Boyun dərisinə qulluq qaydaları

0
9

Boyun dərisinə qulluq qaydaları

Boyun dərisinə qulluq üz dərisindən daha çox əhəmiyyət kəsb edir. Çünki qadınların bəzən gizlətmək istədikləri yaşını boyun nahiyəsi ələ verir. Buna səbəb üzə dəriyə qulluq edilərkən boyun nahiyəsinin unudulmasıdır. Xanımlar daha çox üzlərinə qulluq edirlər, ancaq boyun dərisinin daha çox baxıma ehtiyacı var. Ona görə ki, boyunda yağ hüceyrələri daha az olur, bu da həmin nahiyənin daha tez qırışmasına gətirib çıxarır.

Kosmetoloqlar söyləyirlər ki, yaşı 25-i ötən xanımlar mütləq boyun dərilərinə qulluq göstərməlidirlər. Özü də qulluq davamlı olmalıdır.

Bəs bunu necə etmək lazımdır?

Hər səhər boyun dərisini toniklə sildikdən sonra nəmləndirici krem çəkin. Axşamlar isə boyun dərisini mütləq təmizləyin. Həftədə bir dəfə boyun nahiyəsinə maska çəkin. Həftədə bir dəfə skrabla boyun dərisini yumaq yerinə düşərdi. Maskanı və skrabla təmizləmə proseduralarını axşamlar etsəniz yaxşıdır. Çünki bu proseduradan sonra dərinizə krem çəkib dincəlmək daha yaxşı effekt verir.

Ancaq bu proseduraları həyata keçirməzdən öncə mütləq boyun dərisinin tipini müəyyən edin. Çünki adətən boyun dərisi yağlı olmur. Ümumiyyətlə, qırışmağa tez meylli olan boyun dərisi əsasən, normal və quru dəri tiplərinə aid olur.

Boyun dərisinin tipini müəyyən etmək çox asandır. Belə ki, səhər tezdən yuyunmazdan əvvəl salfetkanı dərinizə qoyun. Əgər salfetka qurudursa, onda hər hansı bir iz yoxdursa, deməli, sizin dəriniz qurudur. Kiçik ölçülü ləkələr gözə çarpırsa, normaldır. Yağ ləkələri diqqəti cəlb edirsə, deməli, boynu dəriniz yağlıdır. Boyunun dəri tipini müəyyənləşdirmək ona görə vacibdir ki, ona qulluq edən zaman düzgün kosmetik vasitələrdən istifadə edə biləsiniz. Əgər sifət dəriniz yağlı, boyun dəriniz isə normal dəri tipinə aiddirsə, deməli, siz iki cür losyon, krem, tonik almalısınız. Hər dəri tipinə uyğun vasitədən istifadə etməklə gözəlliyinizi daha yaxşı qoruyacaqsınız.

Quru dəri daha çox diqqət, qulluq tələb edir. Bunu nəzərə alaraq sizə nəmləndirici və qidalandırıcı effektə malik krem reseptini təqdim edirik:

50 qram kakao yağını, 30 qram kokos yağnıı, 40 qram arı şanını bir qaba tökərək qızdırırıq.

Bunun üçün yağ olan qabı qaynayan çaydanın qapağının yerinə qoyuruq. Çaydan qaynadıqca onun buxarı üzərindəki qabın içindəkiləri də əridəcək. Arı şanı əridikdən sonra bu qarışıma yarım çay qaşığı zeytun yağı da əlavə edirik. 5-7 dəqiqədən sonra qabı çaydanın üzərindən götürür və üzərinə bir neçə damcı A və E vitaminlərini yağ şəklində əlavə edirik. İlıq qarışığın üzərinə bir neçə çay qaşığı çobanyastığı məhlulu və qazsız mineral su da qatın.

Bunu gündə bir dəfə boyun nahiyəsinə çəkmək lazımdır. Yatmadan əvvəl çəksəniz daha yaxşı olar.

Hazırladığınız kremi soyuducuda saxlayın. Amma unutmayın ki, kremin tərkibində konservantlar olmadığından, onu uzun müddət saxlamaq olmaz. Odur ki, kremi az hazırlayın ki, qısa müddətdə işlədə biləsiniz. Əgər kremin yararlılıq müddətini uzatmaq istəyirsinizsə, onun tərkibinə bal, limon turşusu və salisil turşusu əlavə edin. Bu maddələrin hər birindən 1 çay qaşığı əlavə etməklə kreminizin ömrünü 1 il uzada bilərsiniz.

LEAVE A REPLY