Kremldən Qərbə “cavab atəşi”:Ərzaq “embarqosu” 2017-nin sonundək uzadıldı

0
5

Qərbin Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına Kremldən operativ cavab gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev Moskvanın tətbiq etdiyi ərzaq “embarqosunu” 2017-ci ilin sonuna qədər uzatmaq barədə təlimat verib.

Medvedev bildirib ki, yerli istehsalçılar da dəfələrlə Rusiyaya sanksiya tətbiq edən ölkələrdən kənd təsərrüfatı məhsulları almamaq barədə müraciət ediblər.

Rusiyanın Krımı ilhaqından sonra Kreml Qərbin sanksiyaları ilə üzləşməyə başladı və buna cavab olaraq 2014-cü ilin avqustunda həmin ölkələrdən ərzaq və kənd təsərrüfatı mallarının alınması dayandırıldı. Ötən il Rusiya hökuməti bu “embarqonun” müddətini 2016-cı il avqustun 5-dək uzatdı.

Bundan sonra Rusiyada inflyasiya 11.4 faizə yükəsəldi ki, bu da 2008-ci ildən bu yana ən yüksək göstərici hesab olunur. Eyni zamanda qiymətlərdə də 12,9 faizlik artım oldu.

Bu ilin fevralında Medvedev bəyan etdi ki, sanksiyalar heç bir nəticə vermir və Qərb ölkələri cəsarətlərini toplayıb onların ləğvi tarixini elan etməlidilər.

Baş nazir qeyd etmişdi ki, sanksiyaları ilk tətbiq edən Rusiya olmayıb, ona görə də onları ilk ləğv etməli deyillər.

Qeyd edək ki, G7 ölkələrinin Yaponiyada keçirilən son görüşündə Rusiyaya qarşı sanksiyaların uzadılmasına qərar verilib. Kreml bu qərarı absurd adlandırıb.