Kürdəmir şöbəsi bütövlükdə istefa verdi.
AXCP adına iddialı olan hər iki təşkilat yaxşı günlər yaşamır. Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də hələlik nisbi sakitlik olsa da, aldığımız məlumata görə köhnə cəbhədə istefaların növbəti dalğası gözlənilir. Səbəb isə Ə.Kərimlinin həbs olunmuş AXCP üzvlərini yetərincə müdafiə edə bilməməsi və siyasi fəaliyyətsizliyidir.
AXCP-dəki mənbəmiz onuda qeyd edib ki, narazı cəbhəçilər Ə.Kərimlinin özünütəcrid siyasətini bəyənmir, əksinə, AXCP-nin digər müxalifət partiyaları ilə əməkdaşlığının tərəfdarıdırlar.
Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də isə durum daha gərgin görünür. Belə ki, Millətim.info-ya məlumat verən AXCP Kürdəmir rayon şöbəsinin sədri Rüfət Məmmədzadə bildirib ki, bir ilə yaxın bu təşkilatın üzvü olsalarda hər hansı irəliləyişi hiss etməyiblər. Şöbə sədri AXCP rəhbərliyini partiya quruculuğu ilə deyil, şəxsi büdcələrinin zənginləşməsiylə məşğul olmaqda günahlandırıb: “Artıq bu təşkilatın nə demokratik prespektivi, nədə ki, demokratik prinsipləri var. Məhz həmin səbəblərə görə də bundan sonra həmin təşkilatda fəaliyyətimizi davam etdirməyi mümkün hesab etmirik. AXCP Kürdəmir rayon şöbəsi bütövlükdə fəaliyyətini bundan sonra Azad Azərbaycan Naminə təşkilatının sıralarında davam etdirməyə qərar verib.”
Görünən odur ki, AXCP adlanan hər iki təşkilatın sıraları gündən-günə seyrəlməkdədir. Əlbəttə, bunun səbəblərini araşdırmaq təşkilat rəhbərliyinin vəzifə borcları olduğundan, hələlik bizə məlum olan bir çox məqamları açıqlamaq istəmədik.
Nicat