçadan istehsal edilməlidir”.

Mavlonzoda müəllimin bildirdiyinə görə, problem bununla da bitmirmiş. Sən demə, 1 metr genişliyindəkı tacik bayrağının alt və üst qismindən keçən qırmızı və yaşıl zolağın eni 28.5, ortadakı ağ cizginin eni isə 43 sm olmalıymış. Di gəl ki, Türkiyə və Çin bayraqtikənləri bu detalları tam nəzərə almır, ya cizgilərə 28.5 deyil, 29 sm yer ayırır, ya da bayrağın toxunuşunda sintetik qarışığı olan iplərdən istifadə edirmişlər.

“Tacikistandart” yetkilisi onu da etiraf edib ki, ölkənin başbilənləri indi-indi bu böyük təhriflərin fərqinə varıblar. Odur ki, bir daha Türkiyə və Çindən bayraq almamaq qərarına gəliblər.

Mavlonzoda müəllim onu da etiraf edir ki, hətta Dövlət Bayrağı Kompleksində göylərə yüksələn, həmçinin bütün hökumət idarələrinin üstündən asılan bayraqlarda da eyni təhriflər var imiş.

Bir sözlə, dirək uzunluğunda bizi 3 metr geridə qoyan Tacikistandakı Bayraq Meydanında indiyə qədər kimin bayrağının yelləndiyi məlum deyilmiş.

Heydər Oğuz